Babəkdən, yoxsa Üzeyirdən danışaq?Füzuli Məcidli

Siyasi elmlər üzrə fəlsəfə doktoru

Dostlar, çox qəribə meyllər ortaya çıxıb. Televiziya kanallarımıza baxmaq imkanım məhdud olsa da, sosial şəbəkələr vasitəsilə yayımlanan bəzi verilişləri izləyirəm. Şou və bayağı çal-çağırdansa, ekspert çatışmazlığı şəraitində olsa belə, ictimai və elmi müzakirələrin olmasını təqdir edirəm. Axşam rastıma çıxan "Üzeyir necə oxudusa, hətta Əli Mirəliyev də qol götürüb oynadı" başlıqlı az qala iki saatlıq buraxılışın şokunda ikən, səhər tezdən izlədiyim və xalq qəhrəmanı Babəkə həsr olunan bir veriliş məni bu cızma-qaraya sövq etdi.

Məkan və zaman anlayışlarını bir kənara qoyaraq, heç bir mənbəyə əsaslanmadan 100 il, 1000 il əvvəlki tariximizə qətiyyətlə qiymət verməyə, fikirlərimizi ehkam kimi qəbul etdirməyə çalışırıq. Fikrimcə, bu çox ziyanlı tendensiyadır və ziyalılarımız bu məsələlərdə son dərəcə ehtiyatlı olmalıdırlar. Onların ictimai və elmi statusla dedikləri və yazdıqları, kimlərinsə əlində "mənbəyə" və manipulyasiya vasitəsinə çevrilir. Bəzən bir ifadənin yerində işlədilməməsi onların söyləmək istədiyi fikrin mahiyyətini tamamən dəyişir.

Keçmişinə tənqidi yanaşma vasitəsilə özünüdərk çox vacib amildir. Amma bunun üçün əlinizdə kifayət qədər geniş və əsaslı bilgilər, mənbələr olmalıdır.

Birincisi, əgər mövzu türklərin Qafqaz və Anadoluda yerli və ya gəlmə olduğunu isbatlamaqdırsa, bunun üçün qədim Mesopotamiyada (İkiçayarası) yaşayan xalqların (Şumer, Akkad və s.) yazılarını və dillərini öyrənməli, eyni zamanda əski türk, ərəb, fars, rus və hətta erməni dillərini və əlifbasını ilkin mənbədən oxuya bilməli, ən əsası, çox diqqətli olmaq lazımdır. Hər kəs fikrində sərbəstdir, amma mən türklərin Qafqazlara gəlmə olması fikrini qəbul etmirəm. Xalqların ilk köçündə Babilin və digər sivilizasiyaların yüksəlməsi ilə türklərin bir qisminin Mesopotamiyadan şərqə doğru hərəkət etdiyi, orda böyük imperiyalar quraraq yenidən qərbə doğru yönəldiyi qənaətini paylaşıram. Çünki türk adı və milləti Altaylarda birdən-birə yazı sahibi olmaq və Hun, Göytürk kimi imperiyalar qurmaq səviyyəsində parlaya bilməzdi. Digər tərəfdən, Oğuzlar və Qıpçaqlar bu bölgələrə yenidən qayıdanda ciddi müqavimətlə üzləşmədilər (məsələn, ərəblər qədər). Mənbələrin əksəriyyətində bu fikir var ki, türklər indiki Azərbaycan ərazilərinə gələndə yerli xalqlarla qaynayıb-qarışdılar. Deməli, burda qaynayıb-qarışmaq üçün münbit şərait, bənzər milli və etnik kodları daşıyan yerli xalqlar və tayfalar mövcud idi. Göycə gölü ətrafında tapılan və ermənilərin saxtalaşdırmağa çalışdığı Orxon abidələri ilə eyniyyət təşkil edən runik əlifbası da bunu təsdiq edir.

