Nazirlik KİV nümayəndələrinə müraciət etdi
Daxili İşlər Nazirliyi (DİN) xəbərdarlıq edib.

DİN-dən verilən məlumata görə, qurumun Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov media nümayəndələrinə müraciət edərək onları fəaliyyətlərini qanunamüvafiq qurmağa, dəqiqləşdirilməmiş, yoxlanılmamış şaiə xarakterli məlumatlardan istifadə etməməyə çağırıb.

O bildirib ki, Tovuz rayonunda törədilən qətlin üstünün açılmasına, cinayəti törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək tutulmasına, bununla əlaqədar Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən rəsmi məlumatın yayılmasına baxmayaraq, yenə də bəzi xəbər saytları, ayrı-aryı sosial şəbəkə istifadəçiləri, özlərini hüquq eksperti adlandıran şəxslər dövlətin mötəbər qurumlarının yaydığı rəsmi məlumatı bir kənara qoyaraq, istintaqın başa çatmasını gözləmədən qeyd olunan cinayətlə bağlı öz mülahizələrini, ehtimallarını, orda-burda eşitdikləri ara söhbətlərini heç bir dəqiqləşdirmə aparmadan tirajlayırlar. Belələri fərqinə varmırlar ki, onlar bu cür uydurma, əsassız məlumatlar yaymaqla ən birinci elə qətlə yetirilən şəxsin ailəsinə, əzizlərinə əlavə mənəvi və psixaloji zərbə vurmuş olurlar. Onlar hansı yolla olursa olsun, oxucu və izləyici auditoriyası çox az olan saytlarına, sosial şəbəkədəki səhifələrinə aldatma yolu ilə oxucu və izləyici cəlb etməkdir ki, bu da həm “KİV haqqında” Qanuna, həm də jurnalist etikasına tamamilə ziddir.

Ona görə də DİN-in rəsmisi olaraq süni reytinq qazanmaq üçün öz təxəyyülərinin məhsulu olan uydurma məlumatları, şaiyələri ictimailəşdirənlərə həm tövsiyə, həm də xəbərdarlıq edirəm ki, ölkəmizdə bərqərar olmuş kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadə etməsinlər. İnsanlara mənəvi ziyan vuran, onlarda dövlətin hüquq mühafizə siyasətinə etimadsızlıq yaratmağa yönəli qanunsuz əməllərdən çəkinsinlər.

Eyni zamanda daxili işlər orqanlarının işgüzar imicinə, nüfuzuna, onun cinayətkarlığa qarşı həyata keçirdiyi əməliyyat-istintaq fəaliyyətinə xələl gətirən, mane olan dəqiqləşdirilməmiş, yoxlanılmamış şaiyələrdən, əsassız və uydurma xəbərlərdən istifadə etməsinlər. Əks təqdirdə belə yazıların, xəbərlərin müəlliflərinə və onları yayan KİV vasitələrinə qarşı hüquq müstəvisində, qanunvericiliyin tələblərinə uyğun bütün lazımi tədbirlər görüləcəkdir.
SEPAH: Ukrayna təyyarəsini biz vurmuşuq
İran İslam İnqilabı Keşikçiləri Korpusu Ukrayna təyyarəsinin qəzasına görə bütün məsuliyyəti üzərinə götürür.

Axar.az xəbər verir ki, bunu SEPAH-ın Hərbi Kosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə deyib.

“Biz buna görə bütün məsuliyyəti üzərimizə götürürük. Hakimiyyət hansı qərarı qəbul etsə, ona tabe olacağıq”, - deyə o bildirib.
Jurnalist Peyman Sadıqovun namizədliyi qeydə alınıb
Tanınmış jurnalist, “Xalqxeber.Az” İnformasiya Agentliyinin Baş Redaktoru Peyman Sadıqov 46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınıb.

