İcra başçısının oğlundan çıxan milyonlar - Məhkəmə qalmaqalıBakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Qoşqar Zeynalov ifadə verib.

O bildirib ki, R. Hüseynovla qohumluq əlaqələri olub. Zərərçəkmiş deyib ki, R. Hüseynov ona iş qurmaq haqda təklif verib: "Mənə dedi ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə yataq dəstləri lazımdır. Bunu da xaricdən gətirmək üçün pul lazımdır. 20 faiz qazancdan 10 faiz mənə çatacaqdı. Mən də dedim ki, hazırda məndə pul yoxdur, ancaq mən dostumdan alıb verərəm. Bu yolla ona hissə-hissə 7 milyon manatdan çox pul vermişəm".

Zərərçəkmiş qeyd edib ki, ona vurulan ziyan 3 milyon 925 min manat təşkil edir.

R. Hüseynov deyib ki, Q. Zeynalova gələn gəlirlərdən 3 milyon 200 min manat pul verib.

Q. Zeynalov isə qeyd edib ki, bu miqdarın yalnız 1 milyon 200 min manat təşkil etdiyini deyib.

Sonra zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Rəna Məmmədova vəsatət verərək, təqsirləndirilən şəxsin barəsində ev dustaqlığı qətimkan tədbirinin ləğv edilərək, həbs qətimkan tədbiri ilə əvəz olunması haqqında vəsatət verib.

Məhkəmə vəsatətə növbəti prosesdə baxılacağını deyib.

Proses dekabrın 29-da davam etdiriləcək.

Qeyd edək ki, Q. Zeynalov Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun oğludur.

İttihama görə, R. Hüseynov külli miqdarda dələduzluqda təqsirləndirilir. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

R. Hüseynov nəqliyyat nazirinin müavini, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifələrində çalışmış Arif Əsgərovun baldızı oğludur.

R. Hüseynovun digər qardaşı Emil Hüseynov barəsində də hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

İttihama görə, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

E.Hüseynov 2016-cı ilin dekabr ayında "İnrerpol" xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib.

Barəsində həbs qətimkan tədbiri seçilən E.Hüseynov məhkəməyə müraciət edib. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Səbail Rayon Məhkəməsi vəsatəti təmin edib, E.Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Aydın Mirzəzadə: “Azərbaycan öz prinsiplərini heç zaman pula satmır”BMT Baş Assambleyası dekabrın 21-də ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib.

Bundan əvvəl BMT Təhlükəsizlik Şurasında Qüdsün İsrailin paytaxtı kimi tanınması qanunsuz hesab edilmiş və 14 üzv ölkə qətnaməni təsdiq etmişdi. ABŞ qətnaməyə veto qoymuşdu. ABŞ prezidenti Donald Tramp bundan əvvəl ölkəsinin BMT TŞ-in qətnaməsini dəstəkləyəcək dövlətlərə maliyyə yardımını dayandıracağını bəyan etmişdi.

Buna baxmayaraq, 128 üzv ölkə ABŞ-ın qərarını rədd edən qətnamənin lehinə səs verib. 9 ölkə əleyhinə, 35 ölkə isə bitərəf mövqedə olub.

Azərbaycan öz ardıcıl və prinsipial siyasətinə sadiq qalaraq, beynəlxalq hüquq norma və prinsiplərinin tələbələrinə riayət edərək və kənardan müxtəlif təzyiq cəhdləri olmasına baxmayaraq, Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verib.

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Publika.az-a açıqlamasında bildirib ki, Azərbaycan BMT Baş Assambleyasında keçirilən son səsvermədə qoyduğu mövqeyi ilə bir daha ədalət və həqiqətin yanında olduğunu göstərdi.

Dünyadakı bugünkü problemlərin hamısının kökündə ədalətsizliyin dayandığını deyən millət vəkili qeyd edib ki, ABŞ-ın vahid Qüdsü İsrailin paytaxtı kimi tanıması problemi həll etmədi, əksinə onu daha da ağırlaşdırdı.

