Oqtay Şirəliyevin qızı Mədəniyyət naziri təyin edildiŞirəliyeva Nərmin Oqtay qızı Moskva diyarının Mədəniyyət naziri təyin edilib.

RİA Novosti xəbər verir ki, bu barədə Moskva diyarının qubernatoru Andrey Vorobyev məlumat verib. O, məlumatı region hökumətinin iclasında səsləndirib: “Moskva diyarının icra hakimiyyətində dəyişiklik var. Mədəniyyət naziri postuna Nərmin Şirəliyevanı təyin etmişəm”.

Xatırladaq ki, N. Şirəliyeva Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, müxtəlif kütləvi informasiya vasitələrində çalışıb.

İngilis və fransız dillərini bilir.

2013-cü ildən Moskva qubernatorunun administrasiyasında çalışıb.
Gürcüstanda həyəcan: qan töküldü, silahlar işə düşdü - soydaşlarımız hədəfdəSentyabrın 23-də Gürcüstanın Telavi rayonunun Vardisubani və azərbaycanlıların sıx yaşadığı Qaracala kənd sakinləri arasında məişət zəminində baş vermiş qarşıdurmadan sonra vəziyyət bir az da gərginləşib.

Bu barədə musavat.com-a qonşu ölkədə yaşayan hüquq müdafiəçisi Elbrus Məmmədov məlumat verib. Məlumata görə, ötən gecə Axmeta-Telavi yolunu bağlayan gürcü sakinlər azərbaycanlı əhaliyə qarşı təxribatçı şüarlar səsləndiriblər.

E.Məmmədovun sözlərinə görə, Gürcüstanda həyəcan yaradan hadisə baş verir: “Əgər Azərbaycan və gürcü icmalarının nüfuzlu nümayəndələri baş verən məişət cinayətinin qarşısını almasalar, bu, millətlərarası münaqişəyə çevrilə bilər”.

Xatırladaq ki, sentyabrın 23-də səhər Gürcüstanın Telavi rayonunun Vardisubani və azərbaycanlıların kompakt yaşadıqları Qaracala kənd sakinləri arasında münaqişə yaranıb. Silahlı insident nəticəsində dörd nəfər yaralanıb ki, onların da hamısı azərbaycanlıdır. İnsident Vardisubani kəndinin bazarında baş verib.

Vardisubani kəndindən olan 6 nəfərlik qrup taxta və dəmir dəyənəklərlə bazar ərazisində Qaracala kənd sakinlərinə hücum edərək fiziki güc tətbiq ediblər. Qarşıdurma zamanı odlu silahdan da atəş açılıb. Üç nəfər odlu silahdan açılan atəş nəticəsində yaralanıb, 14 yaşlı yeniyetmə isə vəhşicəsinə döyülüb. Onlar Telavi xəstəxanasına yerləşdiriliblər.

E.Məmmədovun sözlərinə görə, hər şey Qaracala kənd sakinlərinə edilən hücumdan başlayıb: “Namiq İlyazovun etiraf etdiyinə görə, onun qohumlarının üzərinə Vardisubani kəndinin silahlı sakini David Leqaşvili hücum edib. Leqaşvilini bir neçə şəxs müşayiət edib”.

N.İlyazov hücum nəticəsində zərər çəkib. Belə ki, həmin səhər azərbaycanlılar bazara gedərək öz məhsullarını satışa çıxarıblar. İlyazovun qohumu qoyun satırmış. Leqaşvili və ortaqları mal-qara alverçisini mühasirəyə alaraq onu dəmir dəyənəklə döyməyə başlayıblar. İlyazov köməyə adam çağırmağa tələsərkən, artıq qohumunun kəllə sümüyünü qırıblar.

Təcavüzkarlar bu dəfə də İlyazovun üstünə düşüblər. Sonuncunun sözlərinə görə, hücum edənlər təqribən 10 nəfər olub. Onların hamısı Vardisubani kəndinin sakinləri imiş. Nəticədə yaralanan dörd nəfər, həmçinin, Qiya Sultanov, Nəsib Sultanov və Namiq İlyazov Telavi xəstəxanasına yerləşdirilib. Onlardan biri odlu silahdan açılan atəş nəticəsində boynundan yaralanıb.

“Bu dəfə onlar tapançadan atəş açıblar. Lakin artıq bir həftədir ki, davam edən münaqişə başlayan vaxt onlar avtomatdan istifadə ediblər” - deyə hüquq müdafiəçisi bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, sentyabrın 23-də gecə vaxtı 40 dəqiqəyə yaxın Axmeta-Telavi yolu bağlı olub. Vardisubani kəndinin sakinləri olan 300-dək aksiya iştirakçısı David Leqaşvilinin azadlığa buraxılmasını tələb ediblər. Aksiya iştirakçıları anti-Azərbaycan şüarları da səsləndiriblər. Vardisubani kəndinin sakinləri bütün Qaracala sakinlərini qarşıdurmanı ilk başlamaqda günahlandırıblar. Leqaşvilinin həmkəndliləri, o cümlədən Zurab Mosaxlişvili bildirib ki, münaqişə qaracalalıların öz heyvanlarını gürcülərin kərpic kəsdikləri əraziyə sürmələrindən başlayıb. Heyvanlar kərpicləri zədələyib və bu səbəbdən də dava düşüb. Həftəsonu bazarında baş verən atışma isə həmin münaqişənin davamıdır.

