Fazil Məmmədovu bitirən offşor şirkətlər –Sabiq nazirin dostu Fəxrəddin Qəmbərov yoxa çıxıbSabiq vergilər naziri Fazil Məmmədovun işdən çıxarılmasında “maliyyə xəyanəti”nə yol verməsi haqda olan xəbərlərin həqiqiliyinə dəlalət edən məlumatlar yayılmaqdadır.

1 milyard dollar hara “axıdılıb”?

Gələn məlumatlara görə sahibkarlardan toplanan, hesab-kitabdan gizlədilən azı 1 milyard dolların kimlər vasitəsilə ölkədən çıxarılmasından söhbət gedir. İş üzrə qeyri-rəsmi araşdırmalarla yanaşı rəsmi də hərəkətlilik var. Hətta cinayət işinin başlandığı və istintaqçıların “qara pulların” izinə düşdüyü də bildirlir. Ən azı 1 milyard dolların Fazil Məmmədovun yaxın ətrafı tərəfindən ofşor zonalarda yaradılan şirkətlərə ötürüldüyü və sonradan dünyanın bir çox yerlərində, o cümlədən Şərqi Avropa ölkələrində iri biznes layihələrinə, daşınmaz əmlakın alınmasına yatırıldığı haqda iddialar var. Azpolitika.info yazır ki, neftin qiyməti düşdükdən sonra bir çox digər strukturlar kimi, Vergilər Nazirliyinin də maliyyə fəaliyyətinin araşdırılmasına başlanılıb. Nazirliyin iş adamlarından toplanan pulların dəqiq hesablaması aparılıb. Araşdırmaya səbəb prezidentin iqtisadi islahatlar üzrə köməkçisi, vaxtilə vergilər nazirinin müavini işləmiş Natiq Əmirovun verdiyi bəzi məlumatlar olub. Üzə çıxan isə iş adamlarından yığılmış milyard dollardan artıq “cirkli pul”un ölkədən çıxarılaraq, ofşor zonalarda yaradılan şirkətlərə ötürüldüyü, coxgedişli kombinasiyalar vasitəsilə “yuyularaq” Avropada və dünyanın bir çox yerində biznesə yatırıldığı olub. Bundan sonra Fazil Məmmədov “maliyyə xəyanəti”nə yol verən məmur kimi işdən qovulmasına qərar verilib.

Yeni nazir 1 milyard dolları ölkəyə qaytara biləcəkmi?

Sayt yazır ki, hazırda yeni nazir Mikayıl Cabbarovun qarşısında qoyulan əsas vəzifələrdən biri də məhz Vergilər Nazirliyinin xətti ilə yığılaraq müxtəlif yollarla xaricə çıxarılmış bu pulların geri qaytarılmasının təminidir. Artıq fakt üzrə cinayət işinin başlanması xəbəri də var. “Qara pul”ların ölkədən çıxarılmasında nazirliyin keçmiş əməkdaşları, Fazil Məmmədoun etibarlı kadrları olan Fəxrəddin Qəmbərovun və Qafar Qurbanovun adları hallanır. Uzun illər prokurorluq orqanlarında işləyən Fəxrəddin Qəmbərov Fazil Məmmədovun yaxın dostlarından biri kimi tanınıb. Məmmədov onu ən gəlirli vəzifələrdən birinə – Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini vəzifəsinə təyin edib. Ancaq idarəyə faktiki rəhbərliyi o həyata keçirib. Bununla paralel sabiq nazir Qərb bölgəsində olan biznesinin idarə edilməsini də ona etibar edib.