“Azərbaycan bu məsələdə prinsipial mövqeyini ortaya qoyaraq, Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıdığını bildirdi. ABŞ-ın onun qərarına qarşı səs verəcəyi ölkələri yardımlardan məhrum etməklə təhdid etməsi Azərbaycanı mövqeyindən geri döndərmədi. Bir tərəfdən, Azərbaycanın öz problemlərini həll etməsi üçün kifayət qədər vəsaiti var, digər tərəfdən isə Azərbaycan öz prinsiplərini heç zaman pula satmır. O başqa məsələdir ki, qonşumuz Ermənistan bu gün çıxılmaz vəziyyətdədir. Onun ABŞ-ın qərarını tanıması İran və Rusiya ilə üzbəüz qoyardı, tanımaması isə ABŞ-ın yardımlarından məhrum olması demək idi. Bu isə onun büdcəsinin ciddi hissəsidir”, - o bildirib.

Müsahibimizin sözlərinə görə, Azərbaycan Qüdslə bağlı qətnamənin lehinə səs verməklə müstəqil siyasət yürütdüyünü bir daha nümayiş etdirdi:

“Nə təhdidlər, nə də şirnikləşdirici təkliflər onu beynəlxalaq hüquq normaları və ədalətdən imtina etməsinə gətirib çıxara bilməz”.

A.Mirzəzadə vurğulayıb ki, Azərbaycan həmçinin problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyini göstərdi. İsraillə Azərbaycanla münasibətlərinin yüksək səviyyədə olduğunu deyən millət vəkili hesab edir ki, İsrail dostu olan Azərbaycanın mövqeyini tamamilə başa düşdü.
Özünü yandıran meyxanaçının dəlixana görüntüsü - VİDEOBu gün özünü yandıraraq intihar etmiş Neftçala sakini 1985-ci il təvəllüdlü meyxanaçı Şaban Gülmirzə oğlu Hüseynovun psixiatriya klinikasında çəkilmiş görüntüsü yayılıb.

Teleqraf.com xəbər verir ki, gizli çəkilmiş videoda Şaban meyxana deyir. Meyxanada səslənən fikirlərdən birində deyilir: "Universitetdə oxuyanda əxlaqımı itirmişəm..."

Qeyd edək ki, meyxanaçının dostlarının dediyinə görə, o, psixi müalicəsi nəticə verməyəndə belə faciəli addıma əl atıb.
Öldürülən gəncin yaxınları xəstəxanaya hücum edibBakıda qətlə yetirilən gəncin yaxınları xəstəxanaya hücum edib.

Apa xəbər verir ki, hadisə dekabrın 20-də qeydə alınıb. Ürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə Respublika Klinik Xəstəxanasına daxil olan, 1999-cu il təvəllüdlü Çingiz Ramiz oğlu Qədirli xəstəxanada dünyasını dəyişib. Onun öldüyünü eşidən mərhumun qohumları xəstəxanaya hücum edərək mühafizəçini döyüb, qapıları və şüşələri qırıb, xəstəxanada ciddi dağıntı törədiblər.

Hadisə barədə polisə məlumat verilib.

Faktla bağlı Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, məlum bıçaqlanma hadisə dekabrın 20-də paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Köhnə Bakı” kafesində qeydə alınıb. Kafedə ofisiant işləyən Mirzağa Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, 1999-cu il təvəllüdlü Çingiz Ramiz oğlu Qədirlini bıçaqlayaraq qətlə yetirib.

M. Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Nəzakət Teymurova Əli Mirəliyevi yerində oturtdu: "Ay təlxək, səni..." ARB-nin “Səhər-səhər” verilişində müğənni Əli Mirəliyev xalq artisti Nəzakət Teymurovanın ünvanına kəskin fikirlər səsləndirib. O, xanəndənin həmişə xaric oxuduğunu deyib.

