Toğrul İsmayıl Etimad İsmayılovun qətlindən danışdıEtimad İsmayılovun həyat yoldaşı Sevil xanımı (Sevil Nuriyeva – red.) daha çox tanıyıram, işimizə görə bir-birimizi yaxşı tanıyırıq. Etimad bəy də burada kifayət qədər tanınırdı. Etimad bəyin ölümünə səbəb olan qatillə isə heç bir əlaqəm yoxdur. Mən burada elm sahəsində olan insanları daha çox tanıyıram. Biznes mühitində olanlarla o qədər də əlaqəm yoxdur.

Bu sözləri Türkiyədə yaşayan azərbaycanlı professor Toğrul İsmayıl İstanbulda iş adamı Etimad İsmayılovun qətli və digər bəzi məsələlərlə bağlı “Yeni Müsavat”a geniş müsahibəsində bildirib.

T.İsmayıl qeyd edib ki, həmyerlilərimiz arasında qətllə nəticələnən belə hadisələr problemləri dialoq yolu ilə həll etməmək səbəbindən tez-tez baş verir:

“Düşünürəm ki, bu məsələ bir qədər şişirdilir. Düzdür, bizə düşmən lazım deyil. Rusiya və digər ölkələrdə iş adamlarımız ortaqlarını, həmyerlilərini qətlə yetirirlər. Cəmiyyətlərdə olan neqativ hallar fərdlərin üzərinə çökür. Bu da harada yaşamağından asılı olmayaraq, özünü göstərir. Mənə görə insan həyatı puldan qat-qat üstündür. Pula görə insanı qətlə yetirmək doğru deyil. Maddiyyatın hər şeyin üzərinə çıxdığı cəmiyyətlərdə belə məsələlər daha çox qabarır. Burada çoxlu ziyalıımız, iş adamımız var. Ziyalılarla iş adamlarının bir araya gəlib görüşdüklərini görmədim. Diasporun fəaliyyəti də görünmür.

Mən Kahramanmaraşdayam. Burada universitetdə dərs deyirəm. Burada azərbaycanlı tələbələr az deyil. Durumları bərbad gündədir. Hanı azərbaycanlı iş adamları? Milyonlar, milyardlar qazanırlar. Amma kimə dəstək olublar?”

Professor bildirib ki, Etimad İsmayılovun qətlini şiddətli şəkildə qınayır:

“Nə deyirlər desinlər, nə problem olursa olsun, iki nəfər arasındakı problem qətllə nəticələnməməlidir. Etimad bəyin övladı yetim qaldı. Bu yetimin göz yaşını milyonlarla, milyardlarla pul əvəzləyə bilməz. Bunu insanlarımız anlamalıdırlar. İnsan həyatına bir dəyər kimi baxılmalıdır”.

T.İsmayıl Etimad İsmayılovun cənazə namazında Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun iştirakı barədə də fikir bildirib:

“Sevil xanım Türkiyədə populyar bir jurnalistdir, telekanallarda çox ciddi proqramlara qatılır. İqtidara yaxınlığı ilə tanınan bir şəxsdir. Hakim dairələrdə kifayət qədər tanınır. Kim imkan tapmışdısa, cənazə namazına qatılmışdı. Bu baxımdan burada başqa nələrisə düşünmək doğru deyil. Mən şəxsən o mərasimə işdə olduğum üçün qatıla bilmədim. Amma bizim də ailədən orada iştirak edən oldu. Bu da bizim borcumuzdur. Sevil xanımın siyasi baxışlarına qatılarsınız, yaxud qatılmazsınız, amma o, Azərbaycan üçün bir dəyərdir.

İş adamı olaraq Etimad bəy də kifayət qədər tanınırdı. İş adamı kimi hökumətlə də müəyyən işlər görürdü.

