Prezident Çin və Rusiya televiziyasına müsahibə verdi - FotoAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib.

Avrasiya.net xəbər verir ki, dövlətimizin başçısı müsahibədə Azərbaycanda enerji sektorunun, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, ölkəmizin həyata keçirdiyi qlobal enerji və infrastruktur layihələrinə, respublikamızın “Bir kəmər-bir yol” layihəsində iştirakına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan-Çin ikitərəfli münasibətlərinə və digər məsələlərə toxunub.

Bundan əlavə, Prezident İlham Əliyev “Rossiya 1” televiziya kanalına da müsahibə verib.

Dövlətimizin başçısı dünyada neftin qiymətinin vəziyyəti, beynəlxalq münasibətlər və digər məsələlərlə bağlı sualları cavablandırıb.
İlham Əliyev Davosda: İlk görüş - FotoAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb.

Axar.az xəbər verir ki, dövlətimizin başçısı yanvarın 21-də Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb.

Görüşdə Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyulub. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirilib.

Söhbət zamanı Dünya İqtisadi Forumunun prezidenti Borge Brende Prezident İlham Əliyevi yenidən Davosda görməkdən məmnunluğunu bildirib və dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın dördüncü sənaye inqilabına doğru qətiyyətli addımlar atdığını qeyd edib. Borge Brende son iyirmi ildə Bakının sürətlə tanınmaz dərəcədə dəyişdiyini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişinin vacibliyini qeyd edərək dedi ki, bu sənəd bizim tərəfdaşlıq ruhumuzu və qarşılıqlı səylərimizi davam etdirməkdə istəkli olduğumuzu nümayiş etdirir. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan dördüncü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində çox fəal iştirak edəcək. Keçən il Azərbaycanda qeyri-neft sektorunda sənaye istehsalının 9,1 faiz artdığını vurğulayan Prezident İlham Əliyev əminliklə bildirdi ki, biz bu vacib layihədə yaxşı tərəfdaşlar olacağıq.

Prezident İlham Əliyev növbəti dəfə Dünya İqtisadi Forumunda iştirakından və Forumla Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə etdi. Forumu dünyada gedən transformasiya prosesinin yeni təmayülləri və çağırışların müzakirəsi baxımından əhəmiyyətini vurğulayan dövlətimizin başçısı Azərbaycanın öz inkişaf strategiyasını yenilənən beynəlxalq və regional təmayüllər nəzərə alınmaqla qurduğunu bildirib.

Prezident İlham Əliyev ölkəmizdə aparılan islahatlar, inkişaf prosesləri barədə məlumat verdi, böyük nəqliyyat və infrastruktur layihələrinin, o cümlədən Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı layihələrin, enerji layihələrinin reallaşdırılmasının həm ölkəmiz, həm də region üçün əhəmiyyətini qeyd edib. Dövlətimizin başçısı Azərbaycanda biznes mühitinin daha da inkişaf etdirilməsi istiqamətində aparılan islahatlar barədə məlumat verib. Borge Brende Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıqdan və ölkəmizin bölgədə oynadığı roldan məmnunluğunu ifadə edib. Bildirdi ki, Azərbaycanın qonşu və region dövlətləri ilə iqtisadi əməkdaşlığının və ölkəmizin güclənən iqtisadiyyatının bölgə ölkələrinin inkişafında əhəmiyyətli rolu var. Dünya İqtisadi Forumu bu rolu qiymətləndirir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Məşhur investordan şok: Elə bir böhran olacaq ki... - ABŞ, Çin...2008-ci ildə baş verən qlobal iqtisadi böhrandan daha betəri gəlir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-da yaşayan məşhur investor Cim Rocers çıxış edib.

"Yalnız ABŞ Mərkəzi Bankı son 10 ildə yatırdığı sərmayəni 500 faiz artırıb. On illərdir ki, borcu olmayan Çinin də artıq borcu var. Növbəti böhran uzun zamandır bazarda olan bəzi təşkilatları yox edəcək. Dünyanın ən sağlam iqtisadiyyatları belə çətinlik çəkəcək. Bu üzdən növbəti süqut mənim həyatımdakı ən pis böhran olacaq.