Fazil Məmmədovun “qara pullarını” Fəxrəddin Qəmbərov “yuyub”

F.Məmmədov bərkdən-boşdan çıxan dostuna 2005-ci ildə mandat almağa da çalışıb. Ancaq Fəxrəddin Qəmbərov 103 saylı Gədəbəy seçki dairəsindən deputat seçilməyə yaxın olsa da, Konstitusiya Məhkəməsi onun namizəd olduğu dairə də daxil, 6 seçki dairəsinin nəticələrini ləğv edib. Bundan sonra Qərb bölgəsindən olan Qəmbərovu Məmmədov bölgənin mərkəzi şəhərinin – Gəncənin İcra Hakimiyyətinin başçısı postuna gətirmək istəyib, ancaq buna da nail ola bilməyib. Ölkəyə neftdən böyük pullar daxil olduqdan sonra bir çox məmur kimi Fazil Məmmədov da xaricə “açılmağa” başlayıb. İş adamlarından yığılan qeyri-rəsmi pulların əhəmiyyətli hissəsi xaricdəki böyük biznes layihələrinə yönəldilib. Bu zaman “çirkli pulların” ofşor şirkətlər vasitəsilə “yuyularaq” Avropada təmiz sərmayə kimi biznes layhihələrinə yatırılmasına ehtiyac yaranıb. F.Məmmədov təbii ki, bu işi etimad göstərdiyi şəxslərə, o cümlədən F.Qəmbərova həvalə edib. Onu formal olaraq özünə müşavir təyin edərək xaricdəki biznes layihələrini reallaşdıracaq şirkətlərin başına gətirib. F.Qəmbərovun ölkədən çıxarılan “çirkli pul”ları hansı vasitələrlə “təmizləyərək” biznes layihələrinə yönəltdiyi, “it-bata” düşən 1 milyard dollardan artıq vəsaitin nə qədər hissəsinin onun üzərində olduğuna dair dəqiq bilgilərimiz yoxdur.

Ancaq ötən il “Azadlıq radiosu”nun yayımladığı araşdırmadan belə məlum olur ki, F.Qəmbərov “böyük oyunçu” olub. Onun kənd təsərrüfatı xammalı və mal-qaranın, toxuculuq xammalı və yarımfabrikatlarının, eləcə də yanacaq, metal filizi və s. satışı üzrə biznesi var. Radionun məlumatına görə, Britaniya qaynaqları Fəxrəddin Qəmbərovun 2009-cu ilin yanvarında “FG Trade İnternational Limited” şirkətini qurduğunu bəyan edir: “Bundan sonra şirkətin səhmləri əldən-ələ keçsə də, o, 2013-cü ilin iyununda yenidən həmin qurumun tam sahibinə çevrilir; əvvəlcə səhmlərin 100 faizi ”Triangle Investments & Development LTD" şirkətinə ötürülür, bir il ötəndən sonra səhmlərin dörddə biri Fəxrəddin Qəmbərova qaytarılır. 2011-ci ildə 50 faizlik səhm zərfi “Akasa Associates SA” şirkətinin mülkiyyətinə verilir, növbəti il “Triangle Investments & Development LTD” 25 faizlik hissə zərfini Fəxrəddin Qəmbərova qaytarır. Nəhayət, 2013-cü ildə ötür-ötür oyununu başa çatır – o şirkətdən “Akasa Associates SA” da çıxır. Hazırda Fəxrəddin Qəmbərov şirkətin tam sahibidir. Bu illər ərzində şirkətə litvalı xanım direktor – Lina Rimkute rəhbərlik etməkdədir. Hesabatlara görə, “FG Trade İnternational Limited” şirkətinin ticarəti Körfəz ölkələrinədək uzanır. Onun Qətər dövlətində “FG Capital LLC” törəmə şirkəti də var".

“MTN işi”ndən sonra Fəxrəddin Qəmbərov yoxa çıxıb

Göründüyü kimi, Fəxrəddin Qəmbərov xaricdə qurduğu şirkətlər və ötür-ötür oyunları vasitəsilə verginin iş adamlarından qeyri-rəsmi topladığı pulları dünyanın bir ucundan o biri ucuna səpələyib. MTN-dəki təmizləmələrdən bir müddət sonra isə Fəxrəddin Qəmbərovun Bakı ilə əlaqələrini kəsərək, “yoxa çıxdığı” bildirilir. Hazırda Fəxrəddin Qəmbərovla bağlı cinayət işinin açıldığı və axtarışa verildiyi də verilən məlumatlar sırasındadır.

