Azərbaycanda təbii qaza tətbiq edilən limit artırılıbAzərbaycan Respublikası Tarif (qiymət) Şurası bu gün ölkədə təbii qaza tətbiq edilən limitə yenidən baxıb.

Bu gün sözügedən məsələ ilə bağlı keçirilən iclasda çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Tarif Şurası tərəfindən təbii qaza olan limitə yenidən baxılaraq, mayın 1-dən 2 200 kubmetr həcmində müəyyən edilib.

Xatırladaq ki, Tarif Şurasının qərarına uyğun olaraq, 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1 700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1 700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanırdı.
OİK direktoru barəsində cinayət işi başlanıldıİsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətov barəsində cinayət işi başlanılıb.

Report-un xəbərinə görə, onun barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

T.Hümbətov cinayət işinin ibtidai istintaqı başa çatıb, Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtlı hələlik açıqlanmayıb.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirib ki, Tofiq Hümbətov ötən həftə vəzifəsindən azad olunması üçün müraciət edib: "Onun ərizsəsinə baxılıb".

Qeyd edək ki, T.Hümbətov 2017-ci ildən İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində çalışır.
“Azərbaycan “Bir kəmər, bir yol” layihəsində mühüm rol oynayacaq” – Rufiz Qonaqov“Azərbaycan Cənubi Qafqaz regionunda həm nəqliyyat-logistika üzrə, həm də turizm və digər sahələr üzrə öz yerini müəyyənləşdirib. Bu səbəbdən ölkəmiz “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində mühüm rol oynayacaq. Bununla yanaşı, “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu bir kəmərin, bir yolun xalqlar, ölkələr arasında dostluğa, əməkdaşlığa verdiyi töhfələrin əhəmiyyətini ortaya qoyub.

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu layihə yalnız nəqliyyat bağlılığını təmin etmir. O, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır”. Azadinform-un məlumatına görə, bu fikirləri Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov bildirib. O, qeyd edib ki, ölkəmiz qlobal layihənin reallaşması nəticəsində Çinin böyük şirkətləri ilə əməkdaşlıq edəcək: “Məsələnin siyasi tərəfinə gəldikdə isə, Azərbaycan-Çin münasibətləri möhkəm təməllər üzərində qurulub. Bu əməkdaşlığı dostluq, tərəfdaşlıq kimi xarakterizə etmək mümkündür. Çinlə Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsi ilə bağlı çox vacib sənədlər imzalanıb. Ölkələr arasındakı münasibətlər siyasi cəhətdən kifayət qədər etibarlıdır və yüksək səviyyədə özünün təzahürünü tapıb. Çin tərəfi dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini ifadə edib”.

R.Qonaqov vurğulayıb ki, Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun istər iştirakçı, istərsə də dünya dövlətlərinin iqtisadi imkanlarının genişləndirilməsində rolu inkaredilməzdir. Azərbaycan bu kimi mühüm layihələrin uğurlu icrasına nail olmaqla tranzit ölkə kimi mövqeyini möhkəmləndirir. Azərbaycanın yerləşdiyi coğrafi məkan, malik olduğu təbii resurslardan səmərəli istifadə məqsədilə gündəmə gətirdiyi layihələrin uğurlu icrası ölkəmizə yeni tərəfdaşlar, dostlar qazandırıb. Politoloq qeyd edib ki, əməkdaşlıqlar öncə regional çərçivədə qurulub. İndi isə artıq bu əlaqələrin coğrafiyasının daha da genişləndiyinin şahidi oluruq.

Politoloq qeyd edib ki, qlobal layihənin həyata keçirilməsində bu və ya digər formada iştirak edən dövlətlər “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda təmsil olunublar: “Təbii ki, Azərbaycan da həmin layihənin həyata keçirilməsində yaxından iştirak edir. Bu mənada Prezident İlham Əliyev də həmin tədbirdə Azərbaycanı təmsil edib. Beləliklə, hesab etmək olar ki, dünyanın iqtisadi cəhətdən ən qüdrətli dövlətlərindən biri olan Çin ilə Azərbaycanın əməkdaşlığı hər iki ölkənin xalqlarının mənafelərinə tamamilə uyğun gəlir. Kifayət qədər ciddi əsaslar mövcuddur ki, bu əməkdaşlıq daha da genişlənsin və inkişaf etsin”.