Türkiyədə bizə münasibət həmişə yüksək səviyyədə, qardaş münasibəti olub. Bu bir cinayətdir. Öldürən də mərhumun iş ortağıdır. Burada bizlərə qarşı hər hansı bir xoşagəlməyən münasibət olsaydı, bu gün biz dövlət universitetində professor və kafedra müdiri olmazdıq. Yaxud belə bir şey olsaydı, bu gün Sevil xanıma problemlər yaradılardı. Azərbaycan türklərinə burada qardaş gözü ilə baxırlar. Azərbaycanlıları burada öldürürlər kimi fikirlər səsləndirmək heç kimə yaraşmaz. Son qətldə öldürülən də, öldürən də azərbaycanlıdır. Daha öncə İstanbulda bir cinayət baş vermişdi, onu da edən azərbaycanlılar olmuşdu”.
Qaçqınkomda növbəti kadr dəyişiklikləriAzərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kadr dəyişiklikləri olub.

Report xəbər verir ki, komitənin bir neçə şöbəsinin, departamentinin və sektorunun rəhbərliyi dəyişdirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin əmri ilə komitənin Regional idarəetmə, sosial təminat və hümanitar yardım şöbəsinin Humanitar yardım sektorunun müdiri Quliyev Elman Şahlar oğlu vəzifəsindən azad edilib. Həmin vəzifəyə təyinat olmayıb.

Komitənin Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsi Status sektorunun müdiri, şöbə müdirinin müavini Mürsəlov Telman İslam oğlu vəzifəsindən azad edilib. Həmin vəzifəyə Abdullayev Etibar Məmməd oğlu təyin olunub.

Şöbənin Məskunlaşma, miqrasiya və məşğulluq sektorunun müdiri Süleymanov İlqar Xalid oğlu da vəzifəsindən xaric edilib. Sektor müdiri vəzifəsinə Ələsgərov Muxtar İslam oğlu təyin olunub. O, əvvəllər Regional idarəetmə, sosial təminat və hümanitar yardım şöbəsinin Regional idarəetmə sektorunun müdiri vəzifəsində çalışıb.

Bundan başqa, Məmmədov Ələddin Seyfəddin oğlu Tikinti Təmir və Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilib. Həmin vəzifə Əlvəndov Rövşən Aydın oğluna həvalə olunub.

Komitənin Mənzil İstismar Departametinin direktor müavini də Quluyev Qulu Nayfalı oğlu da vəzifəsindən xaric edilib. Onun yerinə Məmmədov Asif Lətif oğlu təyin olunub.

Departamentdə sektor müdiri İsgəndərov Nazim İdris oğlu da çıxarılıb. Həmin vəzifə Əliyev Elnur Zakir oğluna həvalə edilib.
Rüşvət alan məmurun rütbələri söküldü - Videoİndoneziyada rüşvət aldığı üzə çıxan məmurun rütbələri yoldaşlarının gözü önündə sökülüb, uniforması isə əynindən çıxarılıb.

Qaynarinfo.az xəbər verir ki, uniforması əlindən alınan məmura daha sonra mülki geyim verilib və işdən çıxarılıb.

Bütün bunlar yoldaşlarının və cəmiyyətin gözü qarşısında edildiyi üçün məmur göz yaşlarını saxlaya bilməyib.
İsveçdə deputat seçilən azərbaycanlılar - FOTOBu il İsveçdə keçirilən parlament seçkilərində bir neçə azərbaycanlı deputat mandatı qazanıb. Onlar yaşadıqları ərazini təmsil etmək üçün seçkilərə qatılıb və uğurlu nəticələr əldə ediblər.
Azərbaycanlı xanım siyasətçi Aylin Fazelian “Sosial-demokrat “partiyasından İsveç parlamentinə, onun bacısı Ayda Kərimli isə “Mərkəz” partiyasından əyalət millət vəkili seçilib.

Hazırda 26 yaşı olan Aylin 14 yaşından Sosial-Demokrat Partiyasının fəal üzvüdür. O, 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 4 il ərzində partiyanın Qadınlar Təşkilatının idarə heyətinin ən gənc üzvü olub. Bundan əlavə, partiyanın qadınlar üzrə beynəlxalq təmsilçisidir. Aylin Fazelian 11 bələdiyyə tərəfindən seçki vərəqəsində ikinci namizəd olub.