Sabiq nazirin müxtəlif ölkələrdəki 100 milyonlarla dollarlıq layihələri!

Fazil Məmmədovun xaricdəki biznes layihələrini idarə edənlərdən biri kimi tanınan Qafar Qurbanov da əvəllər Vergilər Nazirliyində çalışıb. Sonradan Fazil Məmmədov ona biznes obyektlərinin idarə edilməsini həvalə edib. 2006-cı ilin noyabrından 2011-ci ilin aprelinədək “AtaHolding” ASC İdarə Heyətinin sədri vəzifəsində işləyib. Daha sonra isə holdinqin Müşahidə Şurasına üzv seçilib. Bir müddət sonra isə Fazil Məmmədovun ailə şirkətinə – “Synergy Group” ASC-yə transfer edilib. Elə həmin vaxtlardan Qafar Qurbanov “Triangle Group”un İdarə Heyətində təmsil olunur. Çoxsaylı şirkətlərin idarə olunmasına qatılan Qafar Qurbanov 2015-ci ilin oktyabrında qurulan “Oldbourne & Oldbourne Hospitality Limited” şirkətinə də başçılıq edir. “Anglia Real Estate Portfolios limited”in (Guernsey) təsis etdiyi bu şirkətin otelçilik sahəsində çalışacağı güman edilir. Eyni zamanda Qafar Qurbanov Litvada maliyyə vasitəçiliyi sahəsində çalışan “4 In” şirkətinin də rəhbəridir. Onun adı Monteneqronun Kumbor adasından tutmuş, Londonda dəyəri 100 milyonlarla dollar olan layihələri həyata keçirən şirkətlərin sahibi kimi hallanır.

Azərbaycanda verginin qeyri-rəsmi yığdığı pullar hesabına xaricdə yaradılan cənnət-məkanlar…

Düzdür, Qafar Qurbanovun “maliyyə xəyanətinə” yol verdiyi və onunla bağlı cinayət işininin açılıb-açılmadığı barədə məlumat yoxdur. Ancaq o da “kiçik oyunçu” olmayıb. “Azadlıq radiosu”nun araşdırmasına görə, Qafar Qurbanov 2008-ci ildən bəri Metin Güvener adlı şəxslə 50/50 prinsipi ilə qurduğu “Triangle İnvestments & Development Limited” şirkətlər qrupu vasitəsilə dünyanın müxtəlif ölkələrində 100 milyonlarla dollarlıq layihələr həyata keçirir. Kifayət qədər iri bir şirkət olan “Triangle İnvestments & Development Limited”in törəmə qurumlarının Britaniya və Azərbaycanda, Baltikboyu respublikalarda və Balkanlarda, eləcə də bəzi MDB ölkələrində əmlak və biznes maraqlarının olduğu məlumdur. Onun tərkibində Britaniyada, Türkiyədə, Belçikada, Litvada və sair ölkələrdə yaradılmış şirkətlər Azərbaycanda verginin qeyri-rəsmi yığdığı pullar hesabına əmlaklar, biznes strukturları almaq, müxtəlif layihələr həyata keçirməklə məşğul olublar. Qrupun təkcə Litvada 2 lüks otelinin olduğu bildirilir. Eyni zamanda Qrupa daxil “Triangle (Property) Limited” şirkətinin Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərində, İngiltərənin paytaxtı Londonda, Fransada və hətta ABŞ-da müxtəlif daşınmaz əmlakdan ibarət portfelinin də olduğu məlumdur. Düzdür, sözügedən şirkətin səhmlərinin hamısı 2014-cü ilin aprelində Britaniya və Fransa arasındakı Guernsey offşor bölgəsində yaradılmış “Triangle Holdings Limited” şirkətinə satılıb. Ancaq Qrupun korporativ saytından məlum olub ki, qurucu və sahiblər yenə Qafar Qurbanov və Metin Güvenerdir. Yəni şübhə yoxdur ki, bu alqı-satqı da formal xarakter daşıyıb, hansısa əməliyyatların izini itirmək və ya yeni çoxgedişli kombinasiyalar qurmaq məqsədilə həyata keçirilib.

