Erməni şərqşünas Ələkrəm Hümbətovu ifşa etdi – separatçı haqda sensasion faktlarHümbətovun İrəvana və Qarabağa səfərini təşkil eləmiş erməni alim: “O, mənə guya talış hərəkatı üçün bir siyahı verdi və 260 min avro istədi…”

Azərbaycan dövləti və xalqına qarşı xəyanətkar mövqeyinə görə ölkədən qovulan, qondarma “TMR” başçısı Ələkrəm Hümbətovun gerçək siması son Gəncə hadisələrində bir daha özünü göstərdi. Azərbaycan dövlətini, daxili sabitliyi hədəf alan və qarışıqlıq yaratmaq niyyəti güdən həmin hadisələrin əsas fiquru – terrorçu Yunis Səfərovu “el qəhrəmanı” edənlərdən biri də məhz o oldu. Bununla bir daha Gəncə hadisələrində “xarici iz” özünü göstərmiş oldu.

Özünü talış xalqının lideri sayan, lakin talış olmayan, daha çox Azərbaycanın cənubunda uğursuz separatçı hərəkatın lideri və uzun müddət xaricdə bu hərəkatın təbliğatçısı kimi tanınan Hümbətov bu azmış kimi, sonralar Ermənistanın və Dağlıq Qarabağdakı erməni separatçılarının müdafiəçisi rolunda çıxış eləməyə başladı. 2013-cü ildə hətta erməni şərqşünas-alim, İrəvandakı Rusiya-erməni (slavyan) Universitetinin Şərqşünaslıq İnstitutunun direktoru Qarnik Asatryanın dəvəti ilə İrəvanda və Xankəndində oldu, Azərbaycan əleyhinə bəyanatlar səsləndirdi. Ölkəmiz əleyhinə ermənilərlə birgə hansısa planlarda iştiraka cəhd elədi.

Ancaq bunlar əbəs cəhdlər idi və boşuna getdi. Əsas da ona görə ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda yüzlərlə şəhid vermiş, xalqımızın yerdə qalan hissəsi ilə ət-dırnaq kimi olan talış xalqı, onun ziyalı kəsimi nə Hollandiyada sığınacaq tapmış Ə.Hümbətovu, nə də Moskvada gizlənən digər avantürist-separatçı Fəxrəddin Aboszadəni öz lideri, özününkü kimi qəbul eləmədi, onları rədd və çıxdaş elədi , onlara öz layiqli yerlərini göstərdi, Azərbaycan dövlətinə sadiqliyini bir daha nümayiş etdirdi.

Belə görünür ki, artıq erməni tərəfi də Hümbətovdan məsafə saxlamağa çalışır. “Talış milli televiziyası” təxribatçı ada malik tv-də 2018-ci il iyulun 4-də getmiş material və həmin materialda yer alan fikirlərlə bağlı “Qolos Armenii” nəşrinə müsahibə verən Qarnik Asatryanın söylədikləri hər halda, belə qənaət yaradır.

Verilişdə Ələkrəm Hümbətovdan incik şəkildə iddia olunur ki, daha o, əvvəlki Hümbətov deyil, talış xalqının maraqlarına arxa çevirib və guya artıq Azərbaycanın ərazi bütövlüyü və bu ərazi bütövlüyü çərçivəsində yalnız Talış Mədəni Muxtariyyətin tərəfdarı kimi çıxış edir, sırf öz şəxsi maraqları naminə yaşamağa başlayıb, hətta müəyyən siyasi gedişlər hesabına onun Azərbaycan hakimiyyətindən umacağı var və s.

Bu fonda onun 2013-cü ildəki İrəvan və Xankəndinə səfərləri və o zaman verdiyi bəyanatlara, etdiyi jestlərə, verdiyi mesajlara bir daha diqqət yönəldilir. Qeyd olunur ki, “Azərbaycandan qovulandan sonra Hollandiyada yaşayan Ələkrəm Hümbətov öz xalqının hüququ uğrunda mübarizədən tamamilə kənara, sanki kölgəyə çəkilib, talış məsələsi isə onu artıq az maraqlandırır”.

