Rafael Cəbrayılov: “Aliment fondu yaradılmalıdır!”“Bütün mübahisəli məsələlərin məhkəmədə mövcud qanunlar çərçivəsində həll edilməsi hüquqi dövlətin vacib əlamətlərindəndir. Göründüyü kimi, qanunvericilik alimenti ödəməkdən yayınan şəxsin inzibati qaydada tənbeh edilməsi, daha sonra isə cinayət cəzasına məhkum edilməsini nəzərdə tutur. Bu alimentə möhtac olan uşaqların problemlərini həll etmir. Əksinə, bu problem daha da dərinləşir. Bu qəbildən olan uşaqlar lazımi səviyyədə təlim-tərbiyə, təhsil ala bilmir. Sonda, yenə də uduzan cəmiyyət və xalq olur. Buna görə də aliment problemi ciddi şəkildə həll edilməlidir”.

Bunu e-huquq.az-a açıqlamasında deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov deyib.

Deputat bilridib ki, istənilən məsələnin məhkəmədə həll edilməsi ədalət mühakiməsinin əsas hissəsi olsa da qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası yekun və çətin mərhələdir. Onun sözlərinə görə, çoxlu sayda maliyyə tutumlu məhkəmə qərarları var ki, bu qərarlar qanuni qüvvəsini alsalar da icrası ciddi çətinliklərlə qarşılaşır.

“Bu kateqoriyadan olan məhkəmə qərarları içərisində alimentlə bağlı qərarları xüsusilə vurğulamaq istərdim. Digər məhkəmə qərarlarının vaxtında icra edilməməsi bəlkə də ciddi problemlər törətməzdi. Amma alimentlə bağlı məhkəmə qərarlarının icra edilməməsi, ya da icrasının ləngidilməsi ciddi fəsadlar törədir. Çünki aliment normal ailə mühiti və hər iki valideynin birgə nəvazişindən məhrum olmuş uşağa verilir. Onun gündəlik yaşamı, böyüməsi, inkişafı, tərbiyəsi, təhsili və sair üçün alimentin vaxtında verilməsi zəruridir. Nəzərə alsaq ki, əksər hallarda azyaşlı uşaq ana ilə qalır, onda alimentin vaxtında verilməsinin zəruriliyini daha yaxşı anlayarıq. Bazar iqtisadiyyatı prizmasından baxsaq mənzərə daha aydın görünər. Təəssüflə qeyd etmək istərdim ki, alimentlə bağlı məhkəmə qərarlarının icra vəziyyəti bərbaddır. Alimentin ödənilməməsi və ya vaxtında ödənilməməsi həmin uşağın həyatında problemlərin meydana çıxması deməkdir. Nəzərə alsaq ki, söhbət xalqımızın genefondunun daşıyıcısı, xalqımızın gələcəyi olan uşaqlardan gedir, onda məsələnin həllinə cox ciddi yanaşmaq lazımdır”.

R. Cəbrayılov problemin həlli üçün Aliment fondunun yaradılmasını təklif edir.

“Mən həmişə o fikirdə olmuşam ki, Aliment fondu yaradılmalı və qanuni qüvvəyə minmiş məhkəmə qərarları üzrə alimentlər həmin fond tərəfindən vaxtında ödənilməlidir. Ödənilmiş məbləğ sonra reqress iddia qaydasında cavabdehdən alınaraq həmin fonda bərpa edilməli və alimentə möhtac olan uşaqların təlim-tərbiyəsi istiqamətində dövlət zəruri addımı atmalıdır. Alimenti ödəməyə maddi imkanı olmayan valideynlərin de kifayət qədər olduğunu nəzərə alsaq, onda bu addımın zərurətini daha aydın görərik. Alimenti hansı səbəbdən olursa olsun ödəməyən şəxs mövcud qanunvericiliyə görə əvvəlcə inzibati, sonra isə cinayət məsuliyyətinə cəlb edilir. Amma yenə də problem həll edilmir. Bu baxımdan aliment fondunun yaradılması çox vacibdir”, - deyə, deputat qeyd edib.
Ayaz Mütəllibov: “Mehriban xanıma minnətdarlığımı bildirirəm”Ötən günlərdə müstəqil Azərbaycan Respublikasının ilk prezidenti olmuş Ayaz Mütəllibovun xanımı Ədilə Mütəllibova haqq dünyasına qovuşdu. Dəfn mərasimində həyat yoldaşıyla ağlayaraq vidalaşan sabiq prezidentin təsirli fotosu sosial şəbəkələrdə xeyli paylaşıma səbəb oldu.