İkincisi, söhbət Babək dövrünün araşdırılmasından və qiymətləndirilməsindən gedirsə, orta əsrlərin ən azı türk, ərəb və fars tarixşünaslığının tədqiqatçısı olmaq lazımdır. Babək haqqında bir kitab və ya məqalə oxumaqla fikir irəli sürmək və bunu ehkam kimi qəbul etdirməyə çalışmaq ən azı ədalətsizlikdir.

HAŞİYƏ. Şəxsən mən, Babəkin əsil adının Həsən deyil, Esen və özünün yerli etnik türk xalqlarından olduğu qənaətini bölüşürəm. Orta Asiya türkləri Esen adını indiyədək saxlayır. Babək dövrünü onunla müharibədə tərəf olan ərəb və fars, o cümlədən İslam tarixşünaslığına aid mənbələrdən daha çox Qərb mənbələrində axtarmaq, amma və lakin, dolayısı ilə onlar da tərəf olduğu üçün burda da çox diqqətli olmaq lazımdır.

Avropada Babək haqqında ilk elmi məqalənin (“Babək – mənşəyi və meydana gəlişi”, 1869) müəllifi Gustav Flügel Cavidanın Babəklə ilk görüşünü tarixi mənbədən belə tərcümə edir: “O (Cavidan), onun (Babəkin) yoxsul yaşayışına və farsca aydın olmayan ifadələrinə baxmayaraq, dərhal onda idrak kəşf etdi və onun bütün iyrəncliklərdə kəskin qavrama bacarığı olduğunu gördü” (“Alsbald entdeckte er an demselben, trotz seiner dürftigen Lage und seines undeutlichen Ausdrucks im Persischen, Verstand und fand ihn bei allem Abstossenden mit scharfem Sinne begabt”). Mənbə: Gustav Leberecht Flügel. Bâbek, seine Abstammung und erstes Auftreten. Zeitschtift der Deutschen Morgenländischen Gesellshaft. Vol. 23, No. 4 (1869), səhifə 540.

Fars tarixçisi Səid Nəfisinin “Babək” kitabının dilimizə tərcüməsində həmin cümləni oxuyaq: “O (Cavidan) gördü ki, Babək dili tutula-tutula danışmağına baxmayaraq, İran dilini yaxşı bilir və zirək, qanacaqlı bir adamdır”. Mənbə: Səid Nəfisi. Azərbaycan qəhrəmanı Babək Xürrəmdin. Bakı-1960, səhifə 8. Burada alman müəlliflə fars tarixçisinin tərcümə etdikləri tarixi mənbə bir və eynidir: Məhəmməd ibn İshaq ibn ən-Nədimin "Kitab əl-Fihrist" adlı əsəri. Açıq-aşkar saxtalaşdırmaya fikir verin!

Bununla yanaşı, Babək hətta türk olmasa belə, bu onun bizim coğrafiyamızda işğala qarşı dirənişinə və mübarizəsinə kölgə salmır. Bəzən "Babəklə vuruşan sərkərdələr türk olduğundan Babək türk ola bilməz" fikrini səsləndirirlər. Bəs Çingiz xan və onunla müharibə edənlər, Teymur və onunla vuruşanlar, Şah İsmayıl və onunla savaşanlar kimlər idi? Babəklə vuruşan qarşı tərəfin, o dövrdə hələ Orta Asiyaya gedib çıxmayan ərəb istilaçılarının sərkərdələrinin bir çoxunun türklər olması (Afşin və b.) da bu coğrafiyada yaşayan xalqlar içərisində Səlcuqlulara qədər də dominantlığın türklərdə olduğunun əyani göstəricisidir. Yəni bu fakt özlüyündə daha çox Türkiyə tarixşünaslığında yer alan "Qafqaz və Anadoluda türklər kütləvi şəkildə Səlcuqların gəlişi ilə məskunlaşdılar" fikrini də alt-üst edir. Sadəcə, Səlcuqların gəlişi ilə, türk dili və türklərin dövlət idarəçiliyində mövqeləri möhkəmləndi. Bu da onların Orta Asiyada qurduqları böyük imperiyalardan əxz etdikləri dövlətçilik təcrübəsinin nəticəsi idi.