“Lakin son aylar bir çoxu üçün o gözlənilməz şəkildə fəallaşıb, ancaq talış xadimi statusunda yox, sanki Azərbaycanın ərazi bütövlüyünün tərəfdarı olaraq”, – deyə materialda iddia olunur və bu xüsusda bəzi detallara toxunulur. Bu detallar isə onun Azərbaycan dövlətinə gerçək münasibətini ortaya qoyur.

Məsələn, Hümbətovun 2013-cü ildəki səfərindən danışan Asatryan müsahibəsində deyir: “O vaxt Hümbətov özü mənimlə əlaqəyə çıxdı və Ermənistana gəlmək istədiyini dedi. Yəni bu, erməni tərəfinin yox, onun şəxsi təşəbbüsü olub. Siz təsəvvür edə bilmərsiniz ki, 3 nəfərin – Hümbətov, onun oğlu Tural və Hollandiyadan olan kuratorunun səfəri və burada bir həftə qalması üçün sadiq dostlarım hesabına böyük bir məbləği toplamaq üçün mən hansı əziyyətlərdən keçdim. Doğrudur, Ermənistanın Milli Təhlükəsizlik Xidməti onun üçün sanballı mühafizə ayırdı… Onun səfəri Azərbaycanda talış etnik faktorunu qəti olaraq markalamış oldu. Talışlar əmin oldular ki, biz ermənilər talışlara necə münasibət bəsləyirik. Hümbətov bəlkə özü də istəmədən “talış hərəkatı”nın (dırnaqlar bizimdir – “YM”) inkişafına böyük töhfə verdi. Ancaq bu səfərin guya Azərbaycanın layihəsi olması haqda verilişdə irəli sürülən iddia haqda heç nə deyə bilmərəm. Bilmirəm. Yalnız bunu deyə bilərəm ki, ola bilsin həmin səfərlə o, sonradan Azərbaycan hakimiyyətindən hansısa dividentlər almağa çalışıb. Lakin onun xüsusən də səfərin ilk günlərində necə qorxması və nə dərəcədə ehtiyatlı olmasından çətin ki, Azərbaycan üçün “faydalı” olmaq istəməsi görünürdü”.

Erməni alimin iddiasına görə, “talış işləri” Hümbətovu xüsusi maraqlandırmayıb: “O, daha çox ondan danışırdı ki, biz Azərbaycanda hakimiyyəti dəyişdirməliyik. Hətta gülməli şeylər iddia edirdi. Məsələn, deyirdi ki, talış mafiyası Azərbaycanda çox güclüdür və çalışmaq lazımdır bu mafiyanın köməyi ilə talışlar parlamentə nüfuz eləsin və orada çoxluqda olsun. O, hətta talış mafioz qruplaşmasından birinin Azərbaycan prezidenti seçilməsini mümkün sayırdı. Deyirdi ki, yalnız o halda “talış problemi” (dırnaqlar bizimdir – “YM”) həllini tapa bilər. Bilmirəm, onun özü buna inanırdımı? Ola bilsin, bu yaxınlarda öldürülən kriminal avtoritet Rövşən Lənkəranskinin şəxsiyyəti onda belə ümidlər yaratmışdı… Mənə elə gəlir, bu adam hələ də 90-cə illərin ab-havası ilə yaşayır və özünü Xalq Cəbhəsinin fəalı kimi hiss edir. Onun düşüncəsində “Talışıstan” müstəsna olaraq Azərbaycanda müəyyən şəxsi hədəflərə çatmaq üçün bir rıçaqdır”.

Lakin Astryan Hümbətovun Xankəndidəki çıxışını təqdir edərək bildirir: “Orada o, yaxşı çıxış elədi. Dedi ki, Arsax (Dağlıq Qarabağ – red.) xalqının uğurlarından riqqətə gəlib. Bildirdi ki, Artsax (Dağlıq Qarabağ – red.) xalqın çiçəklənib tərəqqi eləməsi üçün müstəqil olmasının parlaq nümunəsidir və istərdi ki, onun xalqı da “arsaxlılar” kimi öz azad ölkəsində yaşasın. Bu zaman o, iddia edirdi ki, talışların birinci Qarabağ müharibəsində ermənilərə qarşı iştirakı türk-azərbaycanlıların məqsədyönlü siyasətindən qaynaqlanan faciəvi tarixi anlaşılmazlıqdır və təntənəli şəkildə vəd elədi ki, belə bir şey daha təkrarlanmayacaq. Hümbətov pafoslu tərzdə “Talışlar heç vaxt ermənilərin əleyhinə getməyəcək, mən sizə söz verirəm!”, dedi.