E.Məmmədov qeyd edib ki, polis əməkdaşları 41 yaşlı David Leqaşvilini sağlamlığa qəsdən zərər yetirməyə görə saxlayıb. Gürcüstan DİN-inin məlumatına görə, Leqaşvili tapançadan atəş açaraq 32 yaşlı azərbaycanlını yaralayıb və gizlənib. Gürcüstan Cinayət Məcəlləsinin 118-ci maddəsi ilə araşdırma davam edir. Həmin maddə 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Aksiya iştirakçıları əvvəlcə polisdən Leqaşvilini saat 7-dək azad etməyi tələb ediblər. Verdikləri vədə başa çatandan sonra onlar Qaracala yaxınlığındakı Axmeta-Telavi yolunu bağlayıblar. İki saata yaxın SOCAR-ın benzindoldurma məntəqəsinin işi dayanıb. Yol yalnız Kaxetiya polis departamentinin rəhbəri Şota Çanukvadze hadisə yerinə gələndən sonra açılıb. Etirazçılara məhkəmənin qərarına qədər gözləmək tövsiyə edilib. Saxlanılmış Leqaşviliyə ittiham elan edilməsi qərara alınıb.

Sentyabrın 25-də məhkəmə ona qarşı profilaktik tədbirlərin görülməsi məsələsinə baxacaq. E.Məmmədov bildirdi ki, mitinq iştirakçıları polis rəisi hadisə yerinə gələnə qədər azərbaycanlıları söyüblər və təhqiramiz şüarlar səsləndiriblər: “Müsəlmanlar başımızda oturub”, “Tatarları qovmalı!”, “Gürcüstan yalnız gürcülər üçündür!”, “Yolları bağlayaq və onları ümumiyyətlə buraxmayaq”, “Tatarları kənddən kənara çıxmağa qoymayaq!”, “Onları kənddə öldürək!”. Gürcülər nədənsə azərbaycanlıları “tatar” adlandırırlar. Bu, özü-özlüyündə çox həyəcanverici siqnaldır. Hansı səbəbdənsə bu münaqişə məhz Gürcüstanda prezident seçkiləri ərəfəsində baş verir”.

Hüquq müdafiəçisinin sözlərinə görə, bütün bu tarixçədə ən təəssüfləndirici hal Azərbaycan icmasından heç kəsin öz soydaşlarının müdafiəsinə qalxmamasıdır, baxmayaraq ki, yaralananların hamısı Qaracala kəndinin sakinləridir, gürcülər deyil. Onları heç hakim “Gürcü arzusu” partiyasından parlamentə seçilən azərbaycanlı deputatlar belə, ziyarət etməyib. Bundan başqa, Kaxetiya polisinin rəhbəri Şota Çanukvadze etnik azərbaycanlıların ünvanına nifrət dolu bəyanatların səslənməsinə imkan yaradıb. Bütün bunlar bu işin nə dərəcədə “obyektiv” araşdırılacağını müəyyən etmək üçün kifayətdir.

Polisin baş verən hadisə barədə kəskin ifadələri Gürcüstanın Reginfo.ge nəşri tərəfindən dərc olunub.

“Hesab edirəm ki, bu məsələ Gürcüstan və Azərbaycanın Ombudsman aparatlarının təcili müdaxiləsini tələb edir. Hazırda münaqişə məişət səviyyəsindədir. Lakin müəyyən qüvvələr onu başqa istiqamətə yönəltmək və ondan öz maraqları naminə istifadə etmək üçün əl-qolunu çırmayıb. Bu təxribatın nəticələri azərbaycanlıların xeyrinə olmayacaq” - deyə Elbrus Məmmədov əlavə edib.

Qeyd edək ki, Gürcüstanda çoxlu sayda gürcüləşmiş, soyadlarını dəyişdirmiş erməni əsilli vətəndaşlar var. Bir sıra hallarda onlar Ermənistan kəşfiyyatının hazırladığı ssenarilərdə rol alır və etnik zəmində qarşıdurmalar yaratmaqla, tarixən bir yerdə yaşamış azərbaycanlı və gürcü əhalini qarşı-qarşıya qoymağa çalışırlar.

Ümid edirik ki, rəsmi Tiflis günahkarları tapıb tez bir zamanda cəzalandırmaqla məkrli niyyətdə olanların arzusunu gözündə qoyacaq. Azərbaycan və Gürcüstanın qırılmaz tellərlə bir-birinə bağlı olması bir çox dairələri çox narahat edir. Odur ki, olduqca ehtiyatlı olmaq lazımdır.

Mövzunu nəzarətdə saxlayacağıq.
“Lotu Quli”dən ismarıc: “Onu diri-diri yandıracam” – Şok səs yazısıÇeçen əsilli kriminal avtoritet, “Şeyx Xəmzət” ləqəbi ilə tanınan Xəmzət Qastəmirova qarşı daha bir sui-qəsd planı baş tuta bilər.

Yenicag.az-ın məlumatına görə, bununla bağlı sensasion səs yazıları yayılıb.

İddia olunur ki, Qastəmirovun qətlində maraqlı olan şəxs onun bir nömrəli düşməni, “Lotu Quli” ləqəbi ilə tanınan “qanuni oğru” Nadir Səlifovdur.

Səs yazılarından belə başa düşülür ki, Səlifov Qastəmirovu sağ ələ keçirib, onu diri-diri yandırmaq niyyətindədir. Görünür, “Lotu Quli”nin amansız arzusu Qastəmirova qarşı olan nifrətindən irəli gəlir.