Bu haqda jurnalist Peyman Sadıqov məlumat verib. Onun sözlərinə görə, Şirvan şəhər əhalisinin bir qismi jurnalistin namizədliyinin irəli sürülməsi barədə təşəbbüsü ondan xahiş ediblər. Peyman Sadıqov açıqlamasında deyib ki, Şirvanlıların onu deputat görmək istəyib-istəməməsi onun üçün həddindən artıq vacib idi. Çünki daim Şirvanda sosial problemlərlə maraqlanmışam və çatışmamazlıqların aradan qaldırılması istiqamətində əlimdən gələni əsirgəməmişəm. Şirvanda şəhid ailələrinin, Qarabağ əlillərinin xüsusəndə məcburi köçkünlərin bütün çətinliklərində yanında olmaqla yanaşı onların sosial problemlərinin həll olunmasına köməklik göstərmişəm. Uzun müddət ölkənin tanınmış qəzet və jurnallarında hətta informasiya agentliklərində müxtəlif vəzifələrdə çalışmış Peyman Sadıqov həm bir jurnalist, yazar və ölkə başçısının "Gənclər seçkilərə fəal qoşulsunlar, yeni simalar, yeni ideyalar lazımdır" sözlərindən ilham alaraq, namizədliyini irəli sürmüş gənc kimi dairənin sosial problemlərindən xəbərdar olduğunu deyir: “İndiyə qədər xalqıma, dövlətimə xidmət eləmişəm. Çalışmışam ki, hamının işinə yarayım. Deputat seçilsəm xalqa, seçicilərimə xidmət göstərmək üçün daha çox səlahiyyətim olacaq”.
Zakir Həsənov generalları topladı
Yanvarın 11-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəislərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik, birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb, döyüş hazırlığının daha da yüksəldilməsi məqsədilə cari ildə müxtəlif səviyyələrdə döyüş atışlı təlim və praktiki məşqlərin sayının və effektivliyinin artırılmasını əmr edib.

Nazir döyüş hazırlığını təmin edən müxtəlif ixtisaslı hərbi qulluqçuların peşəkar hazırlığının keyfiyyətli təşkili məqsədilə müvafiq təlim-maddi bazanın təkmilləşdirilməsi, bu kateqoriyadan olanlarla mütəmadi toplantıların keçirilməsi, qoşunların davamlı və dayanıqlı idarə olunmasının vəziyyətini müəyyən etmək üçün hərbi hissələrdə qəfil yoxlamaların əmr və direktivlərə uyğun aparılmasını, eləcə də şəxsi heyətin təlim-tərbiyəsinin, nizam-intizamının daim nəzarətdə saxlanılmasını tələb edib.

Cəbhədəki mövcud əməliyyat şəraitini təhlil edən Müdafiə naziri Əlahiddə Ümumqoşun Ordunun və düşmənlə təmas xəttində yerləşən digər hərbi hissələrin döyüş qabiliyyətini yüksək qiymətləndirərək cari ildə də bu istiqamətdə görüləcək tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. Azərbaycan Ordusunun sərəncamında olan silahların düşmən üzərində qələbəni tam təmin etməyə imkan verdiyini qeyd edən nazir Ermənistan silahlı qüvvələrinin bölmələrinin ehtimal olunan aktivliyinin qarşısının dərhal və daha üstün silahların tətbiq edilməsi ilə alınması məqsədilə adekvat tədbirlərin görülməsini tapşırıb.

Müdafiə naziri qış mövsümü ilə əlaqədar əsgər yataqxanaları və digər obyektlərin qızdırılmasının təmin olunması, hərbi qulluqçular, o cümlədən gənc əsgərlərin daim tibbi nəzarətdə saxlanılması məqsədilə profilaktiki tədbirlərin görülməsi və şəxsi heyətin məişət şəraitinə xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq vəzifəli şəxslərə tapşırıqlar verib.

Ötən ildə hərbi qulluqçuların xidməti fəaliyyətinin və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə xeyli sayda hərbi obyektlərin istifadəyə verildiyini, bu işlərin cari ildə də davam etdiriləcəyini nəzərə çatdıran Müdafiə naziri Ali Baş Komandanın tapşırığına əsasən 2021-ci il də daxil olmaqla Azərbaycan Ordusunun bütün infrastrukturunun yenilənməsi prosesinin tam başa çatdırılacağını bildirib.