Ümumilikdə Forumda parlaq gələcəyi şərtləndirən bütün amillərin nəzərdən keçirildiyini və dünyaya sülh, təhlükəsizlik, birlik və əməkdaşlıq mesajları ünvanlandığını söyləyən BMAM sədri bildirib ki, Azərbaycan sabitləşdirici amil, dinamik iqtisadi inkişafa malik ən islahatçı ölkə, dünya birliyinin fəal üzvü kimi bu çağırışlara böyük töhfələr verir.
Bağdadi MosuldadırİŞİD terror qruplaşmasına qarşı mübarizə davam etdirilməlidir.

Axar.az xəbər verir ki, İraqın Müdafiə naziri Adil Əbdül Mehdi jurnalistlərin İŞİD terror qruplaşmasının lideri Bağdadinin yeni yayılan videosu ilə bağlı verilən sullarını cavablandırarkən deyib.

“Bu video onu göstərdi ki, İŞİD-in tam məhv edilməsi ilə onun üzərində irimiqyaslı qələbə qazanılması arasında fərqlər var. Düzdür, irimiqyaslı qələbə əldə olunub, amma tam məhv edilməyib. Bağdadi hazırda gizli yerdə yerləşir. O, ilk dəfə Mosulda olduğu kimi ictimaiyyət arasında deyil, onu tanımaq olmur. Həm kəşfiyyatın məlumatı, həm də yayılan videodan aydın görünür ki, onun yerləşdiyi ərazi çox ciddi qorunur və məxfidir. Onun geyimi özü və yoldaşlarının vəziyyətdə haqqında deyir. İŞİD rəhbərliyi öz döyüşçüləri arasında inamı bərpa etmək, Səudiyyə Ərəbistanı, Şri Lankadakı kimi əməliyyatlar keçirmək istəyir”, - Mehdi bildirib.
Gürcü aqressiyası və onu yaradan səbəblərGürcüstan tərəfindən azərbaycana qarşı atılan son addım təsadüfi deyil və təxribat xarakterlidir

Təbii ki, son hadisələrin pərdəarxası məqamları da ola bilər. Amma bizim müzakirə edəcəyimiz mövzu bu deyil. Çünki bu sadəcə, detallardan biridir. Biz müxtəlif dönəmlərdə, zaman-zaman Gürcüstan tərəfindən Azərbaycana qarşı qısqanc addımların şahidi olmuşuq. Bu onu göstərir ki, Gürcüstan dövlət və millət olaraq Azərbaycana qarşı həmişə qısqanclıqla yanaşıb. Bunun bir-birinə bağlı olan 2 təməl səbəbi var. Birincisi Gürcüstan - öz tarixi torpaqlarında yaşayan və ciddi gücə çevrilmə perspektivinə sahib olan Azərbaycan türklərini özünə təhlükə görür.

İkincisi isə təbii resurslara malik olan Azərbaycanın qlobal güclərin maraq dairəsində olması və əməkdaşlıq perspektivləri nəticəsəsində bölgədə daha nüfuzlu dövlətə çevrilərək Gürcüstan üzərində dominant siyasət yürüdəcəyindən əndişələnir.

Biz bu faktorları nəzərə alaraq Gürcüstan siyasətimizi müəyyənləşdirməliyik.

Gürcüstan dövlət olaraq Azərbaycanla hesablaşmaq zorundadır.

Azərbaycan bütün parametrlərə görə Gürcüstandan qat-qat üstündür. Azərbaycanın Gürcüstandan fərqli olaraq zəngin təbii sərvətlərə malikdir. Ölkəmizdə ciddi güc mərkəzlərinin maraqları var və Azərbaycan Geosiyasi proseslərdə iştirakçı dövlətdir.