Yenicag.az-a açıqlama verən Ə. Mirəliyev sözünün üstündə durduğunu bildirib:

“Bəli, demişəm və yenə də deyirəm ki, Nəzakət oxuyan deyil, həmişə səsi pərdədən çıxır, xaric oxuyur. Oxuyur e, elə-belə. Daha xalq artisti adı onluq deyil. Mən kişi balasıyam e, dediyim sözün üstündə dururam. Daha bəziləri kimi bu gün bunu edim, sabah danışdığımı danım – belə şeylər mənlik deyil. Kim inciyir, incisin… özü bilər”.

Saytımıza açıqlama verən N.Teymurovanın qarşı tərəfə cavabı sərt olub:

“ Mən Əli Mirəliyev adlı oxuyan tanımıram. Onun nüfuzu hamıya bəllidir. Ay təlxək, səni ortalıqda oynadırlar, yaşından utan. Cavab qaytarsam, onun üçün şərəf olardı. Oxuduğum əsərlər də göz qabağındadır, dəyər verən də verir. Ümumiyyətlə, o adamı ciddi insan kimi qəbul etmirəm”.
Kərkük: dünəni və bu günü - III yazı Səhər Kərkükə gedəcəyik deyə, axşamdan İmam Kazımın mübarək məzarını ziyarət etmək məqsədilə Bağdaddakı möhtəşəm məscidə baş çəkmişdik. Doğrudan da, şəhərin ən yaxşı yerində yerləşən məscidə gecənin qaranlığında dörd göz lazım idi ki, baxsın. Günbəzləri günəş kimi yanırdı. İçi də ki, axşam saat 9-u keçməsinə baxmayaraq, zəvvarla dolub daşırdı.

Məsciddən çıxıb sağını-solunu şıdırğı alver gedən kiçik dükanlar saran küçəni o başa - bu başa gəzib, dolaşdıq. Artıq gec idi, 14 milyon nəfər əhalisi olan Bağdadı gəzib görməyi Kərkükdən qayıdan başa saxlayıb, ötelə döndüm...

Dostlara doğru


... Avtomobil üzü quzeyə şütüdükcə içimdə heç vaxt anlamayacağım, sevincə bürünmüş həyəcan aşıb-daşır, əziz dostlarımın görüşünə yetişmək üçün səbrsizlənirdim. Bu hislər o vaxtadək davam etdi ki, avtomobil Tavuk qəsəbəsinin yanından ötürdü. Bəlkə ona görəydi ki, bu yerlərin sakinləri tək-tük ərəb və kürdlər istisna olmaqla, əksərən türkmənlər idi. Yəni dil və adət-ənənə baxımından buralar elə Azərbaycanı xatırladırdı.

İki il öncə keçdiyim bu yol mənə tanış idi – Kərkükü quzeydən günəyə doğru ikiyə ayıran Bağdad prospektiydi. Avtomobil şəhər daxilində bir qədər irəlilədikdən sonra sola burulub balaca həyəti olan iki qatlı binanın qarşısında dayananda bildim ki, bura iki gündür bizə bələdçilik edərək, müqəddəs məkanları gəzdirən Əli bəyin rəhbərlik elədiyi Türkməneli Partiyası Kərkük şəhər şöbəsinin ofisi idi.

Azərbaycandan qonaq gələcəyini bilən hər kəs ordaydı. Hamısı da bir-birindən doğma, bir-birindən əziz. Hələ Yılmazı demirəm, əla insandır - səmimi, mehriban, mərd. İki il əvvəlki səfərim zamanı da çox zəhmətimi çəkib, qayğı göstərmişdi. Hansı ki, bu böyük zəhmətin əvəzini qaytarmaq heç nəylə mümkün deyil. Görüşüb hal-əhval tutan kimi “qalxın, bizə gedirik” deyərək çantamı öz maşınına apardı...