Qeyd edək ki, indiyədək “Şeyx Xəmzət”ə qarşı 4 dəfə sui-qəsdə cəhd edilib. Ancaq ardıcıl olaraq Berlin, Amsterdam, Qroznı şəhərlərində təşkil olunan sui-qəsdlər uğursuz alınıb. Qastəmirova qarşı sonuncu sui-qəsd planı isə cari ilin avqustunda təşkil olunub. Lakin “Şeyx Xəmzət” Rusiyanın Pyatiqorsk şəhərində təşkil olunan sui-qəsddən də sağ qurtulmağı bacarıb.

Onu da xatırladaq ki, “Şeyx Xəmzət” 2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunur. Lənkəranskinin vəfatından sonra bütün diqqətlər Qastəmirovun üzərinə yönəlib. Elə buna görə də mütəmadi olaraq “Şeyx Xəmzət”in aradan götürülməsi ilə bağlı planlar cızılır.
Ərəb iş adamı oteldə qızı zorlamaq istədi, amma... - Dəhşətli olayın TƏFƏRRÜATI (FOTO)Təcavüz edən ərəb iş adamından qaçmaq üçün hotelin altıncı mərtəbəsindən tullanan rusiyalı model Yekaterina Stetsyuk hadisənin təfərrüratlarından danışıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı model Dubayda baş verən hadisənin detalları barədə ilk dəfə açıqlama verib. İş üçün Dubaya getdiyini deyən Stetsyuk müdiri ona evinə gəlməsini və içki təklif etdiyini bildirib. Lakin o, razı olmayıb. Modelin sözlərinə görə, əsəbiləşən iş adamı əlinə bıçaq alaraq onu zorlamaq istəyib. Xilas olmağa çalışan model özünü pəncərədən atıb.

"Düşəndən sonra məni yerdə yatarkən izləyən izdiham gördüm. Günün günorta çağı hər kəsin ortasında hərəkətsiz durmaq olduqca qəribədir”, - deyə Y.Stetsyuk bildirib.

Ölümdən dönən qızın onurğası sınıb. Ancaq iki dəfə əməliyyat olmaq məcburiyyətində qalıb. Daha sonra təcavüzkar iş adamının şikayəti əsasında "cinayətə təşəbbüs" ittihamı ilə saxlanılıb:

"Məni xəstəxanadakı yatağımdan qaldırdılar. Sadəcə barmaqlarımı və boynumu işlədə bilirdim. Əlil arabasında məni həbsə apardılar. Bıçaqla ona hücum edərək yaraladığımı dedi. Hadisədə günahlandıracaq insan kimi sadəcə məni göstərdilər. Orada qanunlar kişilərin tərəfindədir”.

Stetsyuk həbsdə rus yoldaşının yardımları sayəsində həyatda qaldığını ifadə edib. O, 3 aydan sonra Rusiyanın diplomatik səyləri ölkəsinə nəticəsində dönə bilib.

Qıza hücum edən adamın isə o vaxt deportasiya edilərək Pakistana göndərildiyini bildirib.
Bakıda sərnişin dolu avtobus ALIŞDI, İNSANLAR... - ANBAAN VİDEO"Baku Bus"MMC-yə məxsus 6 saylı marşrut xətti hərəkətdə olarkən qəfildən alışıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Publika.az-a açıqlamasında bildirib ki, avtobusun mühərriki texniki nasazlıq səbəbindən alışıb:

“Məsələ nəzarətdədir. Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb”.

Qeyd edək ki, hadisə ilə bağlı görüntüləri azxəbər.com saytına hadisə şahidləri göndərib.

Videogörüntülərdən məlum olur ki, mühərrikdəki yanğın sürücü tərəfindən söndürülüb.
Əflatun Amaşov səfir Zurab Pataradze ilə görüşübBu gün Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu rəhbəri Əflatun Amaşov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Zurab Pataradze ilə görüşüb.

Azərbaycan Mətbuat Şurasından keçirilmiş görüşdə Ə.Amaşov qonağı salamlayaraq ona qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.

Deputat dost və qonşu ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlərin daim yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb. O, əməkdaşlıq üçün yeni imkan və şərtlərin mövcudluğunu bildirərək parlamentlərarası əlaqələrin bunu dəyərləndirmək baxımından vacib platforma olduğunu dilə gətirib, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Gürcüstana bir neçə ay öncə gerçəkləşmiş səfərinin faydalı tərəflərinə toxunub.

Azərbaycanın Gürcüstanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini vurğulayan Ə.Amaşov əlavə edib ki, bütün beynəlxalq səviyyəli toplantılarda hər iki ölkənin bir-birinin maraqlarını müdafiə etməsi, bu xüsusdakı prinsipiallığı və ardıcıllığı son dərəcə vacib məqamdır.

Səfir Z.Pataradze də Azərbaycanın beynəlxalq miqyasda Gürcüstanı hər zaman dəstəkləməsini vacib məqam kimi vurğulayıb. Gürcüstan üçün Azərbaycanın ərazi bütövlüyü toxunulmazlığının mühüm əhəmiyyət daşıdığını qeyd edən səfir siyasi müstəvidəki tərəfdaşlığın iqtisadi münasibətlərin genişlənməsi üçün münbit zəmin yaratdığını diqqətə çatdırıb. O, ciddi potensiala malik hər iki ölkəni bu baxımdan böyük gələcəyin gözlədiyinə əminliyini ifadə edib.

Görüşdə Azərbaycan və Gürcüstan arasında müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində münasibətlərin genişləndirilməsi imkanları müzakirə olunub. Bildirilib ki, hər iki ölkənin turizm potensialı böyükdür. Turizm sektorunun dayanıqlılığı, rentabelliyi və yüksək rəqabətə davamlılığı üçün yerli kənd təsərrüfatının inkişaf etdirilməsi prioritet vəzifədir.