Üçüncüsü, şəxsi fikrim bundan ibarətdir ki, tarixi şəxsiyyətləri, o cümlədən Babək, Şah İsmayıl Xətai, Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, hətta Mir Cəfər Bağırovu belə qiymətləndirəndə onların yaşadığı dövrün şərtlərini və reallığını, yəni zaman və məkanın diktə etdiyi situasiyanı nəzərdən qaçırmayın. Məsələn, bolşevik işğalı zamanı Mir Cəfər Bağırovun yerində Levon Mirzoyan olsaydı, vəziyyət necə olacaqdı? Yəqin məlumatınız var ki, o dövrdə L.Mirzoyan Qazaxıstanda qardaş qazax xalqının başına hansı müsibətləri gətirib. Hədəf bir xalqı tamamilə yer üzündən silmək olub. 1500 qazax ziyalısını güllələtdirən Mirzoyan Stalinə məktub ünvanlayaraq əlavə 1500 nəfərlik kvota ayrılması tələbində bulunmuşdu.

Dördüncüsü, bəzən keçmişi olmayan xalqlar milli birliyi və bütövlüyü təmin etmək, xalqı bir ideya ətrafında birləşdirmək üçün qəhrəmanlar uydurur, ona rəvayətlər qoşurlar. Yüzlərlə belə nümunələr mövcuddur. Biz isə mövcud olan, az-çox başqalarının da qəbul etdiyi tarixi şəxsiyyətlərimizi heçləşdirmək yolu tuturuq. Düşünmək lazımdır – bundan daha çox qazanır, yoxsa itiririk?

Nəzərə almaq lazımdır ki, xarici xüsusi xidmət orqanları da bilirlər ki, bir cəmiyyətdə bütövlüyü sarsıtmağın ən gözəl yolu orada ortaq sayıla biləcək dəyərlərə zərbə vurmaqdan, ona birmənalı yanaşmanı ortadan qaldırmaqdan keçir. Babək isə təkcə müstəqilliyinə qovuşmuş 10 milyonluq xalqın qəbul etdiyi bir qəhrəman deyil, onu Güneydə də milyonlar öz qəhrəmanı sayır. O, bütöv bir xalqın qəbul edə biləcəyi şəxsiyyətdir.

Beşincisi, məşhur bir hind atalar sözü var - "Keçmişi öyrənin, çünki o gələcəyin müəllimidir". Keçmişimizi müəllim kimi qəbul edərək, ona boylanmaq, onda eyib axtarmaqdan daha çox, yaxşılarını mənimsəyib gələcəyə uzanmaq lazımdır.

Tarixdə ilk dəfədir ki, biz özünüdərkin bu qədər yüksək mərhələsinə qədəm qoymuşuq. Bu prosesdə yuxarıda qeyd olunan və olunmayan şəxsiyyətlərin hər birinin payı var. Həm də ilk dəfədir ki, tariximizi özümüz yazmaq şansı əldə etmişik. Bu şansı qiymətləndirmək, tarixi ilkin mənbələrindən tədqiq etmək üçün obyektiv tarixçilər yetişdirməyimiz üçün münbit məqam gəlib. Təbii ki, bu prosesdə müzakirələr zəruridir. Amma daha yaxşı olar ki, öncə bu suala cavab axtaraq: Müstəqilliyimizin bizə bəxş etdiyi azad ortamda, 25 il ərzində, Şumerlərdən tutmuş Çar işğalına qədərki dövrün tarixi mənbələrini özü oxuyan və beynəlxalq tədbirlərə çıxıb bunu müasir dünya dillərində təqdim edə bilən tarixçilər yetişdirə bilmişikmi?