Müşavirənin sonunda Müdafiə naziri 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamın tələblərindən irəli gələn tapşırıqların icrası ilə əlaqədar hərbi hissələrdə keçiriləcək tədbirlərlə bağlı müvafiq göstərişlər verib.
Akulalar gənc futbolçunu yedi
ABŞ-ın "Qastinq Bronkos" klubunun futbolçusu Erik Birigitti Avstraliyada dostları ilə məzuniyyətdə olduğu vaxt ölüb.

Report xəbər verir ki, 21 yaşlı almaniyalı oyunçu qayalıq sahildə gəzdiyi vaxt sürüşərək suya düşüb. O, dərhal axına düşərək gedib. Dostlarının cəhdlərinə baxmayaraq, Birigittini xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və xilasetmə xidmətinin əməkdaşları cəlb olunub. Yalnız həmin gecə futbolçunun qalıblarını tapmaq mümkün olub.

İlkin informasiyaya görə, açıq dənizdə futbolçuya akulalar hücum edərək, onu yeyiblər. Birigittinin bu vaxt sağ olub-olmadığı bilinmir.

"Qastinq Bronkos" futbolçunun ailəsinə başsağlığı verib.

Gülər Əhmədova deputatlığa namizəd oldu
Keçmiş deputat Gülər Əhmədova da 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılıb.

Yeni sabah xəbər verir ki, Gülər Əhmədova namizədliyini 16 saylı Yasamal ikinci seçki dairəsindən irəli sürüb. O, artıq imzatoplama mərhələsini başa çatdıraraq imza vərəqələrini DSK-ya təqdim edib.

Gülər Əhmədova ikinci, üçüncü və dördüncü çağırış Milli Məclisin deputatı olub. O, sonuncu dəfə Xətai rayonundan deputat seçilib.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin 2012-ci ilin sentyabrında yaydığı “mandat alveri” ilə bağlı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. Daha sonra ona Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham sürülüb və 2013-cü ilin fevralında Gülər Əhmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülər Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclas zamanı vəkil Əfsər Talıbov məhkəmənin istintaqla aparılmasına dair, eləcə də əlavə digər vəsatətlər verib. Lakin vəsatətlər təmin edilməyib. Bunun üçün prosesin ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət olunub. Ali Məhkəmə isə Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasını ləğv edib. Məhkəmə kassasiya şikayətini də qismən edib. Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsində proses qismən istintaqla aparılacaq, əlavə şahid və ekspertlər yenidən dindiriləcək. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarını ləğv etdiyi üçün prosesə sədrlik edəcək hakim də dəyişdirilib. İş hakim İlqar Murquzovun icraatından çıxarılaraq hakim Əflatun Qasımovun icraatına verilib.

2014-cü ildə Gülər Əhmədovaya Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza təyin edilib və o, azadlığa buraxılıb.

Ötən il verdiyi müsahibədə bu qalmaqala aydınlıq gətirən Gülər Əhmədova baş verənlərin arxasında keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun dayandığını iddia edib.
Xoşqədəm Hidayətqızı məsuliyyətə cəlb oluna bilər – Rəsmi açıqlama
Bu il yanvarın 1-dən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun qüvvəyə minib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov Ayna.az-a uşaq hüquqlarının qorunmasına söykənən qanunun tənzimlənməsindən danışıb.

Onun sözlərinə görə, həmin qanunun mexanizmləri hazırlanıb:

“Qanunda normalar qeyd olunsa da, tənzimlənmə yox idi. Nazirlər Kabinetinin qərarı və təsdiqini gözləyirik. Bir neçə qurumla yanaşı, biz də öz sənədlərimizi təqdim etmişik. Fevral ayından biz öz təlimlərimizə start veririk, rəsmi təlimatları əldə etdikdən sonra isə konkret işlərə başlayacağıq. Bəli, telekanallardakı verilişlərə qanundan çıxış edərək tələblər qoya bilərik, hətta onların birdəfəlik yığışdırılması məsələsi də gündəmə gəlməlidir”.