Heyrətləndirən dəyişiklik

Kərkük iki il əvvəl gördüyümdən çox fərqlənirdi. Küçələrində maşın əlindən tərpənmək olmurdu. Hara baxırsan insanlar ora-bura tələsir, yolların kənarlarında iri dükanlar sıralanmışdı. Hansı ki, iki il əvvəl küçələrdə beton istehkamları, tikanlı məftillərlə sarılan keçidləri görmək olardı. Bu tarixi şəhərin küçələrindəki elektrik dirəklərində, evlərin damlarında, bütün idarə və təşkilatların qarşısında İraqın dövlət bayrağı dalğalanırdı. Hansı ki, iki il öncə hər yeri kürd bayrağı zəbt eləmişdi.

İlk gördüyüm Kərküklə müqayisədə bu gün şəhərdə az-çox tikinti-quruculuq işləri də gedir. İnsanlar sərbəst gəzib-dolaşır, daha nə terror törədilir, nə adam oğurlanır, nə də kimisə evində qətlə yetirirlər. “Haşdi Şabi”nin və federal polisin səyi nəticəsində Kərkük rifahına qovuşmaqdadır.

Türkmənin əzəmət rəmzi

Şəhərlə növbəti tanışlığım heç vaxt unutmayacağım saf xatirələr yazdı ürəyimə. İki il öncə gələrkən tarixin minillərinə bələdçilik etmiş Kərkük qalasını görə bilməmişdim. Səbəbi vardı: qalanın bürcündə dalğalanan türkmən bayrağını endirən kürdlər onu yandıraraq yerinə öz bayraqlarını sancmışdılar. Buna görə orada qarşıdurma da yaranmışdı. Nə yazıq ki, o vaxt çevrəsini İŞİD təhlükəsi saran Kərkükü içindən də kürd separatçıları söküb dağıdırdı. Hökumət isə sadəcə, bu vəhşəti seyr edirdi...

Kərkük qalası çox da hündür olmayan təpələrin üstündə tikilib, ətəyini isə Hasa çayınının yatağı yuyur. Şəhərin ən qədim bölgəsi buradır. 1863-cü ildə Osmanlı dövləti qalanın ətraf divarlarında və içindəki tikililərdə bir sıra bərpa-təmir işləri aparıb. Tarixi eramızdan əvvəl 3-cü minilliyin ortalarına qədər uzanan qala dörd məhəllədən ibarətdir: Ağalıq, Hamam, Meydan və Zindan. Bura giriş-çıxış 4 qapı vasitəsilə edilir ki, bunlar da Topqapı, Daşqapı, Yeddi qız və Halvaçılar qapılarıdır. Bundan əlavə, qalaya aparan bir geçid isə Seyid Nəcib təkkəsindən keçən pilləkənli yoldur.

1990-1995-cı illərdə İraqın o vaxtkı prezidenti Səddam Hüseynin göstərişi ilə Kərkük qalasını təmir etmək adı ilə, orada yaşayan əhalini bilərəkdən köçürüblər və qalanı söküb, dağıdıblar. 1997-ci ildən 2003-cü ilə qədər yüzlərlə ənənəvi türk tarixi evləri və əsərləri uçurularaq məhv edilib. Hesab edilir ki, bu illərdə qaladakı dörd məhəllədə mövcud olan, hamısında türkmənlərin yaşadığı 740 ev, hətta məzar daşları belə dağıdılıb. Bu isə Kərkükdə türkmən tarixini silərək, bölgənin guya ərəb və kürdlərə aid olduğunu isbatlamağa xidmət edirdi.

Peyğəmbərlərin məzarı qorunur

Bu gün qalada qorunub saxlanılan tək-tük abidələr qalıb. Bunlar arasında dörd peyğəmbərin – Daniel, Üzeyir, Mikayıl və Hunain peyğəmbərlərin məzarları olan qədim yəhudi məbədi, sonradan məscidə çevrilmiş Daniel peyğəmbər məscidi, Göy günbəz abidəsi və sairi adını çəkə bilərik.