İsveçdə yaşayan həmyerlimiz Turan Əliyev isə “Mərkəz” Partiyasından Partille bələdiyyə məclisinə üzv seçilib. Turan Əliyev bir ildir partiyada fəaliyyət göstərir. Hazırda bələdiyyədə partiyanın idarə heyətinin üzvüdür. Seçkilərdə yüksək səs çoxluğu ilə seçildiyi üçün bələdiyyədə və İsveçin ən böyük əyalətində komissiya və idarələrdə partiyanı təmsil edəcək. Qürurverici məqam odur ki, partiyanın 12 nəfərlik namizədlərindən yalnız Turan Əliyev bir əcnəbi kimi seçkilərə gedib.

T.Əliyev 1983-cü ildə Naxçıvanda ziyali ailəsində anadan olub. Anası və atası müəllimdir. Naxçıvan Dövlət Universitetinin Yol hərəkətinin təşkili və istismarı fakültəsini bitirib. Ali təhsilini bitirdikdən sonra səhhəti ilə əlaqədar İsveçə gedib. Artıq 14 ilə yaxındır ki, İsveçdə yaşayır. 2012-ci ildə ailə həyatı qurub. İki övladı var. Həyat yoldaşı azərbaycanlıdır və bələdiyədə həftədə bir dəfə Azərbaycan dili dərsi deyir.

İsveç Sosial-Demokratlar Partiyasının fəalı İradə Əliyeva isə Söderberq Jönköpinq region parlamentinə millət vəkili seçilib. İ.Əliyeva 2004-cü ildən İsveçdə yaşayır. 2007-ci ildən İsveçin ən böyük partiyası olan Sosial- Demokratlar Partiyasının fəal üzvüdür. 2010-cu ildə seçkilərdə Jönköpinqs landsting (əyalət) parlamentinə namizədliyini verib və həmin əyalət parlamentinə seçilib. Bundan başqa 2010-2014-cü illərdə Jönköpinq bələdiyyəsinin Təhsil və İş Bazarı Komissiyasının üzvü, Sosial- Demokrat Qadınlar Cəmiyyətinin idarə heyətinin üzvüdür.

Əliyeva əslən Ağdamın Mərzili kəndindəndir. İki övladı var. Qızının 20, oğlunun 13 yaşı var. Qızı da siyasətlə maraqlanır və bu ilki seçkilərdə fəal iştirakçılardan biri olub. Azərbaycan Neft və Kimya İnstitunun muhəndis- igtisad fakültəsini bitirib. Bakıda yaşadığı müddətdə müxtəlif vəzifələrdə çalışıb.

Azərbaycanlı gənc Vüsal Quliyev İsveçdə keçirilən parlament seçkilərində qələbə qazanıb. 20 yaşlı V.Quliyev Haninge əyalət parlamentinə millət vəkili seçilib. O, təmsil etdiyi siyasi partiyanın ən gənc deputatıdır. Aktiv siyasi fəaliyyətə qoşulan V.Quliyev hazırda tələbədir.
Kabab bu xəstəliklərə yoluxma riskini artırırKababın insan orqanizmi ziyanlı olduğu sübut edilib.

Oxu.Az xəbər verir ki, alimlərin apardığı araşdırma maraqlı nəticələr verib.

Məlum olub ki, açıq odda yaxud közdə hazırlanan yeməklər insanlarda sətəlcəm, astma və digər ağ ciyər xəstəliklərinin yaranma ehtimalını 40-60 faiz artırır.

Bu isə həmin yemək növlərini siqaret kimi təhlükəli edir.

Oksford universitetinin mütəxəssisi Ka Hun Çan bildirib ki, tüstüdə kanserogen, dəm qazı yüksək miqdarda olduğundan bu, insan həyatı üçün təhlükəlidir.

Müşahidələr göstərir ki, odla hətta qısamüddətli təmas yanğınsöndürənlərin qanında kanserogenlərin miqdarını 2,5-5 dəfə artırır. Bu isə xərçəng xəstəliyinin yaranma ehtimalını xeyli yüksəldir.

Həmçinin müəyyən edilib ki, kabab vərəm, astma və digər ağ ciyər xəstəliklərinə yoluxma ehtimalını 1,5-2 dəfə artırır.
20 yaşlı azərbaycanlı tələbə İsveçdə deputat seçildi – FOTOAzərbaycanlı gənc Vüsal Quliyev İsveçdə keçirilən parlament seçkilərində qələbə qazanıb.

