Baba Vəziroğlu:”Rövşən sökülüb dağılmaqda olan bir mexanizmi təhvil alıb”“Hətta məsləhət gördük ki, ekrandan insanları səksəndirən, iyrəndirən millət vəkillərinin televizayaya çağırılmasına da son qoyaq”

Bunu Moderator.az-a açıqlamasında şair, Azərbaycan Televiziyasında Bədii Şuranın üzvü Baba Vəziroğlu dövlət kanallarında aparılan islahatlarla bağlı danışarkən deyib. B.Vəziroğlu bildirib ki, aparılan islahatlar göz qabağındadır:

“Telekanalların ümumi mənzərəsi haqda danışa bilmirəm, çünki onlara baxmıram. Amma AzTV və Mədəniyyət kanalları haqda danışa bilərəm. Bilirsiniz ki, Azərbaycan Televiziyasında Bədii Şuranın üzvüyəm və bu işlərə məsul şəxsslərdən biriyəm. Televiziyada dəyişiklik olanda əlavə şərhə ehtiyac qalmır, çünki hər şey göz qabağında olur. Doğrudan da Azərbaycan dövlət Televiziyası və Mədəniyyət kanalı aylar ərzində göz önündə dəyişir. Əslində televiziyada islahatlar aparmaq həmişə çoxlu vaxt aparır, buna illər lazımdır. Bu gün televiziya qurmaq və onu çalışdırmaq çox çətin bir işdir. Bəzən cavan dostumuz Rövşən Məmmədova acıyıram, çünki o, sökülüb, dağılmaqda olan bir mexanizmi təhvil götürüb. Bəlkə də bir az da gec olsaydı, biz televiziyaların xarabalıqlarını görərdik. Kənardan baxanda adama elə gəlir ki, ən varlı televiziyadır, gözəl binası var, amma mətbəxin içində girəndə görürsən ki, vəziyyət başqadır. Televiziya ola bilər ki, komada yerləşsin, amma onun göstərdiyi efir ekrandır. Gözəl binada yerləşsə də göstərdiyi ekran gözəl görünmürsə, bunun xeyiri yoxdur.

Biz demək olar ki, Rövşən müəllimlə eyni vaxtda fəaliyyətə başladıq və gördük ki, vəziyyət çox acınacaqlıdır. Televiziyanın dili, verilişlərin naftalin formatı, aparıcıların naşılığı, onların Azərbaycan dilində danışa bilməməsi və s. problemlər var idi. Özünüz də görürsünüz ki, nə qədər dəhşətli bir mənəzərə yaranır. İlk gündən televiziyanın dinamikası artırıldı. Televiziyada əsas dinamikadır. Televiziya tamaşaçını yatırtmamalıdır, həmişə gərgin saxlamalıdır. Uzud-uzadı söhbətlərə son qoyduq. Günün nəbziylə döyünən, canlı verilişlərin artırılması, televiziya mühitinə səmimi abu-havanın gətirilməsi nail olduq. Yəni boğazdan yuxarı danışıqları yığışdırdıq. Hətta məsləhət gördük ki, ekrandan insanları səksəndirən, iyrəndirən millət vəkillərinin televizayaya çağırılmasına da son qoyaq. Artıq telekanalara kimlərin buraxılıb və buraxılmamasıyla bağlı siyahı da məsuliyyətli bir siyahıya çevirilib.

İndi Qızıl Fondun təzələnməsi prosesi başlayıb. Uzun illərdir ki, bu fonda heç bir əsər daxil olmurdu. Bədii Şura yox idi, əsərlər qəbul olunmurdu. Yeni ekran əsərlərinin çəkilməsinə heç kimdə həvəs qalmamışdı. Bu gün Mədəniyyət kanalı demək olar ki, o fondun hesabına çalışır. Biz artıq Bədii Şura üzvləri olaraq bölgələrdə insanlarla görüşlərə başladıq. Yay tətili olduğu üçün buna ana verdik, amma sentyabr ayından buna davam edəcəyik. İnsanlarımızla söhbətimiz zamanı onların televiziyalarımızı, radiolarımızı necə görmək istəməkləri ilə bağlı fikirlərini öyrənirik”
RAİ-dən diplomatlarımıza TƏBRİK 9 iyul Azərbaycan Respublikasında diplomatik xidmətin 100 illiyi qeyd edilir.

Əziz diplomatlar!

Azərbaycan Respublikası Diplomatik xidmətinin 100 illiyi münasibətilə bu şərəfli iş sahiblərini ürəkdən təbrik edirik.

Müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq hər il 9 iyul Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir.

Biz fəxr edirik ki, ədalət zəfər çaldı və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulmuş Xarici İşlər Nazirliyinin şanlı ənənələri suveren Azərbaycanda öz peşəkar davamını tapdı. 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir-birinin ardınca dünya dövlətləri və BMT tərəfindən tanındı.
Bu illər ərzində Azərbaycan diplomatiyasının uğurları Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi işində əldə edildi. Azərbaycan ərazisini işğal etmiş Ermənistanın təcavüzkar olduğu dünya ölkələrinin, habelə nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə təsdiqləndi. Bu gün BMT, ATƏT, AŞPA, İKT kimi təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıması diplomatiyamızın uğurudur. Əldə edilmiş diplomatik nailiyyətləri rəhbər tutaraq, münaqişə və böhranların siyasi – diplomatik həlli prinsipi bundan sonra da qorunmalıdır. Beynəlxalq hüququn bu vacib prinsipilə bərabər BMT nin və Azərbaycan Konstitusiyasının maddələrinə istinadən Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən diplomatiya qəti şəkildə tətbiq edilməlidir.

Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin uğuru kimi ölkələrimiz arasında quru sərhədlərimizin delimitasiyası, Xəzər dənizinin statusunun müəyyən edilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin gerçəkləşməsi, iki dost ölkənin beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etmə faktlarını fərəhlə qeyd etmək istərdik. Bu illər ərzində Azərbaycan və Rusiya diplomatlarının səyləri nəticəsində ölkələrimiz strateji müttəfiq səviyyəsinə yüksəlmişdir ki, bunu təsdiqləyən dövlətlərarası müqavilələr var.

Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərən səfirliklərin həmin ölkələrdə yaşayan azərbaycanlılarla əməkdaşlığı da aktuallığını qoruyan məsələlərdəndir. Bu əməkdaşlığın qarşılıqlı hörmət və tandemdə həyata keçirilməsi arzu olaraq qalmamalıdır. Bir sıra ölkələrdə, xüsusən də Rusiyada diaspor təşkilatları bu ikiistiqamətli yolun yarısına qədər gəlmişlər ki, yolun digər yarısını keçmək artıq müvafiq dövlət qurumunun vəzifəsidir.

Xüsusi diqqəti çəkən amillərdən biri də xaricdə Azərbaycanı təmsil edən diplomatik korpuslarda gənc diplomatların fəaliyyətinin təmin edilməsidir. Biz müstəqil Azərbaycanın savadlı, gənc diplomatlarının müasir dünyanın çağırışlarına hazır olmalarına inanırıq. Əminik ki, onlar Azərbaycanın dünya arenasında nüfuzunun və təsir imkanlarının artması, ölkəmizin dinamik inkişafını təmin etmək yolunda əllərindən gələni edəcəklər.

Azərbaycanın Xarici İşlər Nazirliyinin bütün əməkdaşlarına Dövlətimizə xidmət işində yeni uğurlar arzu edirik.

Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidməti
Bakıda qətl törədən dəstə üzvləri həbs olundu Bakının Nizami rayonunda qeyri-aşkar şəraitdə törədilən qətl hadisəsinin üstü açılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsi və Şəhər prokurorluğu birgə məlumat yayıb.

Belə ki, 2019-cu il iyunun 24-də rayonun Q.Qarayev prospektində yerləşən binalardan birinin qarşısındakı yaşıllıq sahəsində dülgərlik fəaliyyəti ilə məşğul olan Ucar rayon sakini Samir Hüseynovun odlu silahdan açılan atəşlə öldürülməsinə xarakterik xəsarətlər olan meyitinin aşkar edilməsi faktına görə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs - paytaxt sakini Əli Abdullayev, Biləsuvar rayon sakini İlqar Əliyev və Lənkəran rayon sakini Ülvi Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunduğundan onlar tutularaq istintaqa cəlb edilblər.

İstintaq hərəkətləri zamanı saxlanılanlar etirafedici ifadələr veriblər və qətl hadisəsində istifadə etdikləri “Glock” markalı tapançanın gizlədildiyi yeri göstəriblər.

Qeyd olunan silah götürülərək maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilib.

Hər üç şəxs təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin diplomu verilibBakı Dövlət Universitetinin bir qrup tələbəsinə BDU və Almaniyanın Vürsburq Universitetinin ikili diplomlarının verilməsi münasibətilə tədbir keçirilib.

BDU-dan SalamNews-a verilən məlumata görə, Rektor Elçin Babayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elm və təhsil sahəsində əldə olunan nailiyyətləri qeyd edərək Bolonya prosesi çərçivəsində ali təhsil sahəsində aparılan islahatlar, həyata keçirilən ikili diplom proqramlarının əhəmiyyəti barədə məlumat verib. Eyni zamanda “2019-2023-cü illər Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan danışan rektor Almaniyanın Vürsburq Universiteti ilə Bakı Dövlət Universiteti arasında imzalanmış sazişə əsasən “Avropa hüququ” magistratura ixtisaslaşması üzrə həyata keçirilən ikili diplom proqramının əhəmiyyətindən söz açıb.

2012-ci ildən etibarən reallaşdırılan birgə kadr hazırlığını yüksək qiymətləndirən rektor indiyədək 50 məzuna Vürsburq Universitetinin diplomlarının təqdim edildiyini, tədrisin ingilis və alman dillərində aparıldığını bildirib. Rektor Vürsburq Universitetinin bu məqsədlə Bakıda intensiv alman dili kusları təşkil etdiyini və tələbələrin Almaniyada təcrübə keçdiklərini də diqqətə çatdırıb.

Bakı Dövlət Universitetinin, eyni zamanda, Almaniyanın Halle-Vittenberq Universiteti ilə hüquq üzrə fəlsəfə doktoru pilləsi istiqamətində kadr hazırlığına toxunan rektor, bu günlərdə Fransanın Lion-2 Universiteti ilə “Əqli mülkiyyət hüququ” sahəsində ikili dplom proqramının reallaşacağını, gələcəkdə ikili diplom proqramlarının bütün ixtisasları əhatə edəcəyinə əminliyini ifadə edib.
BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin diplomu verilib
Vürsburq Universitetinin Hüquq fakültəsinin dekanı, professor Ekard Paxen proqramın məzunların karyera inkişafında böyük addım olduğunu bildirib. E.Paxen ikili diplom proqramının gələcəkdə hüquqla yanaşı digər sahələrdə də tətbiq ediləcəyi istiqamətində işlərin aparıldığını, əməkdaşlığın birgə tədqiqatlar, konfranslar, eləcə də elmə aid müxtəlif layihələri əhatə edəcəyinə inandığını vurğulayıb.

BDU-nun Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev proqramın reallaşmasında xidməti olan professor-müəllim heytinə təşəkkür edərək bu istiqamətdəki planlardan bəhs edib.

Tədbir 15 məzuna diplomların təqdim edilməsi ilə başa çatıb.
Bakıda oğul atasını bıçaqladıHadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

1985-ci ildə Gədəbəy rayonunda anadan olan Haqverdiyev Cavid Mübariz oğlu gecə saatlarında Xətai rayonu, R.Məmmədov küçəsi ev 20a, mənzil 7-də yaşayan atası, 1959-cu il təvəllüdlü Haqverdiyev Mübariz Talıb oğlu ilə mübahisə edib.

Mübahisə ata-oğul arasında davaya çevrilib. Bu vaxt C.Haqverdiyev mətbəxdən götürdüyü bıçaqla atasına 5 bıçaq zərbəsi endirməklə onu öldürməyə cəhd edib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsilə cinayət işi başlanıb, C.Haqverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.(trend.az)
Tanış qadınla yad kişini görüşdürdü, cinsi əlaqədə olarkən videoya çəkdi, sonra... - BakıdaBakıda intim əlaqədə olduğu qadını şantaj etməkdə təqsirli bilinən Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Samir Məmmədov və onun dostu Sadiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Samir Məmmədov tanışı Sadiq Əliyev və şəxsiyyəti məlum olmayan Sevda adlı qadınla zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup halında birləşiblər.

Əxlaqsız qadını kişi yanına necə saldılar?

Sadiq Əliyev plan üzrə 27 may 2014-cü il tarixdə fahişəliklə məşğul olan Sevda adlı qadın tanışını, sonuncunun internet vasitəsilə tanış olduğu Şahbaz ilə görüşdürüb, qabaqcadan razılaşdırılmış 60 manat müqabilində kirayə tutduğu və əxlaqsız yuvası təşkil etdiyi paytaxtın Nizami rayonundakı mənzildə cinsi əlaqədə olmasını təşkil edib.

Sadiq Əliyev əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya əsasən, Sevda adlı qadın həmin mənzildə Şahbazla cinsi əlaqədə olma prosesini “Fujitsu” markalı noutbuk tipli kompüterin videokamerası vasitəsilə gizli şəkildə çəkib video çəkilişlə müşayiət edilən cinsi əlaqə prosesi başa çatdırıb.

Rüsvayedici hədələr

Daha sonra Sadiq Əliyev mənzilə daxil olaraq Sevda adlı qadınla birlikdə Şahbazı barədə rüsvayedici məlumatları özündə əks etdirən pornoqrafik xarakterli video görüntüləri müxtəlif internet saytlarında, ailə üzvləri və tanışları arasında yaymaqla hədələyib.
Bu hədə ilə o, 10 iyun 2014-cü il tarixədək 500 manat verməsini Şahbazdan hədə-qorxu ilə tələb edib. İyunun 26-da əvvəlcədən razılaşdıqları kimi Sadiq Əliyev qrupun digər üzvü Samir Məmmədov ilə birlikdə cinayət hərəkətlərini davam etdiriblər, tələb etdikləri pulu almaq üçün Şahbazın işlədiyi Səbail rayonu Bibiheybət yolu 68 nömrəli ünvanda yerləşən yağdəyişmə sexinə gəliblər.

Şantaj və həbs

Şahbaz vəd etdiyi 500 manatı vermədiyi üçün haqqında rüsvayedici məlumatları özündə əks etdirən pornoqrafik xarakterli videogörüntüləri yayma hədəsi ilə iyulun 20-ə kimi 600 manat verməsini hədə-qorxu ilə təkrar tələb ediblər. Tələb etdikləri həmin məbləğdən 20 manatı aldıqdan sonra pulun qalan hissəsini iyulun 20-də verməsini bildiriblər.

Bu barədə Şahbaz iyulun 3-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verdiyi ərizəyə əsasən, keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin tarixdə saat 12.40-da Samir Məmmədov və Sadiq Əliyev həbs olunublar.

İstintaq orqanı tərəfindən Samir Məmmədov və Sadiq Əliyevin barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

“Axtarsaq da, Şahbazın işlədiyi yeri tapa bilmədik”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir Məmmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, qeyd edib ki, 2014-cü ilin iyun ayının sonlarında Sadiq ona zəng edib, bir nəfərin pul verəcəyini və ondan qaçdığını, yerini təxmini bildiyini, birlikdə gedərək pulunu almalarını xahiş edib: “Həmin gün günortadan sonra Sadiq ilə Nərimanov parkının yanında görüşdük. Birlikdə avtobusla Bayraq Meydanı yanına gəldik. Axtarsaq da, Şahbazın işlədiyi yeri tapa bilmədik. Sadiq Şahbazın telefonu açmadığından mənim mobil telefonundan zəng vuraraq danışdı. Bundan sonra biz Şahbazın dediyi yerə gəldik”.

“20 manat yol pulu verdi”

Samir Məmmədovun sözlərinə görə, orada Şahbazın işlədiyi sexi tapıblar: “Sadiq sexə daxil oldu və sonradan özüm də onun arxasınca ora girdim. Həmin vaxt Sadiq Şahbazdan pulu nə vaxt verəcəyini soruşdu. Bu zaman Şahbaz yasları düşdüyünü və ona görə də gələ bilmədiyini deyərək and-aman etdi. Şahbaz stolun üstünə qoyulmuş dəftərin arasından 20 manat yol pulu Sadiqə verdi”.

“Bizə avtomobildə gözləməyimizi bildirdi”

Samir Məmmədov qeyd edib ki, iyulun 3-də, saat 11-12 radələrində Sadiq ona zəng edib: “Biz Qara Qarayev metrosunda görüşdük. Sadiq mənə 15 gün əvvəl pul borclu olan həmin oğlanın işlədiyi sexə gedib, pulunun bir hissəsini qaytarmaq istədiyini bildirdi. O, tək getmək istəmədiyini, mənimlə birlikdə getməyi xahiş etdi. Sadiqin yanında həmin vaxt əvvəllər yanında iki dəfə görüb, tanıdığım Məhəmməd Mehdiyev də var idi. Bu söhbətdən sonra biz Sadiqin təklifi ilə metronun yanında yolun kənarında dayanmış taksiyə əyləşərək, həmin ünvana çatdıq. Sadiq bizə avtomobildə gözləməyimizi bildirdi, tək avtomobildən düşərək getdi. Taksi avtomobilinin sürücüsü, özüm və Məhəmməd Mehtiyev avtomobildə qaldıq”.

“Şantaj etdiyindən xəbərim olmayıb”

Samir Məmmədov bildirib ki, təxminən 10 dəqiqə keçəndən sonra Sadiqin gəlmədiyini görüb: “Hava isti olduğundan avtomobilin qapısını açaraq düşmək istədim. Bu zaman tanımadığım şəxslər mənə yaxınlaşdı və xidməti vəsiqələrini göstərərək, polis işçiləri olmalarını dedilər. Onlarla birlikdə polis idarəsinə getməli olduğumu izah etdilər. Polis əməkdaşlarının avtomobilə əyləşdikdə salonunda Sadiqi gördüm. Sadiqin Şahbazı şantaj etdiyindən heç bir məlumatım və xəbərim olmayıb”.

“Telefonuma gələn zəngə cavab verdim”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Şahbaz bildirib ki, iyunun 26-da, saat 19 radələrində işdə olub: “Həmin vaxt telefonuma gələn zəngə cavab verdim. Telefonda başqa bir oğlan mənə müştəri kimi zəng edib, işlədiyim yağ dəyişmə yerinin ünvanını soruşdu. Zəngdən təxminən 10 dəqiqə sonra sexə Samir və Sadiq gəldi. Həmin vaxtı sexdə kresloda əyləşmiş vəziyyətdə idim. Samir mənə durub yerlərini dəyişməsini dedi. Sonra Sadiqi göstərib, pulunu verməməyimi soruşdu. Həmin məbləğdə pulu düzəldə bilmədiyimi cavab verdim. Samir mənə bu dəfə Sadiqi yox, onu tanımağımı və iyulun 5-nə kimi 250 manat, iyulun 10-na kimi 250 manat, 10-dan 20-nə kimi isə əlavə 100 manat alacağını bildirdi”.

“Benzin pulu olduğunu bildirdi”

Zərərçəkmiş qeyd edib ki, sonra Samir gündəlik qeydiyyat apardığı dəftərini açıb və dəftərin arasında olan təxminən 60 manatdan 20 manat götürüb: “Samir 16 gündür məni axtardıqlarını və bu da onların benzin pulu olduğu, bu pulun həmin pula aidiyyəti olmadığını bildirdi. Sonra onlar getdilər”.

“Nömrələri əvvəlcədən götürülmüş 200 manat verdilər”

Şahbaz deyib ki, iyunun 28-də, axşam saat 20 radələrində Sadiq telefondan ona zəng vuraraq pulun hazır olub-olmaması ilə maraqlanıb: “Sadiqin Sevda ilə cinsi əlaqədə olarkən video çəkilişi yaya biləcəyindən qorxduğum üçün yalandan ona 40 manat düzəltdiyimi dedim. Sadiq həmin məbləğdə pulun az olmasını söylədi. Mənə lombarddan pul çıxarmağı, onlara verməyimi tələb etdi. Qorxumdan Sadiqə yaxşı deyərək telefon danışığını bitirdim. Sonrakı günlərdə çox düşünüb, öz-özümə tələb etdikləri pulu tapıb versəm, yalandan videonu sildiklərini deməklə pulu aldıqdan sonra internetdə yayacaqlarını fikirləşdim. Hədə-qorxu ilə pul tələb etmələri barədə polisə şikayət etmək qərarına gəldim. İyulun 3-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciət etdim. Polis işçiləri mənə seriya və nömrələri əvvəlcədən götürülmüş 200 manat verdilər”.

“Pulu sayıb, getmək istədi”

Şahbazın sözlərinə görə, Sadiq sonuncu dəfə onunla əlaqə saxladıqda pulu götürmək üçün işlədiyi yağ dəyişmə sexinə gələcəyini deyib: “Buna görə də iyulun 3-də, saat 12 radələrində polis əməkdaşları və iki hal şahidləri ilə birlikdə işlədiyim sexin yaxınlığına gəldim. Orada polis işçilərindən ayrılaraq sexin qarşısına getdim. Təxminən 10 dəqiqə sonra Sadiq zəng vurdu, taksi ilə gəldiklərini, beş dəqiqəyə çatacaqlarını deyəndə bu barədə kənardan müşahidə aparan polis əməkdaşlarına bildirdim. 10-15 dəqiqə keçəndən sonra Sadiq və Samir tanımadığım oğlan avtomobildən düşdü. Həmin vaxt pulu Sadiqə verdim. Sadiq 200 manatı götürərək saydı və getmək istədikdə polis əməkdaşları sexə daxil oldular. Əvvəlcə Sadiqi, sonra isə Samirivə əvvəllər tanımadığım oğlanı və taksi sürücüsünü saxladılar”.

İki nəfərə 7 il cəza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir və Sadiq hər biri 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan hər iki təqsirləndirilən şəxs apelyasiya şikayəti veriblər. Onların şikayətlərinə Bakı Apelyasiya Məhkəməsində baxılıb və hökm dəyişdirilmədən saxlanılıb.