“Həmin verilişdə Ələkrəm Hümbətovun erməni tərəfinə hansısa hərəkət sxemi təqdim elədiyi və “talış hərəkatını”nın maliyyələşməsi üçün pul istədiyi bildirilir. Siz bunu təsdiqləyirsinizmi”, – sualına erməni şərqşünas belə cavab verib: “Açığı, bu suala cavab verməkdə tərəddüd edirəm. Yalnız onu deyə bilərəm ki, onun Bakıda guya talış hərəkatı üçün mühüm addım olacaq Talış Mədəni Mərkəzi yaratmaq layihəsindən savayı heç bir hərəkət planlı yox idi… Səfərin son günü o, mənə guya talış hərəkatı üçün maddələrdən ibarət bir siyahı verdi və 260 min avro istədi”.

Qeyd edək ki, az öncə Ələkrəm Hümbətov “mühacir talış hökuməti”ni yaratdığını bəyan edib və sədr kimi təyin elədiyi Şahin Mirzəyevə (Bir neçə il öncə Ermənistana qaçan xain – “YM”) “kabineti” formalaşdırmağı tapşırıb. Astryan bununla bağlı bildirib: “Bu, onun mahiyyətinə xasdır. Siz yəqin bilirsiniz ki, bu – Talışıstan hökuməti deyil, Azərbaycan tərkibində talış muxtariyyət hökumətidir. Yəni dünya təcrübəsində görünməmiş bir şey! Çünki mühacir hökumətlər sonradan muxtar qurum yox, müstəqil dövlət elan olunmaq üçün yaradılır. Bu başabəla hökumətin üzvləri haqda hələ ki heç nə məlum deyil. Ancaq onun sədri Şahin Mirzəyev hətta heç talış da deyil, türkdür və talışca bilmir. Bütün bunlar Bakının təhriki ilə növbəti layihə olduğunu göstərir”.

Müsahibınin sonunda Astryan Ə.Hümbətovla bağlı xəyal qırıqlığına uğradığını etiraf edir. “Ələkrəm Ələkbəroviç dəyişməyib. O, həmişə belə düşünüb, belə olub. Sadəcə, mənə elə gəlir ki, o, Ermənistanda olmasından birincisi, Azərbaycandan divident almaq üçün istifadəyə cəhd edib; ikincisi, bu alınmayanda ermənilərdən guya talış hərəkatının ehtiyacı üçün hansısa kömək almağa çalışıb – hansı kömək ki, mən əminəm, onun şəxsi ehtiyaclarına yönələcəkdi. Ancaq görəndə ki, heç nə çıxmadı, o saat öz adi təbiətinə, əsl simasına tapındı və özünü həyatda indiyədək necə aparmışdısa, elə apardı – Azərbaycanın əsl patriotu kimi… Deyilənlərə görə, Hümbətov azərbaycanlılara xoş gəlmək üçün Hollandiyanın harasındasa qoyulmuş Xocalı genosidi abidəsinə vaxtaşırı baş çəkir və hər yerdə deyir ki, ermənilər Xocalı soyqırımını törədiblər”, – deyə erməni başabəla şərqşünas sonda həyasızcasına iddia edib… (“Yeni Müsavat”)
Rusiya futbol üzrə dünya çempionatından 11 milyard dollar qazanıbRusiya futbol üzrə 2018-ci il dünya çempionatının təşkilindən 850 milyard rubl (təxminən, 11 milyard dollar) gəlir əldə edib.

TASS xəbər verir ki, bu barədə Rusiya Turoperatorlar Assosiasiyasının rəhbəri Mayya Lomidze təşkil etdiyi mətbuat konfransında bildirib.

Rusiya mundialın təşkili üçün, təqribən, 12 milyard dollar xərcləyib.

Qeyd edək ki, dünya çempionatının oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçirilib. Yarışın qalibi Fransa yığması olub.
Bakıda daha bir ərəb turist oteldə öldü - FOTOBakıda oteldə turist ölüb.