AzVision.az-ın məlumatına görə, 20 yaşlı V.Quliyev bu gün açıqlanan nəticələrə əsasən, Haninge əyalət parlamentinə millət vəkili seçilib. O, təmsil etdiyi siyasi partiyanın ən gənc deputatıdır.

Aktiv siyasi fəaliyyətə qoşulan V.Quliyev hazırda tələbədir.
Konstitusiya Məhkəməsindən dollar kreditləri ilə bağlı VACİB QƏRARÖtən gün Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib. "Qafqazinfo” xəbər verir ki, iclasda Mülki Məcəllənin 422-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, manatın məzənnəsinin dəyişməsi kredit münasibətlərinin tərəfləri üçün gözlənilməz hal kimi qəbul edilə bilməz. Belə olan halda manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi meyarlarına cavab vermir.

Beləliklə, maraqlı tərəfin tələbi ilə kredit müqaviləsinin ləğv edilməsi üçün Mülki Məcəllənin 422.1-ci maddəsində göstərilən əsaslar mövcud olmalıdır.

Borc alan krediti xarici valyutada götürdüyü zaman manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü görməli və bilməli idi. Bu halda borclu krediti xarici valyutada götürməklə manatın məzənnəsinin dəyişməsi riskini öz üzərinə götürmüş olur.

Nəzərə alınmalıdır ki, maliyyə bazarının bütün iştirakçıları (banklar, əmanətçilər, kredit müqaviləsinin tərəfləri və s.) üçün daim maliyyə riski mövcuddur. Bu risk maliyyə bazarının bütün iştirakçılarının maliyyə bazarında yarana biləcək neqativ faktorlarla əlaqədar maliyyə itkisi ilə üzləşməsi ehtimalıdır. Milli valyutanın məzənnəsinin dəyişməsi, faiz dərəcəsinin dəyişməsi və s. maliyyə riskinin (itkisinin) yaranmasına səbəb ola bilən faktorlardır.

Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu manatın məzənnəsinin dəyişməsini nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müqavilələrinin şərtlərinin əhalinin maraqları baxımından dəyişdirilməsinin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsini məqsədəmüvafiq hesab edir.

Eyni zamanda, tərəflər müqavilə azadlığı prinsipinə əsasən kredit müqaviləsi bağlayarkən müqavilənin şərtlərinə Azərbaycan manatının məzənnəsinin dəyişməsi ilə bağlı müddəalar daxil edə bilərlər.

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Mülki Məcəllənin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.

Bütün bunları nəzərə alan məhkəmə qərara alıb ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.

İqtisadçı ekspert Vüqar payramov bildirib ki, qərarın mahiyyəti ondan ibarətdir ki, xarici valyutada götürülmüş kreditlər ödəniş edilən günə olan kurs ilə ödənilməlidir. Yəni, bank güzəşt tətbiq etməyibsə, hansı məzənnə ilə kredit götürməsindən asılı olmayaraq, borc sahibləri indiki məzənnə ilə ödəniş etməlidir.

Bu isə o deməkdir ki, dollar keditləri üzrə müqavilə şərtlərinin dəyişdirilməsi yalnız bank ilə müştərinin birgə razılığı nəticəsində mümkündür.
İlham Əliyev Paşinyana növbəti mesajlarını göndərdiAvrasiya.net xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasındakı çıxışının əsas tezisləri Ermənistanın işğalçılıq siyasətinə və işğal altındakı torpaqlarla bağlı rəsmi Bakının atacağı addımlara həsr olunub:

“Birincisi, Prezident qeyd etdi ki, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli, beynəlxalq hüquqa söykənən, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul ediblər. Bu, o deməkdir ki, İlham Əliyev Avropa strukturlarının Dağlıq Qarabağ münaqişəsinə mövqeyindən razıdır. İkincisi, Prezident Ermənistanın yeni rəhbərliyinin Dağlıq Qarabağla bağlı siyasətində ciddi düzəlişlər etməli olduğunu vurğuladı. İlham Əliyevin fikrincə, Ermənistan hazırki hakimiyyət nümayəndələrinin açıqlamaları münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir. Bunu Prezidentlə yanaşı, kənar ekspertlər də vurğulayırlar”.

