
Parisdəki Ermənistan səfirliyi terrorçularla işbirliyində əsas mərkəz rolunda, hər ay ən azı 50 PKK-çı səfirlik vasitəsilə xaricə çıxarılır…
Türkiyə ordusunun PKK terror təşkilatına qarşı keçirdiyi uğurlu əməliyyatlar bu qruplaşmanı çətin vəziyyətə salaraq onun müxtəlif ölkələrə qaçmasına rəvac verməkdədir. Həmişəki kimi isə PKK-ya sığınacaq və dəstək verən əsas ölkələrdən biri qismində Ermənistan çıxış edir. Belə görünür ki, türk ordusunun uğurlu əməliyyatları fonunda PKK üzvlərinin Ermənistan istiqamtəində axını sürətlənəcək. Son məlumatlara görə isə, 17-31 avqust tarixlərində Şırnak, Siirt, Hakkari və İraqın şimalında təşkil edilən hərbi əməliyyatlarda 86 terrorçu məhv edilib.
Zərərsizləşdirilən 6 terrorçunun PKK qruplaşmasında lider mövqelərə malik olduğu deyilib.
Beləliklə, aydın görünür ki, PKK Türkiyə xaricində də uğurla zərərsizləşdirilir. Məhz belə bir vaxtda Şimali İraqdan Qara dəniz istiqamətinə sızmaq cəhdi boşa çıxan PKK terror təşkilatının yeni planı da ifşa olunub. PKK-nın Ermənistanda olan düşərgələrində yerləşmiş terrorçular qanunsuz solçu terror təşkilatlarının olduğu Agrı, Bingöl, Tunceli və Tokat üzərindən Qara dəniz dağlarına keçməyə çalışır. Türkiyənin “Yeni Şəfəq” qəzetinin xəbərinə görə, PKK-nın Ermənistandakı düşərgələrindən terrorçuların sərhədi keçərək Tendurek dağına yerləşdiyi ortaya çıxıb.
Ermənistanın illərdir dəstək verdiyi və ərazisində düşərgə qurmaq imkanı yaratdığı terrorçular sərhəddən adlayaraq TİKKO, MHP, TİKB, MLKP kimi qanunsuz sol terror təşkilatlarının kamuflyajı altında bölgəyə sızıb. Terrorçuların Qara dənizə sızmasının əsas səbəbi də aydın olub. Amonos dağlarında məhv edilən PKK yenidən təşkilatlanaraq Qara dənizi Amonosa çevirmək niyyəti güdür. Həbs edilən PKK-nın Qara dəniz üzrə nümayəndəsi, “Halo” kod adlı Eyyub Çəlikin verdiyi ifadə əsasında Türkiyə təhlükəsizlik qüvvələri Amonos ərazisində PKK-ya sarsıdıcı zərbələr vurub. PKK-nın birinci mərhələdə Qara dəniz ərazisinə yerləşmək, daha sonra isə partlayıcı maddələri bura gətirmək planları varmış. Türkiyə təhlükəsizlik qüvvələri Qara dəniz bölgəsinə sızmaq istəyən PKK-nın, eləcə də qanunsuz sol terrorçu təşkilatların Tunceli, Bingöl, Ağrı və Tokat ətrafındakı fəaliyyəti ilə bağlı geniş tədbirlər həyata keçirib.
Bütün bunlar fonunda isə yenidən təsdiqlənir ki, Ermənistan Türkiyəyə qarşı terror hücumları həyata keçirən PKK-ya hələ də geniş dəstək verir. Bunu Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey də təsdiq edir: “Doğrudur, bu haqda kifayət qədər məlumat var. Misal üçün, PKK terror təşkilatının Ermənistanda iki dərnəyi və satın aldığı 2 mərtəbəli qərargahı var. PKK-ya aid mülklər Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binasının yanında yerləşir. Hətta binalararası məsafənin 5-6 metr olduğu deyilir. Bu evlərdə ağır yaralanan terrorçular müalicə olunur, yüngül yaralananlar isə Şimali İraqda Bərzani rejiminin xəstəxanalarında müalicə olunurlar. Ermənistanla PKK arasında gizli anlaşma var. Bu anlaşmaya görə, Ermənistan PKK-ya hər ay müəyyən sayda viza verir. Terrorçular ayrılan viza sayına görə pasportlarını Ermənistanın Parisdəki səfirliyinə göndərir və oradan istədikləri ölkəyə gedirlər. Hətta Ermənistanın PKK-ya kvota ayırdığı və hər ay 50 PKK-çıya viza verdiyi haqda məlumatlar hesabatlarda yer alıb. Bu məsələdə ən fəal yer Ermənistanın Parisdəki səfirliyidir. PKK-ya pul və tibbi xidmətlər də buradan təmin edilir. Bundan başqa, Ermənistan PKK-ya hər cür yardım göstərir. Terrorçular həm İrəvan yaxınlığındakı düşərgələrdə, həm də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində təlim keçirlər. Qarabağdakı təlimləri birinci Qarabağ müharibəsinin döyüşçüləri həyata keçirir. Bu terrorçular həm Azərbaycana qarşı döyüşdə istifadə olunur, həm də Türkiyəyə hücuma keçirlər“. Xatırladaq ki, bir neçə ay əvvəl Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində terrorçu PKK-nın 12 düşərgəsinin olduğu və orada 1750 terrorçunun təlim keçdiyi barədə məlumat yayılmışdı.
Bu günlərdə isə Ermənistanın “Jamanak” qəzeti açıq şəkildə yazmışdı ki, PKK qruplaşmasının üzvləri Türkiyədən qaçaraq Ermənistana toplaşır. Məqalədə qeyd olunub ki, onlar Türkiyənin ərazi bütövlüyü və suverenliyinə qarşı çıxdıqları, təhlükəsizliyinə təhdid yaratdıqları, bu istiqamətdə terror fəaliyyəti ilə məşğul olduqları və qanunsuz silahlı dəstələr yaratdıqları üçün ölkənin təhlükəsizlik qüvvələrinin keçirdiyi antiterror əməliyyatları nəticəsində müxtəlif formada zərərsizləşdirilir: "PKK hesab edir ki, Moskva və İrəvan bu terrorçu qruplaşmaya yumşaq mövqedən yanaşır. Ona görə də terrorçular Ermənistana toplaşırlar. Ermənistan sərhədini qoruyan Rusiya hərbçiləri terrorçuların Türkiyə-Ermənistan sərhədini keçməsinə şərait yaradır. Sərhədi keçən PKK-çılar Ermənistanın hakimiyyət orqanları ilə təmasda olub burada yerləşirlər". Ümumiyyətlə, PKK-çıların Ermənistana keçməsi, yaxud ora toplaşması təsadüfi deyil. Çünki onlar Türkiyə və Azərbaycanın düşmənləridir və öz çirkin niyyətlərini həyata keçirmək üçün isə ən əlverişli ərazi kimi Ermənistanı görürlər. Bundan əlavə, Ermənistan PKK-nı terrorçu qruplaşma olaraq tanımır. Elə bu fonda da PKK ilə Ermənistan arasında işbirliyi genişlənir.
Tahir Tağıyev/baki-xeber.com/