Dəstənin bir üzvünün cəzası azaldıldı

Bu qərardan narazı qalan Samir Məmmədov ötən il kasasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraətverici əsaslarla hökm çıxarılması üçün işinə yenidən baxılmasını istəyib.

Samir Məmmədovun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada kasasiya şikayətinin dəlilləri araşdırılıb və bu günlərdə qərar elan edilib.

Qərara görə, Samir Məmmədovun kasasiya şikayəti qismən təmin olunub. Onun cəzası 6 ilə qədər endirilib, hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.
İsgəndər Həmidovun yanında geniş formatda görüşAzərbaycan Xalq Hərəkatın idarə heyətinin üzvləri AXH idarə heyətinin üzvü, sabiq daxili işlər naziri İsgəndər Həmidovu ziyarət ediblər. Bu barədə AXH İH üzvü Fuad Əliyev Musavat.com-a məlumat verib. Onun sözlərinə görə, bundan qabaq AXH idarə heyətinin üzvləri ayrı-ayrılıqda onunla görüşüblər, amma belə böyük formatda ilk dəfədir görüş olub.

F.Əliyev qeyd edib ki, İsgəndər Həmidov yeni əməliyyata hazırlaşır: “Çalışdıq ki, siyasətdən az danışaq, əhval-ruhiyyəsini qaldıraq, onu siyasi fikirlərindən yayındıraq, zarafatlaşdıq, deyib-güldük. İsgəndər bəy növbəti əməliyyatlara hazırlaşdığına görə həkim nəzarəti altında dərmanları qəbul edir. Ümid edirəm ki, qəbul etdiyi dərmanlar müsbət nəticə verəcək. Biz nə qədər siyasətdən danışmamağa çalışsaq da, İsgəndər bəy özü AXH-nin fəaliyyətilə maraqlandı. Nəzərdə tutduğumuz 20 iyul yürüş-mitiqlə bağlı hazırlıq işlərin gedişatı ilə fikir mübadiləsi apardıq. Avqust ayında AXH-nin növbəti Məclisinin keçirilməsilə bağlı öz təkliflərini verdi. Belə deyərdim ki, çox pozitiv görüşümüz oldu”.

Qeyd edək ki, İsgəndər Həmidov Türkiyədən müalicədən döndükdən sonra dağlıq rayonların birində yerləşib.
Azay Quliyev yenidən vitse-prezident seçildiLüksemburqda keçirilən ATƏT PA-nın yekun plenar iclasında Assambleyanın rəhbər heyətinin seçilməsi ilə bağlı səsvermə keçirilib.

Avrasiya.net xəbər verir ki, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev yenidən və yekdilliklə bu vəzifəyə seçilib.

A.Quliyevin səlahiyyət müddəti 2022-ci ilədək davam edəcək.
Əli Babacan AKP-dən ayrıldıTürkiyənin keçmiş xarici işlər naziri Əli Babacan Ədalət və İnkişaf Partiyasından istefa etdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, Babacan istefasını yaydığı bəyanatla elan edib.

“Türkiyənin yeni gələcək vizyona ehtiyacı var. Ölkəmiz üçün hər sahədə doğru analizlər, yenidən düşünülmüş strategiyalar, planlar, proqramlar lazımdır.

Türkiyənin bu günü və gələcəyi üçün yeni çalışma başlatmaq qaçılmaz hala gəlib. Mən və bir çox dostlarım belə bir çalışma üçün böyük və tarixi məsuliyyət hiss etməkdəyik. Bu zaman ərzində eyni əxlaqi və ictimai məsuliyyəti hiss edən çox sayda insanla tanış olmaq bizim üçün çox sevindirici idi”, - deyə o bildirib.

Qeyd edək ki, Əli Babacan AKP-nin əsas yaradıcılarından biri sayılır.

Bir müddət əvvəl mətbuatda Babacanın eks-prezident Abdulla Güllə yeni partiya yaradacaqlarına dair məlumat yayılmışdı.
“İlin ikinci yarısında maraqlı proseslərin şahidi olacağıq”“Qarabağın statusu ilə bağlı Azərbaycanın mövqeyi dəyişməzdir”

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin qonağı oldu. Redaktor korpusumuzun - Elnarə Kərimova, Elman Cəfərli, Vilayət Muxtarın sualları ilə ölkədə və dünyada baş verən hadisələr barədə maraqlı müzakirələr aparıldı.

“Bakı dünyanın təhlükəsizlik məsələlərinin müzakirə olunduğu şəhərə çevrilib”

Vilayət Muxtar:


-Rufiz bəy, ölkədə baş verən ictimai-siyasi prosesləri necə qiymətləndirirsiniz?

-Ölkədəki ictimai-siyasi vəziyyət sabitdir. Dünyaya, xüsusilə də Cənubi Qafqaza nəzər salsaq görərik ki, Azərbaycanın işğala məruz qalmasına, 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün olmasına baxmayaraq, Bakı dünyanın təhlükəsizlik məsələlərinin müzakirə olunduğu şəhərə çevrilib. Bakı artıq sülh şəhəri kimi tanınır. Bu gün Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edir. Əgər ölkəmizdə ictimai-siyasi sabitlik olmasaydı, daxili və xarici siyasətdə uğur qazanılmasaydı, bu tədbirlər baş tutmazdı. Ölkəmizdə ictimai-siyasi sabitlik qorunub saxlanılır, bu, bizim üçün ən önəmli məsələdir. Çünki qonşu Gürcüstan, Ermənistan, hətta İran, Türkiyə, Rusiya, Ukraynada çox ciddi təlatümlər, proseslər baş verir, amma Azərbaycan dünyada gedən narahatedici proseslərdən kənardadır. Bu isə o deməkdir ki, ölkəmizdə düzgün siyasət yürüdülür və ictimai-siyasi sabitlik var.