Görüşdə qarşılıqlı maraq doğuran bir çox digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
"Azərbaycana 250 milyard dollar investisiya qoyulub"Sentyabrın 25-də Romadakı Custiniani sarayında “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq münasibətləri” adlı konfrans keçirilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva və İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati konfransın açılışında iştirak ediblər.

Konfransı açan İtaliya Senatında İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Rossana Boldi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən bu tədbirin əhəmiyyətindən bəhs edib. O, İtaliya-Azərbaycan əlaqələrinin çox yüksək səviyyədə inkişaf etdiyini bildirib və ikitərəfli strateji əməkdaşlığın önəmini qeyd edib. İki ölkə arasında əlaqələrin hər bir sahədə inkişaf etdiyini deyən Rossana Boldi Azərbaycan-İtaliya münasibətlərinin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın rolunu xüsusi vurğulayıb. O, Heydər Əliyev Fondu tərəfindən İtaliyada həyata keçirilən layihələrin bu ölkənin mədəni irsinin qorunması baxımından önəmli olduğunu söyləyib.

İtaliyada bu cür əhəmiyyətli konfransın keçirilməsinin önəmini qeyd edən İtaliya Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kasellati deyib: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin İtaliyada qeyd olunması bizim üçün bir şərəfdir. Bu tədbirin burada keçirilməsinin çox böyük önəmi var. Çünki bu binada İtaliyanın Konstitusiyası imzalanıb. Bu il biz Konstitusiyanın imzalanmasının 70 illiyini qeyd edirik”.

100 il bundan əvvəl Azərbaycan Respublikasının parlamentində ilk dəfə olaraq seçkilərin keçirildiyini, qadınlara tam seçki hüququnun verildiyini qeyd edən Senatın sədri bildirib ki, bu, regionun tarixində önəmli bir addım idi. Həmçinin Azərbaycan parlamentində bir çox millətlərin nümayəndələrinin təmsil olunması mürəkkəb bir dövrdə ölkənin tarixində əhəmiyyətli bir iz buraxıb.

Azərbaycan-İtaliya əlaqələrinə toxunan Maria Elisabetta Alberti Kasellati ölkələrimiz arasındakı münasibətlərin qədim tarixinin olduğunu bildirib.

Heydər Əliyev Fondunun İtaliya üçün çox xüsusi əhəmiyyətə malik tarixi-mədəni abidələrin bərpası ilə bağlı həyata keçirdiyi layihələrdən bəhs edən Senatın sədri Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya iki ölkə arasında mədəni əlaqələrin inkişafındakı roluna görə təşəkkür edib.

Azərbaycanın “Milan Expo 2015” beynəlxalq sərgisindəki pavilyonunun ən çox ziyarət olunan və yüksək dəyərləndirilən povilyonlardan biri olduğunu qeyd edən Maria Elisabetta Alberti Kasellati deyib: “Bu gün Azərbaycan Qafqaz ölkələrindən biri kimi həm siyasi, həm də iqtisadi baxımdan Aralıq dənizi ölkələrinin həyatında çox böyük rol oynayır. İtaliya Azərbaycandan enerji idxal edən birinci ölkələrdəndir. Bu gün İtaliya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində çox önəmli rol oynayır və xüsusilə də neft sənayesinin inkişafına təkan verir”.

Senatın sədri İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyətlərinin daha da genişlənəcəyinə əminliyini ifadə edib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolundan bəhs edən Maria Elisabetta Alberti Kasellati qeyd edib ki, bu gün iki ölkənin gəncləri arasında da çox gözəl münasibətlər formalaşır, universitetlər və digər mədəniyyət mərkəzlərinin əlaqələri getdikcə dərinləşir.

Maria Elisabetta Alberti Kasellati terrorizmin və ekstremizmin cərəyan etdiyi bir dövrdə təhlükəsizliyin təmini üçün ölkələr və xalqlar arasındakı əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətindən danışaraq Qərb ilə Şərq arasında körpü rolunu oynayan, Avropa İttifaqının önəmli tərəfdaşı, İtaliyanın tarixi dostu olan Azərbaycanın bu istiqamətdəki rolunu xüsusi vurğulayıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva konfransda çıxış edib.


Mehriban Əliyeva bildirib:
- Hörmətli İtaliya Respublikası Senatının sədri xanım Kasellati.

Hörmətli tədbir iştirakçıları, xanımlar və cənablar, əziz dostlar.

Mən sizin hamınızı səmimi qəlbdən salamlayıram. İlk növbədə, İtaliya Senatında Azərbaycana həsr olunmuş tədbirin keçirilməsində bizə dəstək göstərdiyinizə gözə, xanım sədr, Sizə dərin minnətdarlığımı bildirirəm.

Bugünkü konfrans ölkəmizin taleyində çox əhəmiyyətli bir hadisəyə həsr olunub. 100 il bundan əvvəl müsəlman aləminin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti cəmi iki il davam etdi. Biz fəxr edirik ki, hələ XX əsrin əvvəllərində Azərbaycan xalqı mütərəqqi və azadlıq ideyalarına əsaslanaraq öz müstəqilliyini əldə etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda ölkəmiz üçün çox vacib olan addımlar atdı. Azərbaycanda demokratiya institutları formalaşmağa başladı, çoxmillətli parlament fəaliyyətə başladı, ölkə üçün 200-dən çox vacib qanunlar qəbul edildi, o cümlədən Azərbaycan qadınlarına səsvermə hüququ verildi. Müsəlman qızları üçün ilk dünyəvi məktəb açıldı, Azərbaycanın dövlət bayrağı təsis olundu, milli ordumuz yarandı. Əfsuslar olsun ki, gənc respublika cəmi 23 ay yaşadı. Ölkəmiz ciddi geosiyasi problemlərlə üzləşərək müstəqilliyini itirdi.