Fikirlərinə sayğı duyduğum və bir çox sahələrdə yanaşmalarına rəğbət bəslədiyim Fazil Mustafa və Elşad Miri kimi ziyalı dostlarımız da daxil olmaqla, məncə, öncə bu istiqamətdə düşünməliyik.
Keçmiş nazir Fazil Məmmədovun sərxoş halda danışığı yayıldı - VİDEOİnternetdə keçmiş vergilər naziri Fazil Məmmədovun Vergilər Nazirliyinin sabiq əməkdaşlarından biri ilə telefon danışığının audioyazısı yayımlanıb.

Qurumun keçmiş əməkdaşları iddia edir ki, səs onların keçmiş nazirinə məxsusdur.

Telefon söhbətindən aydın olur ki, F.Məmmədov olduqca sərxoş vəziyyətdədir və dili güclə söz tutur. Bu halda o, keçmiş iş yoldaşının vəzifədən azad edilməsi ilə bağlı "keçmiş olsun” diləklərini qəbul edir.

Virtualaz.org-a F.Məmmədovun həmsöhbətinin kimliyi məlumdur.
Baş redaktordan Prezidentə müraciətÇox hörmətli Cənab Prezident, bütün hüquq mühafizə orqanlarına və məhkəmələrə müraciət etsəm də, 4 ilə yaxındır ki, olmayan bir yerin necə satıldığını və olmayan bir yerə görə mənə qarşı necə cinayət işi açıldığını, əsli olmayan saxta sənədin surəti 9 saylı dövlət natoriat kontoru tərəfindən necə təsdiq edildiyi müəyyən olunmur. nə üçün?!

Çox hörmətli Cənab Prezident, Azərbaycanımıza və Dövlətçiliyimizə sadiq bir vətəndaş olaraq, dəfələrlə Ulu Öndər, Böyük Heydər Əliyev cənabları ilə görüşən və bu Respublikanın quruculuğunda azdan-çoxdan əməyi olan “Diplomat” qəzetinin təsisçi və baş redaktoru, “Azərbaycan kürdləri” İctimai Birliyinin sədri kimi, Sizin xarici və daxili siyasətinizin hər zaman tərəfdarı olaraq təbliğ etmiş və Xalqımıza, Vətənimizə, Ulu Öndər, Böyük Heydər Əliyev siyasətini dəstəkləyərək, bir sıra xarici dövlətlərdə Vətənimizin inkişafını və Azərbaycanımızın başına gətirilən faciələri konfranslar keçirməklə, həqiqətləri dünya ictimaiyyətinə çatdıraraq, təmənnasız Azərbaycanımızın xidmətindəyəm.

Çox hörmətli Cənab Prezident, Sizə və Vətənimiz Azərbaycana sadiq bir vətəndaş kimi yazaraq bildirirəm ki, üç ilə yaxındır ki, qarşılaşdığım haqsızlıqla bağlı, Prezident admistrasiyasına, DİN-nə, MTN-nə, Respublika Prokurorluğuna, Korrupsiyaya qarşı mübarizə İdarəsinə, Bakı Şəhər Prokurorluğuna, BŞBPİ-nə dəfələrlə müraciət etsəm də, savadsız və etinasız məmurların sayəsində cinayətkarlar müdafiə olunurlar.

- Əsli olmayan saxta sənədin haradan və kim tərəfindən hazırlandığı niyə araşdırılmır?

- Saxta sənədin ikinci dəfə saxtalaşdırılmasını kim, kimə və hansı bilgisayarda (kompüterdə) düzəltdirib?

- Əsli olmayan saxta cizgi sxeminin saxtasının surətini 9-saylı notariat kontoru necə təsdiq edib?

- Xəzər RPİ-nin rəisi, başda Azər Muradov, İstintaq İdarəsinin rəisi Erol Əliyev, müstəntiq Ülvi Abdullayev və sonda Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinin rəisi Nazim İsmayılov, müavini Məmmədağa Əhmədov və müstəntiqi Əflatun Səlimov, Bakı Şəhər Prokurorluğu olmaqla, DİN-nin tədqiqat və istintaq idarəsi bu saxta cizgi sxemlərə görə nə üçün indiyə qədər cinayət işi açmayıblar? Maraqları nə olub?