Genişliyi 820 kvadratmetr, hündürlüyü 17 metr olan Göy günbəz 1361-ci ildə, Cəlayirlər dövründə tikilib. Bu, qalada günümüzədək qalan əsas qədim türk əsəridir. Üstündəki kitabədə yazılıb ki, abidə 14-cü əsrdə Səlcuq sülalərindən olan Buğday Xatunun şərəfinə tikilib. Buğday Xatun Həccə gedib və qayıdarkən yolda xəstələnib, vəfat edib.

Həftənin şənbə günləri qala şəhər camaatının ən sevimli istirahət yeridir, qalan vaxtlarda isə ora giriş yasaqdır.
Kərkük: dünəni və bu günü - III yazı
Kərkükün keçmişinə səyahət

Kərkükdə gəzib dolaşdığım unudulmaz məkanlardan biri də Osmanlı Kışlasıdır (Osmanlı kazarması). Bina Osmanlı dövlətinin Bağdad valisi olmuş Məhməd Namık Paşa tərəfindən 1863-cü ildə tikdirilib. Kışla 1985-ci ilədək İraq ordusu tərəfindən hərbi hissə olaraq istifadə edilsə də, 1985-ci ildə Müdafiə Nazirliyinin balansından çıxarılaraq Mədəniyyət Nazirliyinin sərəncamına verilib. Mədəniyyət Nazirliyi orada təmir-bərpa işlərinə başlayıb, amma Səddam Hüseyn devrilən kimi burada iş də dayandırılıb. Kışlanın bir hissəsi ötən il yağan güclü yağışlar zamanı uçub-dağılıb.

İnsanlar ümidsiz deyillər, düşünürlər ki, bundan sonra təşkil olunacaq yerli hakimiyyət bütün mədəni irsin bərpasına diqqət ayıracaq.

Kışlanın həyətindəki bir qatlı muzey binasında əvvəllər Kərkükün tarixini əks etdirən qədim eksponatlar sərgilənib. Amma Peşmərgə və PKK birlikləri şəhərdə olarkən buranı çapıb-talayaraq, bir-neçə iri küpdən başqa hər şeyi Kürdüstana aparıblar. Ona görə də rəfləri boş qalan muzeyin əvəzinə kışlanın əskidən kazarma kimi istifadə olunan binasının ikinci qatında yeni muzey təsis olunmaqdadır. Burada Kərkükün keçmişdən bəri milli adət-ənənələrini özündə əks etdirən bölmələr yaradılıb. Hələlik, tərtibatı tam başa çatmayan muzeyə daxil olan adama elə gəlir ki, əsrlərlə öncəki Kərkükdədir: bir tərəfdə dulusçular, o tərəfdə dəmirçilər, başqa bir yanda dərzilər öz işlərini görürlər. Burada ictimai hamamdan sünnət məclisinə, toy səhnəsindən bərbərxanayadək hər şey mumfiqurlar vasitəsilə obrazlaşdırılıb. Hətta salonun yuxarı başındakı guşədə əsrlər boyu Kərkükdə bir arada yaşayan türkmən, ərəb və kürd ziyalılarının hərəsindən birinin mumfiqur obrazı yaradılıb və baxan adama elə gəlir ki, onlar guya hansısa məsələni müzakirə edirlər.

Fürsətdən yararlanaraq kışlanın muzeyə çevrilmiş salonlarında Osmanlı əsgərlərinin obrazını əks etdirən guşənin yaradılmasını da təklif elədim və əlbəttə, muzey rəhbərliyi tərəfindən maraqla qarşılandı.

Şərqin tarixi ənənəsi - bazarlar

Kərkük: dünəni və bu günü - III yazı
Kərkükə gələsən, çarşılarını gəzib-görmədən gedəsən, mümkün deyil. Yol aldıq Kərkük qalasının aşağısında salınmış qədim bazara.