1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdi və Azərbaycan xalqı öz ölkəsinə, öz taleyinə sahib oldu. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin dövlətçiliyinin əsaslarının təməlini qoyub. Bu gün Azərbaycan dövləti və Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır, ölkəmizdə və Azərbaycana tərəfdaş olan ölkələrdə 100 illik yubileyə həsr olunmuş tədbirlər keçirilir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir. Parlamentlərarası dostluq qrupları, hökumətlərarası komissiya fəaliyyət göstərir. 2014-cü ildə İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyannamə qəbul edilmişdir. Siyasi dialoq çox yüksək səviyyədə inkişaf edir, Azərbaycan Respublikasının Prezidenti dəfələrlə İtaliyada rəsmi səfərdə olmuşdur. Bu ilin iyul ayında İtaliya Respublikasının Prezidenti cənab Mattarella Azərbaycanda səfərdə olmuşdur. Bu, tarixi bir hadisədir. Çünki İtaliya-Azərbaycan əlaqələrinin tarixində ilk dəfə idi ki, İtaliya Respublikasının dövlət başçısı ölkəmizdə səfərdə olmuşdur. Səfər çox uğurla keçdi və əminəm ki, ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə öz töhfəsini verməkdədir.

Ölkəmizdə səfərdə olan zaman cənab Prezident Mattarella məni Böyük Xaç Kavaleri ordeni ilə təltif etdi. Bu, mənim üçün böyük şərəfdir və fürsətdən istifadə edərək bir daha cənab Prezidentə öz dərin minnətdarlığımı çatdırmaq istəyirəm.

İqtisadi əlaqələrimiz çox gözəl müsbət dinamika göstərir. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanda 95 İtaliya şirkəti fəaliyyət göstərir. Onlar müxtəlif sahələrdə həm özəl sektorla, həm dövlət qurumları ilə əməkdaşlıq edir, xidmət, ticarət, nəqliyyat, kənd təsərrüfatı, şərabçılıq və digər sahələrdə çox uğurlu iş birliyi yaradılıb.

Bu ilin iyul ayında Azərbaycan və İtaliya prezidentlərinin iştirakı ilə Sumqayıtda SOCAR Polimer layihəsi çərçivəsində polipropilen zavodunun açılışı olmuşdur. Bu zavodun tikintisinin podratçısı İtaliyanın “Maire Tecnimont” şirkətidir. Cari ilin fevral ayında “Maire Tecnimont” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında Heydər Əliyev adında Bakı neft emalı zavodunun modernləşdirilməsi və yenidən qurulması haqqında müqavilə bağlanmışdır. Təkcə bu layihələrin ümumi dəyəri 2,5 milyard dollar təşkil edir. “Maire Tecnimont” şirkətinin bu layihələrdə payı 1,3 milyard dollardır. Bu rəqəmlər bir tərəfdən Azərbaycan ilə İtaliya arasında olan iqtisadi əlaqələrin miqyasını, digər tərəfdən ölkəmizdə mövcud olan iqtisadi inkişafın dinamikasını və miqyaslarını göstərir.

Azərbaycanda son 15 ildə iqtisadiyyat 3,2 dəfə artmışdır. Ölkəyə 250 milyard dollar investisiya qoyulmuşdur. Bu investisiyaların təxminən yarısı xarici investorlar tərəfindən ölkəmizə gətirilmişdir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir. Biz sosialyönümlü siyasət aparırıq. Son illər ölkəmizdə işsizliyin səviyyəsi kəskin şəkildə enmişdir və cəmi 5 faiz təşkil edir. Yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşmüşdür. Davos Dünya İqtisadi Forumu Azərbaycanın iqtisadiyyatını rəqabət qabiliyyətinə görə 35-ci yerə layiq görmüşdür. İnklüziv İnkişaf İndeksinə görə Azərbaycan inkişaf edən ölkələr arasında 3-cü yerdədir. Bütün bu göstəricilər onu göstərir ki, Azərbaycanda həm iqtisadi, həm siyasi baxımdan çox sabit vəziyyət yaranıb, investisiyalar üçün çox gözəl mühit var. Biz İtaliya şirkətlərini ölkəmizə dəvət edirik, mövcud olan şəraitdən istifadə etmək üçün bütün qapılar açıqdır.

Azərbaycan regionun aparıcı dövlətidir. Bütün irimiqyaslı layihələr Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilir. Ötən ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı oldu və bu dəmir yolu istifadəyə verildi. Bu, Avropa ilə Asiyanı bağlayan ən qısa yoldur.

Ölkəmiz Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməkdədir. Azərbaycan tərəfdaş ölkələrlə “Cənub Qaz Dəhlizi” layihəsini uğurla icra edib. Bu ilin may ayında layihənin Bakıda rəsmi açılışı oldu. Layihənin böyük hissəsini təşkil edən TANAP boru kəmərinin açılışı bu ilin iyun ayında Türkiyənin Əskişəhər şəhərində olmuşdur. Ümumi dəyəri 40 milyard dollar olan bu layihə Azərbaycan qazını Avropaya nəql edəcəkdir.