- Məncə, kimliyindən aslı olmayaraq, cinayəti örtbasdır edənlərin özləri də cinayətkardır!

Çox hörmətli Cənab Prezident, sizdən artıq dərəcədə xahiş edirəm ki, savadsız və səhlənkar məmurlar vaxtında cəzalandırılsınlar. Çünki belə məmurlar, dövlətçiliyimizə qarşı olaraq, çox hörmətli Cənab Prezidentimizin və dövlətçiliyimizin imicinə xələl gətirərək, xalqı incidir və dövlətdən narazı salırlar. Görün mən bu qədər incidilirəmsə, onda görəsən sadə xalq nə əziyyətlər çəkirlər?

Artıq o qərara gəlmişəm ki, bu səfər də mənim işimə ciddi yanaşılmasa, səhlənkar məmurlar cəzalandırılmasa, mətbuat konfransı keçirərək, bütün xarici səfirliklərə müraciət edəcəm ki, səsim çox hörmətli cənab Prezidentə çatsın.

Cənab Prezident, inanıram ki, sizin bu işdən xəbəriniz olsa, dörd ilə yaxın uzadılan məsələ tez bir zaman ərzində öz müsbət həllini tapar və sizin sayənizdə kimliyindən asılı olmayaraq, qanunu pozanlar qanun qarşısında mütləq cavab verməli olarlar!

Bu işi araşdıran hüquq mühafizə orqanları mənə aid, əsli olan cizgi-sxemi ilə, əsli olmayan saxta cizgi-sxemi fərqləndirə bilmirlərsə dövlət əhəmiyyətli vəzifədə necə çalışırlar?
Baş redaktordan Prezidentə müraciət
25 yaşlı oğlan zorladığı qadının qohumları tərəfindən döyüldüTovuz rayonunda qadına qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən şəxs döyülüb.

Trend xəbər verir ki, hadisə rayonun Dönük Qırıqlı kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədov Eldəniz Şəmil oğlu həmkəndlisi olan qadını zorlamağa cəhd edib. Qadının yaxınları hadisədən xəbər tutub və E.Məmmədovu yaxalayıb. E.Məmmədov bir-neçə nəfər tərəfindən döyülüb. O, Tovuz rayon Polis Şöbəsinə təhvil verilib.

E.Məmmədov polis nəzarəti altında tibbi müayinə olunub. Məlum olub ki, E.Məmmədovun burnu sındırılıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi başlanılıb və E.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Müğənni sözlərinə görə Kürdəmir camaatından üzr istədi - VİDEOTanınmış müğənni Nazim Pişiyarinin efirdə səsləndirdiyi “Mən “qıjı” mahnıları ifa edən musiqiçilər, müğənnilər üçün Kürdəmirdə məkan yaradardım, deyərdim ki, nə istəyirsiniz, burada edin, çalın, oxuyun, efirə də çıxın. Buradan kənara çıxmayın. Bakı əsl sənətkarlara qalardı” ifadələri cəmiyyətdə birmənalı qarşılanmamışdı.

Müğənni bu sözlərindən peşmanlıq duyub və kürdəmirlilərdən üzr istəyib.
Vüqar Rəhimzadənin monoqrafiyası təqdim olundu - FotoBu gün Bakı Slavyan Universitetində "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin "Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi" monoqrafiyasının və 50 illik yubileyinə həsr olunmuş "Qələmdən süzülən qüdrət" kitabının təqdimatı olub.

Tədbirdə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, "Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Şərq"qəzetinin baş redaktoru Akif Aşırlı, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, BSU rəhbərliyi və başqa tanınmış jurnalistlər iştirak ediblər.