Gürcüstanın ən pis vaxtlarında onun yanında olan Azərbaycan bir çox hallarda adekvat qarşılıq görmür. Gürcüstan Azərbaycanı qıcıqlandıracaq addımlar atmaqda davam edir. Buna erməni terrorçuya qoyulan abidəni, adları dəyişdirilən toponimlərimizi, tarixi Azərbaycan torpaqlarına sancılan xaçları və digər faktları misal göstərə bilərik.

Gürcüstan Qarabağ problemi ilə Azərtbaycanı şantaj edir. “Ermənistanla daha sıx əməkdaşlıq edərəm” kimi bu problemdən yararlanmaq cəhdləri edir ki, bunu sezməmək mümkün deyil. Amma onsuz da Gürcüstanın Ermənistanla əlaqələri mövcuddur... Ona görə də Gürcüstanın bu təhdidlərinin heç bir tutarlılığı yoxdur.
Eyni zamanda Gürcüstanda yaşayan soydaşlarımıza qarşı bilərəkdən qərəzli siyasət yürüdür. Onları sosial problemlərin içərisinə sürükləməklə öz yurd-yuvalarını tərk etməsinə çalışır, assimilyasiya siyasəti yürüdür. Buna görə də azərbaycanlılar çox ciddi problemlərlə qarşı qarşıya qalırlar. Azərbaycan türklərinin gürcü cəmiyyətinə inteqrasiyasını əngəlləyir, onların təşkilatlanmasına və Gürcüstanın siyasi səhnəsində yer almasına mane olur. Çünki bunu özünün milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. Bəllidir ki, azərbaycanlılar gürcü cəmiyyətinə inteqrasiya edərsə, təşkilatlanarsa, siyasi cəhətdən irəliləyərsə, o zaman seçkidə daha təsirli qüvvəyə çevriləcəklər. Belə olduğu təqdirdə Gürcüstan dövləti onlarla hesablaşmaq zorunda qalacağını düşünür və Azərbaycanın bundan yararlanacağndan çəkinir.
Halbuki bu heç də belə deyil, Azərbaycan heç bir zaman buna cəhd etməyib. Birincisi dəfələrlə təkrarlanan gürcü nankorluqlarına baxmayaraq Azərbaycan daim Gürcüstana dəstək verib. Gürcüstan iqtisadiyyatında azərbaycanlılar kifayət qədər pay sahibidirlər. Gürcüstan Azərbaycanın dəstəyi ilə beynəlxalq iqtisadi layihələrə qoşulub. Rusiya Gürcüstan xalqını soyuqdan dondurduğu vaxtlarda Azərbaycan heç nədən çəkinmədən humanist addım ataraq Gürcüstan dövlətini və xalqını xilas edib.
Təbii ki, Azərbaycan dövlət olaraq Gürcüstanla əlaqələri inkişaf etdirmək niyyətindədir. Amma bütün bu yaxşılıqlara rəğmən Gürcüstan mütəmadi olaraq həddini aşacaqsa ona yerini də göstərməlidir. Gürcüstanın bir tərəfində Rusiya kimi düşməni, digər tərəflərində Ermənistan kimi yararsız, Azərbaycan və Türkiyə kimi yararlanacağı və sığınacağı ölkələr var.