Azərbaycan sülhsevər, qədim sivilizasiyaya, qədim mədəniyyətə və tarixə malik olan bir ölkədir. Ölkəmizdə dini və ya milli zəmində heç zaman heç bir qarşıdurma olmayıb və bu gün də yoxdur. Əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin nümayəndələri sülh, qarşılıqlı hörmət şəraitində yaşayıblar. Təsadüfi deyil ki, bu gün də Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Ölkəmizdə mütəmadi şəkildə multikulturalizmə həsr olunmuş beynəlxalq forumlar, mədəniyyətlərarası dialoq forumu keçirilir. Azərbaycanın bu təşəbbüsü BMT, UNESCO, ISESCO kimi mötəbər beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və dəstəklənir. 2008-ci ildə Bakıda Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin görüşü keçirilmişdir. Bu təşəbbüsə “Bakı Prosesi” adı verilmişdir. “Bakı Prosesi” bu il 10 illiyini qeyd edir. Bu proses davam edir, millətlər və xalqlar arasında səmərəli dialoqun qurulmasına xidmət edir.

Azərbaycan sülhsevər ölkədir. Biz qonşularımızla və digər dövlətlərlə siyasətimizi qarşılıqlı maraq və qarşılıqlı hörmət əsasında qururuq. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, artıq 25 ildən çoxdur Azərbaycan xalqı qonşu Ermənistanın işğalçı siyasətindən əziyyət çəkir. Bu siyasət nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal altındadır, 1 milyon soydaşımız məcburi köçkün və qaçqın vəziyyətində yaşayır. Təkcə Xocalı faciəsi nəticəsində bir gecə ərzində 600-dən çox günahsız insan, o cümlədən qadınlar, uşaqlar, yaşlılar vəhşicəsinə öldürülmüşdür. Mindən çox insan itkin düşmüşdür. On dörd ölkə Xocalı faciəsini rəsmən soyqırımı kimi tanıyıb. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamə erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin Ermənistan beynəlxalq hüququn normalarını kobudcasına pozaraq işğalçı siyasətini davam etdirir. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan sülhsevər ölkədir, biz danışıqlar aparırıq. Biz hesab edirik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn normaları əsasında öz həllini tapmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, Dağlıq Qarabağ və ətrafında yerləşən 7 rayon işğaldan azad olunmalıdır, bütün qaçqınlar və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdır. Ümidvaram ki, İtaliya ATƏT-in fəaliyyətdə olan sədri kimi münaqişənin həllində böyük rol oynayacaq.

Əziz dostlar, mən bir daha qeyd etmək istəyirəm ki, sizin gözəl Roma şəhərində yenidən olmağımdan çox şadam. Mən böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bizim əlaqələrimiz - siyasi, iqtisadi və humanitar əlaqələrimiz çox yüksək səviyyədə inkişaf edir. Mən xüsusən humanitar sahədə olan əlaqələri qeyd etmək istəyirəm. Xanım sədr bu haqda söylədi, hesab edirəm ki, insanları və xalqları bir-birinə daha yaxın edən, daha dost mühit yaradan məhz humanitar sahədir, elmdir, mədəniyyətdir, təhsildir və bu sahələrdə biz böyük nailiyyətlər əldə etmişik. Mən bir daha böyük məmnuniyyətlə qeyd etmək istərdim ki, İtaliya-Azərbaycan münasibətləri müsbət dinamika ilə inkişaf edir. Əminəm ki, xalqlarımız arasında olan dostluq münasibətləri bundan sonra da güclənəcəkdir.

Mən sizin hər birinizə bu tədbirdə iştirak etdiyinizə, qonaqpərvərliyinizə görə bir daha dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun.

X X X

Sonra konfrans işini panel iclaslarla davam etdirib. Çıxışlarda tədbirin əhəmiyyəti xüsusi qeyd edilib. Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində atdığı mütərəqqi addımlardan ətraflı bəhs olunub. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizdə dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Yüz il bundan əvvəl formalaşan Azərbaycan parlamentində müxtəlif millətlərin nümayəndələrinin təmsil olunması mühüm addım kimi qiymətləndirilib.

Çıxışlarda İtaliya-Azərbaycan əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdiyi bildirilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu xüsusi vurğulanıb. Heydər Əliyev Fondunun ikitərəfli münasibətlərin inkişafına töhfəsi qeyd edilib.

Sonda Azərbaycan Xalq Cümhuriyyəti haqqında qısa film nümayiş olunub.

İsgəndər Həmidov Paşinyanı duelə çağırdı: “İstədiyi silahı seçsin...”“Paşinyanın əlini-qolunu yığmaq, onu susdurmaq üçün hərbi yolla 2-3 rayonu azad etmək lazımdır. Onda Paşinyanın ağlı avtomatik olaraq başına gələcək...

Bu sözləri AzNews.az-a müsaibəsində sabiq daxili işlər naziri İsgəndər Həmidov dedi. Onunla olan söhbəti təqdm edirik:

- Cənab Həmidov, “Real” partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası arasında sanki “soyuq dava” gedir. Sosial şəbəkələrdə AXCP tərəfdarlarının “Real”a qarşı qısqanclığı açıq-aşkar hiss olunur. Sizcə, bunun səbəbi nədir?

- Bu cür konfliktlərə qarışmıram. Ona görə də onların bir-birinə qarşı qısqanclığı barədə heç nə deyə bilmərəm. Əslində, elə cavanlıqa da dedi-qodudan, bir-biri ilə icəşməkdən uzaq olmuşam.