Bütün böyük ölkələr əziyyət çəkəcək. ABŞ problem yaşayacaq. Qərb ilə münasibətləri olan və yüksək səviyyədə borcu olan çinlilər əziyyət çəkəcək. Çin şirkətləri belə iflas edəcək. Əvvəllər böyük bəlada olan, büdcələrini aşan Almaniya şəhərləri də bu siyahıda var. Yaponiyanın çox böyük daxili borcları var, nəhəng daxili borclar və azalan bir əhali. Yəni böyük sürprizlər görəcəyik", - Rocers qeyd edib.
Kerç boğazında iki gəmi yanır: 9 nəfər ölübKerç boğazında iki gəmi yanır.

Axar.az xəbər verir ki, gəmilərdən birində 17, digərində isə 14 nəfər var. Bu barədə Rusiya Dənizçilik Agentliyi məlumat yayıb.

Tanzaniya bayrağı altında üzən gəmilərdə Türkiyə və Hindistan vətəndaşlarının olduğu bildirilib.

Son məlumata görə, Kerç boğazı ərazisində iki gəmidə baş verən yanğın nəticəsində 9 nəfər ölüb. Hadisə nəticəsində 14 nəfər yanıq xəsarəti alıb.

Rusiyanın Dəniz və Çay Nəqliyyatı Agentliyindən verilən məlumata görə, 9 nəfərin cəsədi sudan çıxarılıb.
Daha 3 vəkil Vəkillər Kollegiyasından xaric edilirBu gün Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin iclası keçirilib. Kollegiyadan verilən məlumata görə, iclasda Kollegiyanın sədri Anar Bağırov bu ilin fevral ayının 1-dən etibarən order markalarının tətbiqinə hazırlıq işləri barədə məlumat verib, gələcək dönəmdə vəkillərin sayının artımı ilə bağlı qəbul işinin səmərəli təşkilinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

İclasda Beyləqan rayon Vəkil Bürosunun təsis olunması barədə məsələyə baxılaraq müsbət qərar qəbul olunub, başqa vəkil qurumuna keçmək və sair müraciətlərə baxılıb, o cümlədən fevral ayı üçün Bakı şəhəri və regionlarda fəaliyyət göstərən vəkil qurumları və fərdi vəkillərin növbətçilik siyahısı təsdiq edilib.

İclasda vəkillər barəsində başlanılmış 12 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq qanunvericiliyin tələblərini pozduğuna görə 3 vəkilin fəaliyyətinin dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət olunması barədə qərər qəbul olunub. Həmçinin, 1 vəkilə irad, 1 vəkilə töhmət verilib, 6 iş üzrə isə pozuntu aşkar edilmədiyi, eləcə də daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib, 1 intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınıb.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti üçün əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Sərdar Cəlaloğlu Əli Kərimlini və Milli Şuranı ruslara işləməkdə suçladı“Milli Şuranın keçirdiyi mitinqdə 20 Yanvarla bağlı, rusların əleyhinə bəyanat olmadı”; “Axırıncı aşırım”, “Yeddi oğul istərəm” filmləri qadağan olunmalıdır”
20 yanvarda telekanallarda “Axırıncı aşırım”, “Yeddi oğul istərəm” filmləri nümayiş etdirildi. Cəmiyyətdən belə tənqidlər səslənməkdədir ki, Xocalı soyqırımının, 20 Yanvar hadisələrinin ildönümü günlərində efirdə sovet hökumətini, bolşevizmi təbliğ edən filmlərin nümayişi düzgün deyil.

Arqumentlər ondan ibarətdir ki, 20 Yanvar gecəsi sovet tankları Bakıya girərək əliyalın insanları gülləboran edib, telekanallar isə sovet hökumətinin qurulmasını, bolşeviklərin mübarizəsini təcəssüm etdirən məsələn, “Axırıncı aşırım”, “Yeddi oğul istərəm” kimi filmləri efirə verir.

Elə son olaraq 20 Yanvar faciəsinin 29-cu ilində telekanallarda Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizə ilə heç bir ideoloji-mənəvi bağlılığı olmayan filmlər nümayiş etdirildi.

Doğrudur, həmin kinolarımızda böyük sənətkarlar rol alıblar, həmişə maraqla izlənir və tez-tez göstərilir.

Amma bu filmlərin məhz 20 Yanvar günü və yaxud 18 oktyabr Müstəqillik Günü, Milli Dirçəliş günü efirə verilməsi heç bir məntiqə sığışmır. Axı o filmlərin 20 Yanvarla nə əlaqəsi var? Əksinə, tam antaqonist proseslərdir.

