"Neytral zona"da saxlanılanlar: Hüseynqulu Bağırov, Kərəm Həsənov, Firudin Nəbiyev... - SİYAHIXəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam verib.

Sərəncama əsasən, Baş nazirin 3 müavini - Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abbasovla yanaşı, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, kənd təsərrüfatı naziri Heydər Əsədov vəzifələrindən azad olunublar. Eyni zamanda, Baş nazirin müavini Əli Həsənov paralel rəhbərlik etdiyi "Qaçqınkom"un sədri vəzifəsindən çıxarılıb.

Maraqlıdır ki, hökumətin yeni tərkibi haqda bu gün verilən sərəncamlarda xeyli nazirlik, komitə, dövlət xidməti və onların rəhbərlərinin adları yoxdur. Yəni bu qurumlarla bağlı hansı qərarın veriləcəyi kimi, onların rəhbərlərinin də gələcək taleyi cəmiyyət üçün qeyri-müəyyən qalıb.

Bəs, həmin nazir və komitə rəhbərləri kimlərdir?

1. Ekologiya və Təbii sərvətlər naziri Hüseynqulu Bağırov

2.. Gənclər və İdman naziri Azad Rəhimov

3. Səhiyyə naziri Oqtay Şirəliyev

4. Müdafiə sənayesi naziri Yavər Camalov

5. Təhsil naziri əvəzi Ceyhun Bayramov

6. Əmlak Məsələri Dövlət Komitəsinin sədri Kərəm Həsənov

7. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova

8.Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov

9. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanov

10. Dövlət Gömrük Komitəsinin sədri Aydın Hüseynov

11. Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov

12 Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev

13. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov

14. Qida Təhlükəsizliyi Agentliyinin baş direktoru Qoşqar Təhməzli

15. Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev

Bunlarla yanaşı, aprelin 20-də verilən sərəncamla Mədəniyyət və Turizm Nazirliyinin (rəhbəri Əbülfəs Qarayev idi) bazasında yaradılan Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Əqli Mülkiyyət Agentliyinin rəhbərliyinə də təyinatlar olmayıb.

Düzdür, sonuncuların əsasnaməsinin hələ hazır olmadığını əsas götürüb, təyinatların ləngiməsini izah etmək mümkündür. Lakin bu gün təsdiqlənən hökumətin tərkibində 15 nazirlik, komitə və dövlət xidməti rəhbərlərinin adlarının olmaması cəmiyyətdə xeyli suallar doğurub. Çünki həmin qurumların rəhbərləri arasında elələri var ki, uzun illərdir mövcud komandada təmsil olunub, iqtidara sadiqlikləri ilə seçilib. Ancaq bugünkü sərəncamda onların adlarının olmaması göstərir ki, əslində, cəmiyyətin bilmədiyi xeyli gizlinlər var...

Gözlənilir ki, yaxın günlərdə onların taleyinə aydınlıq gətiriləcək.
Göygöldə içərisində 6 nəfər olan maşın qar dərəsinə düşdü - Onları xilas etməyə texnika yoxdurGöygöl rayonunda avtomobil qara dərəsinə düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Hacıkənd-Tülallar yolunda baş verib.

Belə ki, içərisində 6 nəfər olan "UAZ" markalı avtomobil qarlı və küləkli hava şəraiti səbəbindən yoldan çıxaraq tara düşüb. İlkin məlumatlara görə, qar və palçıq səbəbindən sürücünün avtomobilini yola çıxarması mümkün olmayıb. Əraziyə kömək çağıran şəxslər hazırda soyuq hava şəraiti səbəbindən cətinlik çəkdiklərini də bildiriblər.

Ərazi kənd icra nümayəndəliyindən bildirilib ki, həmin əraziyə sepli texnika lazımdır və bununla bağlı Göygöl rayon İcra Hakimiyyətinə məlumat verilib: "Texnikanın cəlb edilərək qar dərəsinə düşmüş şəxslərin xilas edilməsi istiqamətində işlərə başlanılacaq".

Qeydedək ki, hazırda rayon ərazisində qarlı və soyuq hava şəraiti davam edir.
İcra başçısı mer gətirilir – FOTOXəbər verildiyi kimi Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

Minval.info-nun verdiyi xəbərə görə, təyinatlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla baş nazirin müavini vəzifəsinə təyin olunub.
Ölkənin bir nömrəli şəhərinin – paytaxtının yeni merinin kim olacağı ilə bağlı sualın cavabı da böyük maraq doğrurur.

Məlumata görə, bu posta Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Bayramov Niyazi Müzəffər oğlunun təyin olunması gözlənilir.
Bu barədə Qaynarinfo-nu bilgiləndirən mənbənin sözlərinə görə, sabiq Gənclər və İdman naziri Azad Rəhimovun qudası olan Niyazi Bayramovun bu vəzifəyə gətirilməsinin bir çox səbəbləri var. Azad Rəhimovun isə səhhəti ilə əlaqədar olaraq istirahətə göndərildiyi bildirilir.

BİOQRAFİYA:

Niyazi Bayramov 1956-cı ildə Bakı şəhərində anadan olub, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır.