Hansı ki, bu cür əməliyyatlar və çoxgedişli kombinasiyalar nəticəsində ölkədən çıxarılan milyard dollardan artıq vəsait “yoxa çıxarılıb”. Bu pullar iş adamlarını soyaraq, bəzən iş yerlərinin, biznes obyektlərinin bağlanılması hesabına əldə edilib. Bu isə Fazil Məmmədovun və komandasının yalnız dövlətin milyard dollarlarla pulunu xaricə çıxarmaqla deyil, həm ölkədə işgüzar mühiti məhv etməklə, iş adamlarını didərgin salmaqla Azərbaycana böyük zərbə vurduğunu söyləməyə əsas verir.

Yeni Musavat
Tramp rəsmən soyuq müharibəni elan edib - PolitoloqMəhəmmdə Əsədullazadə
politoloq

ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik strategiyası dünyada rəsmən soyuq müharibənin elan edilməsidir. Bu Milli təhlükəsizlik strategiyasında ABŞ-ın əsas rəqibləri Rusiya və Çin, terrorizmi yayan və dünyaya təhlükə kimi İran və Şimali Koreya göstərilib.

ABŞ-ın gələn ildən başlayaraq Rusiya və İrana qarşı sanksiyalar tətbiq etməsi gözlənilir. Azərbyacan üçün bu strategiyanın doğurduğu narahatlıq əsasən iki qonşu ölkəmizin ABŞ-la növbəti illərdə siyasi qarşıdurmasında ölkəmizə qarşı hər hansı mənfi nəticələrin olacağıdır. Çünki iki ölkə bu və ya digər baxımından Azərbaycanla əlaqlərdə heç də isti münasibətlərə malik deyil.Amma Moskva və Tehran işğalçı Ermənistanla sıx siyasi-iqtisadi əlaqlərə malikdir.

Azərbaycanın avrointeqrasiya və ABŞ-la gələn il il nəzərdə tutulan siyasətdə balanslı siyasətini saxlamaqla, bu dövlətlərin siyasi qarşıdurmasından maksimum istifadə etməlidir. Bu əsasən Qarabağ münaqişəsinin həllində özünü göstərməlidir. Rusiya və İran maksimum status-kvonun saxalnmasında maraqlıdır.

Qeyd edim ki, ABŞ-ın yeni sanksiyaları ilə üzləşən Rusiya və İranın regional siyasətində aqressivliyi artacaq. Bu iki ölkənin Azərbaycana qarşı siyasətində isə, rəsmi Bakının ABŞ-la siyasi əlaqlərindən asılı olacaq.

Qeyd edim ki, gələn il Azərbaycanla ABŞ arasında siyasi əlaqələrin inkişafı baxımından əhəmiyyətli il ola bilər. Çünki, ABŞ insan hüquqları və demokrtaiya məsələrində Bakı ilə konforontasiyaya getməyəcək.

ABŞ əvvəlki siyasətinə uyğun olaraq terrorizm və enerji sahəsində Azərbaycanla əməkdaşlığa üstünlük verəcək. Rusiya və İrana qarşı sərt xətt siyasəti, ABŞ-ın Azərbaycana marağını artıra və Qarabağ münaqişəsində Azərbaycana dəstək verə bilər.

Hazırda ABŞ Cənubi Qafqzada Gürcüstanla siyasi-hərbi əməkdaşlığı inkişaf etdirir. Ermənistan Rusiyanın orbitində olduğu üçün ABŞ-ın bu ölkə ilə sıx əməkdaşlığı mümkün görünmür.
Binəqədi rayonunda 75 yaşlı qadın itkin düşübDekabr ayının 24-də Binəqədi RPİ-nin 4-cü polis bölməsinə yaşlı qadının itkin düşməsi ilə bağlı ərizə daxil olub.

"Ölkə.Az" xəbər verir ki, vətəndaş ərizəsində göstərib ki, Rəsulzadə qəsəbəsində yaşayan 1942-ci il təvəllüdlü Mərzəliyeva Dəsbikə Qardaş qızı evdən çıxaraq geri qayıtmayıb.