Vüqar Rəhimzadə monoqrafiyası ilə bağlı çıxış edərək, bu elmi tədqiqat əsərinin onun bütün yaradıcılığını əhatə etdiyini deyib:

"Azad söz və mətbuat azadlığından bəhs edən, elmi mövzuda hazırladığım monoqrafiyada əsasən dünya mediası ilə müqayisəli məqamları qeyd etmişəm. Özüm BSU-nin jurnalistika fakültəsində dərs deyirəm. Bu mənim 50 illik fəaliyyətimin bəhrəsidir. Bu sırf tədris prosesi üçün nəzərdə tutulmasa da, gələcəkdə fikrim var ki, jurnalistikada tədris üçün belə bir vəsait hazırlayaq".

BSU-nun rektoru Nurlana Əliyeva V.Rəhimzadəni 50 illik yubileyi münasibəti ilə təbrik edib:

"Jurnalitika olduqca geniş sahədir. Mətbuat o qədər önəmli bir sahədir ki, burada çalışan qələm sahibləri bütün cəmiyyətin fikrini ədalətli, qərəzsiz şəkildə inkişaf etdirirlər. Bu gün təqdim edilən bu monoqrafiya jurnalistika üçün böyük töhfədir. Biz BSU kollektivi adından Vüqar müəllimi təbrik edir, fəaliyyətində uğurlar arzu edirik".

Tədbirdə iştirak edən qonaqlar da V.Rəhimzadənin təqdim olunan monoqrafiyası və yubileyi münasibəti ilə təbrik ediblər.

H.Baboğlu Azərbaycan mətbuatının ən incə məqamlarından bəhs edən monoqrafiyanın qiymətli əsər olduğunu deyib:

"Bu monoqrafiya jurnalistikanın fundamental əsəridir desək, yanılmarıq. Söz və mətbuat azadlığı dedikdə, yalnız media sahəsi deyil, eləcə də, cəmiyyətin azad təfəkkürü nəzərdə tutulur. Demokratik respublikanın əsası məhz azadlıqdır. İnsan övladı yarandığı gündən azadlığa meyilli olub. Bu fərdi hadisə deyil, cəmiyyətin məhsuludur. Monoqrafiya informasiya cəmiyyəti üçün faydalı olacaq".

M.Ələsgərli isə monoqrafiyanın Qərb dəyərlərinə uyğun, faydalı əsər olduğunu deyib:

"Biz uzun illər media sahəsində çalışaraq bir çox streotipləri qırmışıq. Düşünürəm ki, hazırda mətbuatda Qərb istiqaməti özünü göstərir. Və ümid edirəm ki, bu monoqrafiya sistemli şəkildə mətbuata öz töhfəsini verəcək".

A.Aşırlı monoqrafiyanı jurnalistlər üçün fundamental baza hesab etdiyini deyib:

"Vüqar müəllim ömrünü jurnalistikaya, elmə həsr edən şəxslərdən biridir. Bu elmi əsər də onun 50 illik yaradıcılığının bariz nümunəsidir. Bu gün "İki sahil" qəzetinin geniş kollektivi də burdadır. Arzu edirəm ki, gələn təqdimatda "İki sahil" televiziyası iştirak etsin. 50 yaş hələ qocalıq hesab olunmur. Həyat hələ bundan sonra başlayır".

R.Arifoğlu V.Rəhimzadənin tədqiqatının xüsusi dəyər daşıdığını deyib:

"Vüqar Rəhimzadə mətbuatda dəyərli insanlardan biridir. Gənclərə dəstək olan qələm sahiblərindən biridir. Ölkədə azad söz, azad mətbuat, dəqiq jurnalistikanın təbliğatçılarındandır. Bu gün həmkarımızın 50 yaşı tamam olur. Ona yaradıcılığında uğurlar arzu edirəm".