Bir tərəfdə sovet hökuməti qurulması üçün mübarizə aparılır, əks tərəfdə isə 70 ildir qurulan Sovet İttifaqının ordusu müstəqillik tələb edən azərbaycanlıları gülləboran edir. Bu mövzuda Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”ın suallarını cavablandırıb.

S.Cəlaloğlu deyib ki, bu, adi məsələ deyil, ruspərəst qüvvələrin işidir: “Həmin qüvvələr iqtidarın müxtəlif tribunalarında və postlarında yer alıblar. Bu siyasətin məqsədi Rusiyanın xalqımıza düşmənçiliyini unutdurmaq, ört-basdır etməkdir. İstəyirlər ki, yenidən ruslarla dostlaşaq, can deyib, can eşidək. Ondan sonra Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv etsinlər, rusların 100 il qabaqkı pisliklərini yaddaşlardan silsinlər. Ona görə də işğala haqq verilən filmlər nümayiş olunur. “Yeddi oğul istərəm” filmi dinimizə, mədəniyyətimizə bir üsyandır. Onu göstərirlər, amma “Cavadxan” filmi nümayiş olunmur. Niyə? Çünki ruspərəstlərin xoşuna gəlmir. Hesab edirəm ki, bu siyasət təhlükəli tendensiyadır və Qarabağın təslim edilməsinə, Rusiyanın xalqımıza qarşı işğal siyasətini unutdurub münasibətlərin yaxınlaşmasına hesablanıb. Azərbaycanı təzədən Rusiyanın qucağına aparmaq istəyirlər, işğal prosesinin təkrarlanmasını istəyirlər. Həmin filmlərin göstərilməsi ilə bərabər Qarabağ mitinqinə razılıq verilməməsi də eyni siyasətin ssenarisidir, tərkib hissəsidir. Çünki Qarabağ mitinqi ruspərəstlərin əleyhinədir. Amma Mehman Hüseynova azadlıq tələbi ilə mitinq keçirilməsi onların indiki məqamda, özü də 19 yanvarda maraqlarına uyğundur. Bununla rus qoşunlarının 20 Yanvar gecəsi Azərbaycan xalqına divan tutmasını arxa planda saxlayırlar, iqtidarın ölkədə insan haqlarını pozması təsəvvürünü yaradırlar. Bu siyasətin nədən ibarət olduğunu uşaq anlamaz, biz anlayırıq”.

- Yəni, Milli Şura bu mitinqdə ruspərəst qüvvələrin əlinə oynayıb?

- Siz zamana, şüarlara baxın. Rusların düşmənçiliyini unutdurmaq üçün 19 yanvara mitinqə icazə verildi. Niyə Qarabağ Komitəsinin mitinqinə icazə vermədilər? 20 Yanvarda rusların Bakıya girməsi ilə komsomol hərəkatının bəylərimizə, zadəganlarımıza hücumu arasında nə fərq var? Mən bir müddət əvvəl Səməd Vurğunun “Komsomol” poemasının qadağan olunmasını təklif eləmişdim. Etiraz edənlər olmuşdu. İndi hamı dediyimə gəlir. Bu gün də o fikirdəyəm ki, o filmlər efirdə qadağan olunmalıdır. Bizim xalqımızın tarixinə qarşı olan bu filmlər nə üçün nümayiş etdirilməlidir? Niyə Nadir şah, Qacar şah, Şah İsmayıl Xətai barəsində filmlər vermirlər? Fətəli xanın ruslara qarşı mübarizəsinə dair film var, nə üçün nümayiş olunmur? “Cavadxan” filmini niyə göstərmirlər? Bu suallara cavab verilməlidir.

- Yəni, hesab edirsiz ki, həm “Axırıncı aşırım” filminin nümayişi, həm 19 yanvar mitinqi 20 Yanvar faciəsini unutdurmaq mahiyyəti daşıyır?