Avrasiya.net BAKU.WS-yə istinadən xəbər verir ki, hadisə "Viva Boutique Hotel”də baş verib. Oteldə ölən şəxsin ərəb olduğu bildirilir.

"Dünən axşam ərəb turistin mədəsi deşilib. Onun bundan xəbəri olmayıb. Qanaxma başlayıb. Turist qanaxmadan ölüb”, - deyə mənbə əlavə edib.
Sudanın səfiri  İlahiyyat İnstitutunda olubSudanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abbas Mustafa Əhməd Abdallay Azərbaycan İlahiyyat İnstitutunda olub.

İnsitutdan Avrasiya.net-ə verilən məlumata görə, institutun rektoru Ceyhun Məmmədov səfiri salamlayaraq, ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsəlman ölkələri və İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vuğulayan rektor, ötən ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunduğunu, milli – mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verildiyini qeyd edib. Ceyhun Məmmədov İnstitutun fəaliyyətində müxtəlif dünya ölkələrinin aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən faydalanacaqlarını bildirib.

Daha sonra Sudanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abbas Mustafa Əhməd Abdallay Azərbaycanda səfir kimi çalışmaqdan məmnun olduğunu qeyd edərək, Azərbaycan İlahiyyat İnstitutuna fəaliyyətində uğurlar arzulayıb. O, Sudan Universitetləri ilə Azərbaycan İlahiyyat İnstitutu arasında əməkdaşlığın qurulmasına dəstək verməyə hazır olduğunu bildirib.

Sonra qonaq İnstitutun kitabxanası ilə tanış olub. Rektor kitabxanada islam tarixinə, ədəbiyyatına və mədəniyyətinə aid Azərbaycan, türk və ərəb dillərində 12000 kitabın mövcud olduğunu qeyd edib.
Qazaxda tutulan erməni diversantın yeni FOTOLARI yayıldıSosial şəbəkələrdə ötən bazar günü Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində tutulan erməni diversantının hərbi geyimdə və əli silahlı fotoları yayılıb.

Minval.İnfo xəbər verir ki, bu fotolar Ermənistan Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin bəyanatlarını tamamilə alt-üst edir. Həmin bəyanatlarda deyilirdi ki, Azərbaycan ordusunun bölmələri tərəfindən iyulun 15-də əsir götürülən 1984-cü il təvəllüdlü Karen Kazaryan Tavuş vilayətinin Berdavan kəndinin mülki sakinidir. Heç vaxt Ermənistan silahlı qüvvələrində xidmət etməyib, çünki xidmətə yararsızdır. Və 2013-cü ildən etibarən xüsusi müalicə müəssisəsində qeydiyyatdadır. Erməni tərəfinin bəyanatlarına əsasən Karen Kazaryanın əqli cəhətdən qüsuru var.

Lakin sosial şəbəkələrdə Karen Kazaryanın əynində Ermənistan ordusunun xüsusi təyinatlı qüvvələrinin formasında və tam döyüş təchizatı ilə Azərbaycanla sərhəddəki postlardan birində çəkilmiş fotolarını yayıb. Həmin fotolarda əsasən Kazaryan əlində avtomat postda növbə çəkir.

Karen Kazaryanın adi kənd sakini olması ilə bağlı ermənilər sosial şəbəkələrdə paylaşımlar edirlər. Amma buna ermənilərin özləri inanmır. Məsələn Hermine Harutyunyan adlı “facebook” istifadəçisi yazır ki, “Hər dəfə kimsə əsr düşəndə deyirlər ki, xəstədir”.
Mədət Quliyev hərbçilərə cüdo üzrə master-klass keçibDövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev hərbçilərə cüdo üzrə master-klass keçib.

DTX-nin ictimai əlaqələr mərkəzindən verilən məlumata görə, xidmətin hərbi hissələrində hərbi qulluqçuların, o cümlədən əsgərlərin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb. Hərbi hissədə xidməti-döyüş fəaliyyəti müvafiq qanunvericiliyin, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrin Nizamnamələrinin tələbləri əsasında təşkil olunur, hərbi qulluqçulara nəzəri-praktiki, sıra və fiziki hazırlıq dərsləri keçirilir, ümumən şəxsi heyətin peşəkarlıq vərdişləri real döyüş şəraitinə uyğunlaşdırılır. Əsgərlər idmanın müxtəlif növləri üzrə məşğələlərdə hazırlaşır və DTX-nin struktur bölmələri arasında keçirilən yarışlarda müvəffəqiyyətlə iştirak edirlər.