Hazırda polis əməkdaşları 75 yaşlı qadının tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıblar.
İŞİD-çilər Əfqanıstana yerləşdirilir Suriya və İraqdan qaçan İŞİD terror təşkilatının üzvləri Əfqanıstana yerləşdirilir.

Publika.az xəbər verir ki, Rusiya Əfqanıstanda on minlərlə İŞİD-çinin olduğunu, müharibə bölgələrindən qaçan döyüşçülərin Əfqanıstana keçməsi ilə bu sayın daha da çoxaldığını bildirib.

Bu barədə Rusiyanın Əfqanıstandakı xüsusi təmsilçisi Zamir Kabulov məlumat verib. O, bildirib ki, İŞİD bu ölkədəki qüvvələrini son dövrlərdə əhəmiyyətli dərcədə artırıb.

Əfqanıstanın keçmiş dövlət başçısı Həmid Kərzayi bir müddət öncə verdiyi açıqlamada İŞİD-in ölkəsindəki varlığının səbəbi olaraq ABŞ-ı göstərmişdi. O, terrorçuların xarici ölkələrdən müəyyən məqsədlər üçün gətirildiyini və ABŞ tərəfindən dəstəkləndiyini bildirmişdi.

Son hadisələr səbəbilə Türkiyə, Avropa, Orta Asiya respublikaları, Əfqanıstan və Pakistan kimi ölkələri bir-birinə bağlayacaq, dünyanın ən böyük tranzit və ticarət layihəsi kimi dəyərləndirilən Çinin “Bir qurşaq-bir yol” layihəsinin hədəf taxtasına qoyulduğu ehtimal edilir. Əfqanıstanda yerləşdirilən İŞİD döyüşçülərinin isə bu layihəni baltalamaq üçün istifadə olunacağı bildirilir.
Erməni generallardan Lələtəpə ilə bağlı ŞOK GEDİŞ: "Azərbaycan zabitləri hər gün..."Ermənistan ordusunun baş qərargah rəisi Movses Akopyanın ötən həftə dediyi sözlər işğalçı ölkədə qarışıqlıq yaradıb.

Publika.az xəbər verir ki, Akopyan erməni ordusunun “aprel müharibəsi”ndə Azərbaycan Ordusunun azad etdiyi əraziləri yenidən işğal edə biləcəyini iddia edib. Lakin o əlavə edib ki, buna ehtiyac yoxdur: “Çünki erməni əsgərlərinin həyatını bu cür xırda şeylərə qurban verməyə dəyməz”.

Təbii ki, Akopyanın dedikləri İrəvanın siyasi-hərbi rəhbərliyinin erməni ictimaiyyəti önündə haqq qazanmaq cəhdidir. Çünki Azərbaycan Ordusu qarşısında zəif vəziyyətdə olan Ermənistanın rəhbərliyi “erməni əsgərlərinin həyatı” məsələsini önə çıxararaq, əllərində əsas yaratmaq istəyir. Lakin Akopyanın bu sözləri erməni ictimaiyyətində ciddi etirazlara səbəb olub.

Erməni siyasi şərhi Tevos Arşakyan yazır ki, rəsmi İrəvan “aprel müharibəsi”ndə məğlubiyyətinə bəraət qazandırmaq gedişi edir.

“Akopyan ərazilər haqqında danışarkən Azərbaycan ordusunun nəzarətə götürdüyü Lələtəpə və 800 hektar (Azərbaycan Ordusu 2 min hektar ərazini işğaldan azad edib - red.) ərazidən bəhs edir. “İgid general” “istənilən vaxt əraziləri ala bilərik” deyir, ardınca da “əsgərlərimizin həyatı daha önəmlidir” deməklə özü-özünü təkzib edir. Əslində bütün bunlar ümumi sistemin məğlubiyyətə bəraət qazandırmaq instinktindən irəli gəlir. Serj Sarkisyan da ötən il Azərbaycan ordusunun nəzarətə götürdüyü əraziləri “əhəmiyyətsiz” adlandıraraq, məsuliyyətdən qaçmağa cəhd etmişdi”, - deyə o bildirib.