Bura Böyük Bazar adlanır. Əsas hissəsi qala divarları ilə çay dərəsinin arasında olsa da, bu gün piştaxtalar demək olar ki, çayın digər sahilinə də yayılıb. Satlıq məhsullar əsasən Türkiyə və Çindən gətirilir. Bundan başqa, bazarda alıcıya cürbəcür ərzaq məhsulları, elektirk malları, əl işi olan əsərlər təklif olunur. Özü də çox ucuzluqdur. Hətta adını çəkməsəm də, elə məhsullar gördüm ki, qiyməti Azərbaycanda satılandan 3-4 dəfə aşağıdır. Üstünü piştaxtalar dolduran Şəhidlər körpüsünü (1959-cu ildə baş verən aksiyalarda öldürülən türkmənlərin xatirəsinə belə adlandırılıb – V.T.) addayıb bazarın əsas bölməsinə gəldim. Buranın tarixi xeyli qədimdir. Üstü qapalı olan bazarın (yerlilər Kayseri bazarı da deyirlər) içindən qalaya qalxan pulləkənli yol da var, hansı ki, sonradan onu bağlayıblar. Ümiumiyyətlə, axşamdan xeyli keçənədək açıq olan Böyük Bazarda qədim şərq memarlıq ənənələrinə uyğun olaraq hamamdan yeməkxanalara,dərzidən dəmirçiyədək nəyi desən tapmaq mümkündür. Satıcılarının əksəriyyəti də bölgənin yerli sakinləri olan türkmənlərdir.

Sonuncu anlar...

Kərkükdə demək olar ki, hər kəsin həyətində qəribə bir sitrus meyvəsinin ağacı var, üstü də sarı rəngli meyvələrlə dolu. Bir az limona bənzəyir, amma oval formalıdır. Nə badə dadına baxsan, o qədər turşdur ki... Bilmirəm bu səbəbdəndir, yoxsa başqa bir məqsəd var, meyvələr necə yetişibsə, eləcə də budaqlarda qalır, adamlar dərib yeməyə tələsmirlər. Türkməneli Partiyasının Kərkük şəhər bürosunun ofisində olarkən, həyətdəki həmin meyvədən üç dənəsini dərib Bakıya da gətirmişəm...

Kərkükə səfərimin son günü axşam “Al Turkmania” TV-yə dəvət edilmişdim. Canlı yayımlanan “Qırmızı masa” proqramında 1 saat ərzində İraqa və xüsusilə Kərkükə səfərim və burada gördüklərimlə bağlı diskussiyada iştirak elədim, fikir və görüşlərimi açıqladım. Bununla da Kərkükdə keçirdiyim işgüzar səfərimi yekunlaşdırdım. Amma sabah günortayadək iki əziz dostumuzun, iki əsl türkmən ailəsinin qonağı olacaqdım. Səhər əvvəl İraq Türkmən Qadınlar Birliyinin sədri, keçmiş millət vəkili, xanım Feyha Bayatlı, günorta isə Türkmən hərəkatının tanınmışlarından olan xanım Məlahət Kassabla süfrə araxasında bir araya gəldik. Olduqca maraqlı söhbətlərimiz, fikir mübadiləmiz oldu. Və beləcə, Kərkükdə keçən günlərim başa çatdı...
Kərkük: dünəni və bu günü - III yazı

Vüsal Tağıbəyli
Azərbaycan Vikipediya-da üç pillə irəlilədi  Vikipediya-nın Azərbaycan dilində olan bölməsində hazırda 130 min 230 məqalə var. Son illərdə bu virtual ensiklopediyada ana dilimizdə məqalələrin yaradılmasında böyük fəallıq müşahidə olunur. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanadan (MEK) verilən məlumata görə, 2017-ci ilin dekabr ayında Azərbaycan dilində olan Vikipediya (Azviki) üç pillə irəliləyiş əldə edib. Latınca, Özbəkcə Simple English (sadələşdirilmiş ingiliscə) dillərində olan Vikipediya-nı keçərək 50-ci pilləyə yüksəlib.