- Mitinq iştirakçıları bu məsələdə yetkin olmaya bilər. Amma “Mehmana azadlıq” şüarı ilə 19-da mitinq keçirmək rus qoşunlarının Bakıya soxulması hadisəsini arxa plana keçirmək idi. Qarabağa azadlıq tələbi ilə mitinq keçirilməsinə qoymurlar, amma 19-da “Mehmana azadlıq” aksiyasına icazə verir. Qarabağın azadlığı vacibdir, yoxsa Mehmanın? Mən demirəm ki, Mehman azad olunmasın. Amma sən niyə Qarabağ mitinqini ikinci dərəcəli sayırsan, icazə vermirsən? Əksinə, Milli Şura Qarabağ mitinqinə icazə verilmədiyi üçün 19 yanvar mitinqindən imtina etməliydi. Diqqət edin, son 10 ildə biz Şəhidlər Xiyabanına rahatlıqla ziyarətə gedirdik. Amma bu dəfə 4 saata gedib çıxdıq.

- Düşünürsünüz ki, sülhə hazırlıq prosesinin davamıdır?


- Əlbəttə. Nazirlərin Paris görüşü də xalqların sülhə hazırlanmasıdır. Biz Qarabağ mitinqində torpaqlarımızın azadlığını tələb edirik, bunlar sülhə hazırlaşırlar. Deyirlər ki, Qarabağdan danışma. Sən necə sülh danışıqları aparırsan ki, işğal edilmiş torpaqlarında hələ də erməni qoşunları var?! Sən beynəlxalq konvensiyanın şərtlərini özün pozursan. Orada qeyd olunur ki, torpaqları işğala məruz qalan ölkə ərazilərini istənilən yolla azad etmək hüququna malikdir. Bəs sən kimsən ay Elmar Məmmədyarov? Niyə xeyrimizə olan beynəlxalq hüquqdan imtina edirik? Düşünürlər ki, Qarabağı verək, KTMT-yə üz olaq, axı o halda Ermənistanın iddialarını yerinə yetirməliyik. Ona görə də 19 yanvar mitinqi rus qoşunlarının 20 Yanvar gecəsi törətdiyi cinayətləri ikinci planda saxlamaqdır və Milli Şuranın keçirdiyi mitinqdə 20 Yanvarla bağlı, rusların əleyhinə bəyanat olmadı. Xalqı təslimçi sülhə hazırlayırlar.
Gəncədə "Unutmuruq!" adlı aksiya keçirilib"Odlar Yurdu" Gənclər Ictimai Birliyinin könüllüləri 20 Yanvar faciəsinin 29-ci ildönümü ilə əlaqədar olaraq Gəncə şəhərində "Unutmuruq!" adlı aksiya keçirib.
Aksiya çərçivəsində könüllülər şəhərin müəyyən edilmiş mərkəzi hissələrində 20 Yanvar faciəsi haqqında məlumatlar olan broşüraları yüzlərlə şəhər sakininə paylayıblar. Aksiyanın əsas məqsədi maariflədirmə, 29 il əvvəl baş vermiş faciəni unutmamaq,unutdurmamaqdan ibarət idi.
Gəncədə "Unutmuruq!" adlı aksiya keçirilib
Gəncədə "Unutmuruq!" adlı aksiya keçirilib
Gəncədə "Unutmuruq!" adlı aksiya keçirilib
Gəncədə "Unutmuruq!" adlı aksiya keçirilib
Gəncədə "Unutmuruq!" adlı aksiya keçirilib
Azərbaycanda dövlət xidmətinin rəisi işdən azad edildiNaxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yanvarın 21-də Səxavət Salmanovla bağlı fərman imzalayıb.

Axar.az xəbər verir ki, fərmanda qeyd edilir ki, Səxavət Ibrahim oğlu Salmanov Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilsin.
Prezident İlham Əliyev Mehman Hüseynovla bağlı tapşırıq verdiAzərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov hazırda cəza çəkən Mehman Hüseynovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti ilə bağlı Azərtac-a açıqlama verib.

Avrasiya.net xəbər verir ki, Fuad Ələsgərov deyib ki, məhkum Mehman Hüseynov 2019-cu il yanvarın 20-də Azərbaycan Respublikasının Prezidentinə müraciət edib. Müraciətdə o, barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunması üçün Azərbaycan Respublikası Prezidentinin müdaxilə etməsini xahiş edib.

Bundan öncə, 2019-cu il yanvarın 18-də Mehman Hüseynovun məsələsi ilə əlaqədar bir qrup hüquq müdafiəçisi də Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanlamışdır. Hüquq müdafiəçiləri baş vermiş insidentlə əlaqədar süni şəkildə ajiotaj yaradıldığını, yalan məlumatların yayıldığını, yanlış ictimai rəy formalaşdırmağa cəhdlər edildiyini qeyd etmiş, Azərbaycan Respublikası Prezidentinin yüksək humanizm prinsipinə daim sadiqliyini xüsusi vurğulayaraq, Mehman Hüseynovun barəsində də mərhəmət göstərilməsini xahiş etmişlər.