“İslahatlar davamlı şəkildə aparılacaq”

Elnarə Kərimova:


-2018-ci ilin aprelində keçirilən prezident seçkilərindən sonra ölkədə aparılan sosial-iqtisadi islahatların davamlı olacağı gözlənilirmi?

- Cənab prezident İlham Əliyev 2019-cu ili islahatların yeni mərhələsi ili elan edib. Təbii ki, bu vaxta qədər də Azərbaycanda islahatlar aparılıb. Ölkənin inkişafı islahatlarsız mümkün deyil. Ölkə iqtisadiyyatını əhatə edən, insanları düşündürən məsələlərlə bağlı çox sayda sərəncam və qərarlar oldu. Mülkiyyət hüquqları, banklar, problemli kreditlər, mənzillərlə, əmək pensiyaları, müavinətlər və əməkhaqları ilə bağlı vacib qərarlar verildi. Eyni zamanda prezident mart ayındakı çıxışında bu il hüquq və siyasi islahatların da keçiriləcəyin bəyan etdi. Ölkənin milli maraqları hansı məsələləri tələb edirsə, cənab prezident də o istiqamətdə addımlar atır. Bu islahatlar davamlı şəkildə aparılacaq.

“Kadr dəyişikliyi davam edəcək”

Elnarə Kərimova:


-Son seçkilərdən sonra hakim komandada, hökumətin tərkibində əhəmiyyətli dəyişikliklər oldu. Sizə elə gəlmirmi ki, hökumətin digər strukturlarında, o cümlədən seçkili orqanlarda yeni nəsil siyasətçilər, müasir düşüncəli insanlar təmsil olunmalıdır?

-Sözsüz ki, seçkidən sonra öz komandasında dəyişiklik aparmaq prezidentin səlahiyyətindədir. Son prezident seçkilərindən sonra yeni, gənc kadrların irəli çəkilməsinin şahidi olduq. Təkcə birinci şəxslər deyil, eyni zamanda digər səviyyələrdə də bu proses davam etdirildi. Bunun özü müsbət dinamikadır. Lakin bu, o demək deyil ki, xidməti olan, təcrübəli kadrlar kənara qalır.

İnkişafın Azərbaycan nümunəsi

Elnarə Kərimova:


-Bu gün “Azərbaycan nümunəsi” adlandırıla biləcək hansı uğuru sadalaya bilərsiz?

-Çox maraqlı sualdır. Bugünlərdə Azərbaycanda çox vacib tədbir- UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirildi. Sessiyada I vitse-prezident Mehriban Əliyeva çıxış etdi. Bu çıxış həm Dağlıq Qarabağda olan tarixi abidələrlə bağlı məlumatlandırma, həm də Azərbaycanın İrs Komitəsinə verdiyi tövfələrlə bağlı çox geniş və vacib idi. Məhz bu sessiyada “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi. Bu, böyük tarixi hadisədir.

Ümumiyyətlə, son 6 ayda Azərbaycanda keçirilən tədbirlərin sayına baxsaq, heç bir ölkədə hətta bir neçə ildə belə bu sayda beynəlxalq tədbir keçirilmir. Azərbaycan bu gün Mədəniyyətlərarası Dioloq Forumuna rəhbərlik edir, multikultural ölkədir, çox sayda xalq, mədəniyyət, din sərbəst şəkildə fəaliyyət göstərir.

Azərbaycan bu gün təkcə enerji ölkəsi deyil, həm də şimalla cənubu, şərqlə qərbi birləşdirən böyük bir nəqliyyat qovşağına çevrilir, böyük infrastruktur layihələrinə rəhbərlik edir. Azərbaycan nümunəsi ondan ibarətdir ki, o, dünyanın təhlükəsizlik amili də daxil olmaqla, bir çox əhəmiyyətli məsələlərin müzakirə olunduğu məkana çevrilib. Azərbaycan I Avropa Oyunlarına, IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edib. Digər ölkələrdə etnik və dini təlatümlər baş verir, ibadət yerləri, məscidlər, kilsələr dağıdılır. İşğalçı Ermənistanda Azərbaycan abidələri, məscidləri sökülür, amma Bakının mərkəzində yerləşən erməni kilsəsi olduğu kimi qalır.

“Kimsə düşünürsə ki, ictimai-siyasi sabitliyi poza bilər, yanılır”

Vilayət Muxtar:


- Hazırda ölkəmizdə müşahidə olunan prosesləri “yuxarıdan islahat”, “ağ inqilab” adlandırırlar. Sizcə, bu prosesi necə adlandırmaq olar?

-Əlbəttə ki, Azərbaycanı gözü götürməyənlər, qarayaxma kampaniyası aparanlar hər zaman olub, bu gün də var. Ölkəmizdə hansısa qarşıdurma yaratmaq istəyələr buna nail ola bilmirlər. Azərbaycan xalqı erməni terroru da daxil olmaqla, müxtəlif vaxtlarda çətin vəziyyətə düşüb. 1993-cü ili xatırlasaq, Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycan hansı vəziyyətdə idi? Amma bu gün güclü Azərbaycan var. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan istər iqtisadi böhran, istər siyasi kataklizmlər, istər təhlükəsizliklə bağlı digər məsələlərdən özünü tam sığortalayıb. Bu da Azərbaycan dövlətçiliyinin gücünü göstərir. Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Bir neçə il əvvəl aprel döyüşləri sübut etdi ki, Azərbaycan ordusu istənilən vaxt torpaqları azad etmək gücündədir. Bilirsiz ki, müəyyən güclər, qüvvələr buna mane olur. Hazırda Azərbaycanda bizim üçün ən qiymətli nemət sabitlikdir. Kimsə düşünürsə ki, Azərbaycanda ictimai-siyasi sabitliyi poza bilər, yanılır. Azərbaycan əvvəlki deyil, güclüdür. Xalq öz prezidentinin yanındadır.