Eyni zamanda Gürcüstanda yaşayan soydaşlarımızın inteqrasiya problemləri öz həllini tapmalıdır, onlar təşkilatlanaraq Gürcüstan siyasi səhnəsində öz sözünü deməlidirlər. Bu prosesə diaspor pəncərəsindən yanaşmaq isə kökündən yanlışdır və gürcü aqressiyasını körükləmək deməkdir. Avropa ölkələri ilə müqayisədə bölgə dövlətləri ilə münasibətlərin spesifik tərəfləri var. Məsələn Avropanın istənilən bir dövləində Azərbaycanın diaspor təşkilatlarını açıq formada təşkilatlandırmaq cəhdləri edərsə bu heç bir problem yaratmaz. Amma yuxarıda sadaladığım faktorları nəzərə alaraq Gürcüstanla bağlı bu addımı ata bilmərik. Yəni rəsmi olaraq Gürcüstan azərbaycanlılarını təşkilatlandırmaq cəhdləri xarici siyasətimizə adekvat deyil. Əksinə Gürcüstanla münasibətlərimizin ən azı inkişafına mane olacaq mahiyyət daşıyır. Amma eyni zamanda Gürcüstan azərbaycanlılarını təşkilatlanması son dərəcə vacibdir və bunda maraqlı olmalıyıq. Bu dövlət olaraq bizim maraqlarımıza uyğun olduğu kimi, eyni zamanda Gürcüstanda yaşayan soydaşlarımızın təbii haqqıdır.

P.S.Gürcüstanda Azərbaycan diasporu yoxdur. Aborigen azərbaycanlılar var və onların təşklatlanması yalnız yerli təşkilatlar vasitəsilə həyata keçirilməlidir...

Əli Zülfüqaroğlu
Təhsil millətin gələcəyidir30 aprel 2019-cu il tarixində Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Rauf Əliyevin təşəbbüsü və Pirallahı Rayon icra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə " Təhsil millətin gələcəyidir " başlığı altında tədbir keçirildi. Pirallahı rayon Gənclər Mərkəzində keçirilən tədbirdə rayonun ümumtəhsil müəssisələrinin müəllimləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanda təhsil sahəsinə həmişə diqqət yetirmiş və ona qayğı göstərmişdir. O bildirmişdir ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu cəmiyyətin xüsusi intellektual cəhətini əks etdirən sahədir. Belə halda təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”. Bu, dövlətimizin təhsillə bağlı siyasətini açıq şəkildə ortaya qoyur. Təhsil Azərbaycan dövləti üçün pirioritetdir.

Tədbirin keçirilməsində məqsəd aprel ayının 4-ü Bakı şəhərinin 162 saylı məktəbində baş verən hadisə ilə bağlı son vaxtlar cəmiyyətdə geniş müzakirə mövzusu olan müəllim-şagird, müəllim-valideyn münasibətləri və rayonumuzun ümumtəhsil müəssisələrində mövcud vəziyyəti müzakirə etməkdir. Diskussiya xarakterli görüşümüzdə rayonun ümumtəhsil müəssisələrinin müəllim, şagird və valideynlərini düşündürən sualları müzakirə etmək, rayonun təhsil həyatında mövcud vəziyyətlə yaxından tanış olmaq üçün hər birinizi aktiv olmağı təkilif edirəm" - deyə Hikmət Şikarov çıxışının sonunda qeyd etdi.
Təhsil millətin gələcəyidir
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxış edərək Dövlət Proqramına uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin əsaslı təmir olunmasını, müasir texnologiyalar əsasında fənn kabinetləri ilə təchiz olunmasını, bununla yanaşı məktəbəqədər təhsil müəssisələrində yer çatışmamazlığını qeyd etdi. Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı rayonun təhsil müəssisələrində mövcud vəziyyəti aydınlaşdırmaq üçün monitorinq qrupunun yaradılması barədə Sərəncam verdiyini qeyd edərək və bu qrupun orta məktəblərdə valideyn və şagird kollektivləri ilə görüşlər keçirilməsi tapşırığı verildi.

Monitorinq qrupunun rəhbəri, Pirallahı RİH başçısının müavini Anara Hacıbəyli monitorinq qrupunun fəaliyyəti barədə məlumat verərək təkliflərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Millət vəkili, Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş strategiyanın konseptual əsasları, adında olduğu kimi Azərbaycan Respublikasında Təhsilin inkişana, ölkədə təhsilin müsair dünya təhsilinin səviyyəsin çatdırılmasına və bununlada yeni elm və texnalogiya əsrində Azərbaycan brendlərinin formalaşmasına xidmət edir.
Təhsil millətin gələcəyidir
Dövlətin 2020-ci il hədəflərində təhsilin xüsusi çəkisi digər sahələrlə müqayisədə xeyli dərəcdə artıqdır. Bunu "Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə yeni dövlət strategiası"nda aydın şəkildə görmək mümkündür. Bundan əlavə ölkə qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır.

Tədbirdə iştirak edən müəllimlər Pirallahı rayonu ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin Dövlər Proqramı çərçivəsində əsaslı təmir olunmasını, məktəblərdə müasir standartlara uyğun fənn kabinetlərinin təhsilin keyfiyyətinin artmasında mühüm rol oynadığını, həmçinin orta məktəblərdə mövcud olan vəziyyətlə bağlı məlumatlar verərək, müəyyən təkliflər irəli sürdülər.

Avrasiya.net
Bakı “Keşikçi dağ”da əsgərlərin sayını kəskin artırdıAzərbaycan Gürcüstanla sərhəddə yerləşən “Keşikçi dağ” (Gürcüstan tərəfinin versiyasına görə “David Qareci”) monastır kompleksi ətrafında sərhədçilərinin sayını kəskin artırıb.

Virtualaz.org xəbər verir ki, bu haqda “Rustavi-2” telekanalı məlumat yayıb.

Kirion monastırının arximandritinə istinadən bildirilir ki, hazırda bu ərazidə turistlərin və zəvvarların hərəkəti üçün məhdudiyyət yoxdur. Amma istisna deyil ki, Azərbaycan sərhədçiləri mayın 5-də “Keşikçi dağ”a gedişi bağlayacaqlar.

“Əvvəllər onların sərhədçilərinin sayı cəmi 2 idi. İndi isə təxminən 18 nəfərdir, heç vaxt bu qədər çox olmamışdılar”-məlumatda deyilir.

Xatırladaq ki, bir neçə gün əvvəl “Keşikçi dağ” monastrı ətrafında Azərbaycan və Gürcüstan arasında gərginlik yaranıb. Azərbaycan sərhədçiləri gürcü ziyarətçilərinin monastıra hərəkətini məhdudlaşdırıb. Bu addım Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycanla sərhədlərin mümkün qədər tez delimitasiya olunmasına çağırışından sonraya təsadüf edir. “Keşikçi dağ” Qafqaz Albaniyası dövrünə aid olan və Azərbaycan ərazilərində yerləşən qədim monastırdır. Gürcü tərəfi isə bu monastırın onlara aid olduğunu iddia edir.
Reket baş redaktora hökm oxundu - 12 ilBakıda hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Qafqaz” Xəbər Agentliyinin rəhbəri Mahmud Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Mahmud Tağıyev 12 il müddətə azadlıqdan məhrum edilib.

İstintaq orqanı tərəfindən Mahmud Tağıyevin barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub.

Cinayət işi üzrə zərərəçəkmiş şəxs qismində “ŞURATAZ LTD” MMC-yə faktiki rəhbərlik edən Xaliq Nəriman oğlu Abbasov və “Nort Vest Konstrakşn” MMC-nin icraçı direktoru Elçin Tofiq oğlu Bədəlov, həmçinin daha iki nəfər tanınıb.
“Gürcüstan prezidenti türklərə qarşı xoşagəlməz ifadələr işlətdi”Gürcüstan parlamentinin deputatı Azər Süleymanovla müsahibəni təqdim edirik:

- Azər müəllim, son vaxtlar Gürcüstanda Azərbaycana qarşı ərazi iddiaları irəli sürülür. Konkret olaraq Keşikçidağ Alban məbədi ətrafında yaranan durumla bağlı fikirləriniz nədən ibarətdir?

- Mən bu haqda mövqeyimi Gürcüstan mediasına da demişəm. İki axmaq və siyasi çəkisi olmayan siyasətçinin özünə siyasi dividend qazanmaq niyyəti olub. Bu səbəbdən də həmin məbədlə bağlı məsələ qaldırıb, azərbaycanlılarla bağlı nalayiq fikirlər işlədiblər. Ancaq bunu Gürcüstan dövlətinin rəsmi mövqeyi kimi qəbul etmək doğru olmazdı. Mən hər iki dövlətə müraciət etmişəm ki, arada olan problemləri tezliklə həll etsinlər və heç kimə imkan verilməsin ki, iki dost və qardaş dövlət arasında şübhə toxumu səpsin, problemlər yaratsınlar. Bildiyiniz kimi, Azərbaycan və Gürcüstan arasında münasibətləri qızışdırmaq və pisləşdirməkdə marağı olan dövlətlər də var. Artıq bu gün Gürcüstanda separatizm yaymaq istəyirlər. Son zamanlar bəzi hadisələr, o cümlədən bizim hakimiyyətimiz dövründə həbsxanaya düşən Şalva Natelaşvilinin hərəkətləri buna sübutdur. Bu adam biz azərbaycanlıları təhqir edərək, bizlərin Orta Asiyadan gəlmə olduğumuzu deyib. Görünür ki, bizim üzərimizdən kimlərsə özləri üçün siyasi dividend qazanmaq istəyir. Hesab edirəm ki, bu iki strateji portnyor dövlət arasında bu kimi hallar yolverilməzdir. Ümid edirəm ki, hər iki dövlət rəhbəri ortada olan kiçik problemlərin həlli üçün addımlar atacaq. Gürcüstan əhalisi separatçı və qiymətsiz siyasətçilərə imkan yaratmamalıdır. Nəzərə almaq lazımdır ki, həm Gürcüstanın, həm də Azərbaycanın torpaqları işğal altındadır. Bizim ərazi bütövlüyü məsələsində problemlərimiz var və arzu etmirik ki, süni məsələlərin şişirdilməsi ilə dövlətlərarası problemlər yaransın.

- Konkret olaraq, Şalva Natelaşvili Gürcüstan siyasətində kimdir, onun rolu və yeri nədən ibarətdir?

- Əvvəla, bu şəxs deputat deyil. Mən bilmirəm, hansı səbəbdən Azərbaycan mediası bu şəxsi millət vəkili kimi təqdim edir. O, heç vaxt deputat olmayıb. Gürcüstanda Leyborist Partiyasının sədridir. Bir növ Gürcüstanın Jirinovskisidir. Kim çox pul versə, ona yaxınlaşacaq. Yəni erməni çox pul versə, erməniyə, azərbaycanlı çox pul versə, azərbaycanlıya işləyəcək. Bu adam yaşamını pulda və kiçik siyasi dividendlərdə görür. Bu adam neçə illərdir ki, siyasətlə məşğuldur, amma bir dəfə də parlament üzvü seçilməyib. Demək olar ki, Gürcüstanın üz qarasıdır. Bu mənada onun dediklərindən nəticə çıxarmaq da doğru deyil. Sözsüz ki, biz də mövqeyimizi ifadə etmişik. Belə kiçik siyasətçilər üzərindən siyasət qurulmamalıdır. Ümid edirəm ki, ortada problem varsa, bu hər iki dövlətin marağı nəzərə alınaraq həllini tapacaq.

- Azər müəllim, ancaq məbədə ilk səfəri Gürcüstan Prezidenti Salome Zurabişvili etdi və məsələ bundan sonra gündəmə gəldi...

- Gürcüstan prezidenti haqqında danışmaq istəməzdim. Əvvəla, ona görə ki, legitim prezident deyil. Üstəlik, hər çıxışı Gürcüstana qarşı çevrilir. Hara addım atırsa, problemə çevrilir. Təsəvvür edin ki, prezident çıxış edib deyir ki, Abxaziya qanqrenadır və onu kəsmək lazımdır. Halbuki Abzaxiya uğrunda minlərlə insan qəhrəmancasına savaşıb, yüz minlərlə qaçqınlarımız olub. Bu xanım prezident isə az qala Abxaziyanı Gürcüstan ərazisi görmür. Üstəlik Cavaxetiyaya gedəndə türklərə qarşı xoşagəlməz ifadələr işlətdi. Bir sözlə, hər addımı ölkəmizə qarşı çevrilir. Açığını deyim ki, bizim qeyri-legitim prezidentimiz var. Elə məbədlə bağlı məsələ prezidentin o əraziyə səfərindən sonra gündəmə gəldi. Biz hesab edirik ki, iki dövlət arasında dostluqdan danışmaq lazımdır, nəinki problem yaratmaq. Görünür, prezident xarici siyasətdə bir işə yaramır.

- Ümumiyyətlə, Gürcüstan parlamentində məbəd məsələsini qaldıran deputat olubmu?

- Xeyr. Parlament səviyyəsində bu məsələ qalxmayıb. Gələn həftə parlamentin toplantısı keçiriləcək, amma zənn etmirəm ki, parlamentdə bu məsələ qalxa bilər. Çünki hər iki tərəf imkan verməməlidir ki, dostluq və strateji müttəfiqlik münasibətləri pozilsun.

- Qəfildən Keşikçidağ Alban məbədi probleminin ortaya çıxmasında üçüncü qüvvələrin əli ola bilərmi?

- Məncə, bu məsələni gündəmə gətirən siyasətçilər ermənipərəstdirlər. Sözsüz ki, burada Rusiyanın da barmağı ola bilər. Rusiyada maraqlıdır ki, bu gün Gürcüstanda stabillik olmasın, Gürcüstanın ən yaxın əməkdaşlıq içərisində olduğu Azərbaycan və Türkiyə ilə problemləri yaransın. Ancaq Gürcüstanda yaşayan azərbaycanlılar olaraq, biz buna imkan vermərik. Biz hər iki ölkə ilə Gürcüstan arasında körpüyük. Gürcüstan bizim vətənimizdir və heç vaxt razı olmarıq ki, bir separatçı Gürcüstan-Azərbaycan münasibətlərində problem yaratsın. Biz bu məsələdə qarantıq. Şəxsən mən Gürcüstanda müxalifəti təmsil etsəm də, bütün çıxışlarım Gürcüstanın ərazi bütövlüyü, suverenliyi haqqında olub. Bu dövlət uğrunda da qanımızı və canımızı verməyə hazırıq. Ancaq gördüyünüz kimi, Şalva Natelaşvili kimi mənasız siyasətçi Gürcüstanın maraqlarını düşünmədən bəyanatlar verir və faktiki iki ölkə arasında problemlər yaratmağa çalışır.

- Hazırda Azərbaycanla Gürcüstan arasında münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz?

- Münasibətlər çox yüksək səviyyədədir. Ancaq hər bir ailədə belə insident, problemlər olur və bunu da normal qarşılamaq lazımdır. Problemlər də danışıqlar, dialoq və fikir mübadiləsi ilə həllini tapır. Hesab edirəm ki, Azərbaycan və Gürcüstan arasında mövcud olan kiçik problemlər də danışıqlar yolu və hər iki ölkənin maraqlarına uyğun formada həllini tapacaq. Biz də imkan vermərik ki, iki dost ölkə arasında çat yaransın.

teleqraf.com
Keşikçi Dağı məsələsi Gürcüstan parlamentində qaldırıldıGürcüstan parlamentinin bugünkü iclasında deputat Savalan Mirzəyev son günlər Keşikçi Dağı Məbəd-Kompleksi ətrafında yaranmış vəziyyətlə bağlı çıxış edib.

Deputat Gürcüstan və Azərbaycan xalqlarının əsrlər boyu dostluq və qardaşlıq şəraitində yaşadığını bildirib.

Onun sözlərinə görə, iki xalq arasında mehriban qonşuluq münasibətləri bundan sonra da davam edəcək. S.Mirzəyev məbəd-kompleksi ətrafında yaranmış vəziyyətin birgə səylərlə mütləq həll olunacağını bildirib.

Çıxışının sonunda o, Gürcüstanın hazırkı və keçmiş siyasətçilərini məbəd ətrafında yaranmış vəziyyəti gərginləşdirməməyə çağırıb./report/