Komitə rəsmisi əlavə edib ki, dəfələrlə rəsmi qurumun təkidi ilə daha çox tamaşaçının zərərinə işləyən verilişlərin bağlanmasına nail olunub:

“Təəssüf ki, həmin verilişlər yeni adla başqa kanalda yayımlanmaqda davam edir. Bəzi məsələlər var ki, bizim səlahiyyətlərimiz daxilində deyil. Ona görə qeyd olunan qanunla bağlı təlimatlar təsdiqini tapdıqdan sonra baryer ortadan qalxacaq və biz daha ciddi şəkildə tələblər qoya biləcəyik”.

E.Səfərov Tovuzda baş verən Nərmin Quliyeva cinayətinə də toxunub:

“Elə itmiş uşağın meyitinin dəhşətli formada ortaya çıxmasında məlum televerilişin rolu var. Bu veriliş əməliyyat-axtarış prosesinə mane olub, məhz o verilişdən sonra meyitin tapılması hər kəsdə təəssüf doğurdu. Hətta burada inzibati qaydada məsuliyyət də yarana bilər.

Vurğulayım ki, tezliklə uşaq hüquqlarını pozan, zorakılıqla bağlı olan televerilişlərin, hər hansı informasiya xarakterli məhsullarla bağlı prosesə başlanacaq, səbəbkarların məsuliyyətə cəlb olunması üçün ciddi tədbirlər görəcəyik”.

“Komitə Nərminin itməsi ilə bağlı xəbərin ardından dərhal fəaliyyətə başlayıb. Nərmin noyabrın 21-də yoxa çıxdı, səhəri Tovuz rayonunda monitorinq komissiyamız işləməyə başladı, amma biz araşdırma bitməmiş öz işimizi görə bilmirik.

Qeyd etməliyəm ki, həmin ailədə hazırda başqa uşaq da var, o uşağın təhlükəsizliyi və psixoloji vəziyyəti üçün bir müddət ailədən alınması məsələsi də gündəmdədir. Təəssüf ki, baş verən cinayət çoxunda suallar doğurur. Ortada məsuliyyətsizlik, səhlənkarlıq var”, - deyə Komitə rəsmisi vurğulayıb.

Xatırladaq ki, “Xəzər” TV-də efirə gedən “Səni axtarıram” verilişində N.Quliyeva ilə bağlı bir sıra süjetlər yayımlanıb. Həmin verilişlərdən birində itkin qızın anası “Heç olmasa, övladımın ölüsünü verin” müraciətini edib. Daha sonra 10 yaşlı qızın yandırılmış meyiti aşkarlanıb.

Axar.az
Zelenskidən İrana tələb: Üzr istəyin, kompensasiya ödəyin!Ukrayna İrandan təyyarəsini vurduğuna görə öz günahını tam etiraf etməsini gözləyir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. O, günahkarların məsuliyyətə cəlb edilməsini, rəsmi üzrxahlıq edilməsini və kompensasiya ödənilməsini istədiyini bildirib:

“Günahının tam etiraf edilməsində təkid edirik. Biz İrandan tam və açıq təhqiqat hazırlığı, günahkarların məsuliyyətə cəlb edilməsini, ölənlərin cəsədlərinin geri verilməsini, kompensasiya ödənilməsini, diplomatik kanallar vasitəsilə rəsmi üzrxahlıq gözləyirik”.

Qeyd edək ki, İran Tehran yaxınlığında qəzaya uğrayan Ukraynaya məxsus təyyarənin səhvən vurulduğunu bu gün etiraf edib.
Bu şirkətlər Tehrana uçuşları dayandırdı
“Lufthanza” və “Austrian Eyəlayn” aviaşirkətləri yanvarın 20-nə qədər Tehrana uçuşları dayandırıblar.

Axar.az xəbər verir ki, bu barədə qərarı aviaşirkətlər təhlükəsizlik məqsədiylə qəbul edib.