“Azərbaycanda tam informasiya azadlığı var”

Vilayət Muxtar:


-Rufiz bəy, bəziləri Azərbaycanda müstəqil mediaya müəyyən problemlərin yaradıldığını, internet azadlığının olmadığını bildirirlər. Bu fikirlərlə razılaşmaq olarmı?

- Azərbaycanda istər media, istər vətəndaş cəmiyyəti, istərsə də siyasi partiyalarla bağlı heç bir məhdudiyyət yoxdur. Azərbaycanın hər yerində, hətta ucqar kəndlərində belə internetdən istifadə mümkündür. İnternetin, sosial medianın -“Facebook”, “İnstagram”, “Twitter”in, “Youtube”nin bu qədər inkişaf etdiyi bir vaxtda hansı məhdudiyyətdən söhbət gedə bilər? Elektron KİV üçün belə qeydiyyat tələb olunmur. Bu gün QHT-lərə Dövlət Dəstəyi Şurası vasitəsi QHT-lərə, KİV-ə Dövlət Dəstəyi Fondu qəzetlərə, mətbuat orqanlarına qrantlar ayırır. Gənclər Fondu, Elm Fondu və bu kimi qurumlar tərəfindən dəstək var.

“Azərbaycanda üçüncü sektorun inkişafı üçün münbit şərait var”

Vilayət Muxtar:


-Araşdırma mərkəzinin rəhbəri kimi üçüncü sektorun, vətəndaş cəmiyyətinin vəziyyətini necə qiymətləndirirsiniz?

-Azərbaycanda 3800-dən çox qeydiyyatdan keçmiş QHT var. QHT-lərə Dövlət Dəstəyi Şurası fəaliyyət göstərdiyi 12 il ərzində minlərlə təşkilatı maliyyələşdirib. Hətta elə vaxt olub ki, xaricdə olan QHT-lərə də vəsait ayrılıb. Şuraya olan müraciətlər hər zaman müsbət qiymətləndirilib. Şura bir ildə 2-3 dəfə müsabiqə elan edir. Hər kəsə mərhələli şəkildə qrant layihələri verilir. Düşünürəm ki, üçüncü sektorun fəaliyyəti həm də təşkilatların özündən asılıdır. Bu, dövlət sektoru deyil, vətəndaş cəmiyyətidir. Azərbaycanda müxtəlif dövlət qurumları da müsabiqə elan edir, dövlət qurumlarının yanında İctimai Şuralar yaradılıb, QHT-lər orada da təmsil olunur, Şuradan da, hətta başqa fondlardan da vəsait alırlar. Əsas odur ki, onların özlərinin aktivliyi olmalıdır. Məsələ ondadır ki, 3800 QHT-nin hamısı bərabər şəkildə fəaliyyət göstərmir. Formalaşmış, ixtisaslaşmış QHT-lərin peşəkar kadrları olur. Həmin QHT təmsilçilərindən dövlət qurumlarında, parlamentdə təmsil olunanlar var. İxtisaslaşan təşkilatlara daha çox maliyyə vəsaiti ayrılmasına çalışırıq. Bununla bağlı iş gedir. Hətta qeydiyyatdan keçməyən QHT-lər digər təşkilatlarla partnyorluq edə, koalisiya şəkilində, müxtəlif platformalarda iştirak edirlər.

“Müasir dünyada silahları işə salmaq ürəkaçan olmaz”

Vilayət Muxtar:


-Bölgədə və dünyada narahatedici proseslər baş verir. İran, Rusiya, Çin, ABŞ arasında gərginlik pik hadda çatıb. Yaxın Şərqdə və dünyanın digər bölgələrində də Türkiyə də daxil bu dövlətlərin maraqları toqquşur. Necə düşünürsünüz, mövcud geosiyasi vəziyyət dünyanın yeni mənzərəsini necə formalaşdıracaq?

-Bu, hazırda bizim region üçün də çox önəmli və aktual məsələdir. ABŞ ilə İran arasında münasibətlərin gərginləşməsindən Azərbaycan da narahatlıq keçirir. Çünki ABŞ-la Azərbaycan strateji müttəfiqdir, müxtəlif enerji layihələrində birgə iştirak edir. İran isə Azərbaycanın yaxın qonşusudur, Xəzəryanı ölkədir. Azərbaycan heç vaxt istəməz ki, bölgədə vəziyyət gərginləşsin, silahlar işə düşsün. Azərbaycan Ermənistan istisna olmaqla, qonşularla dostluğun tərəfdarı olub. Türkiyə də Azərbaycanın yaxın dostu və qardaşıdır, NATO ölkəsidir və ABŞ-la müttəfiqdir. Baxmayaraq ki, onların arasında son zamanlar sərinləşmə hiss olunur. Rusiya da Azərbaycanın dostudur. Türkiyə və Rusiya arasında yaranan gərginliyin aradan qaldırılmasında da Azərbaycan prezidenti İlham Əliyevin müstəsna xidmətləri oldu. Bu gün də Azərbaycan istəyir və çalışır ki, münasibətlər normal olsun. Amma beynəlxalq səviyyədə bəzən elə çətin vəziyyət yaranır ki, bu, bizim ölkənin iradəsindən asılı olmur. Ancaq mən nikbinəm, düşünürəm ki, ABŞ və İran danışıqlar yolu ilə məsələni həll edəcək. Çünki müasir dünyada silahları işə salmaq ABŞ və İran üçün də ürəkaçan olmaz.

Elnarə Kərimova:

- Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Nurqəliyev postsovet ölkələrində NATO-nun “məxməri inqilab”lar hazırladığı ilə bağlı iddia ilə çıxış edib. Regionda baş verən prosesləri “məxməri inqilab”ın başlanması kimi qəbul etmək olarmı?

-Düşünmürəm ki, MDB məkanında hansısa katostrofik hadisə baş verəcək. Xalqların proseslərə öz yanaşması var. Yaxın tarixdə elə Yaxın Şərqdə, ərəb ölkələrində baş verən inqilablar nümunəsi mövcuddur. O ölkələrdə baş verənlərin acı nəticələrini nə Avropa, nə də özləri aradan qaldıra bilir. İnqilabların baş verməsi çox çətin prosesdir və həmin ölkələr üçün fəlakət deməkdir.

“Sarkisyan aprel döyüşlərindən sonra devrildi”

Vilayət Muxtar:


- Nazirlərin son görüşündən sonra təmas xəttində müəyyən nisbi sabitlik hiss olunur. Son proseslər nə vəd edir?

-Azərbaycan prezidenti ilə Ermənistanın yeni hökumət başçısı arasında görüşlər keçirilib. İndi bu görüşlər nazirlər səviyyəsində davam etdirilir. Aprel döyüşlərindən sonra Ermənistanın reallığı başa düşəcəyini gözləyirdik. Məhz aprel döyüşlərindən sonra Ermənistanda xunta rejimi dəyişdi və Sarkisyan acı məğlubiyyət səbəbilə hakimiyyətdən getdi. Sələfi Paşinyan isə küçədən hakimiyyətə gəldi. Ermənistanda vəziyyət son dərəcədə gərgindir. Prezident başqa komandanın təmsilçisidir, separatçı rejim keçmiş hökumətə bağlıdır, parlament müxtəlif siyasi qüvvələrdən ibarətdir. Əhali isə bunların hamısından bezib. Erməni xalqı keçmiş xunta rejimini hakimiyyətdən devirəndə də “Biz müharibə istəmirik. Bizim övladlarımız niyə gedib Qarabağda ölməlidir? Bu məsələni kim yaradıb, o da həll etsin” deyirdi, çünki sadə xalqa bu lazım deyil. Ermənistan nə qədər ki, öz adı ilə- işğalçı, terrorçu adı ilə çağrılmayıb, nə qədər ki, ATƏT-in Minsk Qrupu bu məsələdə prinsipial mövqe göstərməyib, dünya da çətin vəziyyətdə qalacaq. Azərbaycan ATƏT-in Minsk Qrupunun tərkibin dəyişdirilməsini hər zaman təklif edib və ən azından Türkiyə və Almaniyanın bu quruma cəlb olunmasını istəyib. Çox təəssüf ki, dünyada ikili standartlar var. Son aprel döyüşlərində Azərbaycanın xalqının iradəsi Ali Baş Komandanla bir idi və ən qısa zamanda torpaqlarımızı azad etmək gücündəydik, proses buna doğru gedirdi. Həmin vaxt Ermənistan prezidenti rusiyalı həmkarına yalvardı, Rusiya hər iki prezidenti dəvət etdi və münaqişəni həll edəcəyini dedi. Amma nəticədə Ermənistanda hakimiyyət devrildi, yeni hökumətin qurulmasına da xeyli vaxt getdi və bu proseslər hələ də davam edir. Düşünürəm ki, yaxın gələcəkdə Paşinyan hakimiyyətinin də sonu gələcək. Çünki yekdillik, birlik yoxdur, ölkə aclıq, səfalət içindədir.

“Qarabağın statusu ilə bağlı Azərbaycanın mövqeyi dəyişməzdir”

Elman Cəfərli:

-Dağlıq Qarabağa sülhməramlı adı ilə rus qoşunlarının gələcəyinə dair ehtimallar irəli sürülür. Bu ehtimallar nə dərəcədə realdır?

-Düşünürəm ki, hazırkı məqamda bu, reallığa uyğun deyil. Prezident İlham Əliyev də bəyan edib ki, Azərbaycanın maraqlarına zidd olan heç bir addım atılmayacaq. Azərbaycanın həm daxili, həm də xarici müstəqil siyasət yürütməsi də bir sıra başqa ölkələri narahat edir. Azərbaycan və Ermənistan arasında zamanında əldə olunmuş razılıqlar var ki, danışıqlar o çərçivədə aparılır. Birinci Azərbaycanın işğal olunmuş ətraf rayonları azad olunmalıdır. Azərbaycan bəyan edib ki, bütün əhalinin ora qayıtması şərti ilə Qarabağa ən yüksək muxtariyyat statusu verilə bilər. Bu, Azərbaycanın prinsipial, dəyişməz mövqeyidir.

Vilayət Muxtar:

-Rufiz bəy, müsahibə üçün təşəkkür edirik!

-Maraqlı suallarınız üçün sizə mən də təşəkkür edirəm! Düşünürəm ki, “Cümhuriyət” qəzeti və Cebhe.info saytı Azərbaycan media məkanında kifayət qədər özünə yer tutmuş, reytinq qazanmış media qurumlarıdır. İllərdir Azərbaycanda fəaliyyət göstərən qəzetlər, jurnallar, saytlar var, amma bu gün Cebhe.info saytı və “Cümhuriyət” qəzeti ilk sıralardadır. Mən hər zaman “Cümhuriyət” qəzetini və Cebhe.info saytını oxuyuram və oxucular da bir çox məlumatları elə ilk olaraq sizdən alır.