Qeyd edək ki, Azərbaycandilli Vikipediya Türkdilli Vikipediya-lar sırasında Türkcə Vikipediya-dan sonra 3-çü yerdədi. Hədəf ən qısa zamanda 40-cı pilləyə yüksəlmək və beləliklə, həm kəmiyyət, həm də keyfiyyət baxımından yüksək inkişaf əldə etməkdir.

MEK-in sərbəst elektron resuslarla iş şöbəsinin əməkdaşları tərəfindən Vikipediya elektron ensiklopediyasının Azərbaycanda kütləviləşdirilməsi istiqamətində işlər davam etdirilir. Mərkəzdə Vikipediya ilə bağlı seminarlar, görüşlər və tədbirlər müntəzəm təşkil edilir.
Özünü yandıran meyxanaçı özünü İsa peyğəmbər elan edibmiş - FOTOBu gün özünü yandıran tanınmış meyxanaçı Şaban Neftçalalının (Hüseynov Şaban Gülmirzə oğlu) 3 il əvvəl evdən qaçdığı ortaya çıxıb. Elə həmin il ailəsi, xanımı ATV kanalında yayımlanan "Öz aramızda” verilişinə müraciət edib. Proqramın komandası axtarışda olan şəxsi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında taparaq ailəsi ilə qovuşdurub.

Avrasiya.net xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi görüntülərdə Şaban Hüseynov hər kəsi təəccübləndirən açıqlama verib. O, İsa peyğəmbər olduğunu deyərək küçədə yarıçılpaq gəzib. Həmin sujetdə meyxanaçı özü də danışıb:

"11 gündür ki, evdən çıxmışam. Həyat yoldaşı, ata kimi işə yaramadığıma görə evdən çıxdım. Məndə belə bir şey daha əvvəl olmuşdu, indi sakitləşmişəm. Uşağım üçün darıxmışam. Qızım Aişənin 3 yaşı var. Küçəyə çıxdım, bir-iki möcüzələrlə rastlaşdım. Getdim o möcüzələrin arxasıyla…Heç kim mənə inanmadı. İsa peyğəmbərəm dedim, əlimə hasa götürdüm.

Ayaqyalın lüt bədənlə düşdüm şəhərin canına. Deyirdim ki, İsa gəlib İsa, əlimdə bir hasa! Söyməyə başladım. Polislər yaxınlaşdı, dedilər ki, İsa, səni tanıyıram. Məni bu xəstəxanaya gətirdilər. İndi özümü yaxşı hiss edirəm. Anama demək istəyirəm ki, kaş məni dünyaya gətirməyərdi. Anam, ölmək istəyirəm”.

Daha sonra çəkiliş heyəti 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında Şabanı ailəsi görüşdürüb.
Təranə Qumral intihara cəhd edibMüğənni Təranə Qumral intihara cəhd göstərib.

Avrasiya.net xəbər verir ki, bunu müğənni jurnalist Xoşqədəm Hidayətqızının verilişi olan "Səni axtarıram"ın qonağı olarkən söyləyib.

T.Qumral bildirib ki, buna səbəb həmkarı Nazənin arasında baş verən qalmaqaldır. Müğənninin sözlərinə görə, Nazənin xanımın onu məhkəmələrə verməsi, şər-böhtan atmasından təngə gəlib. Müğənni Nazənin xanımı evli kişinin ailəsini dağıdıb ona ərə getdiyini də deyib.

Onun iddiaları bunla da bitməyib. Həsən adlı Gürcüstan vətəndaşından qeyri-qanuni uşağı olduğunu da iddia edib.

T.Qumral bildirib ki, Nazənin belə xeyriyyəçidirsə, mənim dövlətə ödədiyim pulu uşaqlar evinə köçürəcəyini deyirsə, yaxşı olar ki, gedib nəvəsinin alimentini ödəsin.