Dövlət Təhlükəsizliyi Xidmətinın rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant, cüdo üzrə idman ustası Mədət Quliyev və DTX-nin məsul əməkdaşı, Olimpiya çempionu, beynəlxalq dərəcəli idman ustası Elnur Məmmədli hərbi hissənin idman kompleksində cüdo idman növü üzrə əsgərlər üçün növbəti master-klass keçib
MMA üzrə bir çox qələbələrə imza atan idmançılarımızdan qürur verici xəbər gəldi  Belə ki, Tofiq Musayev, Vüqar Kərimov, Mehman Məmmədov məşqçiləri Ruslan Əfəndiyevlə birlikdə ABŞ-a yola düşərək Azərbaycanı UFC-də təmsil edəcəklər.

Avrasiya.net xəbər verir ki, onlar UFC-də məşqçiləri Ruslan Əfəndiyevlə birgə bir sıra sənədlər imzalayacaq və dünyaca məşhur MMA ustaları ilə birgə təlim-məşq toplantıları və görüşlər keçirəcəklər.

Qeyd edək ki,idmançılarımız Tofiq Musayev,Vüqar Kərimov,Mehman Məmmədov bu günədək Azərbaycanı beynəlxalq yarışlarda layiqincə təmsil ediblər.
MMA üzrə bir çox qələbələrə imza atan hər üç idmançımız Azərbaycanı dünyada layiqincə təmsil edir.Bu səbəblədə Amerika mütəxəssislərinin UFC kimi dünyaca məşhur MMA liqasının diqqətini cəlb ediblər.
MMA üzrə bir çox qələbələrə imza atan idmançılarımızdan qürur verici xəbər gəldi
Hər üç idmançımız haqqında qısa xatırlatma:

Tofiq Musayev: 15.12.1989-ci ildə Qaradağ rayon Sahil qəsəbəsində anadan olmuşdur.2007-2011 İdman Akademiyasını bitirmişdir. İki qat dünya çempionu, dünya kubokunun ikincisi, Kunqfu Sanda üzrə dünya çempionu olmuşdur. Dəfələrlə beynəlxalq turnirlərin qalibidir. MMA üzrə dünya, avropa və dəfələrlə Avrasiya çempionu olmuşdur. WFCA 45 üzrə reytinq döyüşündə, qələbə qazanaraq reytinqin 2-ci pilləsində qərarlaşıb.May ayında Azərbaycan təşkil olunan WFCA-48 beynəlxalq turnirində təkrarar qazandığı qələbəsi ilə sevinc dolu anlar yaşadıb.İdman koriyarsında bu günədək 13 pşəkar qalibiyyəti və 3 məğlubiyyəti var.

Vüqar Kərimov: 20.02.1992-ci ildə Xaçmaz rayonunda anadan olmuşdur.Nizami rayonu 61 saylı məktəbi bitirdikdən sonra İdman Akademiyasına daxil olmuş və oranı bitirmişdir.8 Qat respublika ,2009-cu ildə Rusiyanın Omsk şəhərində,2011-ci ildə Ukraynada,2012-ci ildə Polşada,2013-cü ildə Sankt-Peterburqda,2014-cü ildə Ruminyada,2016-cı ildə Ukraynada MMA üzrə dünya çempionu olmuşdur. O,2017-ci ildə Azərbaycanda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarında “Uşu-Sanda” üzrə ikinci yeri tutub.Peşəkar döyüşlərdə 11 qələbə 3 məğlubiyyəti var.

Mehman Məmmədov: 31.03.1988-ci ildə Bakı şəhərində anadan olmuşdur.O,Bakıda 190 saylı məktəbi bitirib.2014-2015 ci ildə kunqfu sanda üzrə dünya çempionu,beynəxlalq yarışların qalibi olub. On dəfə respublika çempionuna layiq görülüb , 2016-cı ildə MMA üzrə dünya kubokunun qalibidir.