Qeyd edək ki, bundan öncə ABŞ öz aviaşirkətlərinin İran üzərindən uçuş həyata keçirməsini qadağan edib. Buna səbəb isə Ukrayna təyyarəsinin İranda qəzaya düşməsi göstərilib. Sonradan İran bu təyyarəni təsadüfən vurduğunu etiraf edib.
Azərbaycan idmançıları ötən ili möhtəşəm nailiyyətlərlə başa vurdularYusif Babanlı
Professor


İdmançılarımız dünyanın ən mötəbər turnirlərində uğurla çıxış edərək ölkəmizin adını daim uca tuturlar. Atletlərimiz müxtəlif yarışlarda idmanın olimpiya və qeyri-olimpiya növləri üzrə ölkəmizi şərəflə təmsil edərək Azərbaycanın idman şöhrətini artırırlar.

2019-cu ildə idmançılarımız beynəlxalq yarışlarda 775 medal qazanıblar. Medallardan 271-i qızıl, 238-i gümüş, 266-sı bürüncdür. Ölkəmizdə 62 beynəlxalq idman tədbiri keçirilib. Milli komandalarımız 243 beynəlxalq turnirə qatılıb.

Azərbaycanın keçən il "Formula-1” Azərbaycan Qran-prisinə, UEFA Avropa Liqasının finalına, Avropa Gənclərinin XV Yay Olimpiya Festivalına, gimnastika üzrə dünya kubokları uğrunda turnirə və digər mötəbər yarışlara uğurla evsahibliyi etməsi, atletlərimizin beynəlxalq turnirlərdə qazandıqları parlaq qələbələr ölkəmizin idman tarixinə qızıl hərflərlə yazıldı.

"Minsk-2019”: 5 qızıl, 10 gümüş, 13 bürünc medal

Yola saldığımız ildə ən yaddaqalan idman hadisələrindən biri atletlərimizin Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında qazandıqları uğurdur. Qitənin 50 ölkəsindən 4 mindən çox atletin qatıldığı bu möhtəşəm bayramda ən güclülər qalib gəldilər. 9 gün ərzində 15 idman növü üzrə 200 dəst medal uğrunda təşkil olunan yarışlarda Azərbaycan 82 atletlə təmsil olunmuşdu. Komandamızın II Avropa Oyunlarında layiqli nəticə əldə etmək imkanı kifayət qədər yüksək, xüsusilə güləşçilərə, cüdoçulara, karateçilərə ümid böyük idi.

Sevindirici haldır ki, dövlətin idmançılara göstərdiyi daimi diqqət və qayğı özünü "Minsk-2019”da da doğrultdu. Belə ki, Azərbaycan 5-i qızıl, 10-u gümüş, 13-ü bürünc olmaqla 28 medal qazanaraq 50 ölkə arasında ilk onluqda yer tutdu.
Ölkəmizə ilk medalları (2 gümüş, 1 bürünc) akrobatika gimnastlarımız qazandırdılar. Dinamik hərəkətlər üzrə qarışıq cütlüklərin yarışında 28,830 xal toplayan Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi gümüş medala sahib olublar. Balans hərəkətləri üzrə qarışıq cütlüklərin yarışında Ruhidil Qurbanlı-Abdulla Əl-Məşayxi cütlüyü 28,160 xalla bürünc medala layiq görülüb.

Bir gün sonra isə akrobatika gimnastlarımız II Avropa Oyunlarında üçüncü medalı qazanıblar.
Akrobatika gimnastikası yarışında təmsilçilərimiz Ruhidil Qurbanlı-Abdulla Əl-Məşayxi cütlüyü qarışıq hərəkətlər üzrə qarışıq komandaların yarışında 29,540 xal toplayaraq oyunların gümüş medalına sahib olub.

Cüdoçularımız II Avropa Oyunlarını bir gümüş və dörd bürünc medalla başa vurublar. "Minsk-2019”da Azərbaycan yığmasının bayraqdarı olan Rüstəm Orucov gümüş, Hidayət Heydərov, Məmmədəli Mehdiyev, Elmar Qasımov və İrina Kindzerska bürünc medallara layiq görülüblər.

