İngiltərə İranı bu raketlərlə vuracaq
Tehran və Vaşinqton arasında iranlı general Qasım Süleymaninin öldürülməsi ilə yaranan gərginlik Yaxın Şərqdə müharibəyə çevrilərsə, İngiltərə nüvə sualtı qayıqlarından raketlərlə İranı vurmağa hazırdır.

Modern.az xəbər verir ki, bu barədə “San” nəşri Britaniya ordusundakı mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, İngiltərə İrana ilk hücum edən tərəf olmaq istəməsə də, ABŞ-a dəstək verməyə hazırdır.

Potensial hərbi əməliyyata “Tomahavk” raketləri ilə təchiz edilmiş sualtı qayıqların qatıla biləcəyi qeyd edilib.

Sözügedən təklifin Britaniyanın Baş naziri Boris Consona tətildən qayıtdıqdan sonra təqdim ediləcəyi bildirilib.
Süleymani öləcəyini əvvəldən bilirmiş – Şok məktub
SEPAH-ın Qüds briqadasının komandanı Qasım Süleymaninin ölümündən bir neçə saat əvvəl yazdığı məktub üzə çıxıb.

Axar.az xəbər verir ki, məktub ötən gecə üzüyü ilə birlikdə Süleymaninin qızı Zeynəb Süleymaniyə təhvil verilib.

Süleymaninin qardaşı İran mediasına açıqlamasında məktubun onun şəxsi əşyalarının arasından tapıldığını deyib:

“Əl yazısı şəhadətindən 2-3 saat əvvələ aiddir. Şəhadətindən bir həftə əvvəl birlikə idik. Bu, son görüşümüz idi. Bu məktubu Suriyada təyyarəyə minməzdən əvvəl qələmə alıb. Əl yazısından da başa düşüldüyü kimi şəhid olacağından xəbərdar idi”.

Məktubda “Allahım, səni görməyə aşiqəm, bizi qəbul et” sözlərinin yazıldığı bildirilib.
İran vuracağı ilk hədəfləri AÇIQLADI
İranın dini lideri Əli Xamneyinin rəhbərliyi ilə Milli Təhlükəsizlik Ali Şurası general Qasım Süleymaninin öldürülməsindən sonra bir araya gəlib.

Modern.az İran mətbuatına istinadən xəbər verir ki, toplantıdan sonra şura üzvləri yazılı bəyanatla çıxış ediblər. Bəyanatda Süleymaninin ölümündə günahı olanlardan “çox böyük intiqam alınacağı” bildirilib.

İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) generalı Qulaməli Əbuhəmzə Süleymaninin öldürülməsinə qarşılıq olaraq İranın əli çatan hər yerdə amerikalıları cəzalandıracağını bildirib.

“Hörmüz boğazı Qərb üçün həyati əhəmiyyətli nöqtədir və Amerikanın çox sayda hərbi gəmisi oradan keçir. Bölgədəki ABŞ hədəfləri də uzun zamandır İran tərəfindən öyrənilib. 35 ABŞ hədəfi, o cümlədən Tel-Əviv əlimiz çatacaq məsafədədir”, - deyə Əbuhəmzə bildirib.
MSK Ceyhun Musaoğlu haqda DSK-nın qərarını ləğv etdi
Tanınmış jurnalist, 45 saylı Abşeron seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Ceyhun Musaoğlu ilə bağlı Mərkəzi Seçki Komissiyası qərar qəbul edib.

Avrasiya.net xəbər verir ki, MSK deputatlığa namizədin şikayətini araşdırıb və onun namizədliyinin qeydə alınması haqda qərar çıxarıb.

C.Musaoğlu bu hadisəni “şəffaf, obyektiv seçki prosesinin təntənəsi” adlandırıb.

Qeyd edək ki, 45 saylı Abşeron seçki dairəsi deputatlığa namizəd Ceyhun Musa oğlu Musayevin namizədliyinin qeydə alınmaması haqda 31 dekabrda qərar qəbul etmişdi. İddiaçı isə DSK-nın bu qərarından MSK-ya şikayət etmişdi.
İrandan müalicədən qayıdan azərbaycanlılar qəzada öldü
Ər və arvad olan iki Azərbaycan vətəndaşı İran İslam Respublikasında yol qəzası nəticəsində ölüb.

Avrasiya.net "Report"a istinadən məlumat verir ki, hadisə bu gün günorta saatlarında İranın Ərdəbil şəhəri ərazisində qeydə alınıb.