Ə.Amaşov onun mətbuata verdiyi töhfələrdən danışıb:

"Mətbuat Şurası yaranandan Vüqar Rəhimzadə bu qurumun üzvüdür. Jurnalistika elə bir sahədir ki, təsəvvür edin, bir insanın aldığı informasiya onun həyatında nə qədər əhəmiyyətli rol oynayır. Təsəvvür edin, bir gün internet olmasın, televiziya, mətbuat orqanları olmasın, hər şey bir-birinə qarışar. Jurnalistika Azərbaycanın daxili inkişafında olduqaca mühüm rol oynayır. Vüqar müəllim isə çox gözəl jurnalist və dəyərli dostdur".

Tədbirdə digər media nümayəndləri də Vüqar Rəhimzadəni təbrik ediblər.

Tədbirin sonunda N.Əliyeva V.Rəhimzadəyə BSU kollektivi adından hədiyyələr təqdim edib.

Ə.Amaşov isə Mətbuat Şurası adından yubliyarı "Media inkişafında fəaliyyətlərinə və 50 illik yubileyinə görə" diplomla təltif edib.
Bərzani şokda: Nazirlər istefa verdiİraq Kürd Muxtariyyəti hakimiyyətində təmsil olunan “Goran” hərəkatına üzv bütün nazirlər istefa verib.

Axar.az xəbər verir ki, bu barədə “Röyter” informasiya yayıb.

Partiyaya yaxın mənbələr həmçinin İraq Kürd Muxtariyyəti Məclisinin sözçüsü Yusif Məhəmmədin də istefa verdiyini bildirib.

İstefanın səbəbləri açıqlanmayıb.
"Ermənilər Rusiya KİV-lərini işğal edib" - Fuad AbbasovAzərbaycanlı jurnalist və politoloq Fuad Abbasov Rusiya mediasında erməni təbliğatına qarşı ləyaqətli cavab verməyə çağırış edib.

Avrasiya.net Novosti.az-a istinadən xəbər verir ki, F. Abbasov bu yaxınlarda Ermənistan prezidenti Serj Sarkisyanla "Qazprom-media holding"in baş direktoru Rafael Minasbekyanla görüşünü şərh edib.

Belə ki, görüş zamanı tərəflər Ermənistanın İctimai kanalı ilə müştərək layihələrin və film istehsalının həyata keçirilməsi məsələsini müzakirə edib.

"Belə bir görüşün baş tutacağı gözlənilən idi. Son vaxtlar NTV telekanalının rəhbərliyi Avropaya inteqrasiya etməyə cəhd edən Ermənistanı tənqdi edir. Bundan sonra Ermənistan prezidenti Rusiyadakı erməni cəmiyyətinin rəhbərləri ilə görüşməyə başlayıb. Bunlardan biri də "Qazprom-media holding"in baş direktorudur.

Əsas məsələ isə sovet dağıldıqdan sonra erməni ekspertlərin Rusiya mediasında fəal iştirak etməsidir. Onlar təkcə Rusiya mediası üçün işləmir, həm də rəhbər vəzifələr tuturlar." - Fuad Abbasov belə bildirib.

Onun sözlərinə görə, Rusiya mediasında çalışan azərbaycanlılar sadə işçidirlər, sadəcə onlara verilən tapşırığı yerinə yetirirlər:

"Bəs niyə biz bu məsələdə aktiv deyilik? Hətta, sovet dövründə də Rusiyanın elmlər akademiyası erməni ekspertlərlə dolu idi. Bu digər sahələrdə də özünü göstərib. Onlar hər zaman böyük Ermənistanın qurulması planları barədə düşünüblər. Həmin ekspertləri də Rusiyada faaliyyət göstərən erməni lobbisi dəstəkləyir. Belə bir lobbi hərəkatı nə Azərbaycanda, nə də Türkiyədə yoxdur. Hətta Almaniyada 3 milyon türkün yaşamasına baxmayaraq, burada da lobbi hərəkatı fəaliyyət göstərmir. Bu məlumat isə məni xeyli təəccübləndirmişdi.