Qeyd edək ki, Ədilə Mütəllibovanın yas mərasiminin bütün xərclərini Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Həyat yoldaşını itirən eks-prezident Ayaz Mütəllibov Modern.az-a bugünkü açıqlamasında hazırda özünü yaxşı hiss etmədiyini bildirib:

“Nə deyim, hazırda mənim üçün çox ağırdır həyat yoldaşım haqqında danışmaq. Yəqin ki, bir az keçəndən sonra, irəli zamanlarda danışa bilərəm. Mehriban xanıma belə bir addım atdığı üçün sizin vasitənizlə minnətdarlığımı bildirirəm".

Eks-prezident hazırda övladları və nəvələrinin əhatəsində yaşadığını bildirib.

Ədilə xanıma Allahdan rəhmət, Ayaz Mütəllibova səbr diləyirik.
Müasir Azərbaycan Heydər Əliyevin yadigarı və şah əsəridir - Əli HəsənovBu gün Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda dövlət gənclər siyasətinin banisi olan Heydər Əliyevin ölkə gənclərinə göstərdiyi diqqət və qayğını bir daha nümayiş etdirməkdir.

Tədbirdə çıxış edən Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov bildirib ki, Heydər Əliyev 1923-2003-cü illərdə yaşayıb fəaliyyət göstərib, öz qlobal düşüncə tərzi və bəşəri fəaliyyəti, müdrik və uzaqgörən siyasəti, unikal liderlik keyfiyyətləri, güclü milli iradəsi, xüsusi idarəçilik istedadı və rəhbərlik bacarığı ilə Azərbaycanda Ümummilli Lider səviyyəsinə yüksəlib və dünya tarixinə düşmüş görkəmili siyasi və dövlət xadimi, qüdrətli tarixi şəxsiyyət olub.

Əli Həsənovun sözlərinə görə, Heydər Əliyev öz fitri istedadını, dərin zəkasını, bilik və bacarığını daim bütün azərbaycanlılarının qəlbində yaşayan milli dövlətçilik ideyalarının gerçəkləşməsinə yönəldib, öz dövlətini və xalqını zamanın çətin sınaqlarından uğurla çıxarıb və dinamik inkişafını təmin etmiş böyük azərbaycanlı olub:

"Vətənə məhəbbət, Azərbaycan xalqına və dövlətinə bağlılıq onu bütün həyatı boyu fərqləndirib. İstər sovet hakimiyyəti zamanı işlədiyi və fəaliyyət göstərdiyi bütün sahələrdə, istərsə də müstəqillik dövründə Heydər Əliyev daim öz doğma Azərbaycanına ləyaqətlə xidmət edib, ölkəni geridə qalmış aqrar respublikadan güclü elmi-texniki potensiala malik, dinamik inkişaf edən sənaye dövlətinə çevirmiş, onun sosial-iqtisadi və mədəni tərəqqisini təmin edib, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması, milli elitanın formalaşdırılması, sağlam və intellektul gənc nəslin yetişdirilməsi istiqamətində misilsiz nailiyyətlər qazanıb.

1990-cı ilin əvvəllərində, SSRİ-nin süqutu ərəfəsində Azərbaycanda milli-vətəndaş qarşıdurmasının vüsət aldığı, etnik separatizmin baş qaldırdığı, torpaqlarımızın bir-birinin ardınca işğal olunduğu, ölkənin daxildən və xaricdən ciddi xaos və anarxiyaya sürükləndiyi, sosial-siyasi böhranın günü-gündən dərinləşdiyi bir vaxtda Heydər Əliyev öz həyatını təhlükə qarşısında qoyaraq Moskvadan geri qayıdıb, doğma Vətənində milli-vətəndaş birliyinin yaradılması, dövlətçiliyin xilası və qorunması, ölkənin müstəqilliyin bərpası istiqamətində əsl tarixi missiya həyata keçirib".