Hər üç idmançımıza və məşqçi Ruslan Əfəndiyevə uğurlar diləyirik.
Prezidentlər Sumqayıtda: yeni zavod açıldıİyulun 18-də Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella açılış mərasimində iştirak ediblər.

Prezident İlham Əliyev və Prezident Sercio Mattarella tədbirdə çıxış etdilər.

Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Maire Tecnimont” şirkətinin prezidenti Fabrizio di Amato çıxış etdilər.

Azərbaycan və İtaliya prezidentlərinə zavod haqqında məlumat verildi.

Dövlət başçıları müəssisənin məhsullarına baxdılar.
“Anam məni gecə 3-də Adnan Oktara aparırdı” – 13 yaşında zorlanan qızdan DƏHŞƏTLİ ETİRAFTürkiyədə özünü din xadimi kimi təqdim edən Adnan Oktar və cinayətkar təşkilatından zərərçəkənlərin polisə danışdıqları dəhşətli həqiqətləri bir-bir ortaya çıxarır.

Publika.az “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, 13 yaşında ikən Adnan Oktarın təcavüzünə uğrayan, bu gün 15 yaşında olan Serra M. İsveçrədən gələrək Oktarın villasında yaşadıqlarını polisə danışıb.

Serra M. hələ 9 yaşında olarkən Oktarla görüşdürülüb.

“Mən 9-10 yaşlarımda olanda valideynlərimiz Adnan Oktarla ünsiyyət qurmuşdular. 13 yaşımda olanda gecə saat 3-də anama zəng edirdilər. Anam məni yuxudan qaldıraraq makiyaj edir və onların studiyasının olduğu yerə aparırdı. Anam mənə “az danışacaqsan” deyərək xəbərdarlıq edirdi. Anam “Adnan Oktar nə istəsə, onu edəcəksən” deyirdi”, - o bildirib.

Onun sözlərinə görə, Çengelköydə hovuzlu evdə ona hədiyyə alınan dövşanlar və quşlar var idi:

“Bu evdə Coşkun Pamir, Damla Pamir, Bülent Sezgin, Erdem Ertüzün, Uğur Şahin, Sibel Yılmaztürk, Gülşah Güçyetmez, Akın Gözükan, Gökalp Barla, Kartal Göktan ve Levent Denizcioğlu və bir çox adam var idi. Onlardan ən kiçiyi mən idim. Digər kişilərin mənə toxunması qadağan idi. Heyvanlarla oynayırdım. O, qulağıma “qulağıma nə istəyirsən söylə, səni istəyirəm” kimi sözlər deyirdi. Mehdi olub-olmadığını, onu istəyib-istəmədiyini söyləməyimi istəyirdi. Yaşım az olduğu üçün dölərim kiçik idi. O, məndən dekolteli paltarlar geyinməyimi istəyirdi. Anamdan “Artıq Serranı mənə verdinmi” deyə soruşmuşdu. Anam da “verdim” söyləmişdi. Anam İsveçrəyə qayıdanda “Qızım Mehdi Adnan Oktar ilə evlənəcək” deyirdi”.

Qeyd edək ki, Adnan Oktar və təşkilatı barədə aparılan istintaqda təşkilatın Türkiyə üzrə 100 minə qədər üzvünün olduğunu müəyyən edib.
“Mübariz İbrahimovla bağlı filmin çəkilişinə Biləsuvar İcra Hakimiyyəti mane olur” - Türkiyəli rejissorAzərbaycanda Türkiyənin HUN media şirkətinin istehsalı olan “Siyah sancak: Mübariz” filminin çəkilişlərinə əngəl törədilir.

Bunu AzNews.az-a açıqlamasında sözügedən filmin rejissoru və senari müəllifi Recai Bozkurt deyib. O, çəkilişlərə yaradılan problemlərə görə Biləsuvar rayon İcra Hakimiyyəti və rayonun Mədəniyyət şöbəsini ittiham edib:

“Biz Türkiyə olaraq “Siyah sancak: Mübariz” adlı filmin çəkilişlərini aparmaq üçün Azərbaycan Mədəniyyət Nazirliyi və Müdafiə Nazirliyi ilə birgə sənəd imzaladıq və hər iki qurumdan çəkilşlərlə bağlı razılıq aldıq. Filmdə rol alacaq aktyorları da təyin etdik. Amma Biləsuvar Rayon İcra Hakimiyyəti və rayon Mədəniyyət evi bizə sıxıntı yaradır. Razılıq ərizəsinə görə onlar bizə yardım etməlidir. Amma yardım etmək əvəzinə, əngəl törədirlər. Mədəniyyət evinin əməkdaşları var, biz filmdə aktyorların çoxunu oradan seçdik. Onlardan birinin qayınatası rayon icra hakimiyyətndə işləyir. Seçim zamanı gördük ki, həmin əməkdaş bizim istədiyimiz obraz üçün yararlı deyil, ona görə də onu filmə qəbul etmədik. Bu gün həmin şəxs məni narahat edir. Onun, qayınatasına güvənərək qarşımıza çıxarmadığı problem qalmayıb. Və bunlardan Mədəniyyət evinin rəhbərliyinin də məlumatı var, amma onlara dur deyən yoxdur”.

Türkiyə Mədəniyyət Nazirliyinin icazəsi ilə Bakıya film çəkilişinə gələn Recai Bozkurt böyük bir problemlə üz-üzə olduğunu deyib: “Azərbaycan dövləti sağ olsun, biz qardaş ölkəyik. Bu filmi öz maddi vəsaitimizlə çəkirik, Azərbaycandan hər hansı maliyyə də istəmirik. Biləsuvar rayon İcra Hakimiyyəti hər yerdən bizə təzyiq göstərir. Biz filmlə bağlı çəkiliş aparmaq üçün məkanlar çeçirik, ona da mane olurlar. İctimai Televiziyaya çıxmaq istəyirik. Buna görə rayon İcra Hakimiyyəti bizə məktub verməlidir. Amma o məktubu heç cür ala bilmirik. Mən olanlarla bağlı Türkiyəyə məktub göndərdim. Dövlətimin icazəsi olmasaydı, bura gəlməzdim. Bu gün isə filmə maneçilik törədənlərin adını hüquq-mühafizə orqanlarına verəcəyəm”. Filmin müəllifi sonda onu da qeyd edib ki, “Siyah sancak: Mübariz” bütün türk dövlətlərində nümayiş olunacaq: “Biz böyük bir layihəyə imza atmışıq. Bu filmin senarisi Hollivuda göndərilib. Sağ olsunlar, türk iş adamları bizə hər cür dəstəyi verirlər”.

“Anadolu” layihəsinin baş köməkçisi Fərhad Həziyev isə “Siyah sancak: Mübariz” filminin daha böyük problemini açıqladı:

“Bu film “Anadolu” layihəsində yer alıb. Layihəyə 17 film daxildir. “Siyah sancak: Mübariz” onun birincisidir. Biz yaradıcı heyət olaraq televiziya kanallarının birinə çıxmalıyıq. Hətta Mədəniyyət Nazirliyinin əməkdaşı ilə də bu barədə söhbət etmişik. Məqsədimiz efirdə filmin yaradıcı heyəti ilə görüş keçirməkdir. Amma qəfildən ortaya filmin baş rolunun ifaçısının hərbi xidmətə getməsi məsələsi atıldı. Bu gün isə onu əsgər aparırlar. Halbuki çəkilişlər bitənədək onun hərbi xidmətə getməməsi üçün zaman istəmişdik”.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov “Siyah sancak: Mübariz” adlı filimin çəkilişlərindən xəbərdar olduğunu dedi: “Türkiyə Respublikasının vətəndaşı Recai Bozkurt Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə müraciət edərək, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında ölkəmizdə “Siyah sancak: Mübariz” adlı bədii filmin çəkilişlərində Nazirliyin təşkilati köməklik göstərilməsini xahiş etmişdir. Ssenariyə uyğun olaraq filmin bir çox epizodlarının çəkilişi Biləsuvar rayonu ərazisində nəzərdə tutulmuşdur. “Siyah sancak: Mübariz” filminin yaradıcı heyətinin Qarabağ həqiqətlərini film vasitəsi ilə təbliğ etmək istəyini nəzərə alaraq, Nazirlik tərəfindən filmin çəkilişlərinin aparılmasında yaradıcı heyətə yerli İcra hakimiyyəti tərəfindən köməklik göstərilməsi üçün müvafiq müraciət edilmişdir."