Bizim düşmənimiz bu məsələlərdə bizdən bir neçə il irəlidədi. Biz susduqca isə onların yolu açılır. Biz nə qədər ölkəyə turist cəlb etməyə çalışsaq da, qarışıq nigahlar baş versə də, yenə də Azərbaycan və Türkiyə barəsində neqativ fikirlər qalmaqdadır." - deyə jurnalist bildirib.

Azərbaycanlı deputat təcili İsrailə aparıldıXəbər verdiyimiz kimi, 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmiş, milliyətcə yəhudi olan Yevda Abramovun səhhətində ciddi problem yaranıb. Millət vəkili dekabrın 7-də onkoloji xəstəliyi ilə əlaqədar Milli Onkologiya Mərkəzinə yerləşdirilərək cərrahi əməliyyat olunub.

Avrasiya.net unikal.org-a istinadən xəbər verir ki, bir neçə gün bundan əvvəl yenidən səhhətində problem yaranan Yevda Abramov dövlət hesabına təcili İsraildəki xəstəxanalardan birinə yerləşdirilib.

Deputat orada növbəti dəfə əməliyyat olunub və müalicə alacaq.

Millət vəkilinin həmkarı Vahid Əhmədov Yevda Abramovun səhhəti ilə bağlı Unikal.org-a açıqlamasında bildirib ki, hazırda onun sağlamlıq durumu normaldır: "Bu gün özü ilə danışmışam. Hər şey yaxşıdır. Qızları da İsraildə yaşayır. Ümumilikdə sağlamlıq durumu normallaşıb”.
Prezident bu şəxsləri təltif etdi - SiyahıPrezident İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Sumqayıt şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərə aşağıdakı fəxri adlar verilsin:

“Əməkdar mühəndis”

Əhmədov Xəndan Mürsəl oğlu
Əliyev Hamlet İspəndiyar oğlu
Nuriyev Söhbətdin Nadir oğlu
Zeynalov Akif Həsən oğlu

“Əməkdar həkim”

Cavadova Mehparə Allahverdi qızı
Eyvazov Rəfayıl Qurban oğlu
İbadov Kamil Bahadur oğlu

“Əməkdar jurnalist”

Dəmirov İldırım Gülalı oğlu
Yolçuyev Varis Musa oğlu

“Əməkdar müəllim”

Pirquliyeva Mətanət Səfər qızı
Şirinov Məhəmməd Bəşir oğlu

“Əməkdar artist”

Hüseynov Eytiram Bahadur oğlu
Şirinov Təhmiraz Məhyəddin oğlu

“Əməkdar mədəniyyət işçisi”

Süleymanov Vaqif Səttar oğlu

Dövlət başçısının digər sərəncamı ilə Sumqayıt şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Abuşov Qüdrət Səfiyar oğlu
Ağayev Ələsgər Qardaşxan oğlu
Bəşirov İlham Cavanşir oğlu
Cəfərov Eyvaz Ağalar oğlu
Cəfərov Şakir İbrahim oğlu
Cəlilova Nazilə Yavər qızı
Çələbizadə Nizami Maxsud oğlu
Əliyev Fikrət İsmayıl oğlu
Əmirov Əli Mənsimalı oğlu
İsmayılov Faiq Qəzənfər oğlu
İsmayılov İsrail Əşrəf oğlu
Kərimov Akif Abbas oğlu
Quliyev Yaşar Məhərrəm oğlu
Məmmədov Cəlal Alşan oğlu
Məmmədov Qardaşxan Məcid oğlu
Musayev Şakir Musa oğlu
Nəbiyev Namiq Şirvan oğlu
Rəşidov Mirzağa Mürşüd oğlu
Səfərli İlham Mahmud oğlu
Səmədov Teymur Qırımxan oğlu
Süleymanov Qadir Əli oğlu
Şəfiyev Əşrəf Cavad oğlu
Tağıyeva Tərlanə Azər qızı
Yusifov Emil Aydın oğlu