“İslam sivilizasiyası və incəsənətinin vəhdəti” adlı sərginin açılışı keçirilibBugünlərdə İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzində “İslam sivilizasiyası və incəsənətinin vəhdəti” adlı sərginin açılışı keçirildi.

Avrasiya.net xəbər verir ki, tədbirin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı, İİR-in Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi, Türkiyənin ölkəmizdəki səfirliyinin Kültür və Tanıtma Müşavirliyi və Fələstinin ölkəmizdəki səfirliyidir.

Sərgini giriş sözü ilə layihənin rəhbəri Elnurə İsgəndərova açaraq tədbir haqda iştirakçılara bilgi verdi. O qeyd etdi ki, ölkəmizdə 2017-ci ilin İslam Həmrəyliyi elan edilməsiylə çeşidli tədbirlər keçirilib ki, bunların 17-si rəsm sərgisidir.

İİR-in Azərbaycanın Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsğər Farsi bu tədbirin ölkələr arasında dostluq və qardaşlığa xidmət etdiyini, nümayiş olunan əsərlərin anlamını və gözəlliyini diqqətə çatdırdı.

ARİ-nin katibi, Xalq rəssamı Ağəli İbrahimov və AMEA Fəlsəfə İnistitunun direktor müavini Qabil Camalzadə belə sərgilərin mənəvi önəmindən söz açdılar. Tədbirin təşkilatçısı Aygün İsgəndərova sərgidə 150-dən çox rəssamın 200-ə qədər əsərinin nümayiş olunduğunu söylədi.

Tədbirin sonunda sərgi iştirakçıları diplomlarla mükafatlandırıldılar.
Azərbaycanlı DJ həmcinsi ilə evlənibTanınmış “DJ” İsmayıl Cəlilov ABŞ-da vətəndaşlıq statusu alıb.

Modern.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədə onun dostları bildiriblər.

Məlumata görə, İsmayıl Cəlilov təkcə vətəndaşlıq almayıb. O, həm də cinsi azlığın nümayəndəsi kimi homoseksual tərəfdaşı ilə evlənib. Hətta feysbukda bu “nikah”ın rəsmiləşdirildiyini əks etdirən fotoşəkil də paylaşılıb və İsmayılı bu “evlilik” münasibətilə təbrik ediblər.
İtən alpinistlərlə bağlı yalan yayıldı - Qərargahdan etirazƏrazidə tez-tez qar uçqunları olduğundan izləri müəyyənləşdirmək olmur.

Bunu Report-un Şimal bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinin rəisi Şahin Mirzəyev deyib.

Onun sözlərinə görə, axtarışlar hər gün saat 06:00-dan 17:00-a qədər davam edir: "Axşam saat 17:00-dan sonra axtarış işləri dayandırılır. Çünki hava kəskin soyuq olduğundan axşam saatlarında axtarışların aparılması mümkün deyil. Burada bəzən -15-20 dərəcə şaxta müşahidə olunur. İtkin düşən alpinistlərin hərəkət ehtimalı olduğu ərazilərdə hər gün qazıntı işləri aparılır. Bəzi yerlərdə qar uçqununun dərinliyi 7-8 metrdir".

Qərargah rəisi bildirib ki, sosial şəbəkələrdə yayılan yanlış məlumatlar axtarış işlərini çətinləşdirir: "Sosial şəbəkələrdə həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılır. Bu insanlarda çaşqınlıq yaradır və itkin düşən alpinistlərin yaxınlarına da mənfi təsir göstərir. Mən axtarışın rəhbəriyəm və hazırda dağın başındayam. Bu yalan məlumat yayanların məqsədi nədir?! Bir daha bütün KİV nümayəndələrini və sosial şəbəkə istifadəçilərini hər hansı məlumatı rəsmi təsdiqi olmadan yaymamağa çağırıram".

Xatırladaq ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü (Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə) geri qayıtmayıb və onlarla əlaqə kəsilib.
Azərbaycan banklarından 3 milyon manat pul oğurlayan şəxs tutulduAzərbaycandan kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup tərəfindən ölkə banklarının kompyuter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilməsi, pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlarla ümumilikdə 3.000.000 (üç milyon) manatdan artıq vəsaitin oğurlanması faktı üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində başlanılan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.