- İstərdim ki, Azərbaycan Ordusunun bugünkü gücü, xüsusən də Türkiyə ilə əməkdaşlığını şərh edəsiniz. Bilirsiniz ki, Türkiyə ordsu ilə birgə davamlı hərbi təlimlər və paradlar keçirilir.

- Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığını çox yüksək qiymətləndirirəm. Türkiyə hər zaman bizim yanımızdadır və Türkiyə Ordusu 1914, 1918-ci illərdə xilaskar kimi tarixə düşüb. Birgə keçirilən hərbi paradlar da insanlarımıza qürur verir. Bütün bunlar mətbuatda geniş şəkildə işıqlandırılır. Bilirsiniz, bizim mətbuatı ermənilər də çox yaxından izləyirlər. Şübhəsiz ki, bütün bunlar düşməndə ciddi xof yaradır. Azərbaycan xalqı güclüdür, döyüşkəndir. Təbii ki, Azərbaycan Ordusu da vaxtı gələn kimi öz sözünü Qarabağda deyəcək. Ordumuzu sevirəm, ordu bizimdir, xalqın ordusudur, ordunun hər bir nəfəri bizim balalarımızdır.

- Ermənistanın baş naziri Nikol Paşinyan son vaxtlar sanki başını itirib. Ağzına və ağlına nə gəldi danışır. Bu adamı necə xaraktezə edərdiniz?


- Paşinyan artıq sərsəmləyir və yumruq yeməyənə qədər belə də edəcək. Əslində, onun başqa yolu yoxdur, ardıcıl şəkildə qışqırmaqla, boş-boş bəyanatlar verməklə, Dağlıq Qarabağla bağlı populist çıxışlar etməklə özünün erməni xislətini bir daha ortalığa qoyur. Biz bir şeyi bilməliyik ki, erməni rəhbərliyində kim olursa-olsun, erməni ermənidir. Erməninin xisləti bəllidir. O ki qaldı Paşinyanın Azərbaycan xalqını təhqir etməyinə, əgər onda zərrə qədər də kişilik varsa, özünü qəhrəman sayırsa, istədiyi ölkədə, istədiyi silahı seçsin, mən onunla təkbətək vuruşmağa hazıram. Paşinyanın sərsəmləməyi bir daha göstərir ki, Ermənistanın ardıcıl və sağlam siyasəti yoxdur. Ümumiyyətlə, Paşinyanın əlini-qolunu yığmaq, onu susdurmaq üçün hərbi yolla 2-3 rayonu azad etmək lazımdır. Onda Paşinyanın ağlı avtomatik olaraq başına gələcək.

- Bir az da Azərbaycanın mədəniyyət aləmindən danışaq. Sizcə, bugünkü incəsənət adamının çatışmayan əsas cəhəti nədir?

- Azərbaycanın mədəniyyət aləmində çox istedadlı sənətkarlar, muğam ifaçıları var. Amma onların bəzilərini gözdən salan danışıqları, yaradıcılıqları deyil, yaltaqlıq və məddahlıqlarıdır. Eyni zamanda, layiq olmayan şəxslərə fəxri adlar - əməkdar artist, xalq artisti adları verəndə layiq olmayanları da layiq olanlarla bərabər tuturlar. Bu da ictimaiyyəti qıcıqlandırır. Çünki insanların düşüncəsi, təfəkkürü fərqlidir. Mən həmişə demişm, xanəndə heç vaxt xırdaçılığa, heç kimin qapısına getməməlidir, əksinə, xanəndənin, şairin qapısına gələrlər. Amma bizdə incəsənəti bir alver predmetinə döndəriblər. Amma mədəniyyət adamlarının hər biri bizim milli sərvətimizdir. İstəmərəm ki, onların adı ilə bağlı pis qalmaqallar, qeyri-etik fotoşəkillər paylaşılsın. Bu yaxınlarda Elnur adlı gənc bir ifaçıya əməkdar artist adı verildi, mən uşaq kimi sevindim ki, bəli, incəsənətə qiymət verildi.

- İsgəndər bəy, bildiyimizə görə, vaxtilə Rasim Balayevlə konfliktiniz olub.


- Rasim Balayevlə çox yaxşı münasibətlərimiz var. O məsələdən sonra zəngləşib danışdıq, cavan vaxtı olub, keçib gedib. Rasim Balayev böyük sənətkardır. O şeir deyəndə mən həzz alıram. Siz hələ Rasim Balayevin oxumağını eşitməmisiniz. Mən cavan vaxtı eşitmişəm, onun səsi Qədir Rüstəmovun səsi kimi gur idi. Bu adamlar Azərbaycanın milli sərvətləridir. Onlar haqqında mənfi söz demək düzgün deyil. Bu cür insanlar hiss adamlarıdır.

- Dediniz ki, inciklik baş verən vaxt cavan olmusunuz. Bəs, bu konflikt əslində nədən yaranmışdı?

Əslində, konflikt heç nədən yaranmışdı. O vaxt onlar Kəlbəcərdə, İstisuda kino çəkirdilər. Baş rolda rəhmətlik Hökumə Qurbanovanın qızı ilə Şahmar Ələkbərov oynayırdı. Rasim də Babək rolunda çəkilib gəlmişdi. O da cavan idi, yan yörəsindəkilər də. Bu cavanlığın da nəticəsi o oldu ki, onlar tans oynamağa yerli bir qızı dəvət elədilər. Qız da nişanlı idi. 2-3 dəfə başa saldıq ki, bu qızın nişanlısı var, özü də yerli adamdı. Başa düşmədilər deyə, aramızda konflikt yaşandı. Yəni keçmişdə qalan bir şeydi, buna görə, Rasimdən küsmək, incimək düzgün deyil.