Müraciətlər Azərbaycan Respublikası Prezidentinin diqqətinə çatdırılıb və cənab Prezident bu müraciətlərə dərhal reaksiya verib. Möhtərəm Prezident məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının baş prokuroruna tövsiyə edib. Eyni zamanda, cənab Prezident hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib.

Mehman Hüseynovla bağlı əvvəllər də humanist yanaşmanın şahidi olmuşuq. Belə ki, o, cəza çəkdiyi müddətdə ağır xəstəlikdən sonra vəfat etmiş anasının yas mərasimində iştirak etməyə buraxılmışdır.

Azərbaycan Respublikasının Prezidenti hər zaman bu cür müraciətlərə həssaslıqla yanaşır, öz fəaliyyətində daim ədalət və humanizm prinsiplərini rəhbər tutur və bütün dövlət məmurlarından da eyni yanaşmanı tələb edir. Həmin siyasətin təzahürü kimi onlarla amnistiya aktlarını, əfv haqqında sərəncamları göstərmək olar. Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı cənab Prezidentin son təşəbbüsləri minlərlə məhkumun azadlığa çıxmasına zəmin yaratmışdır.
Hüquq müdafiəçiləri Mehman Hüseynova görə Prezidentə müraciət etdilərAzərbaycanda bir qrup hüquq müdafiəçisi həbsdə olan bloger Mehman Hüseynovla bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Avrasiya.net-in xəbərinə görə, müraciətdə deyilir: "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum bloger Mehman Hüseynovla bağlı 16 dekabr 2018-ci il tarixində baş vermiş insident ətrafında süni şəkildə ajiotaj yaradılmasına cəhdlər davam etməkdədir. KİV və sosial şəbəkələrdə yalan məlumatlar yayılır, yanlış ictimai rəyin formalaşmasına cəhd edilir.

Mehman Hüseynov Bakı İstintaq Təcridxanasına köçürüldükdən sonra onun vəziyyəti ilə tanış olmaq məqsədilə biz – ölkənin bir qrup insan hüquqları müdafiəçiləri Mehman Hüsenova baş çəkdik, onun saxlanma şəraiti ilə tanış olduq, özü ilə söhbət etdik və müəyyən etdik ki, Mehman Hüseynovun saxlanma şəraiti, onunla rəftarla bağlı heç bir şikayət yoxdur və o, aclıq aksiyası keçirmir. Onunla görüş zamanı Mehman Hüseynovun yeganə xahişi cəzası başa çatdıqdan sonra azadlığa çıxması ilə bağlı olub.

Bu görüşdən sonra bizim açıqlamalarımız, müşahidələrimiz və qənaətlərimizi ictimaiyyətlə bölüşməyiniz xeyli dərəcədə yalan məlumatların, şayiələrin qarşısını aldı, yerli və beynəlxalq ictimaiyyətin obyektiv informasiya almasına imkan verdi.

Möhtərəm cənab Prezident!

Sizin hər zaman yüksək humanizm prinsiplərinə sadiqliyiniz və bu istiqamətdə davamlı addımlar atmağınızın şahidi olmuşuq. Bütün bunlar bizə ümid verir ki, məhkum Mehman Hüseynovu barəsində də bu iradənizi nümayiş etdirəcəksiniz. Mehman Hüseynovun gənc olmasını, bir müddət əvvəl anasının vəfat etməsini, atasının ahıl yaşda olmasını nəzərə alaraq biz və bizə qoşulan insan hüquqları müdafiəçiləri həmin şəxslə bağlı məsələyə obyektiv baxılması və onun barəsində humanizm və mərhəmət nümayiş etdirməyinizi Sizdən xahiş edirik.

Hörmətlə

Səadət Bənənyarlı
Sahib Məmmədov
Rauf Zeyni
Əliməmməd Nuriyev

Hazırkı müraciətimizə həmçinin ölkənin tanınmış insan hüquqları müdafiəçiləri Novella Cəfərova, Çingiz Qənizadə, Səidə Qocamanlı da qoşulub".