Avrasiya.net DTX-ya istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri ilə aparılan cinayət işi üzrə ifşa edilmiş beynəlxalq kibercinayətkar qrupun üzvü, xarici ölkə vətəndaşı Petroviçi Sergey Aksentiyeviç beynəlxalq axtarış üzrə məhkəmə prosesləri nəticəsində saxlanılaraq 2017-ci il dekabrın 30-da Azərbaycan Respublikasına ekstradisiya edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Kommersiya banklarına qarşı analoji kiberhücumların baş verdiyi tərəfdaş dövlətlərin hüquq mühafizə orqanlarına müəyyən edilən faktlarla bağlı zəruri hüquqi yardım göstərilir.
Bakıda itkin düşdü, Suriyada tapıldı- İŞİDƏ qoşuldu1981-ci il təvəllüdlü Hüseynov Mehman Tariyel oğlu hələ 2014-cü ilin dekabrında itkin düşüb.

Oxu.az xəbər verir ki, Hüseynovun anası – 1954-cü il təvəllüdlü Nailə İbrahimova yaşadığı Xətai rayonunun 36-cı polis bölməsinə müraciət edərək, hüquq-mühafizə orqanlarının əməkdaşlarını itkin düşmüş oğlu barədə məlumatlandırıb.

Aparılmış istintaq zamanı Hüseynovun Azərbaycandan kənarda silahlı birləşmələrə qoşulması, daha dəqiqliklə, Suriyada Bəşər Əsədin ordusuna qarşı döyüşən yaraqlılara qoşulması barədə güman formalaşıb. Lakin bu məlumat yalnız indi təsdiqlənib və dekabrın 28-də işin materialları təhqiqat aparılması üçün müvafiq strukturlara göndərilib. Hüquq-mühafizə orqanlarınının əməkdaşlarının hazırda Hüseynovun sağ olub-olmaması barədə məlumatları yoxdur.

Qeyd edək ki, xarici dini mərkəzlər Azərbaycanda gəncləri öz tərəflərinə çəkmək üçün sosial şəbəkələrin imkanlarından aktiv iştirak edirlər. 2017-ci ildə yad cərəyanların nümayəndələri ilə mübarizə çərçivəsində Azərbaycanda 16 terrorçu məhv edilib. Keçirilmiş xüsusi əməliyyatlar nəticəsində 21 nəfər saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub.

AR-ın Dövlət Təhlükəsizli Xidmətinin əməkdaşlarının sayəsində ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrdə iştiraka görə 258 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib.
Nostradamusun 2018-ci il üçün öncəgörmələri — ŞOK SİYAHIDünyanın ən böyük kahinlərindən sayılan Nostradamusun 2018-ci il üçün kritik öncəgörmələri üzə çıxıb.

"Ölkə.Az" xəbər verir ki, 2018-ci il 3-cü dünya müharibəsi məsələsində kritik il olacaq.

"Daily Express"-in xəbərinə əsasən, Nostradamus 2018-ci il üçün aşağıdakı öncəgörmələri qələmə alıb:

1.Katolik Kilsəsinin lideri öləcək;

2.Terror 2018-ci ilin ən böyük problemi olacaq;

3.Qlobal istiləşmə səbəbindən böyük silahlı toqquşmalar baş verəcək;

4.Çin yeni bir strateji həmlə ilə dünyanın yeni super gücü olacaq;

5.ABŞ-da ciddi problemlər başlayacaq;

6.2018-ci ilin əvvəllərində ABŞ-ın qərbində güclü zəlzələ meydana gələcək;

7.İtaliya Avropanı böyük bir iqtisadi böhrana sürükləyəcək;

8.Latın Amerikasında bir çox cəhətdən radikal dəyişikliklər olacaq;

9.Vezuvi vulkanı yenidən partlayacaq;

10.2018-ci il 3-cü dünya mübaribəsi üçün kritik bir önəmə sahib olacaq.
Koreyanın nüvə planının arxasında hansı ölkə durur?Bu il ballistik raket sınaqları ilə dünyanın "ürəyini" ağzına gətirən Şimali Koreya ilə bağlı yeni iddia ortaya atılıb.

Publika.az xəbər verir ki, Şimali Koreyanın Rusiyadan aldığı inkişaf etdirilmiş texnologiya ilə ballistik raket hazırladığı irəli sürülüb.

ABŞ-ın “Vaşinqton Post” qəzeti Pxenyanın nüvə raketləri üçün istifadə etdiyi texnologiyasının Soyuq müharibə dövründə Rusiyanın istifadə etdiyi texnologiyadan bəhrələndiyini yazıb. Xəbərdə SSRİ-nin dağılmasından sonra Rusiyanın öz qüvvələrini inkişaf etdirmək üçün istifadə etdiyi texnologiyanı Şimali Koreyaya satdığı iddia olunub.

Məqalədə həmçinin, 1992-ci ildə Rusiyada nüvə raketləri hazırlayan “Makayev Raket Dizayn Bürosu”ndakı 60-dan çox elm adamının həbs edilməsi xatırlanıb. Həbs qərarına səbəb kimi də elm adamlarının Pxenyana məsləhətçi qismində getmək istəməsi göstərilib.

ABŞ, Rusiya və Cənubi Koreyadan verilən açıqlamada mövzu haqqında texniki bililəri olan elm adamlarının o illərdə Şimali Koreyaya keçərək raketlərin hazırlanmasında bilgi verdiyi təsdiqlənib.
20 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açıldıİyirmi il əvvəl törədilmiş qətl hadisəsinin üstü respublikanın daxili işlər və prokurorluq orqanlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində açılıb.

Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin Avrasiya.net-ə daxil olan birgə məlumatında bildirilir ki, bu il dekabrın 26-da Masallı rayonunun Yeni Zuvand kənd sakini Stəkan Məmmədova 1997-ci ildə Tatyan kənd sakini Vüqar İsayevin onun qızı Bahar Məmmədovanı evlənmək məqsədilə qaçıraraq Rusiya Federasiyasına aparması, lakin sonradan Vüqar kəndə qayıtsa da, övladından heç bir xəbər olmaması barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

Məlumatla əlaqədar Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşklarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Təxirəsalınmaz tədbirlərlə Bahar Məmmədovanı qətlə yetirməkdə əsaslı şübhələr yarandığından Vüqar İsayev tutulub.

İlkin araşdırmalar zamanı V.İsayevin 1997-ci ilin oktyabr ayında Bahar Məmmədovanı evlənmək məqsədilə qaçırdıqdan sonra Şıxlar kəndinin ərazisindəki meşə zolağına aparması, aralarında baş verən münaqişə zəminində Baharın boynunu qıraraq onu qəsdən öldürməsi, çuxurda basdıraraq üzərinə daş və qaya parçaları yığması, beş ay müxtəlif ünvanlarda gizləndikdən sonra Rusiya Federasiyasının Arxangelsk şəhərinə getməsi müəyyən edilib. Araşdırmalar nəticəsində o da məlum olub ki, V.İsayev 2005-ci ildə Rusiya Federasiyasının ərazisində də qətl hadisəsi törədərək uzun müddətə azadlıqdan məhrum edilib, cəzasını çəkdikdən sonra isə cari il dekabrın 25-də Masallı rayonuna qayıdıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının, məhkəmə-tibb ekspertinin iştirakı ilə Şıxlar kəndi ərazisindəki qətlin baş verdiyi ehtimal olunan əraziyə baxış keçirilib və oradan B.Məmmədovanın meyidinin qalıqları aşkar edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
81 yaşında diri-diri yanan arvadın ərindən son istəyi: “Qoyma, yandım, məni də çıxart”Masallı rayonunda 81 yaşlı qadın evin icində diri-diri yanıb.

Hadisə Masallı rayonun Mahmudavar kəndində baş verib. Kənd sakinlərin AzNews.az-a verdiyi açıqlamaya görə, yanğın səhər saat 5 radələrində baş verib:

“Ər və arvad evdə tək yaşayırlar. Övladlarının isə onlardan bir az uzaqda evləri var. İki mərtəbəli, ümumi sahəsi 280 m² olan evin bir otağında qaz sobası olub. Ehtiyyatsızlıqdan qaz sızması baş verib. Yanğından xəbər tutan kimi kişi həyat yoldaşı Mariya Kazımovanı səsləyib. Kişi qaçıb canını qurtarıb. Amma qadın yaşlı olduğundan tüstü onu boğub, yıxılıb. Qışqırıb ki, “qoyma, yandım, məni də çıxart”. Kişi görüb ki, Mariya gəlmir, istəyib ki, onun arxasınca gedib çıxarsın, alovdan evə girə bilməyib. Qadın tamam yanmışdı, meyiti yumaq da mümkün deyildi. Nə yaxşı vaxtında çatdıq, yoxsa meyiti kül olacaqdı”.
Artur Rəsizadə yeni ilin ilk aylarında yola salınır - Yerinə kimin gəldiyi məlumdurYeni baş nazir olacaq namizəd hazırda nazirdir; iqtidar 2018- üçün tam fərqli taktika planlaşdırır.

Yeni ildə Azərbaycanda bir çox önəmli proseslərin baş verəcəyi gözlənilir. Bura həm siyasi, həm mədəni, həm də idman sahəsində baş verəcək hadisələr aiddir. İctimaiyyətin daha çox diqqət yetirdiyi müstəvi isə siyasət səhnəsi, hakimiyyətlə bağlı və hakimiyyətdaxili proseslərdir. Xüsusilə müxtəlif yüksək postlarda baş verəcək dəyişikliklər insanları daha çox maraqlandırır.

Avrasiya.net “Yeni Müsavat”-a istinadən xəbər verir ki, 2018-ci ilin ilk ayları Azərbaycan hakimiyyətində ciddi kadr əvəzləmələri ilə yadda qalacaq. Bu əvəzləmələrdən ən mühümü ölkənin baş naziri postu ilə bağlı olacaq. Redaksiyamıza mötəbər mənbələrdən verilən bilgiyə görə, yaşlı baş nazirimiz Artur Rasizadə daha gənc birisi ilə əvəz ediləcək. Maraqlıdır ki, onun yerinə hazırda nazir postu tutan birinin gətiriləcəyi haqda iddialar var.

Qeyd edək ki, Nazirlər Kabineti uzun illər boyu Azərbaycanda tənzimləyici qaydaları, müxtəlif qanun layihələrini işləyib hazırlayan əsas mərkəz rolunu oynayıb. Verilən məlumata görə, Nazirlər Kabinetinə 1996-cı ildən rəhbərlik edən A.Rəsizadə yaşlı olmasına rəğmən, hakimiyyətin iqtisadi blokunda aparılan bir çox islahatların, dəyişikliklərin əsas ideya müəlliflərindən biridir. Cənab Rəsizadənin həmçinin dövlət-hakimiyyət orqanlarındakı uzunmüddətli iş təcrübəsi, həmçinin yüksək savadı və bacarığı ilə yanaşı, iddiasızlığı və subordinasiya qaydalarına ən ciddi şəkildə əməl etdiyi üçün daim hörmətinin saxlandığı, ölkə rəhbərliyinin onun əksər hallarda uğurlu nəticə verən təkliflərinə sıcaq yanaşaraq çoxunu qəbul etdiyi bildirilir.

Son illərdə Azərbaycan Nazirlər Kabinetinin çoxsaylı səlahiyyətləri alınaraq digər strukturlara verilib. Lakin buna baxmayaraq, Nazirlər Kabineti ölkənin sosial-iqtisadi həyatında tənzimləyici funksiyasını saxlamaqda, müvafiq qaydaları hazırlayaraq qəbul edən əsas orqan olaraq qalmaqdadır.
Yeni ildən isə A.Rəsizadənin daha gənc və daha çevik işləyəcək başqa bir şəxslə əvəzlənməsi nəzərdə tutulması ondan xəbər verir ki, iqtidar qarşıdakı seçki ili üçün tam fərqli taktika seçib.

Dəyişikliyin mart ayının sonlarınadək reallaşacağı gözlənilir.