Belə ki, İrana müalicə məqsədi ilə gedən Biləsuvar rayon Çaylı kənd sakinləri - 1956-ci il təvəllüdlü Kərimov Mürşüd Səftər oğlu və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Kərimova Müşkinaz İbrahim qızı Azərbaycana qayıdan zaman yol qəzasına düşüblər. Nəticədə hər iki şəxs dünyasını dəyişib.

Onlar sabah doğulduqları Çaylı kənd qəbiristanlığında dəfn ediləcəklər.
Azərbaycanda iki məntəqə seçki komissiyası BURAXILDI
Azərbaycanda iki məntəqə seçki komissiyası buraxılıb.

Avrasiya.net xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.

İclasda 30 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 24 saylı seçki məntəqəsinin və 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqəsinin dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri zamanı fəaliyyəti müzakirə edilib və həmin məntəqələrin fəaliyyətində nöqsanların aşkarlandığı bildirilib.

30 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 24 saylı seçki məntəqə komissiyası və 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqə komissiyası buraxılıb.

Qeyd edək ki, Azərbaycanda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri zamanı hər iki seçki məntəqəsində səsvermənin nəticələri ləğv olunub.
Tramp: “İranın 52 obyektini hədəfə götürmüşük, dərhal vuracağıq...”
ABŞ-ın İranın İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Əl-Qüds” qüvvələrinin komandanı, general Qasım Süleymanini öldürməsinin ardınca tərəflər arasında gərginlik hər gün artmaqdadır.

İran hərbi komandanları və siyasi rəhbərliyi bir-birinin ardınca “amansız qisas” bəyanatları ilə çıxış edir. ABŞ-dan isə bu hədələrə cavab olaraq bildirirlər ki, İran Birləşmiş Ştatların maraqlarına hücum etsə daha sərt cavab alacaq.

Hazırda ən çox müzakirə edilən məsələ İranın qisas addımlarının hansı formada ola biləcəyi haqdadır. İrandan ABŞ-a qarşı növbəti hədə bəyanatı ilə İnqilab Keşikçiləri Korpusunun komandanı, general Hüseyn Salami çıxış edib. Və İranın Qasım Süleymaninin öldürülməsinə görə qısasının “strateji miqyasda olacağını” deyib.

İran dövlət televiziyasında çıxış edən Salami izah edib ki, bu strateji qisas addımının nəticəsində ABŞ-ın Yaxın Şərqdə iştirakına son qoyulacaq. “Bu addım müəyyən təsirlərlə geniş coğrafiyanı əhatə edəcək”,-general bildirib. Onun sözlərinə görə, İran hakimiyyətini bu hədəfə çatmaq üçün heç nə dayandıra bilməyəcək.

Qeyd edək ki, Qasım Süleymaninin öldürülməsindən əvvəl də uzun illər boyu İranın siyasətinin başlıca məqsədi ABŞ-ın Yaxın Şərqdəki iştirakına son qoymaq, öz ideologiyanı bütün region boyu yaymaq və nəhayət İsrailin dövlət kimi varlığını ortadan qaldırmaqdır. Bu baxımdan general Salaminin hədələri əslində yenilik hesab edilməməlidir.

Lakin ABŞ rəhbərliyi də İranın hədələrini cavabsız qoymur. Prezident Donald Tramp yanvarın 5-də bəyan edib ki, əgər Tehran amerikalılara zərbə vursa o zaman bilavasitə İranın 52 obyektini vuracaqlar.

“Qoy bu xəbərdarlıq olsun. Əgər İran amerikalılara və Amerika obyektlərinə zərbə endirərəsə biz artıq 52 İran obyektini hədəfə almışıq (İran uzun illər əvvəl Tehrandakı ABŞ səfirliyində 52 amerikalını girov götürmüşdü). Bu obyektlərdən bir çoxu İran və İran mədəniyyəti üçün çox mühümdür. Həmin obyektlərə zərbə çox sürətlə və çox güclü şəkildə endiriləcək”,-Tramp özünün növbəti tvitində bildirib.

Xəbərlərə görə, ABŞ artıq regiona minlərlə hərbçi göndərməyə başlayıb. Yaxın Şərqdə artan gərginliyin fonunda Küveytdəki ABŞ hərbi bazasına 4200-dən çox Amerika dəniz piyadaları və hava desantı göndərilir. Artıq 700 hərbçi Yaxın Şərqə yola salınıb, daha 3500 hərbçi isə tezliklə yola salınacaq. “Assosiated press” agentliyinin məlumatına görə, hərbçilərdən birinin arvadı bildirib ki, onun ərinin Yaxın Şərqə göndərilməsi çox qəfil və sürətlə baş verib. Nəticədə onlar heç telefonla sağollaşmağa da imkan tapmayıblar.