T.Arşakyan xatırladır ki, 1994-cü ildə erməni hərbi birləşmələri Lələtəpə yüksəkliyini zəbt etmək üçün 400 itki verib: “Vaxtilə bu ərazilər olduqca əhəmiyyətli idi, indi rəqibin üstünlüyünü gizlətmək üçün əhəmiyyətsiz adlandırılır”.

Erməni yazar Azərbaycan generalları ilə Ermənistan generallarını müqayisə edib.

“Erməni generallar ölən əsgərlərin ruhuna tüpürdülər. Azərbaycan generalları hər gün əraziləri azad etmək haqda danışır. Bizim generallar isə əraziləri asanlıqla qaytarmağa hazırdır. Çünki döyüşən bahalı avtomobillərdə gəzən oğlanları yox, daxmalarda yaşayanlardır. Sizə yalnız o lazımdır ki, heç kim sərvət toplamağınıza mane olmasın. Hətta bunun üçün əraziləri də qaytarmağa hazırsınız”, - deyə Arşakyan qeyd edib.
Usubov yeni rəis təyin etdiMingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis polkovnik-leytenantı Bəlyar Bəşirli vəzifəsindən azad olunub.

Report-un məlumatına görə, bu vəzifəyə Xızı RPŞ-nın DYP bölməsinin rəisi, polis mayoru Tahir Əliyev təyin edilib.

Əvvəlki rəis B.Bəşirli təqaüdə göndərilib.
Vəliəhd ölkəsinə gələn baş naziri necə həbs etdirdi?Livan Baş naziri Saad Həriri istefaya getdiyini bəyan etdiyi zaman Səudiyyə Ərəbistanı hökumətinin təzyiqi altında olub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Nyu York Tayms” qəzeti yayıb.

“Səfərinin ikinci günü Həriri Ər-Riyad rəsmiləri tərəfindən səhər tezdən görüşə çağırılıb. Səudiyyə Ərəbistanı təhlükəsizlik xidmətinin əməkdaşları onu həbs edərək, təhqir ediblər. Həriridən telefonlarını alaraq yanında yalnız bir mühafizəçisinin qalmasına izn veriblər. Bundan sonra baş nazirə öncədən hazırlanmış istefa məktubu təqdim edilib və Səudiyyə televiziyasında oxudulub. Livanda bu bəyanat şübhəli qəbul edilib və nəticədə Livan Prezidenti Mişel Aun onun istefasını təsdiq etməkdən imtina edib. Bir neçə saat sonra baş nazir prezidentlə əlaqə qurmağa müvəffəq olub. Aun Həririnin sərbəst şəkildə danışmadığını anlayıb və yalnız bundan sonra livanlı diplomatlara Qərbdəki siyasətçilərlə əlaqə qurmaq tapşırılıb.

Həriri ev dustaqlığı zamanında həyat yoldaşı və övladlarını görmək imkanından da məhrum olub. Tezliklə, onu Qərb ölkələrinin diplomatları ziyarət edib.

İndiyə qədər Səudiyyə Ərəbistanı hökuməti bu həbslə nəyə nail olmaq istədiyini tam açıqlamayıb. Lakin Həririnin həbsi vəliəhd Məhəmməd bin Salamanın təşəbbüsü olub və bununla da İranın ambisiyalarına cavab verməyə cəhd edilib. Belə ki, Ər-Riyad Həririnin İran siyasətçiləri ilə görüşündən narazı qalıb”, – deyə qəzet bildirib.
Çevriliş gecəsinin şok planı – Sərhəddə hazır gözləyən ordu...Türkiyədə çevriliş cəhdinin baş tutduğu saatlarda naməlum bir təyyarənin sərhədə 2-3 kilometr məsafədə Şimali İraq bölgəsinə silah və ləvazimat qutuları endirdiyi məlum olub.

Axar.az xəbər verir ki, pilotsuz uçan aparat və sərhəd məntəqələri tərəfindən müşahidə edilən təyyarənin kimə məxsus olduğu aşkar edilməyib.