- Həyat yoldaşınız Rəna xanım rəhmətə gedəndən sonra çox sarsıldınız. Özünüzə gələ bilirsinizmi?


- Mən elə bilirdim ki, möhkəm adamam, məni nə əymək olar, nə sındırmaq. Amma tənhalıq çox pis şeydir, ailənizin qədrini bilin. Mən evdə hansısa problemin olmağını bilməmişəm. O, məni bütün problemlərdən azad eləmişdi. Uşaqlar necə böyüyürdü, necə oxuyurdu xəbərim yox idi. Milli azadlıq hərəkatı, həbslər filan başımı qatmışdı. Bunların hamısı ilə Rəna xanım məşğul olurdu. Bir ana, bir həyat yoldaşı kimi həmişə ondan razı olmuşam. Ümumiyyətlə, dünyada Azərbaycan qadınından gözəl, namuslu, qeyrətli ikinci bir qadın tanımıram. Azərbaycan qadını eyni anda qardaşının, atasının, ərinin və övladlarının namusunu qoruyur...
Təhlükəsizlik üzrə növbə rəisi 450 min pul oğurluğuna görə həbs olunduMülkiyyət əleyhinə olan və bu zaman zərərçəkənlərə külli miqdarda ziyan vurmaqla törədilən oğurluq hadisələrinin açılması istiqamətində daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Sumqayıt şəhəri ərazisində yerləşən MMC-lərin birinin mühasib otağındakı seyfin qapısının naməlum şəraitdə sındırılaraq oradan 450000 manat oğurlandığı barədə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət olunub:

"Məlumat daxil olan kimi idarədə yaradılan əməliyyat-istintaq qrupu tərəfindən dərhal hadisə yerinə baxış keçirilib. Yüksək peşəkarlıqla və "isti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluq hadisəsinin Sumqayıt şəhər sakini Rauf Nəbiyev tərəfindən törədilməsi müəyyən edilib və o, görülən zəruri tədbirlər nəticəsində saxlanılıb. Araşdırma zamanı məlum ki, saxlanılan şəxs qeyd edilən MMC-də təhlükəsizlik üzrə növbə rəisi işləyib. Bu səbəbdən o, seyfin saxlanıldığı otağın harada yerləşməsi, həmçinin içində nə qədər pul olması barədə məluumatlı olub. R.Nəbiyev istintaqa verdiyi ifadəsində oğurluq etdiyini etiraf edib.

Əməliyyat tədbirlərinin davamı olaraq R.Nəbiyevin seyfdən oğurladığı pulun əksər hissəsi onun yaşadığı evdən aşkar olunaraq madddi sübut kimi götürülüb və müvafiq protokol tərtib edilərək MMC-yə qaytarılıb".

Qeyd edilən faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Kabab bişirənlər və yeyənlərin DİQQƏTİNƏ: Xərçəng ola bilərsiniz – VİDEOKabab insan sağlamlığı üçün ziyandır. Müqayisə olunur ki, yanğınsöndürənlər alov baş verən yerdə bir müddət qalanda çətin anlar yaşayır.

ARB TV-nin “Günə doğru” verilişində kababların insan orqanizminə necə və nə qədər ziyan vurması barədə süjet hazırlanıb.

Mirzəli Cəfərquliyev – Həkim: “Əgər taxta yana-yana üzərində ət qızardarsansa, bəli, ziyanı ola bilər. Amma kabab bişirilməzdən qabaq kömür bir müddət yandırıldıqda bu prosesdə ziyan yoxdur. Kömürün yanar qazları artıq azad olduğu üçün”.

Amma digər mütəxəssislər var, deyir ki, necə ola bilər ki, kababın ziyanı olmasın, ziyanı var. Özü də xərçəng xəstəliyi səviyyəsində.

Leyla Zülfüqarlı – Diyetoloq: “Daha çox qızardılmış ət yeyən insanların mədələrində xərçəng yaranma ehtimalı yüksəkdir. Daha çox odun üzərində, kömürlə təmasda olan yeməklərdən istifadə zamanı əmələ gəlir”.

Fərqli yanaşmalar, fərqli baxışlar var. Düzdür, məsələn əksəriyyət deyə bilər ki, kababdır da. Ta qədimdən yeməyimizdir. Həmişə yemişik, nəsə olub ki? Bu adamlardan biri də kakab bişirənlərdir. Kim məşğul olduğu işə, təqdim etdiyi məhsuluna pis deyər?

Yeri gəlmişkən kabab bişirənlər məsələsində dayanaq. Onlar da ən çox kömür, yanar odla təmasda olduğundan bir neçə məsələyə fikir verməlidirlər. Ziyan birdən təsir etmir, tədricən toplanır.

Leyla Zülfüqarlı – Diyetoloq: “Kabab hazırladıqdan sonra paltarlarını yusunlar. Çünki, odun yanan zaman zərərli maddələr yayılır”.

Evdə bişirilən kabablara müasir dövrdə izqara deyilir. Onların ziyanı isə kömürdə bişən kababdan 2 dəfə azdır. Amma bir iş var ki, dadı kömürdə bişən kababa çata bilməz. Kababın zərərli tərəfləri olsa da, heç olmasa qızardılmış yeməklərlə müntəzəm qidalanmağı azaltmaq lazımdır. Çünki, hər kəsə məlumdur ki, nəinki kabab, istənilən qızardılmış yemək sağlamlığa ziyandır.