"Bu hərbi paradlar bizim gücümüzü, qüdrətimizi göstərib" - İlham Əliyev
Milli Ordunun 100 illiyinə və Bakının işğalçılardan azad olunmasına həsr edilmiş hərbi paradlar bizim gücümüzü, qüdrətimizi göstərib.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 18-də Biləsuvar rayonunun Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun açılışında çıxış edərkən deyib.

Dövlət başçısı bildirib:

"Bu gün Biləsuvar rayonunda çox gözəl bir gündür, biz yeni kənd yolunun açılışını qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu yol bir neçə kəndi birləşdirir. On beş kilometr uzunluğunda olan bu yol ən yüksək standartlara cavab verir. Bu kəndlərdə 16 min əhali yaşayır. Bu yol insanlara rahatlıq verəcək.

Biləsuvar rayonunda yol infrastrukturunun yenilənməsi uğurla davam edir. Son illərdə rayonun əksər kənd yolları əsaslı şəkildə təmir və bərpa olunub. Mənə verilən məlumata görə, Biləsuvar rayonunun kəndlərinin təqribən 80 faizi artıq müasir yollarla təmin edilib. Bu gün buraya gələrkən magistral yoldan Biləsuvar şəhərinə qədər – bu yola qədər yolun keyfiyyətinə fikir verdim və heç də mənim xoşuma gəlmədi. Bilirəm ki, sizin də bu yolla bağlı fikirləriniz var. Ona görə indi dərhal göstəriş vermişəm, müvafiq Sərəncam imzalanacaq, bu il Prezidentin ehtiyat fondundan ilkin vəsait ayrılacaq və gələn ilin təqribən yaz aylarına qədər bu yol tam əsaslı təmir ediləcək. Bu yolun uzunluğu 14 kilometrdir. Yol həm keyfiyyətsizdir, sıradan çıxıb, həm də ensizdir. Göstəriş vermişəm, daha da enli yol salınsın ki, Biləsuvar şəhərinə giriş çox gözəl, möhtəşəm olsun.

Ölkəmizdə yol tikintisi ilə bağlı işlər uğurla gedir. Bu gün Masallı rayonunda bir neçə kəndi birləşdirən 24 kilometr uzunluğunda yolun açılışını qeyd etdik, indi isə Biləsuvarda. Yəni, biz bir gündə 40 kilometrə yaxın kənd yollarının açılışını qeyd etdik.

Ölkəmizdə yol tikintisi geniş vüsət alıb. Bu il Dövlət İnvestisiya Proqramında ən azı 600 kəndin yolunun əsaslı təmir olunması nəzərdə tutulub və yenidən qurulur. O cümlədən magistral yolların salınması, onların ən yüksək standartlara çatdırılması prosesi də gedir.

Bu gün ölkə əhəmiyyətli Bakı-Astara yolunun açılışını da qeyd etdik. Bu, çox gözəl yoldur. Deyə bilərəm ki, dünyanın ən yüksək standartlarına cavab verir, çox rahat, təhlükəsiz bir yoldur. Onu da qeyd etməliyəm ki, bu yol Bakıdan Astaraya olan məsafəni 40 kilometr qısaldır, çünki yolun məcrası dəyişib. Beləliklə, vətəndaşlar daha rahat gedib-gələ biləcəklər. Eyni zamanda, əvvəlki yol Biləsuvar şəhərinin içi ilə gedirdi və əlbəttə ki, şəhər sakinləri üçün müəyyən narahatlıq yaradırdı. Yadımdadır, 2000-ci ildə günlərin birində mən o yol ilə gələrkən mənim yaxın dostumla da görüşmüşdüm. 2000-ci ildə parlament seçkiləri ərəfəsində, Yay Olimpiya Oyunlarından sonra yolda dayanıb məni salamlayırdı, alqışlayırdı. Mən bu kişini tanımırdım. Maşını saxladım, görüşdük, tanış olduq. O vaxtdan bu günə qədər hər dəfə Biləsuvarda olarkən görüşürük. İndi isə magistral yol çəkilib. Biləsuvar rayonunun yolları əsaslı şəkildə təmir olunur.

Biləsuvar rayonuna diqqət daim yüksək səviyyədə olubdur. Bu, mənim Prezident kimi rayona altıncı səfərimdir. Əvvəlki səfərlər zamanı biz bir çox sosial, iqtisadi obyektlərin açılışında görüşmüşük - xəstəxananın, Olimpiya İdman Mərkəzinin tikintisi, məktəblərin açılışı. Bir sözlə, Biləsuvarda sosial-iqtisadi inkişaf uğurla gedir, rayonun infrastruktur layihələri icra edilir, qazlaşdırmanın səviyyəsi 90 faizə yaxındır. Göstəriş vermişəm ki, gələn il Biləsuvar rayonunun qazlaşdırılması 100 faizə çatdırılsın, bu günə qədər həll olunmayan layihələr də icra edilsin. Təqribən 5 il bundan əvvəl burada olarkən biz içməli su layihəsinin açılışını qeyd etdik. Azərbaycanda elektrik stansiyalarının tikintisi nəticəsində yeni yarımstansiyalar da inşa olunur, dayanıqlı enerji ilə təminat yaxşılaşır. Bir sözlə, infrastruktur məsələlərinin həlli gözəl imkanlar yaradır, həm insanların rahatlığını təmin edir, həm də iqtisadi inkişafa təkan verir.

Ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı çox ciddi addımlar atılır. Biz əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq. Biləsuvar rayonunda kənd təsərrüfatı, o cümlədən pambıqçılıq və digər sahələr uğurla inkişaf edir. Pambıqçılığa gəldikdə, deyə bilərəm ki, son üç il ərzində əkin sahələri üç-dörd dəfə artırılıb. Məndə olan məlumata görə, bu il 12 min hektarda pambıq əkini təşkil edilibdir, üç il bundan əvvəl isə cəmi 3 min hektarda. Çünki pambıqçılıq Biləsuvar üçün ənənəvi kənd təsərrüfatı sahəsidir, əməktutumlu sahədir, məşğulluğu artırır, insanların rifah halını yaxşılaşdırır. Kənd təsərrüfatının digər sahələri də böyük önəm daşıyır. Bu ilin 8 ayında kənd təsərrüfatımız əhəmiyyətli dərəcədə artıb, sənaye istehsalı artıb, qeyri-neft sənayemiz isə təxminən 11 faiz artıb. Biz bu istiqamətdə işlərimizi bundan sonra da davam etdirəcəyik.

Azərbaycanın hər bir rayonunda quruculuq-abadlıq işləri aparılır və rayonların inkişafına böyük sərmayə qoyulur. Yol tikintisi, içməli su xətlərinin çəkilişi, qazlaşdırma - bütün bunlar böyük vəsait tələb edir. Azərbaycan dövləti bu istiqamətdə öz siyasətini aparır, insanların sosial rifahı, onların yaxşı yaşaması üçün bütün işlər görülür. Bizim kifayət qədər böyük imkanlarımız var, həm iqtisadi imkanlarımız, maliyyə resurslarımız. Bu il biz öz valyuta ehtiyatlarımızı əhəmiyyətli dərəcədə artıracağıq. Səkkiz ayın yekunları da çox müsbətdir. Bizim ixracımız əhəmiyyətli dərəcədə artıb və ixrac idxalı təqribən ən azı 5 milyard dollar səviyyəsində üstələyir. Bu da iqtisadi sabitliyə, manatın məzənnəsinin möhkəm səviyyədə saxlanmasına xidmət edir və bizə imkan verir ki, bundan sonra da bir çox önəmli layihələri icra edək. Bütün bunları biz öz hesabımıza edirik. Biz güclü iqtisadiyyata malikik və bu gün Azərbaycan dünya miqyasında özünü ən yüksək səviyyədə təqdim edir.

Əlbəttə ki, ordu quruculuğu ilə bağlı məsələlər öz həllini tapır. Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. İyun ayında Azərbaycan Milli Ordusunun 100 illiyinə və bir neçə gün bundan əvvəl Bakının işğalçılardan azad olunmasına həsr edilmiş hərbi paradlar bizim gücümüzü, qüdrətimizi göstərib. Əlbəttə, bizim ordumuzun bu səviyyədə olması hər bir vətəndaş üçün qürur mənbəyidir.

Bu gün bizim tədbirdə Milli Qəhrəman Mübariz İbrahimovun atası iştirak edir. Ona mən xüsusi minnətdarlığımı bildirmək istəyirəm ki, onun ailəsində Milli Qəhrəman, bizim unudulmaz əsgərimiz, qəhrəmanımız Mübariz böyüyüb, tərbiyə alıb, Vətən uğrunda döyüşüb, Vətən uğrunda həlak olub, şəhid olub. Təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıbdır. O, bilirdi ki, ölümə gedir, bilirdi ki, o döyüşdən sağ-salamat çıxmayacaq. Buna baxmayaraq, canından keçdi və düşmənə Azərbaycan əsgərinin hansı keyfiyyətə malik olduğunu nümayiş etdirdi. Biləsuvar rayonu fəxr edə bilər ki, belə gözəl övlad yetişdirib və bu gün Azərbaycan Ordusunda vətənpərvərlik ruhunun yüksək səviyyədə olması Mübariz kimi övladlarımızın addımları, qəhrəmanlığı nəticəsində olmuşdur.

Bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz. Ermənistan indi çox ağır vəziyyətə düşüb. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Mən dəfələrlə demişdim ki, Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan Ordusu onlara layiqli cavabını verir, verəcək, necə ki, 2016-cı ilin aprel döyüşlərində onları yerinə oturtdu, torpaqlarımızın bir hissəsini azad etdi, bu ilin may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində böyük ərazi nəzarətimizə keçdi. Bundan sonra da biz onlara lazım olan vaxtda tutarlı cavablar verəcəyik. Düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz. Baxın, bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olubdur və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər.

Biz bu istiqamətdə siyasətimizi ardıcıl olaraq aparacağıq, ordumuzu daha da gücləndirəcəyik, daha da böyük vəsait ayıracağıq və ordumuzun döyüş qabiliyyətini daha da möhkəmləndirəcəyik. Nümayiş etdirilən paradda bizim texniki imkanlarımız, əsgər-zabitlərimizin hazırlığı düşmənə yaxşı bir siqnaldır ki, otursun yerində, yoxsa, axırı pis olar.

Biz isə bundan sonra da uğurla inkişaf edəcəyik. Ordu quruculuğu, iqtisadi potensialın, beynəlxalq mövqelərimizin möhkəmlənməsi – bütün bu istiqamətlər üzrə uğurlu siyasət aparılır. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir, sabitlik adasıdır, təhlükəsizlik adasıdır, inkişaf, quruculuq yeridir. Bunun təməlində Azərbaycan xalqının zəhməti, xalq-iqtidar birliyi dayanır.

Mən sizi bir daha bu gözəl hadisə münasibətlə ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram".
Ön cəbhədə xidmət etmiş yüksək vəzifəli məmur övladları... - Sabiq komissar açıqladı + Siyahi
Ehtiyyatda olan general-leytenant, Milli Məclisin deputatı Əliağa Hüseynov Azərbaycanın Hərbi Komissarı (1998-2009) çalışdığı dövrdə övladları ön cəbhədə hərbi xidmətdə olmuş yüksək vəzifəli şəxslərin adlarını açıqlayıb.

Keçmiş Hərbi Komissar Ə.Hüseynov ölkə.az-a açıqlamasında bildirib ki, nə onun dövründə, nə də indi yüksək vəzifəli dövlət məmurları övladlarının hərbi xidmətdən yayınması halları mövcud olmayıb:

"Yaxşı yadıma gəlir, mən Hərbi Komissar işlədiyim illərdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədovun, Baş nazirin müavini Hacıbala Abutalıbovun, ədliyyə naziri Fikrət Məmmədovun, Baş prokuror Zakir Qaralovun, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun, keçmiş müdafiə naziri Səfər Əbiyevin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş sədri Qərib Məmmədovun, Baş qərargah rəisi Nəcməddin Sadıqovun, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlanları, fövqaladə hallar naziri Kəmaləddin Heydərovun iki oğulu, Milli Məclisin sədri Oqtay Əsədovun kürəkəni hərbi xidmətdə olublar. Özü də adlarını çəkdiyim şəxslərin övladları ön cəbhədə və döyüşlər aparan hərbi hissələrdə qulluq ediblər. Bütün bunlar faktdır və heç kəs dana bilməz. Kimlərsə deyir ki, dövlət məmurlarının övladları hərbi xidmətdən yayınır, deməli həmin adamların özləri əsgərlikdə olmayıb danışanlardır".

Ə.Hüseynov deyib ki, onun fəaliyyəti dövründə məmur övladlarının hərbi xidmətdən yayınması halları qətiyyən mövcud olmayıb:
"Mənim vaxtımda məmur övladlarının əsgərlikdən qaçması söhbəti ola bilməzdi. Çünki Ulu Öndər Heydər Əliyev məsələni elə qoymuşdu ki, məmur övladları hərbi xidmətə birinci aparılırdı. Mən elə bir məmur oğlu tanımıram ki, hərbi xidmətə getməkdən yayınsın. Ulu Öndər Heydər Əliyev özü şəxsən məsələyə nəzarət edirdi. Mən indi də eşitməmişəm ki, hər hansı məmur övladı hərbi xidmətdən yayınsın. Bu gün də bu ənənə davam edir".

Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin hərbi xidmətə yollanması məsələsinə də toxunan deputat qeyd edib ki, ölkə başçısının övladının hərbi xidmət etməsi hər kəs üçün nümunəvi addımdır:

"Özü də Heydər Əliyev çox çətin hərbi hissədə xidmət edir. Yəni, onun xidmət etdiyi hərbi hissə qarşıya qoyulan vəzifə tapşırıqları çətinliyinə görə heç də ön cəbhədən fərqlənmir. Heydər Əliyev ixtisasca diplomatdır. Sovet İttifaqı dövründə də belə ixtisasa yiyələnən gəncləri məxfi hərbi hissələrə salırdılar. Çünki onun xidmət etdiyi yer Dövlət Təhlükəsizlik Xidmətinin "N" saylı hərbi hissəsidir".

Məktəbdə dini yığıncaq keçirənin evində axtarış
Sentyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti və digər qurumların əməkdaşlarının birgə iştirakı ilə dini yığıncaqların qanunla müəyyən edilmiş qaydalarının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Ağsu şəhər sakini Məmmədov Vüqar Cəlal oğluna məxsus Ağsu şəhəri Səməd Vurğun küçəsi 14 A ünvanındakı mənzilə baxış keçirilib.

Baxış əsnasında qanunazidd qaydada dini ayinlərin icrası, eləcə də “Dini etiqad azadlığı haqqında” Qanunun müvafiq maddələrinin pozulduğu aşkar edilib. Bununla bağlı qeyd edilən ünvanda qeyri-qanuni olaraq dini ayin icra edən Məmmədov Vüqar Cəlal oğlu, Məcidov Rauf Çingiz oğlu və Ağsu rayonu Bozavand kənd sakini Zeynalov Qənbər Malik oğlu barəsində DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib.

Təyyarəmizin vurulmasını cavabsız qoymayacağıq” - Müdafiə naziri
"Mən İsrailin müdafiə naziri Aviqdor Libermanı məlumatlandıraraq bildirdim ki, bunu cavabsız qoymayacağıq və uyğun addım atacağıq”.

Modern.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu rəhbərlik etdiyi qurumun kollegiya iclasında deyib.
Lakin o, cavab tədbirinin nədən ibarət olacağını açıqlamayıb.
Qeyd edək ki, sentyabrın 17-dən 18-nə kecən gecə Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Suriyanın Hava Müdafiə Qüvvələri tərəfindən səhvən vurulub. Hadisə Latakiya əyalətindəki hərbi obyektlərə İsrail aviasiyasının hücümunu dəf edərkən baş verib.

Təyyarənin vurulması nəticəsində Rusiyanın 15 hərbçisi ölüb.
"Veysəloğlu” ucqar dağ kəndlərində məktəbliləri sevindirdi - Foto
"Veysəloğlu” Şirkətlər Qrupu yeni tədris ili ərəfəsində ölkənin ucqar dağ kəndlərində yaşayan ailələrlə görüşlər keçirib, onların məktəbli övladlarının qayğıları ilə maraqlanıb.

Şirkətlər Qrupundan Avrasiya.net-e verilən məlumata görə, əməkdaşlar özünün Korporativ Sosial Məsuliyyət (KSM) layihəsi çərçivəsində İsmayıllı rayonunun 2 ucqar dağ kəndi olan Köhnədaxar və Yuxarı Qaraqaya gedərək, burada yaşayan məktəbli uşaqlara çanta və məktəb ləvazimatlarından ibarət hədiyyələr təqdim edib.

Qeyd edək ki, "Veysəloğlu” Şirkətlər Qrupu daim təhsillə bağlı müxtəlif layihələr həyata keçirir və təhsilə dəstək şirkətin KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün motivasiya yaratmaq, onların ölkəmizə layiqli vətəndaş kimi formalaşmasına dəstək olmaq şirkətin ən prioritet məqsədlərindən biridir.
Mətbuat Şurası bu saytlara xəbərdarlıq etdi
Bu gün Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

”Veysəloğlu Qrup” MMC-nin “bolgexeber.com” xəbər saytına qarşı müraciətini arşdıran komissiya müəyyən edib ki, xəbər portalının dərc etdiyi “Veysəloğlu Şirkətində daha bir rəzalət-işçi bıçaqlandı” yazısında Jurnalistlərin Peşə Davranışı Qaydalarının prinsipləri pozulub. Material hazırlanarkən, şişirdilmiş, isbatı olmayan məlumatlara istinad olunub, təhqiramiz ifadələr işlədilib. Portal təmsilçisi material hazırlanarkən “tələskənliyə yol verildiyini” etiraf edib və təkzib verməyə hazır olduğunu bildirib. Bundan sonra portal təmsilçisinə materiallar hazırlanarkən, Etik Kodeksin prinsiplərinin pozulmasına yol verməmək yönündə tövsiyyələr verilib.

”Veysəloğlu Qrup” MMC-nin “24 saatxeber.com” protalına qarşı şikayəti araşdırılarkən, eyni mənzərə üzə çıxıb. Portal əməkdaşı şirkət barədə material hazırlayarkən, subyektiv mülahizələrini önə çəkib, lazımi araşdırma aparmayıb. Portala MŞ tərəfindən tövsiyyə edilib ki, Etik Kodeksin prinsiplərinə diqqətlə yanaşılsın.

Avropa Azərbaycanlıları Konqressinin İdarə Heyətinin sədri Sahil Qasımovun “veteninfo.com” xəbər portalına qarşı müraciəti də araşdırılıb. Komissiya müəyyən edib ki, portal əməkdaşları «AAK-nin prezidenti Sahil Qasımov Azərbaycanın siyasətinə zidd hərəkət edir» başlıqlı yazını hazırlanarkən, qarşı tərəfin mövqeyi öyrənilməyib; materialdakı ittihamedici fikrilərin reallığı araşdırılmayıb. Xəbər saytına tövsiyyə edilib ki, materiallar hazırlanarkən, Jurnalistlərin Peşə Davranışı Qaydalarının prinsipləri nəzərə alınsın, diaspor kimi ümummilli məsələlərə xüsusi həssaslıq göstərilsin.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “miq.az” xəbər saytına qarşı müraciəti araşdırılarkən,Cəmiyyət haqqında hazırlanan materiallardaJPDQ prinsiplərinin pozulduğu müəyyənləşib: faktlar araşdırılmayıb, subyektiv mülahizələrə əsaslanılıb. Xəbər saytının təmsilçisi narazılıq doğuran materiallarda problemlərin olduğunu etiraf edib, təkzib verməyə hazır olduğunu bildirib.

İsmayıllı rayon İcra HakimiyyətiBaşçısının nümayəndəsi Habil Babayevin “dogruxeber.az” saytına qarşı şikayəti tərəflər arasında razılıq əldə edildiyi üçün, öz xahişlərinə əsasən gündəlikdən çıxarılıb.

“Bakı-Xəbər” qəzetinin əməkdaşı Məhəmmədəli Qəriblinin “demokratik.az” saytının rəhbəri Osman Rzayevə qarşı müraciətini araşdıran komissiya müəyyən edib ki, dərc edilmiş yazılarda Jurnalistlərin Peşə Davranışı Qaydalarının prinsipləri kobud şəkildə pozulub: qeyd edilən materiallarda təhqir, böhtan halları ilə yanaşı, təhdidlər, hədələr də əks olunub. MŞ adından “demokratik.az” saytına qarşı ciddi xəbərdarlıq edilib.

Keçmiş sovxoz direktoru Yusif Nağıyev Mariupolda bu hala düşüb
Azərbaycanda bir vaxtlar sovxoz direktoru işlədiyini və üç ali təhsili olduğunu deyən Nağıyev Yusif Həsən oğlu hazırda Ukraynanın Mariupol şəhərindəki parklardan birində “bomj” həyatı yaşayır.

Virtualaz.org xəbər verir ki, onun barəsində 0629.com.ua portalına Mariupol sakinləri məlumat veriblər. Nağıyev şəhərin Levoberejni rayonundakı qəhrəmanlar parkındakı skamyalardan birində məskən salıb, don vurduğu üçün hər iki ayağı amputasiya olunub.

“Mənim adım Nağıyev Yusif Həsən oğludur. Azərbaycandanam. 56 yaşım var. Azərbaycanda sovxoz direktoru işləmişəm, üç ali təhsilim var. İkimərtəbəli evim, uşaqlarım, torpaq sahəm olub”-azərbaycanlı “bomj” bildirir.

Nağıyev indiki hala düşməsinə görə SSRİ rəhbəri Mixail Qorbaçovu günahlandırır. Deyir ki, Mariupola 1992-ci ildə gəlib və fəhləlik etməyə başlayıb: “Əlimdən hər iş gəlir. Yaxşı inşaatçıyam, amma hər şey bu cür zibil alındı”.

Yusif nəql edir ki, uzun müddət kirayə qalıb, ev sahibəsi ölüb. Həmin vaxt o xəstəxanada olub. Xəstəxanadan çıxanda evin qapıları bağlı idi və dediyinə görə bütün pulları, əşyaları orada qalıb. Ev sahibəsinin qızından açarı alıb evdən əşyalarını götürə bilməyib. Beləliklə, “bomj”a çevrilib

Hərdən təsadüfi işlərdə işləyib bir az pul qazanan Yusifi ötən ilin dekabrında don vurub. Onun don vurmuş ayaqlarını kəsiblər. Deyir ki, həmin vaxt şəhərdə Yeni il ağacına gözətçilik edirdi. “Maşında oturmaq lazım idi, amma hər halda soyuq idi. Maşın qızdırılmırdı, nəticədə ayaqlarım dondu”-azərbaycanlı “bomj” deyir.

Yusifi həmin vaxt xəstəxanaya aparıblar, xəstəxanada deyiblər ki, dərmanları almaq üçün 50 min qriven lazımdır. Onun isə bu qədər pulu yox idi. “Həkimlər adamı sağaltmırlar, şikəst edirıər”-o deyir.

İndi Yusif hərəkətsiz qalıb və bütün günü skamyada oturur. Ona yerli sakinlər kömək edirlər, isti yemək, odeyal verirlər. Yusifin sifəti dağılıb. Deyir ki, bu yaxınlarda skamyadan yıxılıb və burnu sınıb, sifəti əzilib. Yerdə hələ də onun qan ləkələri qalır. “İnsanlar mənə kömək edir, bir nəfər də yerlim var. Polis hərdən gəlir, baxıb gedir”-o deyir

Yusif deyir ki, içki içsə də heç kimlə işi yoxdur: “Əlbətdə, içirəm. Belə vəziyyətdə necə içməyəsən?”

“Bomj” qışın yaxınlaşmasına görə qorxuya düşüb. Deyir ki, tezliklə qar yağacaq, 15-20 dərəcə şaxta olacaq. “Mən onda neyləyəcəyəm?”-ümidsiz halda jurnalistdən soruşur.

Azərbaycanlı “bomj” deyir ki, evsiz-eşiksizlər üçün xüsusi sığınacağa getmək istəmir. Bir dəfə oradan qaçıb. “Güclə qaçmışam. Ora çirklidir, hər yerdə siçovullar dolaşır, təkcə çörək və çay verirlər. Yatmağa yer yoxdur. Döşəmədə yatırıq. Öləcəyəmsə qoy burada ölüm”.

Yusifin ümidi Beynəlxalq Qırmızı Xaç cəmiyyətinədir. İnanır ki, ancaq bu təşkilat onu Azərbaycana, ailəsinin yanına qaytara bilər.
11-ci sinf şagirdinin atasını qətlə yetirməsi ilə bağlı bəzi məqamlar aydınlaşıb
2 gün əvvəl Göygöl rayonunun Yeni Qızılca kəndində 17 yaşlı oğlanın atasını qətlə yetirməsi hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Publika.az-ın məlumatına görə, sentyabrın 16-na keçən gecə atası Ramil Quliyevi balta və bıçaqla öldürən Eşqin Quliyev bu günlərdə orta məktəbin 11-ci sinfinə gedəcəkmiş.

Yeni Qızılca kənd orta məktəbinin direktor müavini Səbinə Məmmədova bildirib ki, Eşqin müsbət xarakterli və məsuliyyətli şagird olub: “Çox ağıllı, tərbiyəli, yaxşı oxuyan şagird idi. Həm də davamiyyəti yaxşı idi, dərslərdə sonadək iştirak edirdi, müəllimləri də ondan çox razı idi. Kiçik bacısı da bizim məktəbdə oxuyur.

Bildiyimizə görə, atası Bakıda işləyirdi. Bir neçə dəfə məktəbə gəlib uşaqların təhsili ilə maraqlanmışdı, Bakıda olduğu üçün onlarla çox maraqlana bilmədiyini deyirdi. Hadisənin isə hansı səbəbdən baş verdiyini dəqiq bilmirik. Biz də camaat kimi deyilənləri eşitmişik”.

Qeyd edək ki, qətl hadisəsi ailə münaqişəsi zəminində baş verib. 17 yaşlı Eşqin Quliyev gecə saatlarında anasını döyən atası Ramil Quliyevə balta ilə zərbələr endirib. O, daha sonra atasına bıçaqla bir neçə zərbə endirib. 37 yaşlı R.Quliyev hadisə yerindəcə keçinib.

Hadisəni törədən E.Quliyev saxlanılıb, faktla bağlı cinayət işi açılıb.
Əli Həsənov Paşinyanın sərsəm iddialarına cavab veribAzərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Feysbuk səhifəsində Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm iddialarına cavab verib.

Avrssiya.net xəbər verir ki, hər bir xalqın taleyində önəmli rol oynamış, öz əməlləri ilə adını tarixə yazmış şəxsiyyətlərin olduğunu diqqətə çatdıran Əli Həsənov qeyd edib ki, ümummilli lider Heydər Əliyev bu dövləti məhv olmaq təhlükəsindən xilasetmə missiyasını öz üzərinə götürməklə, bütün zamanını, sağlamlığını Azərbaycan dövlətçiliyini qorumaq, qurmaq və inkişaf etdirmək kimi ali bir məqsədə həsr etməklə və bu vəzifəni layiqincə yerinə yetirməklə adını xalqımızın tarixinə qızıl hərflərlə yazdı: “Heydər Əliyev haqq dünyasına gözü arxada qalmadan, rahat köçdü. Gördüyü işlərin və xalqı qarşısında xidmətlərinin sərhədsiz miqyası verirdi ona bu rahatlığı. Bir də ki, ulu öndər təməlini qoyduğu siyasətin gələcəkdə də davam edəcəyinə və Azərbaycanı yeni qələbələrə aparacağına əmin idi və son 15 ilin mənzərəsi də dahi şəxsiyyətin nə qədər düzgün düşündüyünü isbat etdi. Prezident İlham Əliyev kiçik bir ölkəni dünya çapında nüfuzlu, sayılıb-seçilən, səsi eşidilən bir dövlətə, dünya qarşıdurma və terrorla üz-üzə olarkən dinamik inkişaf edən sabitlik adasına çevirməklə əsl siyasətçinin nəyə qadir olduğunu nümayiş etdirdi. Bədxahlar “Azərbaycan çökür” deyərkən Azərbaycan daha möhtəşəm addımlarla irəlilədi, “hakimiyyətin sonudur” iddia edənlər hakimiyyətin günü-gündən gücləndiyini gördülər, “bu siyasətin sonu yoxdur” xülyası ilə yaşayanlar həmin siyasətin zəfərlərini sayıb qurtara bilmirlər...”.

Prezidentin köməkçisi “Qarşı tərəfdə Azərbaycana meydan oxuyan siyasətçilərin aqibətinə baxın...” deyə Ermənistanda baş verənlərə diqqət çəkib.

“Ter-Petrosyanı tarixə gömən Koçaryan-Sarkisyan mafiyasını “demokratik inqilab” adı altında küçədən siyasətə gəlmiş Paşinyan kimi bir populist layiq olduqları yerə göndərdi. İndi də barələrində cinayət işi qaldırılır, illərlə erməni xalqına qarşı törətdikləri cinayətlərin hesabı sorulur. Ancaq necə? Paşinyan hakimiyyətə gələndə ermənilər eyforiyaya qapılaraq bunu bütün dünya qapılarının onların üzünə açılması, “demokratik” Ermənistanın Azərbaycan üzərində tam qələbəsi kimi anladılar. İnvestisiyaların sel kimi axacağını, dünya liderlərinin bir-birinin ardınca Ermənistana səfər edəcəyini, Azərbaycan ərazilərinin işğalının qanuniləşdiriləcəyini zənn etdilər. İndi erməni mətbuatı nə yazır? Paşinyan diktatora xas olan üsullarla öz opponentlərini əzməyə çalışır, ölkədə dərəbəylik və xaos hökm sürür, iqtisadiyyat tam iflas astanasındadır, xarici siyasətdə uğursuzluqlar bir-birini əvəz edir. Ermənistanın baş naziri beynəlxalq tədbirlərdə digər ölkələrin başçıları ilə selfi çəkdirməyi yerli ictimaiyyətə Ermənistanın “xarici siyasət uğuru” kimi sırımağa çalışır. Hakimiyyətə gələndən sonra verdiyi vədlərlə törətdiyi əməllərin arasında yaranmış uçurumu populist bəyanatlarla və sərsəm addımlarla kompensasiya etməyə çalışır. Bəyan edir ki, keçmiş hakimiyyətin oğurladığı sərvəti xalqa qaytarmaq uğrunda mübarizə aparır. Amma indi hamı başa düşür ki, o bu sərvətdən öz şəxsi payını istəyir. Paşinyan demokratik idarəçilikdən dəm vurur, amma Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan ilə Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan arasında baş tutan telefon danışığı bu “demokratik” addımların konturlarını tam aydınlığı ilə cızır. Baş nazir ölkədə artıq hakimiyyətin medianın fəaliyyətinə müdaxilə etmək ənənəsinə son qoyulduğunu bəyan edir, bir gün sonra isə Ermənistanda gizli yazılan telefon danışığı haqqında məlumatı ilk yayanlardan biri olmuş “Yerevan.today” saytının redaksiyasında və baş redaktorun yaşadığı evdə axtarış aparılır.
Bir gün yuxudan ayılıb Azərbaycanı Dağlıq Qarabağdakı separatçı rejimlə danışıqlar aparmağa çağırır. Sabahı gün də sözlərini geri götürür. Dağlıq Qarabağ ətrafındakı 7 rayonu “DQR” ərazisi elan edir və bununla da beynəlxalq ictimaiyyəti, ATƏT MQ həmsədrlərinə hörmətsizliyini açıq büruzə verir. Komandasını rusofoblardan formalaşdırır, gündə bir neçə dəfə də Rusiya ilə müttəfiqliyə sadiqliyindən danışır. Artıq hamı başa düşür ki, Ermənistanın baş naziri tutduğu posta qeyri-adekvatdır, siyasətçi adına porodiyadır və onun barəsində “erməni radiosunun” anekdotları artıq qısa zaman məsələsidir”, - deyə PA rəsmisi vurğulayıb.

Ə. Həsənov bildirib ki, əgər bir siyasətçi övladını, ailəsini siyasi alver predmetinə çevirirsə, onun rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək bir o qədər də çətin deyil: “DQR-in” “müstəqil dövlət olduğunu” və Azərbaycanın bu “dövlətlə” danışıqlar aparmasının zəruriliyini iddia edən baş nazirdən soruşulmalıdır ki, “sənin oğlun nəyə görə bu “müstəqil dövlətdə” hərbi xidmətdədir”? Əslində, bu addımı atmaqla, o, nəinki işğal faktını təsdiqləyir, üstəlik məhz Ermənistanın münaqişə tərəfi olduğunu etiraf edir. Hələ bir həyasızcasına Azərbaycan Prezidentinə öz övladını Qarabağa göndərməyi tövsiyə edir və bu addımı təmas xəttində atəşkəsin bərpa olunmasının qarantiyası kimi göstərməyə çalışır. Digər tərəfdən də Paşinyanın həyat yoldaşı Azərbaycan qadınlarına çağırış edərək münaqişənin dayandırılması və əsgər ölümlərinə son qoyulması üçün səy göstərmələrini istəyir. Amma baş nazir olan həyat yoldaşından soruşmur ki, axı Ermənistan vətəndaşı “müstəqil DQR-də” niyə ölməlidir?”.