Məlumata görə, həmin silahların PKK tərəfindən çevriliş gecəsi Türkiyəyə hücum üçün istifadə edilməsi nəzərdə tutulub. Türkiyə tərəfindən ələ keçirilən silahlarla PKK qardaş ölkəyə ikinci zərbəni vurmaq istəyib. Terrorçuların kritik dəqiqələrdə hücum etməsinə isə xalqın ayağa qalxaraq küçələrə axın etməsi əngəl olub.

“O gecə YPG-ə aid ağır silahlar daşıyan və aralarında zirehli maşınların da olduğu çox sayda texnika sərhədimiz istiqamətində gözləyirdi”, - Suriya sərhədinə yaxın Ceyranpınar qəsəbəsinin bələdiyyə sədri Məndərəs Atilla deyib.

Qeyd edək ki, 2016-cı ilin 15 iyulundakı çevrilişə cəhd gecəsi PKK-nın Türkiyəyə hücum planının mövcudluğu bir neçə dəfə gündəmə gəlib.
Qulini təhqir edən avtoritet necə öldürüldü? – TəfərrüatƏslən gürcü olan qanuni oğru David Alxanişvilinin (Dato Pankiski) qətli ilə bağlı təfərrüat açıqlanıb.

Axar.az xəbər verir ki, dekabrın 22-də İstanbulda öldürülən Alxanişvilinin qohumlarının açıqlamasına görə, o, İstanbuldakı restoranlarından birində olarkən, ona zəng edərək, küçəyə çıxması istənilib. Bundan sonra Alxanişvili küçədəcə öldürülüb.

Qeyd edək ki, Alxanişvili rus mafiyasının lideri Zaxariya Kalaşovun (Şakro Molodoy) əsas düşməni sayılan Tariel Onianinin ən yaxın adamlarından olub. İddiaya görə, Alxanişvilinin ölümü məhz bu iki qanuni oğru arasında uzun müddətdir gedən savaşın nəticəsidir. Kalaşovun adamları gürcü qanuni oğrunu öldürməklə 2011-ci ildə Oniani tərəfindən qətlə yetirilən Kalaşovun qohumu Dato Krasnodarskinin intiqamını alıblar.

“Praym Taym” qətlin oğru dünyasında qanlı qarşıdurmaların yeni mərhələsinin başlanğıcı olacağı barədə ehtimal irəli sürmüşdü.

Xatırladaq ki, 2011-ci ildə Belçikada qanuni oğru Oniani Canqveladzenin klanından ibarət avtoritetlər David Ozmanov üzərində divan təşkil edib. Onlar Ozmanova çoxsaylı bıçaq xəsarətləri yetiriblər. David Alxanişvili də divanı təşkil edənlərdən biri olub.

Ozmanov o vaxt möcüzə sayəsində sağ qalıb və uzun müddət xəstəxanada yatıb. Onun cəlladlarına isə qiyabi ölüm hökmü çıxarılıb.

Alxanişvilinin çeçen kriminal avtoritet, oğru dünyasında "Şeyx Həmzət" adı ilə məşhur olan Həmzət Qastəmirovla yaxın dostluq münasibətləri olub. O, ölümündən bir neçə gün əvvəl sui-qəsd nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirilən Şeyx Həmzətə zəng edərək hadisəyə görə üzüldüyünü bildirib. Onun telefon söhbətində azərbaycanlı qanuni oğru Nadir Səlifovla (Lotu Quli) bağlı xoşagəlməz ifadələr işlətdiyi deyilir.
Türkiyədə ağır qəza: 30 azərbaycanlı yaralandıTürkiyənin Qars bölgəsində sərnişin avtobusunun aşması nəticəsində 30 nəfər yaralanıb.

Axar.az xəbər verir ki, sərnişin avtobusu Türkiyədən Azərbaycan istiqamətində hərəkət edib.

Məlumata görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Yaralanların əksər hissəsinin Naxçıvandan olduğu qeyd olunub.

Yaralılar dərhal təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıb.