İsrailin dedikləri olur: İrandan Suriya ilə bağlı hərbi addımİranın Müdafiə naziri Əmir Hatəmi ilə Suriya Müdafiə naziri Əli Abdullah Əyyub arasında qarşılıqlı hərbi və texniki əməkdaşlıq haqqında razılaşma imzalanıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Tasnim” agentliyi yayıb. İran Müdafiə naziri Hatəmi Tehranın Suriyaya silah istehsalında kömək edəcəyini də bildirib:

“İranın özəl sektoru kifayət qədər böyük imkanlara malikdir. Bizim özəl sektorumuz Suriya xalqı və hökumətinin bərpası prosesinə yardım edə bilər. Biz həmçinin, yaxşı müdafiə gücünə sahibik və Suriyaya silah hazırlığında yardım edə bilərik”.

Qeyd edək ki, bundan öncə İsrail dəfələrlə İranın Suriya və Livanda silah istehsalı üzrə xüsusi müəssisələr yaratdığını iddia edib. Belə ki, rəsmi Təl-Əviv İranın bu ölkələrdə xüsusilə İsraili vuracaq raketlər hazırlayacağını və bunu Hizbullaha verəcəyini deyib.
Zaqatalada “Əmək müqaviləsi: gələcəyə təminat” adlı təlim keçirilibTəlim Müvəkkil Hüquq Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirici tədbirlərin təşkili” layihəsi çərçivəsində baş tutub.

Təlim Müvəkkil Hüquq Mərkəzinin sədr müavini, hüquqşünas Mobil Vəkiloğlu tərəfindən aparılıb.

Təlimdə əmək müqaviləsinin mahiyyəti, onun tərəfləri, xidməti müqavilədən fərqli cəhətləri, onun necə bağlanması və xitam verilməsi, hüquqi qüvvəyə minməsi, əmək müqaviləsi bildirişinə elektron informasiya sistemində baxılması, hesablanmış əmək haqqından gəlir vergisinin və sosial ayırmaların hesablanaraq tutulması, ödənilməsi və bəyan edilməsi, vergi orqanına təqdim edilən bəyannamələrdəki işçi sayı və əmək haqları barədə məlumatların dəqiqləşdirilməsi və uyğunsuzluqların həlli, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işə cəlb edilmiş işçilərə görə işəgötürənə münasibətdə tətbiq edilən məsuliyyət tədbirləri, əmək müqaviləsinin rəsmiləşdirilməsinin işçi üçün üstün cəhətləri və əlavə mənbələr barədə məlumatlar verilib.
Zaqatalada “Əmək müqaviləsi: gələcəyə təminat” adlı təlim keçirilib
Mobil Vəkiloğlu qeyd edib ki, əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. İşçilər işəgötürənlər tərəfindən onlara ödənilən qeyri-leqal əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar.

Təlimdə iştirakçıları tərəfindən verilən suallarla bağlı və hüquqi məsləhətlər verilib.

Təlim iştirakçılarına “Əmək müqaviləsi: gələcəyə təminat” adlı maarifləndirici bukletlər paylanılıb.

Müvəkkil Hüquq Mərkəzi ictimai birliyi
Füzulidə 15 yaşlı oğlanın qətlinin təfərrüatı: “Kimin nə ağlına gələrdi ki...”Füzuli rayonunda fermada 15 yaşlı oğlanın qətlinin təfərrüatı məlum olub.

Rayonun böyük Bəhmənli kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, 15 yaşlı Tumas Musayevi öldürən Əli Məmmədov ruhi xəstədir:

“Əli Məmmədovun anası xəstə idi. Gözləri görmürdü. Ailədə 6 uşaqdır, iki qardaş, 4 bacı. Anası rəhmətə gedəndən sonra uşaqlar başsız qaldı. Ata da gedib başqa bir qadınla evləndi. Ondan sonra uşaqlar pərən-pərən düşdü. Əli qəsəbədə yaşayırdı, bəzən aylarla görünmürdü. Kimin nə ağlına gələrdi ki, bu adam öldürər. Tuması öldürəndən sonra qaçıb gizlənib. Onun bu hərəkəti hamını şoka salıb. Hamı onu ruhi xəstə kimi tanıyır”.
“Qalatasaray”ın ulduzu intihar etdiTürkiyənin məşhur futbol klublarından olan “Qalatasaray”ın əvvəlki üzvlərindən olmuş Emmanuel Ebuenin intihar etdiyi xəbəri yayılıb.

AzNews.az Türkiyə KİV-nə istinadən bildirir ki, “Qalatasaray”dan çıxdıqdan sonra futbolçu həyat yoldaşı ilə də ayrılıb və maddi imkansızlığa görə psixoloji sarsıntı keçirib. Buna görə də əvvəlki futbolçunun intihar etdiyi ilə bağlı sosial mediada məlumat yayılıb.

Uzun illər “Arsenal”ın formasını geyinmiş Ebue “Qalatasaray”a transfer olunduqdan sonra qısa vaxt ərzində azarkeşlərin sevimlisinə çevrilmişdi.

Onun özünü asaraq intihar etdiyi bildirilir.
Otel sahibi qandallandı - Borcu varAzərbaycanda otel rəhbəri 6 milyon dollarlıq borca görə həbs edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Abşeron rayonunda yerləşən "Neapol" otelinin sahibi Şükür Əhmədov "AccesBank"ın şikayəti əsasında saxlanılıb.

Onunla bağlı iş Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq Şöbəsində araşdırılır.
Ş.Əhmədov 2013-cü ildə "AccesBank"dan 5 milyon dollar kredit götürüb və bir müddət qaydasında ödəniş edib. O, kreditdən 2,5 milyon dollar ödədikdən sonra manatın iki dəfə devalvasiyası onun ödənişlərinə problem yaradıb.
Kreditin qaytarılmasının gecikməsi işin mülki qaydada məhkəmədə həllinə gətirib çıxarıb. "AccesBank"ın şikayəti əsasında mülki iş üzrə Abşeron Rayon Məhkəməsində "Neapol"un sahibi Şükür Əhmədova qarşı iddia qaldırılıb və hazırda proses davam edir.

Məhkəmə prosesi gedişatında bank cinayət işi ilə bağlı da şikayət edib. Kredit müqaviləsində təyinatı müəyyənləşdirilməyib, kredit borcu isə təminatlı olub. Ş.Əkbərov kredit götürərkən dəyəri təxminən 20 milyon dollar qiymətləndirilən otelini girov kimi qoyub.

Ş. Əkbərovun indi banka borcu 4 milyon dollardır, bank həmçinin dəbbə (ödənişin gecikməsinə görə cərimə) pulu kimi təxminən 2 milyon da tələb edib.

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin araşdırmasından sonra Ş.Əkbərova qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 195-ci ( krediti təyinatı üzrə xərcləməmə) maddəsi ilə ittiham irəli sürülüb.

Müstəntiqin vəsatəti əsasında avqustun 24-də Ş. Əkbərov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, istintaq təcridxanasına köçürülüb.
Gömrükdə yeni qiymətlər nə vaxtdan qüvvəyə minir? Qiymətlərin artırılması ilə bağlı qərarda dəyişikliklər edilib

Azərbaycanda gömrük yığımlarının məbləğlərinin artırılmasını nəzərdə tutan dəyişiklik sentyabrın 6-da qüvvəyə minir. Nazirlər Kabineti “Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edib.

Dəyişikliklə bağlı qərarı Baş nazir Novruz Məmmədov Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq imzalayıb.

“Gömrük yığımlarının məbləğləri”nin 2-ci (Malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının məbləği) maddəsində edilən dəyişiklikliyə əsasən, malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi (tranzit xüsusi gömrük proseduru istisna olmaqla) və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərə, həmçinin fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsi zamanı gömrük borcu yarandığı halda həmin malların rəsmiləşdirilməsinə və yük (karqo) manifesti vasitəsilə Azərbaycan ərazisində hava gəmilərinin konstruksiyası ilə müəyyən edilmiş tutumlarına doldurulan və heyət üzvlərinin, xidmətedici heyətin, sərnişinlərin istifadəsi və hava gəmisinin istismarı üçün ehtiyatlar hesab olunan malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları məbləği belə olacaq:

Gömrük dəyəri 1 000 manatadək olduqda 15 manat (Hazırda 10 manatdır),

gömrük dəyəri 1 000 manatdan yuxarı və 10 000 manatadək olduqda 60 manat (hazırda 50 manatdır),

gömrük dəyəri 10 000 manatdan yuxarı və 50 000 manatadək olduqda 120 manat ( hazırda 10 000 manatdan 100 000 manata qədər olduqda 100 manatdır),

gömrük dəyəri 50 000 manatdan yuxarı və 100 000 manatadək olduqda 200 manat.

Gömrük dəyəri 100 000 manatdan yuxarı və 500 000 manatadək olduqda 300 manat (hazırda 100 000 manatdan yuxarı olduqda 275 manatdır).

Qərarla yeni məbləğlər də əlavə edilib:

Gömrük dəyəri 500 000 manatdan yuxarı və 1 000 000 manatadək olduqda 600 manat,

gömrük dəyəri 1 000 000 manatdan yuxarı olduqda 1000 manat.

Sənədə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, o cümlədən müvəqqəti gətirilən nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə aşağıdakı məbləğdə gömrük yığımları alınır:

Yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün 30 manat (hazırda 20 manat), digər avtonəqliyyat vasitələri üçün 25 manat (hazırda 15 manat)

Stasionar GPS qurğusu olmayan nəqliyyat vasitələrinə elektron qıfıllar (GPS qurğuları) quraşdırılaraq, GPS xidməti vasitəsilə gömrük müşayiətinin aparılmasına görə (hər 24 saat üçün) nəzərdə tutulan məbləğ 5 manatdan 10 manata qaldırılıb.
Almaniya donanması acınacaqlı vəziyyətdədir Almaniyanın hərbi dəniz qüvvələri acınacaqlı vəziyyətdədir.

Hərbi sahə üzrə ixtisaslaşan nüfuzlu “The National İnterest” nəşrinin ekspertləri bu qənaətə gəliblər.

Ekspertlər Almaniya donanmasının əsas probleminin maliyyələşmə olduğunu qeyd edirlər.

Bununla yanaşı, onlar bu problemin həmçinin bir bəhanəyə də çevrildiyini iddia edirlər.

Belə ki, ekspertlərin fikrincə, Almaniya donanması öz vəzifələrini yerinə yetirməyə qadir deyil.

Nəşr Almaniya donanmasının həm texniki, həm də say baxımından geri qaldığını bildirir. Ekspertlərin fikrincə, əgər tez bir zamanda bu problem öz həllini tapmasa, ölkənin dəniz qüvvələri daha da geriləyəcək.

Nəşr alman donanmasının Aralıq dənizində miqrantları xilas, Livandan silah ələ keçirmək və Afrika sahillərində dəniz quldurlarına qarşı əməliyyatlarda iştirakını qeyd edir. Ekspertlər bu əməliyyatlarla Almaniyanın “Avropa döyüşçüsü” və hər şeyi bacaran “Leopard 2” tankı kimi imicindən uzaq düşdüyünü göstərir.

“Almaniya Dəniz Qüvvələrinin sualtı və su üstü gəmiləri, hərbi hava potensialının komponentlərində problemlər var” – ekspertlər bildirib.

Modern.az Almaniya, İngiltərə, Rusiya və Fransa donanmalarının statistik göstəricilərinə nəzər salıb.

Nümunə üçün qeyd etmək lazımdır ki, Avropa ölkəsi kimi və Rusiya kimi rəqibi olan bir ölkə üçün texnika göstəricilərinə görə Almaniya çox geridə qalıb.