Politoloq bildirib ki, Prezident eyni zamanda bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ikili standartlar siyasəti aparılmasından da bəhs etdi:

“Çünki beynəlxalq təşkilatlar Azərbaycanla bağlı tənqidi hesabatlar hazırlayırlar, ancaq Ermənistandakı pozuntuları diqqətə almırlar. İlham Əliyev ona işarə etdi ki, Ermənistanda 2008-ci ildə prezident seçkisi zamanı 10 nəfər qətlə yetirildi. Buna baxmayaraq, beynəlxalq təşkilatlar o zaman prezident seçilən Serj Sərkisyanı sərt tənqid etmədilər, onunla dərhal əməkdaşlığa başladılar. Ermənistanın indiki baş naziri Nikol Paşinyan isə məhz 2008-ci il hadisələrinə görə Serj Sərkisyanı və digərlərini həbs etmək istəyir. Dördüncüsü, Azərbaycan Prezidenti Ermənistanda iqtisadi və sosial vəziyyətin ağır olduğuna diqqət çəkdi. İlham Əliyev Ermənistan hakimiyyətinin siyasətinin hərbi toqquşmanı yaxınlaşdırdığına da işarə etdi”.
Sabah Paşinyan üçün taleyüklü seçkidir - ŞərhBu günlərdə Ermənistanda müzakirə edilən mövzulardan biri də İrəvan Şəhər şurasına keçiriləcək seçkilərdir. Bu, Paşinyan hökumətinin gələcək siyasi xəttini bəlirləyən seçki olacaqdır.

Bu sözləri Axar.az-a açıqlamasında Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, cari ilin may ayında yaşanan hadisələrdən sonra iqtidara gələn Nikol Paşinyan İrəvan merinin də istefa etməsində maraqlı idi:

“Şəhər Şurasının seçkilərlə keçirilməsi haqqında qanun qəbul edildikdən sonra bu vəzifəyə hər zaman iqtidar partiyası seçilirdi. Doğrudur, şurada müxalif partiyalar da təmsil edilirdi, amma qəraralma mexanizmi hakim partiyanın nəzarətində idi. Digər siyasi partiyalar da bu seçkilərdə yarışa qoşulub, amma yəqin ki, Paşinyanın namizədi seçiləcək”.

Politoloq vurğulayıb ki, bu seçkilər Paşinyan hökumətinin ilk seçkiləri olacaq:

“Ona görə xüsusi əhəmiyyət daşıyır ki, bu, hökumətin şəffaf və demokratik seçkilər keçirməsi üçün ciddi bir imtahandır. Paşinyan yəqin ki, inzibati müxanizmlərdən istifadə edərək bu seçkilərə müdaxilə etməyəcək, ancaq bu post da hökumət üçün olduqca əhəmiyyətlidir. Paşinyan hökuməti bu seçkilərdə Avropa institutları və keçmiş iqtidar, hazırkı müxalif qüvvələr qarşısında məsuliyyət daşıyır. Qısacası bu seçkilər Ermənistanın müstəqilliyini elan etdikdən sonra keçiriləcək ən həyəcanlı və taleyüklü ola bilər”.

Qeyd edək ki, İrəvan Şəhər Şurasına seçkilər 23 sentyabrda baş tutacaq.
Hərbi parad zamanı atışma - 8 hərbçi ölüb, 2 terrorçu zərərsizləşdirilibİranın cənub-qərbində, Əhvaz şəhərində hərbi parad zamanı atışma olub.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, naməlum şəxslər hərbi konvoyu atəşə tutub.

İlkin məlumata görə, insident nəticəsində 8 hərbçi ölüb, 20 yaralı var, 2 terrorçu zərərsizləşdirilib .

Bildirilib ki, terrorçulardan ikisi hadisə yerindən qaçıb.

Terror törədənlər barədə hələ ki, rəsmi məlumat verilməyib.