FHN əməkdaşı Dünya çempionu oldu - FOTO24-25 noyabr tarixlərində Bakıda “Sərhədçi” İdman Olimpiya Kompleksində Alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatı keçirilib.

Avrasiya.net xəbər verir ki, iki dəfə Dünya və Avrasiya kubokunun sahibi, FHN-nin əməkdaşı, peşəkar idmançı Elvin Mirzəyev 60 kq. çəki dərəcəsində keçirdiyi 4 döyüşün hamısında rəqiblərinə qalib gələrək Dünya çempionu adına layıq görülərək, kubok və medalla təltif olunub.

E.Mirzəyev həm də bacarıqlı məşqçidir. Yetişdirdiyi tələbələr arasında yarışlardan qalib olanlar da çoxdur.
FHN əməkdaşı Dünya çempionu oldu - FOTO
Xatırladaq ki, dünya çempionatında bütün yaş qrupları üzrə 18 ölkədən 500-ə qədər idmançı qüvvəsini sınayıb. Dünya çempionatında Azərbaycan ilə yanaşı, Türkiyə, Almaniya, Pakistan, Ukrayna, Əfqanıstan, Macarıstan, İran, Hindistan, Gürcüstan, Nepal, Qırğızıstan, Qazaxıstan, Rusiya, Kamerun, Türkmənistan, Nigeriya, Özbəkistan idmançıları aypara, batur, caymaz, və qurşaq sistemləri üzrə medallar uğrunda mübarizə aparıblar.

Azərbaycan idmançıları çempionatda uğurla çıxış edərək ümumi komanda hesabında birinci yeri tutublar. Türkiyə komandası ikinci, Qazaxıstan və Gürcüstan yığmaları üçüncü yerə layiq görülüblər.

Yarışlarda yüksək nailiyyətlər qazanmış idmançılara kubok, medal və xatirə hədiyyələri təqdim edilib.

Onu da qeyd edək ki, "Alpaqut” sözünün mənası "müqəddəs döyüşçü” deməkdir. Alpaqut Turan coğrafiyasında yaşayan, türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində sistemləşdirən və dərin fəlsəfi-ideoloji məna dayısan idman növüdür. Alpaqut idmanı türk döyüş sənətləri üzrə tədqiqatçı, beynəlxalq dərəcəli idman ustası kutsan Vasif Namazov tərəfindən yaradılıb və türkdilli xalqların qədim döyüş sənətinin müasir döyüş növləri ilə sintezindən ibarətdir.

Dünya Alpaqut Federasiyası 2014-cü ildən başlayaraq bir neçə beynəlxalq tədbir və yarışlar təşkil edib. Federasiyanın Azərbaycanla yanaşı, Almaniya, Böyük Britaniya, Qırğızıstan, Çexiya, Türkiyə, Gürcüstan, İran, Pakistan, Hindistan, Livan, Macarıstan, Ukrayna, Əlcəzair, Qazaxıstan, Qırğızıstan, Nepal, Özbəkistan və Rusiya üzrə nümayəndəlikləri fəaliyyət göstərir.
Saakaşvilinin qardaşına atəş açdılar - Seçkidə silahlı insidentOna atəş açıb, daha sonra hadisə yerindən uzaqlaşıblar.

Gürcüstanda prezident seçkiləri zamanı silahlı insident baş verib.

Hadisə Kaxeti bölgəsində qeydə alınıb. Belə ki, keçmiş prezident Mixail Saakaşvilinin qardaşı David Saakaşvili seçki məntəqəsinə yaxınlaşarkən naməlum şəxslər avtomobildən ona atəş açıb, daha sonra hadisə yerindən uzaqlaşıblar.

Məlumatı daxili işlər nazirinin müavini Natia Mezvrişvili təsdiqləyib. Bildirib ki, faktla bağlı araşdırma aparılır. (azvision.az)
Hadı Rəcəbli: “143 manata bir ay normal yaşamaq olar”Milli Məclisin dünənki iclasında yaşayış minimumu və ehtiyac meyarı haqqında qanun layihələri müzakirəyə çıxarılıb.

Virtualaz.org-un məlumatına görə, qanun layihələri haqqında deputatlara parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

H.Rəcəbli bildirib ki, yaşayış minimumu həm də ünvanlı sosial yardımın müəyyən edilməsi üçün əsas təşkil edir: “Gələn il yaşayış minimumu 143 manat səviyyəsində müəyyən edilib. Hesab edirəm ki, bu, normal rəqəmdir. Bu dəyişikliklə 17 min ailə üçün yenidən ünvanlı yardım almaq imkanı yaranacaq”.

Spiker Oqtay Əsədov isə bu qanun layihəsinə gələn il yenidən baxılmasını təklif edib: “Hörmətli Samir müəllim, ehtiyac meyarına gələn il baxmaq lazımdır. Həm də “Yaşayış Minimumu haqqında qanuna” da baxılmalıdır. Hər il bu məsələni müzakirə edirik, gələn il artıq baxmaq lazımdır”.
Qənirə Paşayeva əməliyyat olundu – TürkiyədəMillət vəkili Qənirə Paşayeva Türkiyədə əməliyyat olunub.

Kult.az xəbər verir ki, bu barədə məlumatı əməkdar artist Aybəniz Haşımova sosial media hesabında qeyd edib.

Aybəniz Haşımova millət vəkili ilə fotosunu paylaşaraq, onun sağlamlığında olan problem səbəbindən əməliyyat olduğunu bildirib:

“Mən bilmirəm ona necə xahiş edim ki, özünü qorusun. Bir dəqiqəsi belə boş olanda onu insanlara xərcləyən, onların dərdlərinə yanan, harayına qaçan, amma özünü bir an belə düşünməyən təvazökar, zəhmətkeş, insanpərvər bacım. Axı siz birinə bir şey olanda hamımızdan öncə qaçırsınız o adamın harayına. Niyə özünüzün canınız ağrıyanda, yaxud da əməliyyata düşəndə bizim xəbərimiz yoxdur?!

Bir daha insanlığınızın ali nümunəsini anlatdınız. Allah sizi heç vaxt dara salmasın. Siz Azərbaycana gərəksiniz. Yastığınız yüngül olsun”.
İranda baş verən təxribatlar hansı niyyətlər güdür?İranda bəluc əsilli ruhani lider Mövləvi Əbdülqafur Camalzadeh naməlum silahlıların hücumuna məruz qalaraq qətlə yetirilib.

Avrasiya.net Azərtac-a istinadən xəbər verir ki, 61 yaşlı ruhani evindən çıxıb sübh namazı qılmaq üçün məscidə gedərkən atəşə tutulub. Din xadimi 4 güllə yarası alaraq hadisə yerində ölüb. Hələlik heç bir təşkilat və qruplaşma məsuliyyəti üzərinə götürməyib. Polis və xüsusi xidmət orqanları genişmiqyaslı təhqiqata başlayıblar.

Bu gün İran ətrafında baş verən hadisə və proseslər dünya mətbuatının gündəmindən düşmür. İran ilə ABŞ, İsrail və bir sıra ərəb dövlətləri arasındakı münasibətlərdə uzun illərdir gərginlik yaşanır. Yerli mətbuat yazır ki, ABŞ-da Donald Trampın prezident seçilməsindən sonra münasibətlər daha da gərginləşərək az qala müharibə həddinə çatıb. Lakin ABŞ yaxşı bilir ki, İran Suriya, İraq və Əfqanistan deyil. O, Yaxın Şərqdə güc mərkəzi rolunu oynayır və burada hərbi əməliyyatlar aparmaq faydasızdır. Odur ki, Vaşinqton İrana qarşı “yumşaq” gücdən istifadəyə üstünlük verir. Prezident D.Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonda birmənalı şəkildə bəyan edib ki, İrana qarşı heç bir hərbi əməliyyat keçirilməyəcək. Odur ki, İranı iqtisadi sanksiyalar vasitəsilə təslim olmağa vadar etmək istəyən ABŞ və müttəfiqləri bu vasitənin də işə yaramayacağını artıq başa düşüblər. Əvvəla, Avropa dövlətləri sanksiyalardan yan keçərək İran ilə maliyyə əməliyyatlarını həyata keçirmək üçün xüsusi mexanizm hazırlayıblar. Bu mexanizm vasitəsilə İran ilə Avropa dövlətləri əvvəllər olduğu kimi ticarət əlaqələrini davam etdirə biləcəklər. Bu isə İrana sanki bir nəfəs verir və onun iqtisadiyyatının defolt olmasının qarşısını alır.

Digər tərəfdən, İranın neft ixracının qarşısı da tam olaraq alınmadı. ABŞ özü 8 dövlətə İrandan neft almağa icazə verdi. Bir sıra dövlətlər isə bəyan etdilər ki, milli maraqlarını ABŞ-ın ambisiyalarına qurban vermək fikrində deyillər. Onlar İrandan neft və qaz almağa davam edəcəklərini birmənalı şəkildə bildirdilər. Ən əsası isə ABŞ-ın özündə də İrana qarşı sanksiyaların tətbiqi yekdilliklə qarşılanmır. Bir sıra nüfuzlu senatorlar hesab edirlər ki, sanksiyalar onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirəcək və ABŞ-ın regiondakı bazaları təhlükə altında qalacaq.

Bütün bunlara baxmayaraq, Tramp administrasiyası sanksiyaları tətbiq etdi və gözlənildiyi kimi, İranla münasibətlər çox gərgin xarakter aldı. Siyasi müşahidəçilər bildirirlər ki, ABŞ müharibə etmək fikrində deyil və iqtisadi sanksiyalar da gözlənilən səmərəni vermir. Belə olan halda nə etmək lazımdır? Bəluc əsilli ruhani lider Mövləvi Əbdülqafur Camalzadehin qətlə yetirilməsi faktını həmin suala cavab hesab etmək olar. Bir qədər ətraflı olaraq qeyd etmək lazımdır ki, bu yolla İranda milli və dini zəmində qarşıdurma yaradılması prosesi artıq başlayıb. Sünni liderin öldürülməsi təsadüfi xarakter daşımır. Belə ki, hökumətə qarşı sərt bəyanatları ilə tanınan Camalzadeh İranda yaşayan sünnilərə qarşı ayrı-seçkiliyin mövcud olduğunu vurğulayırdı.

Onu da diqqətə çatdırmaq istərdik ki, Sistan-Bəlucistan İranın, necə deyərlər, çox narahat bölgəsidir. Əfqanıstan və Pakistan ilə sərhəddə yerləşən bu bölgədə əsasən sünni əhali yaşayır. Narkotik vasitələrin qanunsuz ticarəti ilə məşğul olan silahlı qruplaşmalar qaçaqmalı İranın bu bölgəsinə keçirirlər. Sərhədçilər burada tonlarla narkotik vasitə müsadirə edərək onun Avropaya daşınması üçün İrandan tranzit kimi istifadə olunmasının qarşısını alırlar. Burada silahı olmayan ailə demək olar ki, yoxdur. Əsasən ov tüfənglərindən ibarət olan bu silahlardan cinayət məqsədilə istifadə ediləcəyini də istisna etmək olmaz. Yeri gəlmişkən qeyd edək ki, M.Ə.Camalzadeh məhz ov tüfəngi ilə qətlə yetirilib.

Sünni dini liderin qətli son vaxtlar İranda törədilən ilk təxribat deyil və bunun davam edəcəyini söyləmək olar. Bu ilin oktyabrında 15 iranlı sərhədçi də məhz Sistan-Bəlucistan bölgəsindən qaçırılaraq girov götürülüb. Onlardan 5 nəfəri azad edilsə də, qalanları haqqında hələlik məlumat yoxdur. Noyabrın 25-də Tehranda futbol matçı zamanı baş verən hadisəni də təsadüfi hesab etmək olmaz. Tehranın “Pespolis” və Təbrizin “Traktorsazi” komandaları arasındakı oyun zamanı gözlənilmədən tribunada üzərində “Arsax” yazılan böyük transparant qaldırıldı və erməniləri dəstəkləyən şüarlar səslənməyə başladı. Səslənən şüarların futbol oyununa heç bir aidiyyəti yox idi və bu hadisənin də təxribat olduğu şübhə doğurmur.

Xatırladaq ki, noyabrın 17-də prezident Həsən Ruhani Şərqi Azərbaycan vilayətinə səfəri zamanı Xoy şəhərində əhali qarşısında çıxış edərkən deyib: “...düşmən qüvvələr İran ilə Azərbaycan Respublikasının münasibətlərini korlamağa çalışırlar”. Deməli, İran hakimiyyəti təxribatların olacağından xəbərdardır. Ümid etmək istərdik ki, çox güclü xüsusi xidmət orqanlarına malik İran bu tip təxribatların qarşısını almaq üçün vaxtında hərəkətə keçəcək.
Salome Zurabişvili seçkidə 55 faizlə liderdir - gürcü müxalifəti uduzurBu informasiyalar yerli vaxtla saat 17.00-da toplanıb

Xəbər verildiyi kimi bu gün Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turu keçirilib. Artıq seçki məntəqələri bağlanıb və hamı intizarla hansı namizədin qalib olacağını gözləyir.

Seçkilərin ikinci turunda hakim “Gürcü arzusu” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat partiyasının namizədi, müxalifətçi Qriqol Vaşadze mübarizə aparıb.

AzNews.az Gürcüstan mediasına istinadən xəbər verir ki, ABŞ-ın Edison Research şirkətinin apardığı ekzit-pola görə qadın namizəd Zurabişvili səslərin 55, müxalifətçi Vaşadze isə 45 faizini qazana bilib.

Bu informasiyalar yerli vaxtla saat 17.00-da toplanıb. Hazırda kimin nə qədər səs topladığı haqda rəsmi məlumat verilmir.
Çıxış vaxtı müğənni İlham Vəliyevin ağzı cırıldıDünən Rusiyanın Yekaterinburq şəhərindəki teatrda “Karmen” tamaşasının gedişində opera müğənnisi İlham Vəliyevin ağzı cırılıb.

Virtualaz.org “MegaTyumen” portalına istinadən xəbər verir ki, opera müğənnisinin özü bu barədə sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, hadisə onun qəhrəmanı - əsgər Xosenin toreadorla döyüşdüyü səhnədə baş verib. Artist qeyd edir ki, bu cür dava səhnələrinə onlar peşəkar kaskadyorun rəhbərliyi altında hazırlaşırlar və bu cür hala ilk dəfədir ki, rast gəlinir.

Ciddi zədəyə baxmayaraq, İlham Vəliyev tamaşanı sona qədər oynayıb və xəstəxanaya çatdırılıb. Onun ağzına tikiş qoyulub.

Qeyd edək ki, opera müğənnisi İlham Vəliyev Başqırdıstanın paytaxtı Ufa şəhərində anadan olub.
Azərbaycanda vəzifəli şəxs həbs olunduAzərbaycanda vəzifəli şəxs rüşvətə görə həbs edilib.

Report-un xəbərinə görə, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış Ağaqədir Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində 3 nəfər - Rean Bulut qızı Balatova, Gülqız Bədəl qızı Həmidova və Əmir Sehrab oğlu Bəkirov tanınır.

Artıq cinayət işinin ibtidai istintaq artıq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 5-nə təyin edilib.

Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib.
Erməni səfir qanuni oğrulara himayədarlıq edirAlmaniyadakı erməni mafiyasının törətdiyi cinayət əməllərində Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanın adı hallanır.

Report xəbər verir ki, bu, Almaniyanın “Der Spiegel” dərgisi və MDR televiziyasının birgə apardığı araşdırma zamanı üzə çıxıb.

Araşdırmada qeyd olunub ki, Ermənistan Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmurları Almaniyada qanuni oğruların başçılıq etdiyi erməni mafiyasına himayədarlıq edib. Qeyd olunub ki, erməni mafiyasının əməlləri bu ölkədəki erməni diasporunun nüfuzuna də mənfi təsir göstərib, eyni zamanda məhkəmə işinin başlamasına və rəsmi Berlinlə İrəvan arasında diplomatik gərginliyə səbəb olub.

Bildirilib ki, yerli polis etibar etmədiyindən erməni diasporu ilə əməkdaşlığı məsləhət görməyib. Bu etimadsızlığa səbəb Ermənistanın dövlət qurumlarında və diplomatik strukturlarında işləyən şəxslərin qanuni oğrularla sıx əməkdaşlıq etməsi göstərilib. Almaniya Federal Kəşfiyyatı səfir Aşot Smbatyanı qaçamalçılıq və 2008-ci ildə qanunsuz miqrasiyanın təşkilində şübhəli bilir. Həmin dövrdə o, səfir olmasa da, Ermənistanın Almaniyadakı səfirliyində işləyirmiş.

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan 2015-ci ildə Aşot Smbatyanı ölkəsinin Almaniyadakı səfiri təyin edib.

Səfirin aqibəti ilə bağlı Almaniya mətbuatında fikir ayrılığı var. Onların fikirincə, Ermənistan hakimiyyəti A.Smbatyanı dəstəkləyir. Ancaq bu ölkədəki dəyişikliklər onun da mövqeyini laxlada bilər.

Rusiya KİV-ləri yazıb ki, Almaniyadakı mütəşəkkil erməni cinayətkarları bayker dəstələri və İtaliyanın Kalabriy əyalətinin cinayətkar “Ndrangeyt” qrupu ilə birlikdə fəaliyyət göstərib.
Kerç böhranı: Qərb Rusiyaya ilk zərbəni endirdiQərbin Rusiyanın Kerç-Qara dəniz akvatoriyasında Ukrayna gəmilərinə hücumuna reaksiyası ilk günlər həqiqətən də zəif idi. ABŞ Prezidenti Donald Tramp ümumiyyətlə bu mövzuya toxunmur, Avropa liderləri heç münasibət də bildirmirdilər. Yalnız orta səviyyədə avropalı məmur, səfir və ya komitə sədrləri Azov dənizində baş verən böhran haqqında nəsə mövqe bildirirdi.

Bu sözləri Axar.az-a Qərbin Rusiyanın Kerç-Qara dəniz akvatoriyasında Ukrayna gəmilərinə hücumuna ciddi reaksiyasının olmaması ilə bağlı suala cavabında politoloq Eldar Namazov deyib. Qarşıda reaksiyaların getdikcə daha da sərtləşəcəyini deyən politoloq hələlik bunun pik nöqtəsinin Trampın bəyanatı olduğunu bildirib:

“Tramp dünən gözlənilmədən Argentinada G20 sammitində Putinlə nəzərdə tutulan görüşünün ləğv oluna biləcəyini elan etdi. Tramp buna səbəb kimi Kerç-Qara dəniz akvatoriyasında Rusiyanın Ukrayna gəmilərinə hücumunu göstərib. O, görüş qərarının insidentlə bağlı araşdırmalardan asılı olacağını bildirib. Bu, ruslar üçün çox gözlənilməz zərbədir. Ona görə ki, Putin Administrasiyası bundan əvvəl Fransada I Dünya müharibəsinin başlanmasının ildönümü ilə bağlı Parisdə beynəlxalq tədbir çərçivəsində amerikalı həmkarı ilə görüşə can atırdı, ancaq bu görüş də ən son məqamda baş tutmamışdı. Bu mənada ümid Argentina görüşünə idi. Hətta ABŞ Dövlət katibi Mayk Pompeo və ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton liderlərin öz aralarında Argentinada nəhayət ki, ciddi məsələləri müzakirə edəcəklərini bəyan etmişdilər. Ancaq dünən Tramp bu görüşü də sual altında qoydu. Əgər Trampla Putin arasında çoxlarının gözlədiyi görüş pozularsa, bu, Rusiya üçün çox böyük diplomatik məğlubiyyət olacaq”.

Politoloq bildirib ki, artıq aparıcı Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaların tətbiq olunması, Ukraynaya daha böyük həcmdə silahın verilməsi ilə bağlı fikirlər səsləndirməsi Azov böhranına reaksiyaların daha da sərtləşəcəyindən xəbər verir:

“Ötən günün ikinci yarısından etibarən Rusiyaya qarşı reaksiya daha da sərtləşib və ciddi hal alıb. Bunun da ən böyük göstəricisi, dediyimiz kimi, Trampın açıqlamasıdır. Hesab edirəm ki, bu addım çox böyük rezonansa səbəb olacaq. Çünki bu, beynəlxalq münasibətlərdə çox sərt addım sayılır. Sözsüz ki, bunun da sonrakı proseslərə təsiri qaçılmaz olacaq. Hər halda Trampın açıqlaması Rusiya diplomatlarını və siyasətçilərini əməlli-başlı təşvişə salıb. Onlar heç bunu şərh də etmirlər və veriləcək qərarı gözləyirlər. Bundan başqa Pompeo Poroşenko ilə telefon danışığı aparıb və artıq Ukraynaya hərbi yardımın gücləndirilməsi ilə bağlı müəyyən vədlər verilib. Bir sözlə, ilk günlərdəki reaksiyalar həqiqətən adekvat olmasa da, sonradan pərdəarxası proseslər başladı”.

Qeyd edək ki, Rusiya 25 noyabrda Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq 24 əsirlə birgə Kerç limanına aparılıb.

Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb. Ukrayna insidentlə bağlı 10 vilayətdə bir ay müddətində hərbi rejim elan edib.