Rusiyanın əsas döyüş gəmiləri:

Təyyarə daşıyıcı gəmilər – 1 ədəd

Dağıdıcı gəmi – 53 ədəd

Sualtı gəmilər – 48 ədəd

Korvet – 5 ədəd

Freqat – 2 ədəd


İngiltərənin əsas döyüş gəmiləri:

Təyyarə daşıyıcı gəmilər – 1 ədəd

Dağıdıcı gəmi – 6 ədəd

Sualtı gəmilər – 10 ədəd

Korvet – yoxdur

Freqat – 13 ədəd


Fransanın əsas döyüş gəmiləri:

Təyyarə daşıyıcı gəmilər – 1 ədəd

Dağıdıcı gəmi – 4 ədəd

Sualtı gəmilər – 10 ədəd

Korvet – 6 ədəd

Freqat – 12 ədəd


Almaniyanın əsas döyüş gəmiləri:

Təyyarə daşıyıcı gəmilər – 1 ədəd

Dağıdıcı gəmi – yoxdur

Sualtı gəmilər – 6 ədəd

Korvet – 5 ədəd

Freqat – 9 ədəd


Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp NATO alyansına daxil digər müttəfiqlərin hər birinin hərbi xərclərini artırmaları barədə təklif verib. O, həmçinin NATO-ya daxil ölkələr sırasında yalnız öz ölkəsinin ən çox xərc çəkdiyindən (alyansın bütün xərclərinin 70 faizi) şikayətlənib.
İran ABŞ-ı Beynəlxalq Məhkəməyə verir 1955-ci ildə Rza şahla imzalanmış dostluq sazişini pozduğuna görə

İran Beynəlxalq Ədalət Məhkəməsindən xahiş edir ki, Prezident Donald Trump administrasiyasının qoyduğu sanksiyaları qaldırsın.

Tehran Vaşinqtonla on illər öncə imzalanmış dostluq sazişini əsas gətirir.

İranlı deputatlar avqustun 27-də məhkəməyə iddia təqdim edəcəklər. İddiada bildirilir ki, sanksiyalar 1955-ci ildə Birləşmiş Ştatlarla İranın imzaladığı dostluq sazişini pozur.

Həmin sənəddə iki ölkə arasında “dostluq münasibətləri” qurulmasına çağrılır, qarşılıqlı ticarət və investisiya həvəsləndirilir, diplomatik münasibətlər tənzimlənir. Həmin saziş Vaşinqtonla Tehranın münasibətlərinin yaxşı olduğu, 1979-cu il İslam İnqilabından çox əvvəl imzalanıb. Birləşmiş Ştatlar avqustun 28-də başlanacaq məhkəmədə bu iddiaya rəsmən cavab verməlidir.

BİRLƏŞMİŞ ŞTATLARIN ARQUMENTİ

ABŞ rəsmiləri hələlik, iddianı açıq şəkildə şərh etməyiblər, ancaq gözlənir ki, vəkillər BMT məhkəməsinin bu mübahisə üzərində yurisdiksiyaya sahib olmadığını dilə gətirəcəklər. Onların dostluq sazişinin daha etibarlı olmadığını, sanksiyaların bu sənədin şərtlərini pozmadığını dilə gətirəcəyi gözlənir. Dinləmələrin dörd gün çəkəcəyi, məhkəmə qərarının bir ay ərzində çıxarılacağı bildirilir.

Dünya Məhkəməsi kimi də tanınan Beynəlxalq Ədalət Məhkəməsinin qərarları hüquqi məsuliyyət qoyur, di gəl, onları qüvvəyə mindirməyə səlahiyyəti çatmır. Bəzən ölkələr bu qərarları gözardı edirlər.

Trump mayda İranla 2015-ci il nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu açıqlayıb. Nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

Sənədə imza atmış digər ölkələr Vaşinqtonu ondan çıxmamağı çağırmışdılar. Bu ay bərpa olunmuş sanksiyalar İranın avtomobil sənayesini, qızıl və digər qiymətli metallarla ticarətini, neft ixracını və digər qlobal ticarəti dəstəkləməkdən ötrü ABŞ dollarları almasını hədəfləyib.

Noyabrda qüvvəyə minəcək əlavə sanksiyalar İranın bank sektoruna və neft sənayesinə məhdudiyyətlər qoyacaq. Sanksiyalar artıq ölkə iqtisadiyyatına təsirini göstərib. Rial xeyli ucuzlaşıb, İranda küçə etirazları başlanıb. (Azadlıq Radiosu)