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Paşinyan hakimiyyətinin məntiqsizliyi və ziddiyyəti o qədər dərindir ki, bunu xüsusi təhlil etməyə lüzum da qalmır.

“Lakin anlaşılmayan özünü azərbaycanlı adlandıran bəzi bədxahların Paşinyanın səsinə səs verməsi, erməni dəyirmanına su tökməsidir. Xüsusilə də xaricə qaçmış bir çox antimilli insanların hərəkəti bəzən bütün əndazələri aşır. Bunlar gör Azərbaycan və onun dövlət simvollarına nə qədər sayğısız münasibət bəsləyir ki, hətta Ermənistan baş nazirinin ailə üzvləri ilə bağlı populist addımlarını belə az qala “qəhrəmanlıq” nümunəsi kimi qələmə verir və Azərbaycan hakimiyyətini hədəf götürürlər? Azərbaycan Prezidentinin övladının hərbi xidmətə getməsi bütün cəmiyyət, gənclərimiz üçün yaxşı bir örnəkdir. Bu gün doğma torpağı harada müdafiə etmək lazımdırsa, Heydər Əliyev orda da olacaq və ləyaqətlə, şərəflə Vətən qarşısında öz borcunu ödəyəcək. Buna heç kimin şübhəsi olmasın. Mövzunu manipulyasiya obyektinə çevirənlər isə fərari kimi xaricə üz tutanlar, özlərini Vətən təəssübkeşi kimi qələmə verib övladlarını hərbi xidmətdən yayındıranlardır. Mən əvvəllər paylaşdığım statuslardan birində ifadə etdiyim bir fikri yenə də təkrar edirəm: bu gün Azərbaycan dövlətinə və onun simvollarına, hakimiyyət nümayəndələrinə, cəmiyyət üzvlərinə qarşı qeyri-əxlaqi yollarla mübarizə aparıb çirkab yağdıranlar xarici ölkələrin müvafiq orqanları qarşısında xüsusi öhdəlik götürmüş ünsürlərdir. Belələri Azərbaycanın sərhədlərini keçdikdən sonra pasportlarını bəlli dairələrə təhvil verib xüsusi öhdəliklər götürür və sonra da öz dövlətlərinə qarşı çirkin mübarizəyə sövq edilirlər. Görünür onlar üçün Qərb ölkələrinə sığınıb soroslar, gülbekyanlar, karapetyanların pulu ilə öz dövlətinə hücum çəkmək əlinə silah götürüb Vətəni müdafiə etməkdən daha şərəfli işdir. Sosial şəbəkələrdə gecə-gündüz məsuliyyətsiz və iyrənc statuslar paylaşmaqla populyarlıq qazanacaqlarını zənn edənlər, Paşinyanın oğlunun hərbi xidmət piarından belə öz mənafeləri üçün yararlanmağı məqbul hesab edənlər, bu yolla Azərbaycan cəmiyyətinin nifrətini qazanacaqlarına da şübhə etməməlidirlər. Zaman hər kəsə layiq olduğu yeri göstərib, göstərir və göstərəcəkdir”, - deyə Ə. Həsənov bildirib.

Qarabağa göndəriləcəyini öyrənən erməni gənc intihar etdi
Bu günlərdə Ermənistanda baş verən intihar hadisəsi ictimaiyyət arasında böyük rezonans doğurub.

Axar.az xəbər verir ki, işğalçı orduda baş alıb gedən özbaşınalıqlar və qanunsuzluqlar səbəbindən xidmətdən imtina etmək üçün ermənistanlı gənclər hər yola əl atırlar.

İşğal altında olan Dağlıq Qarabağda yerləşdirilən hərbi hissələrdən birində xidmət edəcəyini öyrənən Ermənistanın Ararat vilayətinin Nor Xarberd kəndinin 28 yaşlı sakini Arman T. adlı şəxs isə çıxış yolunu intiharda görüb.

Məlumatda bildirilir ki, 28 yaşlı Arman T. Artaşat magistralı yaxılığında özünü ağacdan asaraq həyatına son verib.

Xəbərdə özünü öldürən Armanın cibindən məktub tapılıdığı və orada intihara təşəbbüsün hərbi xidmətə Qarabağa göndərilməsinin səbəb olduğunun yazıldığı da bildirilir.

Ölüm faktı ilə bağlı araşdırmalar davam edir.