İdmansevərlərin böyük maraqla və həyəcanla medallar gözlədiyi idman növləri sırasında güləş xüsusi yer tuturdu. Azərbaycan güləşçiləri "Minsk-2019”u ümumilikdə 10 medalla başa vurdular. Onlardan 3-ü qızıl, 3-ü gümüş, 4-ü bürünc olub. Mahir Əmiraslanov, Hacı Əliyev və Mariya Stadnik qızıl, Nurməhəmməd Hacıyev, İslam Abbasov və Elmira Qəmbərova gümüş, Hacımurad Hacıyev, Camaləddin Məhəmmədov, Sabah Şəriəti və Alyona Kolesnik bürünc medal qazanıblar.

"Minsk-2019”da karateçilərimiz də onlara göstərilən etimadı doğrultmağa çalışdılar. Onlar II Avropa Oyunlarında 5 medal (1 qızıl, 3 gümüş, 1 bürünc ) qazandılar. Ölkəmizə bu idman növündə qızıl medalı +84 kq çəki dərəcəsində kumite yarışında Asiman Qurbanlı qazandırıb. Rafael Ağayev, Firdovsi Fərzəliyev və İrina Zaretska "Minsk-2019”u gümüş, Roman Heydərov isə bürünc medalla başa vurublar.

Boks yarışlarında idmançılarımız ölkəmizin hesabına 2 medal (1 qızıl və 1 bürünc) yazdırıblar. Təmsilçimiz Alfonso Dominges II Avropa Oyunlarının qalibi olub. Lorentso Sotomayor isə "Minsk-2019”u bürünc medalla başa vurub.
II Avropa Oyunlarında sambo yarışlarında ölkəmiz 3 medal qazanıb (bir gümüş, iki bürünc). Ağasif Səmədov gümüş, Mehman Xəlilov və Emil Həsənov bürünc medala layiq görülüblər.

Sürət paytaxtı

Keçən il Azərbaycan bir sıra nüfuzlu turnirlərə evsahibliyi edib. Bunların sırasında planetin bir nömrəli avtomobil yarışı - "Formula-1” Azərbaycan Qran-prisi xüsusi yer tutur. Aprelin 26-28-də dördüncü dəfə Bakıda keçirilən "Formula-1” dünya çempionatının 4-cü mərhələsi olan Azərbaycan Qran-prisində ən məşhur 20 pilot 10 komandanın tərkibində 6 kilometr məsafədən ibarət 51 dövrəlik mərhələnin qalibi uğrunda yarışdı. 500 milyondan artıq tamaşaçı kütləsinə malik yarışı 67 ölkədən çoxlu sayda azarkeş paytaxtımızda tribunalardan izlədi.

Pilotlar ümumi məsafəsi 306 kilometr və 20 çətin döngəsi olan trekdə 51 dövrə vurdular. Trekin ən geniş yerinin eni 13 metr, ən dar hissəsinin eni İçəri şəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edirdi. 30 mindən çox tamaşaçının yarışları yerində izləməsi üçün hər cür şərait yaradılmışdı.

Maraqlı və gərgin keçən yarışın yekununda "Mercedes” komandasının üzvü Valtteri Bottas 1 saat 31 dəqiqə 52,942 saniyəlik nəticə ilə "Formula-1” SOCAR Azərbaycan Qran-prisinin qalibi oldu. İkinci yeri "Mercedes” komandasının digər üzvü Luis Hamilton, üçüncü yeri isə "Ferrari” komandasının sürücüsü Sebastian Fettel tutdular.

Gimnastika üçün daha bir uğurlu il

Ötən il gimnastikada uğurlu nəticələr əldə edilib. Gimnastika növləri üzrə yığma komandalarımız beynəlxalq yarışlarda ötən il 32-si qızıl, 33-ü gümüş və 39-u bürünc olmaqla 104 medal qazanıblar. Milli Gimnastika Arenası 2019-cu ildə 8 beynəlxalq yarışa evsahibliyi edib. Yarışlara ənənəvi dünya kubokları ilə start verilib. Fevralda batut gimnastikası, mart ayında idman gimnastikası və apreldə təşkil edilmiş bədii gimnastika üzrə dünya kuboklarında iştirak etmək üçün ümumilikdə 1020-dən çox insan ölkəmizə səfər edib. Bundan əlavə, ötən ilin aprelində həm də gənclər arasında bədii gimnastika üzrə ikinci "AGF Junior Trophy” adlı beynəlxalq turnir keçirilib. Bu yarışın sonuncu günündə qrup hərəkətlərində komandamız qızıl medal qazanıb və himnimizi səsləndirib.

Ötən ilin may ayında Azərbaycanda ilk dəfə gimnastikanın iki növü üzrə birgə Avropa çempionatı təşkil edilib. Bədii gimnastika üzrə qitə birinciliyi ölkəmizdə dördüncü dəfə təşkil olunsa da, aerobika gimnastikası üzrə Avropa çempionatına ölkəmiz ilk dəfə evsahibliyi edib. Hər iki növ üzrə yarışlara 500-dən çox gimnast qatılıb.

Milli Gimnastika Arenasında keçirilmiş növbəti turnir XV Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində kişi və qadınların idman gimnastikası üzrə yarışları olub. "Bakı 2019”da 38 ölkədən 170 idmançı qüvvəsini sınayıb. Ölkəmizdə təşkil edilmiş ən genişmiqyaslı gimnastika tədbiri - "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli bədii gimnastika üzrə dünya çempionatı sentyabrda olub. Azərbaycanda ikinci dəfə keçirilmiş bu çempionatda bədii gimnastika üzrə qrup hərəkətlərində komandamız çoxdan gözlənilən nəticəni - "Tokio 2020”yə lisenziya qazanıb. Olimpiadaya daha bir vəsiqəni isə Zöhrə Ağamirova əldə edib.

Bədii gimnastlarımızın uğurundan sonra Olimpiya oyunlarına daha iki lisenziyanı idman gimnastlarımız qazanıblar. Almaniyanın Ştutqart şəhərində keçirilmiş dünya çempionatında idman gimnastlarımız Marina Nekrasova və İvan Tixonov çoxnövçülük üzrə təsnifat mərhələlərində yetərli xal toplayaraq, Olimpiya oyunlarına vəsiqəni təmin ediblər. M.Nekrasovanın əldə etdiyi lisenziya Azərbaycanın qadın idman gimnastikası tarixində ilk Olimpiya lisenziyasıdır.

Bütün bunlarla yanaşı, AGF tərəfindən ötən il müxtəlif gimnastika növləri üzrə məşqçilik və hakimlik kursları təşkil edilib. Kişi idman gimnastikası üzrə ikinci, batut gimnastikası üzrə birinci, aerobika gimnastikası üzrə ikinci dərəcəyə aid FIG Akademiyasının məşqçilik kursları, eləcə də bədii gimnastika və "TeamGym” növü üzrə yerli mütəxəssislər üçün məşqçilik və hakimlik kursları təşkil edilib.

Şahmat üzrə dünya kubokunun ilk azərbaycanlı qalibi

Ötən ilin ən yaddaqalan idman hadisələrindən biri də beynəlxalq qrossmeyster Teymur Rəcəbovun Rusiya Federasiyasının Xantı-Mansiysk şəhərində keçirilən şahmat üzrə dünya kuboku yarışının qalibi olmasıdır. Dünya reytinqinin ilk üçlüyündə yer almış çinli qrossmeyster Dinq Lirenlə final qarşılaşmasında kubokun sahibini müəyyənləşdirmək üçün on görüş keçirilib. Klassik partiyalarda və rapiddə heç-heçə qeydə alınıb, blitsdə isə Teymur Rəcəbov həm ağ, həm də qara fiqurlarla qarşılaşmalarda üstün olub və görüşü 6:4 hesablı qələbə ilə başa çatdırıb.

Dünya kubokuna aparan yolda Teymurun birinci mərhələdə rəqibi Farer adalarının təmsilçisi Helqi Ziska idi. Rəqibini asanlıqla məğlub edən qrossmeysterimiz sonrakı raundlarda rusiyalı şahmatçılar Sənan Syugirov və Daniil Yuffadan üstün olub. Teymur finala vəsiqə qazanmaqla yanaşı, iddiaçılar turnirinə qatılmaq hüququnu da əldə edib. Mötəbər yarışda qalib gələn şahmatçımız bu uğuru ilə həm də ilk azərbaycanlı kimi ölkə idmanının da tarixinə düşüb.

Bakı gələcəyin idman ulduzlarının zəfər meydanı oldu

2019-cu ilin iyul ayında Bakıda təşkil olunan XV Avropa Gənclər Yay Olimpiya Festivalı gələcəyin idman ulduzlarının növbəti zəfər meydanı oldu. Bir həftə davam edən yarışlarda 48 ölkəni təmsil edən 3600-dən çox idmançı qalib adı uğrunda mübarizə apardı. Azərbaycan komandası Avropanın Rusiya, Böyük Britaniya və Türkiyə istisna olmaqla, bütün ölkələrini, o cümlədən Fransa, Almaniya, İtaliya, Ukrayna, İspaniya, Çexiya, Hollandiya, Belarus, İsveçrə, Avstriya və digərlərini qabaqlayaraq festivalda 23 medal qazanmış və ümumi komanda hesabında 4-cü olmuşdur. Medallardan 10-u qızıl, 7-si gümüş, 6-sı bürüncdür.

Azərbaycan komandasının üzvləri 10 idman növü üzrə keçirilmiş yarışların 3-də medallar əldə ediblər. Sözsüz ki, bütün turnirlərdə medal gözlənilən idman növləri sırasında güləş xüsusi yer tutur. Pəhləvanlarımız bu dəfə də ənənələrinə sadiq qalaraq yarışlarda ümumilikdə 16 medal (8 qızıl, 5 gümüş, 3 bürünc) əldə edərək tarixi qələbəyə imza atdılar. Bununla da 13 ölkə arasında ilk pillədə yer aldılar. Pəhləvanlarımızla yanaşı, medal estafetini cüdoçularımız da davam etdirməklə 3 yarış günündə 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.
Gimnastika yarışlarında isə Azərbaycan atleti Səməd Məmmədli XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası yarışlarında gümüş medal qazanıb.

Bakıda London derbisi

Ötən il mayın 29-da Azərbaycan daha bir əlamətdar idman hadisəsinin şahidi oldu. Paytaxtımız Avropanın nüfuzlu klub turnirlərindən UEFA Avropa Liqasının finalına evsahibliyi etdi. Həlledici qarşılaşmada İngiltərənin iki komandası - "Çelsi” və "Arsenal” üz-üzə gəldilər. Başqa sözlə, Bakıda London derbisi oynanıldı. Paytaxtımızda əsl futbol bayramı yaşandı. Finalın təşkili Avropadan Bakıya gələn media təmsilçiləri, hər iki klubun azarkeşləri arasında böyük rəğbətlə qarşılandı, UEFA rəhbərliyinin qəlbində xoş hisslər oyatdı. Yekunda 4:1 hesabı ilə qələbə qazanan "Çelsi” UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün qalibi oldu.
Müxtəlif ölkələrin media orqanları final matçının təşkilini və gedişini şərh edərək komandaların və onların rəhbərlərinin, futbol mütəxəssislərinin rəylərini öyrəndilər. Mütəxəssislərin ümumi fikri belə oldu ki, Bakının evsahibliyi etdiyi Avroliqanın finalı ən yüksək səviyyədə təşkil edildi, komandaların ədalətli mübarizəsi üçün hər cür şərait yaradıldı, möhtəşəm qarşılaşmaya evsahibliyi edən Azərbaycan hər cür təqdirə layiqdir.