Tramp administrasiyası İranın mümkün cavab addımları ilə bağlı Konqresi məlumatlandırıb və bildirilib ki, Tehranın növbəti bir neçə həftə ərzində hansısa qisas addımları atacağı gözlənilir. Pentaqonun, Dövlət Departamentinin və Ağ ev yanında Milli Təhlükəsizlik Şurasının nümayəndələrinin Konqres üçün təşkil etdikləri brifinqdə İranın qisas addımları atacağının şübhə doğurmadığı, ancaq ABŞ-ın da cavab planları hazırladığı bildirilib. Amerika hakimiyyəti istisna etmir ki, İran tərəfi ABŞ ərazisində də hansısa addımlar ata bilər. Bu məqsədlə “Hizbullah”dan istifadə edilməsi mümkündür.

İraqda isə artıq İrana bağlı qüvvələr ABŞ hərbçilərinin olduğu bazaya və Birləşmiş Ştatların səfirliyinə “Katyuşa” tipli kustar raketlərlə hücum ediblər. Buna cavab olaraq ABŞ aviasiyası İraqın İranla sərhəd Əl-Qaim rayonunda “Həşdi Şabi” şiə yaraqlılarının bazasına zərbələr endirib. İraqın “Al Hadath” telekanalı xəbər verir ki, ölkənin qərbində “Haşdi Şabi” qruplaşmasının bazası üzərində ABŞ-ın başçılıq etdiyi Qərb koalisiyasının təyyarələri dövrə vurur. Bazaya endirilən zərbə nəticəsində şiə yaraqlıları arasında ölən və yaralananlar var. Habelə xəbər verilir ki, Əl-Qaim rayonuna doğru təcili yardım maşınlarından ibarət kalon hərəkət edir.

Bu arada İnqilab Keşikçiləri Korpusunun Kirman əyalətindəki bölmələrinə komandanlıq edən general Qulaməli Abuhəmzə də ABŞ-dan necə qisas alacaqları haqda bəyanat verib. General deyib ki, Tehran çoxdan ABŞ-ın 35 obyektini müəyyənləşdirib, hansı ki, həmin obyektlər İran raketləri üçün əlçatan məsafədədir. General Abuhəmzənin bildirdiyinə görə, Hörmüz boğazından keçən ABŞ hərbi gəmiləri də onların hədəfi ola bilər.

Virtualaz.org
Göyçay sakini intihar etdi
Göyçay rayonunda intihar hadisəsi baş verib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Ləkçıplaq kəndində qeydə alınıb.

Kənd sakini, 1968-ci il təvəllüdlü Qədirov Nail Firudin oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, dəqiq məlum deyil.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
ABŞ-ın hərbi bazasına hücum edildi: ölənlər var
Əş-Şabab qruplaşması ABŞ-ın Keniyadakı hərbi bazasına hücum edib.

Axar. az xəbər verir ki, bu barədə məlumatı Keniya ordusunun nümayəndəsi, polkovnik Pol Ncuquna verib. O bildirib ki, saat 05.30-da hərbi bazanın yerləşdiyi Manda hava limanına terror hücumu olub.

Hücumun qarşısının uğurla alındığını qeyd edən polkovnik 4 terrorçunun öldürüldüyünü bildirib.

Hava limanının uçuş-eniş zolaqlarına ziyan dəyməsə də, aeroportdakı bəzi yanacaq anbarlarının alovlandığı vurğulanıb.
Tramp Qasım Süleymanini "dünyanın bir nömrəli terrorçusu" adlandırdı
ABŞ prezidenti Donald Tramp “Qüds” xüsusi birləşməsinin komandiri Qasım Süleymanini Birləşmiş Ştatların diplomatlarına və hərbi qulluqçulara hücum hazırlığında ittiham edərək İran generalını "dünyanın bir nömrəli terrorçusu" adlandırıb.

Avrasiya.net “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti yerli televiziyada bildirib.

"Ötən gecə ABŞ hərbçiləri qüsursuz, yüksək dəqiqliklə zərbə endirdi, hansı ki, onun nəticəsində dünyanın bir nömrəli terroçusu Qasım Suleymani həlak oldu", - Tramp televiziyadakı çıxışında deyib.

Ağ Ev rəhbərinin sözlərinə görə, Süleymani "ABŞ diplomatlarına və hərbi qulluqçulara hücumlar" hazırlayıb.