Əmək fəaliyyətinə 1973-cü ildə Bakı şəhərində Mayeləşdirilmiş qazın istehsalı və satışı üzrə istehsalat birliyində fəhlə kimi başlayıb.

1980-1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı hüquq məsləhətxanasında vəkil işləyib.

1986-1991-cı illərdə Bakı şəhəri 26 Bakı komissarı rayonunun İcraiyyə Komitəsində şöbə müdiri, 1992-ci ildə Bakı şəhəri 26 Bakı komissarı rayonunun İcra Hakimiyyətində başçının müavini, 1995-1997-ci illərdə Azərbaycan Respublikası Gömrük Komitəsi sədrinin yanında İnspeksiyanın rəisi, 1997-2001-ci illərdə Azərbaycan Respublikası Gömrük Komitəsinin Gəncə gömrükxanasının rəisi, 2010-cu ildə Azərbaycan Respublikasının Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəis müavini, 2010-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi, mart-aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi vəzifələrində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 14.04.2012-ci il tarixli 2173 nömrəli sərəncamı ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Qarabağ müharibəsi iştirakçısıdır.

Ailəlidir. 2 övladı var.
Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abasov işdən çıxarıldıAzərbaycan Respublikası baş nazirinin müavinlərindən bəziləri dəyişib.

APA-nın məlumatına görə, prezident İlham Əliyevin bu gün yeni hökumətin tərkibinin təsdiq olunması haqqında imzaladığı sərəncama əsasən, Hacıbala Abutalıbov baş nazirin yeni müavini təyin olunub.

Buna qədər baş nazirin müavinləri postunu tutan Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abasov yenidən təyin edilməyiblər.

Bununla yanaşı, Yaqub Abdulla oğlu Eyyubov yenidən I müavin, Əli Cavad oğlu Əhmədov və Əli Şamil oğlu Həsənov müavin kimi yeni tərkibdə yer alıb.
Nazirlər Kabineti təsdiqləndi: 6 nazir yoxdur - SiyahıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə bu gün Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib.

Axar.az xəbər verir ki, Nazirlər Kabinetinin əvvəlki tərkibini idarə heyətinin 7 üzvü, 18 nazirlik, 9 komitə, 2 administrasiya, 6 xidmət sahəsi təşkil edirdi.

Hazırda Prezidentin təsdiq etdiyi Nazirlər Kabinetinin yeni tərkibində idarə heyətinin 7 üzvündən 5-i təyinat alıb və belə görünür ki, baş nazirin 6 müavinindən ikisi ixtisar edilib. Belə ki, Elçin Əfəndiyev, İsmət Abasov, Abid Şərifov təyinat almayıb, əvəzində isə Bakı meri Hacıbala Abutalıbov baş nazir müavini vəzifəsinə gətirilib.

Həmçinin 18 nazirlikdən də Səhiyyə, Mədəniyyət, İdman, Ekologiya və Təbii Sərvətlər, Təhsil, Müdafiə Sənayesi olmaqla, 6 nazirliyə təyinat yoxdur.
12 qurumun rəhbəri NK-nın yeni tərkibində yoxdur – SiyahıPrezident İlham Əliyevin sərəncamı ilə bu gün Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib.

Axar.az xəbər verir ki, Nazirlər Kabinetinin əvvəlki tərkibini baş nazir, nazir müavinləri və nazirlərdən (cəmi 25 idi) başqa, həm də 9 komitə, 2 administrasiya, 6 xidmət sahəsi təşkil edirdi.

Hazırda Prezidentin təsdiq etdiyi Nazirlər kabinetinin yeni tərkibində bu komitələr yoxdur:

1. Dövlət Gömrük Komitəsi

2. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

3. Dövlət Statistika Komitəsi

4. Diaspor ilə İş üzrə Dövlət Komitəsi

5. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

6. Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsi (Ötən gün prezidentin sərəncamı ilə ləğv edilib)

7. Əmlak Məsələləri Dövlət Komitəsi

8. Dövlət Dəniz Administrasiyası

9. Dövlət Mülki Aviasiya Administrasiyası

10. Dövlət Miqrasiya Xidməti

11. Milli Arxiv İdarəsi

12. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
Nazirlər Kabinetinin yeni tərkibi - SərəncamPrezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncamda deyilir:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin edilsinlər:

1.1. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;

1.2. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov;

1.3. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Şamil oğlu Həsənov;

1.4. Azərbaycan Respublikası Baş nazirinin müavini – Hacıbala İbrahim oğlu Abutalıbov;

1.5. Azərbaycan Respublikasının daxili işlər naziri – Ramil İdris oğlu Usubov;

1.6. Azərbaycan Respublikasının energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov;

1.7. Azərbaycan Respublikasının ədliyyə naziri – Fikrət Fərrux oğlu Məmmədov;

1.8. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev;

1.9. Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov;

1.10. Azərbaycan Respublikasının xarici işlər naziri – Elmar Məhərrəm oğlu Məmmədyarov;

1.11. Azərbaycan Respublikasının iqtisadiyyat naziri – Şahin Abdulla oğlu Mustafayev;

1.12. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – İnam İmdad oğlu Kərimov;

1.13. Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov;

1.14. Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov;

1.15. Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri – Ramin Namiq oğlu Quluzadə;

1.16. Azərbaycan Respublikasının vergilər naziri – Mikayıl Çingiz oğlu Cabbarov;

1.17. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Samir Rafiq oğlu Nuriyev;

1.18. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev;

1.19. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev;

1.20. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi – Mədət Qəzənfər oğlu Quliyev;

1.21. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi – Orxan Sedyar oğlu Sultanov.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Bu nazir postu ilə vidalaşır — İDDİA11 aprel tarixində Azərbaycanda prezident seçkiləri keçirildi.