Müğənni efirdə Nazəninin qardaşlarının narkotik alverçiləri olduğundan həbsxanalara salındığını da deyib: "O məhkəmələrdə haqqımda şər-böhtan danışacaqsa, mən də bundan sonra ortaya belə faktlar qoyacam".
Hərbi hissə komandirinə qarşı ağılasığmaz şantaj və qəfil əməliyyat - Bir nəfər tutulduCəlilabad rayon polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hərbi hissə komandirini şantaj edərək ondan pul alan şəxsi saxlayıblar.

Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Əldə edilən məlumatlara görə, Cəlilabad rayonunun Göytəpə şəhər sakini Tural Məmmədov saxlanılıb. Əməliyyatçılar onu cinayət başında - 300 manat məbləğində pul alarkən yaxalayıblar.

Hər şey ondan başlayıb ki, Dağlıq Qarabağda gedən Aprel döyüşləri zamanı Lələ Təpənin alınmasında iştirak edən, N saylı hərbi hissənin hərbi qulluqçusu (ad çəkilmir) bir neçə günlüyə məzuniyyətə çıxıb. Əsgər evə valideynlərinin yanına gəlib.

Azərbaycanda belə bir adət var ki, əsgər evə gedəndə bütün qohumlar onun valideynlərinin evinə yığışırlar. Bu dəfə də elə olub. Evdə açılan bayram süfrəsinin başında söhbət zamanı hərbi qulluqçu dayısının onun xidmət etdiyi hərbi hissənin komandiri ilə keçmiş xidmət yoldaşı olduqlarını öyrənib.

Məlum olub ki, dayının həmin komandirlə bağlı gözəl xatirələri və dostluq münasibətləri var. Hərbi hissəyə qayıtmaq vaxtı çatanda dayı bacısı oğluna narla dolu bağlama verib ki, onu hərbi xidmət yoldaşı olan komandirə çatdırsın.

Hərbi hissəyə gedərkən əsgər Cəlilabad rayonuna baş çəkib və zəng etmək istəyib. Onun telefonunda kontur olmadığına görə, təsadüfən yanında olan Tural Məmmədovdan zəng etmək üçün telefonunu xahiş edib. Tural Məmmədov telefonun diktofonunu qoşaraq onu əsgərə verib. Söhbət zamanı hərbi qulluqçu komandirə bildirib ki, ona hədiyyə gətirib. Sonra əsgər hərbi hissəyə qayıdıb və komandirə çatacaq bağlamanı verib.

Bir qədər keçəndən sonra Tural Məmmədov hərbi hissə komandirinə zəng edərək onu rüşvət almaqda günahlandırıb. Məmmədov komandiri ondan hərbi prokurorluğa şikayət edəcəyi ilə hədələyərək 200 manat tələb edib. Amma komandir bu şəxslə söhbəti davam etdirməyib və telefonu söndürüb.

Sonra Məmmədov hərbi hissə komandiri ilə bağlı prokurorluğa şikayət edib. Bundan sonra Tural Məmmədov yenə komandirlə əlaqə saxlayaraq onun haqqında şikayət etdiyini xəbər verib.

Bundan sonra komandir rayon polis şöbəsinə gələrək baş vermiş hadisə ilə bağlı tarixçəni əvvəldən axıradək təfsilatı ilə danışıb. Əməliyyatçılar komandirə 300 manat verərək belə bir plan qurublar ki, o, Məmmədovla görüşərək pulu ona versin. Plan baş tutub və nəticədə şantajçı şəxs saxlanılıb. Məmmədovla bağlı AR Cinayət Məcəlləsinin 182.4 (hədə-qorxu ilə tələbetmə) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, cinayət qanunvericiliyinə bir sıra əlavə və dəyişikliklər edilib. O cümlədən Cinayət Məcəlləsinin 182-ci maddəsinə yeni bənd əlavə edilib. Bu bəndə görə, hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə və bu əməllər xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə 13 ildən 17 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hazırda maksimal cəza müddəti 15 ildir.