Prezidentin köməkçisi bildirib ki, nə qədər ağır və çətin olmasına baxmayaraq, Heydər Əliyevin 1990-1993-cü illərdəki fəaliyyəti- öz xalqının milli azadlıq və müstəqillik uğrundakı mübarizəsinə qoşulması və faktiki olaraq müstəqillik uğrunda mübarizə hərəkatına rəhbərlik etməsi dövrü Azərbaycan dövlətçiliyinin və milli tariximizin parlaq səhifələrini təşkil edir:

"1993-cü ildə Azərbaycan dövlətçiliyinin çətin sınaqlar qarşısında dayandığı, məhvolma təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda Heydər Əliyev xalqın çağırışına səs vermiş, onun tələbi və dəstəyi ilə yenidən ölkə rəhbərliyinə qayıtmış və xüsusi qurtuluş missiyası həyata keçirərək, milli dövlətçiliyin XİLASKARINA çevrilib.

Sonrakı 10 il müddətində - 1993-2003-cü illərdə müstəqil Azərbaycan Respublikasında Heydər Əliyevin rəhbərliyi altında milli inkişafın əsasları yaradılmış - daxili sabitlik, qanunçuluq, sosial ədalət, milli həmrəylik təmin edilmiş, Azərbaycanın daxili və xarici siyasətinin, dövlət idarəçiliyinin, yeni iqtisadi, siyasi və sosial münasibətlərin, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsasları formalaşdırılmış, bütün sahələr üzrə ölkənin inkişaf strategiyası hazırlanmış və həyata keçirilmişdir. Heydər Əliyev bu mərhələdə həlledici tarixi xidmət və uğurlu fəaliyyət göstərərək həm də müstəqil Azərbaycan dövlətinin banisi və qurucusuna çevrilib.

Hazırda Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti “öz doğma xalqına sədaqətli xidmətin və onun yolunda hər cür fədakarlığa hazır olmanın” əsl nümunəsinə çevrilib".

Ə.Həsənov vurğulayıb ki, Ulu Öndərin öz dəyərini həmişə saxlayacaq uzaqgörən siyasəti, parlaq dühası və zəngin irsi Azərbaycanın uğurlu inkişafının təməlində dayanır. Bu gün dinamik inkişaf edən, region və dünya siyasətində, əksər transmilli layihələrdə öz dəst-xətti ilə seçilən müasir Azərbaycan Respublikası Heydər Əliyevin yadigarı və şah əsəridir:

"Hər bir vətənsevər azərbaycanlının Ümummilli Liderin unudulmaz və əziz xatirəsi qarşısındakı müqəddəs borcu müstəqil və qüdrətli Azərbaycan dövlətini qorumaq və daha da inkişaf etdirməkdən ibarətdir.

Heydər Əliyevin xilaskarlıq, quruculuq və liderlik missiyasının, milli dövlətçilik təfəkkürünün, peşəkar idarəçilik təcrübəsinin, zəngin siyasi irsinin və onun birbaşa xidmətləri sayəsində tamamlanaraq milli ideologiya səviyyəsinə qaldırılmış azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği və hərtərəfli inkişaf etdirilməsi Azərbaycan elitası qarşısında dayanan əsas vəzifələrdəndir".

Tədbirdə daha sonra Gənclər və İdman Nazirliyinin təşəbbüsü və sifarişi ilə "MZ Prodakşn" tərəfindən istehsal olunan "Ulu öndər" sənədli filminin və eyni adlı mahnının təqdimatı keçirilib.

Filmin ssenari müəllifi və rejissoru Əməkdar incəsənət xadimi, professor Rafiq Quliyev, redaktoru İradə Sultanovadır. Filmdə ümummilli lider Heydər Əliyevin 1969-cu ildən 2003-cü ilədək həyat və fəaliyyətinin müxtəlif dövrünü əhatə edən kadrlar nümayiş olunub, Azərbaycan gənclərinə verdiyi tövsiyələr səsləndirilib.

"Ulu öndər" mahnısının musiqisi Azərbaycan Milli Konservatoriyasının rektoru, bəstəkar Siyavuş Kərimiyə, sözləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğluya aiddir.
Fazil Məmmədov Almaniyaya aparıldı, əməliyyat olunduKeçmiş vergilər naziri Fazil Məmmədov Almaniyada əməliyyat olunub.

Bakıpost.az-ın əldə etdiyi məlumata görə, sabiq nazir Almaniyanın Heydelberq şəhərində yerləşən xəstəxanalardan birində mədəaltı vəzisindən əməliyyat edilib. F.Məmmədov pankreatit xəstəliyindən əziyyət çəkir.

Bildirilir ki, keçmiş nazir iyul ayının əvvəlindən müalicə üçün Almaniyadadır və iyulun 6-da cərrahi müdaxiləyə məruz qalıb. Hazırda onun vəziyyəti stabildir.

Həkimlər bildirib ki, o, daimi həkim nəzarətində olmalı, mədəaltı vəzə yığılan iltihab vaxtaşırı təmizlənməlidir. Buna görə də keçmiş nazirin hələ bir müddət Almaniyada qalacağı gözlənilir.

Qeyd edək ki, F.Məmmədov eyni problemlə Gəncə Beynəlxalq Xəstəxanasında da müalicə qəbul etmişdi. Görünür, Azərbaycanda aldığı müalicə sabiq nazirin səhhətinin düzəlməsi üçün yetərli olmayıb və o, Almaniyada əməliyyata yollanıb.
Azərbaycanda 3 hakim vəzifəsindən azad edildiAzərbaycanda 3 hakim vəzifəsindən azad edilib.

Report-un xəbərinə görə, bununla bağlı Məhkəmə-Hüquq Şurasının iclasında qərar qəbul edilib.

Qərara əsasən, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin sədri Natiq Abbasov və hakimi Kamil Rzayev, Göygöl Rayon Məhkəməsinin hakimi Rafiq Məmmədov tutduğu vəzifədən azad olunaraq başqa işə keçiriliblər.

Həmçinin qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə bir sıra hakimlər intizam məsuliyyətinə cəlb edilib.
Prokurorluqdan Zahid Orucun ittihamlarına - CavabBaş Prokurorluq millət vəkili Zahid Orucun ittihamlarına cavab verib.

Baş Prokurorluqdan verilən məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Müalicə müəssisəsində xəstəliyi ilə əlaqədar müalicə almış təqsirləndirilən şəxs - Aydın Qurbanov intensiv müalicə aparılmasına baxmayaraq, iyulun 9-da saat 21:50-də vəfat edib. Bu barədə Nizami Rayon Prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluğun müstəntiqi mərhumun müalicə aldığı palata və meyitə məhkəmə-tibb ekspertləri, müalicə müəssisəsinin nümayəndələri və hal şahidlərinin iştirakı ilə baxış keçirilib.

A.Qurbanovun meyiti ölümün səbəblərinin müəyyən edilməsi məqsədi ilə iyulun 10-da saat 00:20-də Məhkəmə - tibbi ekspertiza və patoloji anatomiya birliyinin Nizami rayon şöbəsinə yerləşdirilib. Həmin gün saat 10 radələrində məhkəmə-tibb ekspertləri tərəfindən mərhumun bacısı oğlu 1988-ci il təvəllüdlü Suliddin Bayramovun iştirakı ilə meyitin xarici müayinəsi keçirilib. Tibbi müayinə zamanı meyitin bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməyib. Bundan sonra həmin gün saat 13:30-da meyit mərhumun həyat yoldaşı və qohumlarına təqdim olunub.

Məhkəmə-tibbi ekspertizasının A.Qurbanovun xəstəlikdən vəfat etməsi barədə ilkin rəyi iyulun 11-də saat 10:30 radələrində prokurorluğa daxil olub və saat 12 radələrində Baş Prokurorluq və Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən ictimaiyyətə geniş məlumat verilib.

Qeyd edək ki, millət vəkili Zahid Oruc qeyri-rəsmi məlumatların dövriyyəyə girərək, sui-istifadə edilməsində rəsmi qurumları ittiham etmiş, onları dəqiq məlumatları ictimaiyyətə dərhal çatdırmamaqda qınamışdı.
Müşfiqin 140 minlik evini kim əlindən aldı? – Sensasion təfərrüat2013-cü ildə Yasamalda Gülrux Həsənova adında şəxsdən evi 140 min manata almışam, mənzilə köçüb yaşamağa başlamışam.

Bu sözləri Kult.az-a açıqlamasında“Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov evinin məhkəmənin qərarı ilə əlindən alınması ilə bağlı danışarkən deyib. O bildirib ki, 2016-cı ildə ilk dəfə Yasamal rayon məhkəməsinə çağırılıb:

“Məhkəmədə məlum oldu ki, bu, mübahisələndirilmiş mənzildir. Belə ki, bu evlə bağlı demə 2009-cu ildən Gülrux Həsənova ilə doğma xalası Mehriban Həsənova arasında qalmaqal başlayıb. Mehriban Həsənova bildirib edib ki, onun rəhmətə gedən həyat yoldaşı sözügedən evi Gülrux Həsənovanın adına alıb. Buna görə də M.Həsənova bu mənzilə varis kimi iddia edib, məhkəməyə müraciət edib ki, G.Həsənovanın kupçası ləğv edilsin. Həmin iddia qaldırılanda - 2009-cu ildə evin üzərinə həbs də qoyulub. Ancaq 2013-cü ildə keçirilən prosesdə G.Həsənova məhkəmədə qalib gəlib və evin üzərindən həbs götürülüb. Daha sonra isə G.Həsənova evi mənə satıb. Mənim əlimdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış və kupça var. Hamısı mənim adımadır. 5 saylı notariat kontorunda alğı-satqı etmişik. Dövlət idarəsi mənə alğı-satqı ilə bağlı sənəd verib və mən evi alanda da heç bir mübahisə-filan olmayıb”.

M.Abbasovun sözlərinə görə, 2016-cı ildə məhkəmənin çıxardığı qərara əsasən heç bir şəxsin sözügedən evə qarşı iddia qaldırmaq hüququ yoxdur:

“Mən 2016-cı ildə evin alğı-satqısı, çıxarışı və küpçamı məhkəməyə təqdim etdim. Yasamal Məhkəməsindən mənə bildirdilər ki, bu mənzilə artıq heç kim iddia edə bilməz, çünki alğı-satqı baş verib. Əgər Gülrux Həsənova dələduzluq edibsə, bu, artıq onun problemidir.

Nə qədər qəribə olsa da, 2019-cu ildə Apellyasiya Məhkəməsi belə bir qərar çıxarıb ki, mənzil məndən alınaraq M.Həsənovaya verilməlidir. Yəni Gülrux Həsənova məhkəmədə uduzduğu üçün mən evimi onun xalası Mehriban Həsənovaya qaytarmalıyam. G.Həsənovaya ev üçün ödədiyim 140 min manata görə isə ayrı iddia qaldırmalıyam. Pul verib ev almağıma, əlimdə dövlətin hüquqi sənədləri olmasına baxmayaraq, mənə deyirlər ki, evi aldığın adamın xalasına ver, sonra da məhkəməyə müraciət edib, ödədiyin pulun geri qaytarılması üçün dava aç. Bu nə məntiqdir?”

M.Abbasov Apellyasiya Məhkəməsinin çıxardığı qərarın absurd olduğunu bildirib:

“G.Həsənovanın adına heç bir mülkiyyət yoxdur, mən ondan 140 min manatımı necə ala bilərəm? Birmənalı olaraq Apellyasiya Məhkəməsi mənim hüquqlarımı çox ciddi şəkildə pozub. Apellyasiya Məhkəməsinin bu qərarı verərkən yol verdiyi növbəti biabırçılıq ondan ibarətdir ki, əgər G.Həsənova doğrudan da dələduzluq edibsə, bəs niyə həbs olunmur?

Hazırda Ali Məhkəməyə təqdim etmək üçün sənəd hazırlayırıq. Mən evi alanda bütün sənədlərim qaydasında idi və evin üzərində həbs yox idi. G.Həsənova və M.Həsənovanın arasındakı problemlərin mənə aidiyyəti yoxdur. M.Həsənova evə iddia edirsə, evin dəyəri olan 140 min manatı ən yaxşı halda G.Həsənovadan tələb edə bilər. Mən bu hadisənin sonuna qədər gedəcəyəm. Çünki mənim mülkiyyət toxunulmazlığım əlimdən alınıb, halal pulla aldığım evi məhkəmə heç bir səbəb olmadan əlimdən alıb, məni çölə atmaq istəyir”.

Tanınmış prodüser məhkəmənin qərarının dövlətin yeritdiyi siyasətə zidd olduğunu da söyləyib:

“Prezidentimiz İlham Əliyev hər zaman Azərbaycanın sosial dövlət olduğunu bildirir, evsizlərə ev bağışlayır, xüsusilə dövlətimiz sənət adamlarına qayğı göstərir, incəsənəti stimullaşdırır. Çünki onsuz da bu sahədə böyük gəlir yoxdur. Məhkəmə orqanları isə qanunsuz olaraq dişimiz-dırnağımızla, bir ömür əlləşib-vuruşub qazandığımız pulla aldığımız evi heç bir təqsirimiz olmadığı halda əlimizdən alır.

Ali Məhkəməyə, lazım gələrsə, daha sonra Avropa Məhkəməsinə müraciət edəcəyəm. Ancaq əlbəttə ki, əsas köməyi cənab Prezidentimizdən gözləyirəm. Əminəm ki, Prezidentimiz bu ədalətsizliyin qarşısını alacaq”.
Səfir FETÖ ilə bağlı şok detalları açıqladıBu gün FETÖ terror təşkilatına dəstək verən ölkələr bilməlidirlər ki, gələcəkdə bu təşkilat həmin dövlətlər üçün də ciddi təhlükəyə çevriləcək. Fətullah Gülən və tərəfdarlarının yalnız bir fəaliyyət üsulu var. Onlar fəaliyyət göstərdikləri ölkələrdə əhatə dairələrini genişləndirərək həmin ölkələrin idarəetmə sisteminə müdaxilə edirlər. FETÖ-nü qoruyan ölkələr bu təhlükəni nəzərə almalıdırlar.

Bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral Azərtac-a müsahibəsində deyib. Diplomat qeyd edib ki, Fətullahçı terror təşkilatının (FETÖ) Türkiyədə dövlət çevrilişi cəhdi törətməsindən üç il keçir. Ötən üç il ərzində FETÖ-nün dövlət çevrilişi cəhdləri ilə bağlı xeyli faktlar aşkarlandı, terror təşkilatının dövlətin hansı strateji nöqtələrində yer aldığı müəyyən olundu. FETÖ Türkiyədə hakimiyyəti ələ keçirmək üçün qırx il ərzində gizli fəaliyyətlə məşğul olub. Ancaq terrorçular qarşılarında heç vaxt duruş gətirə bilməyəcək qüvvə ilə - türk xalqı ilə qarşılaşdılar. Öz liderinin – Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışından sonra küçə və meydanlara axışan türk xalqı terror təşkilatının dövlət çevrilişi cəhdinin qarşısını mətanətlə aldı və demokratiyaya sadiqliyini nümayiş etdirdi. Həmin gecə Türkiyə terrorla mübarizədə 251 şəhid verdi. 2016-cı il 15 iyul gecəsində türk xalqı növbəti dəfə qəhrəmanlıq dastanı yazdı. Bu, Türkiyə və dünya tarixində mühüm yeri olan hadisədir.

FETÖ-nün öz niyyətini həyata keçirmək üçün xaricdən də dəstək aldığını vurğulayan səfir diqqətə çatdırıb ki, bu barədə faktlar məhkəmə proseslərində tam sübuta yetirilir: “Terror təşkilatının fəaliyyəti təkcə dövləti ələ keçirmək olmayıb. FETÖ xalqın dini etiqadından sui-istifadə edib, qırx il ərzində təhsil adı altında gənclərə təsir göstərərək özlərinə tərəfdar, mütəxəssis ordusu yetişdirib, onları yüksək vəzifələrə təyin etmək üçün müxtəlif üsullara əl atıb. Belə ki, imtahan suallarını oğurlayıb təşkilatın üzvlərinə verməklə onların müxtəlif dövlət qurumlarında, orduda və polis sistemində vəzifələrdə irəli çəkilmələrinə şərait yaradıblar.

Bununla yanaşı, terror təşkilatı ilə əlaqəsi olmayan şəxslərin tutduqları vəzifələrdən və ya imtahanlardan uzaqlaşdırılmalarına da nail olublar. Hazırlanan bu tərəfdarlar Türkiyədə hakimiyyəti ələ keçirmək əmrini icra etməyə başlayıblar. Bütün bu məsələlərlə bağlı hüquqi prosedur bu gün Türkiyədə davam edir, xeyli sayda terrorçu mühakimə edilərək layiqli cəzalarını alıb. Bununla da demək olar ki, terror təşkilatına sarsıdıcı zərbə vurulub.

Səfirin sözlərinə görə, Türkiyə FETÖ terror təşkilatı ilə mübarizəsini ölkədən xaricdə də aparır. Belə ki, Türkiyə dövləti əleyhinə təbliğat işinin aparılmasının qarşısını almaq üçün dövlətin müvafiq qurumları terror təşkilatının xaricdəki maliyyə hesablarının dondurulması üçün fəaliyyət göstərir. Bundan başqa, təşkilatın yeni kadrların hazırlanması üçün istifadə etdiyi məktəblərin bağlanması işi aparılır. Belə ki, bəzi ölkələrdə FETÖ-yə məxsus təhsil ocaqlarının bir hissəsinin fəaliyyəti dayandırılıb, digərləri isə Türkiyə Maarif Fondunun tərkibinə verilib. Bundan başqa, terror təşkilatına bağlı olan müəyyən şəxslər var ki, onlar iş adamı adı altında xarici ölkələrdə fəaliyyət göstərirlər. Türkiyə dövləti bu təşkilat üzvlərinin qurduğu dərnəklərin bağlanması üçün tədbirlər görür. FETÖ ilə mübarizədə Türkiyəyə ən böyük dəstəyin Azərbaycandan gəldiyini deyən E.Özoral bildirib ki, Azərbaycan FETÖ ilə mübarizədə digər ölkələrə nümunədir. Həmin gecə azərbaycanlı qardaşlarımız Bakıda Türkiyə səfirliyinin qarşısına gələrək bizə dəstəklərini ifadə etdilər. Bu dəstək bu gün də eyni qətiyyətlə davam etdirilir. Səfir bu dəstəyə görə dövləti adından Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Səfir müsahibəsində Türkiyə-Azərbaycan əlaqələrindən, ölkələrimizin birgə həyata keçirdiyi layihələrdən də danışıb. O, qardaş ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb. Bildirib ki, həyata keçirdiyimiz birgə layihələr dünyada böyük rezonans yaradır. Məsələn, ötən dövr ərzində Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildi. Keçən ilin iyununda Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılışı oldu. Bakı-Tbilisi-Qars dəmir yolu üç ölkəni deyil, eyni zamanda, Şanxay və Londonu birləşdirir. Çindən Avropanın istənilən ölkəsinə daşınan yük gəmi yolu ilə 70 gün ərzində gedib çatır. Ancaq bu dəmir yolu vasitəsilə proses 10-11 gün ərzində mümkün olacaq. Bununla yanaşı, bu dəmir yolu turizmin inkişafına da müsbət təsir edəcək. Artıq Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınması da həyata keçirilir. Ərkan Özoral əlavə edib ki, Türkiyə Azərbaycanın turizm sektorunun inkişaf etdirilməsi üçün göstərdiyi dəstəyi artırır. TİKA da daxil olmaqla Türkiyənin əksər müvafiq qurumları turizm sektoru üçün kadrların hazırlanmasına dəstək göstərdi. Bundan başqa, Türkiyə Azərbaycan turizminə investisiya qoyması üçün türk iş adamlarını bu sahəyə cəlb edir.

Səfir Azərbaycandakı multikulturalizm ənənələrindən də bəhs edib. O qeyd edib ki, bu günlərdə Bakıda keçirilən “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpozium Azərbaycan dövlətinin tolerantlığa göstərdiyi diqqətin sübutudur. Diplomat əlavə edib ki, Azərbaycan fərqli dinlərin və millətlərin coğrafiyası olsa da, dünyaya sülh və sabitliyin qorunduğu bir məkan kimi nümunədir. Dünya dövlətləri bu təcrübədən istifadə etməlidir.
Moskvada erməni müğənnini dəlixanaya apardılar - VideoMoskvanın mərkəzindəki Arbat küçəsində yerləşən çayxananın qarşısında insanların rahatlığını pozan gənc qadın saxlanılaraq psixiatriya xəstəxanasına aparılıb.

Virtualaz.org xəbər verir ki, səs-küy salaraq, insanlara mane olan şəxs Karina Qaqriyan adlı müğənni imiş.

Onun ifasında Yutubda bir neçə mahnının olduğu qeyd edilir.
Lavrova o sualı verən məşhur jurnalist Anar Həsənov - CANLIMusavat TV-nin canlı yayında Rusiyada yaşayan azərbaycanlılar, onların problemləri, son dönəm Rusiyada erməni diasporasının təşkilatlanma cəhdləri ilə bağlı danışılır. Studiyanın qonağı Ümumdünya Azərbaycanlılar Mədəniyyət Fondunun və Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidmətinin rəhbəri Anar Həsənovdur.

Artıq 3 aydan çoxdur ki, Rusiya Azərbaycanlıları İttifaqı fəaliyyətə başlayıb. Qısa müddət ərzində istər Rusiyada Azərbaycan diasporunun təşkilatlanması, birlik və həmrəyliyi, istərsə də Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində mühüm işlər görən Rusiya Azərbaycanlıları İttifaqının yaxın zamanlar üçün hədəfi şimal qonşumuzda dövlət qeydiyyatından keçməkdir.

Bu barədə məlumatı Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidmətinin rəhbəri Anar Həsənov "Yeni Müsavatın" canlı efirində çıxışı zamanı səsləndirib. O, təmsil etdiyi qurumun fəaliyyətinin Rusiyada yaşayan ermənilər arasında doğurduğu narahatçılıq, eləcə də Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədovun xeyriyyəçilik fəaliyyətindən də danışıb:

"Biz Rusiyada fəaliyyət göstərən azərbaycanlı idmançıları bir növ öz himayəmizə götürmüşük. Çünki bayrağı qaldıran mədəniyyətdir, idmandır. RAİ olaraq azərbaycanlı idmançıların xaricdə Azərbaycanın bayrağını yüksəkliklərə qaldırması üçün maliyyə yatırımları edirik. Bundan başqa fiziki qüsurlu şəxslərə, Qarabağ müharibəsi iştirakçılarına, əlillərə yardımlar edirik. Fizuli Məmmədov Rusiya Azərbaycanlıları İttifaqının rəhbəri olmaqla yanaşı, həm də bir xeyriyyəçidir. Fizuli Məmmədov 17 nəfər Qarabağ qazisinə ev hədiyyə edib. Bunu qeyd etmək, örnək kimi təbliğ etmək lazımdır. Digər ölkələrdə pul qazanan azərbaycanlılar da bilsinlər ki, onların torpaqlarını qoruyan insanlara təkcə dövlət yox, eyni zamanda vətəndaş cəmiyyətinin üzvü kimi onlar da yardımçı olmalıdırlar".