Seçkilərdə qalib gələn İlham Əliyev 18 aprel tarixində Milli Məclisdə and içərək səlahiyyətlərinin icrasına başladı. Eyni gündə isə, Konstitusiyaya uyğun olaraq, nazirlər kabineti istefaya göndərildi.

Bu gün Milli Məclis plenar iclas keçirərək, prezidentin baş nazir kimi namizəd göstərdiyi Novruz Məmmədovu bu posta təsdiqlədi. Bundan sonra isə hansı nazirlərin qalıb, hansılarının gedəcəyi barədə mətbuatda bir çox analizlər yazılır.

Müdafiə Sənayesi naziri Yavər Camalov da bu dəfə kabinetdə təsdiqlənməyəcək. Çox güman ki, yaxın günlərdə bu posta başqa bir şəxs təyin ediləcək.“Ölkə.Az”
Duqin: “Qarabağda çox qan töküləcək...”“Qərb və Rusiya qarşıdurması fonunda hansısa güclər Ermənistandakı aksiyaları idarə etməyə cəhd edəcək və onlar Dağlıq Qarabağda müharibəni alovlandıracaqlar. Bu da böyük qan tökülməsi ilə nəticələnəcək”.

Publika.az xəbər verir ki, bu barədə Kremlin ideoloqu kimi tanınan Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin deyib.

Onun sözlərinə görə, ermənilərin Sarkisyana etiraz etməsi normaldır: “Çünki Sarkisyanın idarəçiliyinin Ermənistanda bütün təbəqələrin maraqlarını təmin etdiyini demək çətindir. Lakin prosesin arxasında hansısa güclərin olması da istisna deyil. Əgər bu aksiyalar sırf sosial etiraz dalğasıdırsa, bunu normal qarşılamaq lazımdır. Yox əgər geosiyasi oyunların bir parçasıdırsa, bunun hibrid müharibəsinin bir forması olduğunu deyə bilərik və nəticəsi həm Rusiya, həm Ermənistan üçün çox ağır ola bilər. Bu baxımdan, Qarabağda müharibənin başlaması və proseslərin regionu əhatə etməsi istisna deyil”.

Duqin qeyd edib ki, Rusiya Ermənistanın daxili işinə qarışmır: “Hazırki etirazlar da Ermənistanın daxili işidir. Lakin proseslər Ermənistanla Rusiyanın münasibətlərinə xələl gətirsə, onda vəziyyət dəyişə bilər”.
Sarkisyan müxalifəti dialoqa çağırır - ŞərtlərErmənistanın baş naziri Serj Sarkisyan onun təyinatına qarşı çıxan etiraz aksiyasının lideri, parlamentin deputatı Nikol Paşinyanı dialoqa çağırıb.

Azərtac xəbər verir ki, Sarkisyan ölkədə cərəyan edən hadisələrdən dərin narahatlıq keçirdiyini bildirib. Bu ərəfədə Paşinyan hakim partiya ilə dialoqa hazır olduğunu deyib və dörd maddədən ibarət şərtini səsləndirib. Onun sözlərinə görə, müzakirələr baş nazirin istefası, bu posta “xalqın namizədinin” seçilməsi, müvəqqəti hökumətin yaradılması və növbədənkənar parlament seçkiləri keçirilməsi ətrafında aparılmalıdır.

Xatırladaq ki, Serj Sarkisyanın Ermənistanın baş nazir postuna seçilməsinə qarşı keçirilən kütləvi etiraz aksiyaları artıq doqquzuncu gündür aramsız davam edir. Müxalifət Sarkisyanı ölkəni qeyri-effektiv idarə etməkdə və iqtisadi vəziyyətin pisləşməsində təqsirləndirir. Aprelin 16-da parlament binasına yürüş edən mitinq iştirakçıları ilə polis arasında baş verən toqquşma nəticəsində onlarla insan xəsarət almış, ertəsi gün isə müxalifət Ermənistanda “məxməri inqilabın” başlandığını elan etmişdi.

Hazırda etiraz aksiyaları genişlənərək ölkənin digər ərazilərinə də yayılmaqdadır. Paytaxtla yanaşı, Gümrü, Vanadzor, Eçmiədzin və digər şəhərlərdə də nümayişlər başlayıb. Bu gün Yerevanda 60-dan çox müxalifət fəalı saxlanılaraq polis şöbələrinə aparılıb.