"Ermənilər bu ərazidə gəlmə millətdir, köçürülüblər" - İlham Əliyev"Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır, dəstəklənir, bütün beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz sözlərini demişlər. Onların arasında ən mötəbər təşkilat BMT-dir".

Report xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 28-də Tərtər rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşündə bildirib.

"BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Yəni, beynəlxalq aləm bu məsələ ilə bağlı öz sözünü deyib. Tarixi ədalət də bizim tərəfimizdədir. Biz hamımız yaxşı bilirik və indi dünya da bilir ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, ermənilər bu ərazilərə XIX əsrdə köçürülmüşdür. Bunu əks etdirən bir çox tarixi sənədlər var və bu sənədlərin bir hissəsi, o hadisəni əks etdirən eksponatlar bu gün açdığım Tərtər Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilir. Bu, elmi kitablarda da öz əksini tapıb. 1978-ci ildə tikilən və ermənilərin İrandan Dağlıq Qarabağa köçürülməsini əks etdirən abidə də bunu təsdiqləyir. O vaxt ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illik yubileyi qeyd olunmuş və bunu əks etdirən abidə ucaldılmışdır. Münaqişə başlayan kimi ermənilər o abidəni dağıtmışlar. Ancaq axıra qədər dağıda bilməmişlər. O abidənin qalıqları tapılıb, bərpa edilib və əyani sübut kimi artıq qorunur. Bu, bütün dünyaya göstərir ki, ermənilər bu ərazidə gəlmə millətdir, köçürülüblər. Necə köçürülüblər, kim tərəfindən köçürülüblər – biz bunu da yaxşı bilirik və tarix bunu təsdiqləyir.

Ona görə, mən həmişə deyəndə ki, Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır, bunu tarixi həqiqətə əsaslanıb deyirdim. Bizim ümumi işimiz ondan ibarətdir ki, bütün dünya bunu bilsin və artıq biz bunu görürük. Bizim səylərimiz və yorulmaz fəaliyyət nəticəsində dünyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı fikir formalaşıb. Qeyd etdiyim kimi, bütün mötəbər beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bunu təsdiqləyən bir çox qərar, qətnamələr qəbul edilmişdir. Dağlıq Qarabağın tarixi keçmişi haqqında biz bütün dünyaya məlumatlar təqdim edirik. Bu yaxınlarda Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvə görüşündə qəbul edilmiş yekun Bəyannamədə də Şərq Tərəfdaşlığına üzv ölkələrin suverenliyi, ərazi bütövlüyü bir daha təsdiqlənib və dəstəklənib. Bu, bizim böyük diplomatik nailiyyətimizdir. Ona görə münaqişənin həlli yolları bu tarixi həqiqətə, ədalətə və beynəlxalq hüquqa əsaslanmalıdır. Əminəm ki, belə də olacaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Heç vaxt biz imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın", - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, vaxtilə işğal edilmiş və tamamilə dağıdılmış Cocuq Mərcanlıya aprel döyüşləri nəticəsində bu il Azərbaycan vətəndaşları qayıdıblar: "Eyni zamanda, vaxtilə işğal altında olmuş bu ərazidə bu gün, bax, bu gözəl şəhərcik salınıb. Bu, bir daha onu göstərir ki, biz öz torpağımızda yaşayırıq, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycana məxsus olan ərazidir, torpaqdır. İndi biz sizinlə bu torpaqda – işğalçılardan azad edilmiş torpaqda görüşürük. Burada Azərbaycan vətəndaşları yaşayacaq və Azərbaycan bayrağı dalğalanır".
İntellektual yarışın qalibləri Cocuq Mərcanlı kəndində - FOTOLAR"İpək Yolu Qloballaşmaya Dəstək” İctimai Birliyi Azərbaycan respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə "Aprel Qəhramanlaının xatirəsinə həsr edilmiş intellektual yarış” adlı layihə başa çatıb.

Layihə intellektual yarışlar vasitəsi ilə 2016-cı aprel döyüşləri haqqında həqiqətlərin gənclərə çatdırılması, həmin döyüşlərdə qəhrəmanlıq göstərmiş əsgər və zabitlərimizin cəmiyyətdə tanıdılması və təbliğinə, gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsinə dəstək məqsədi daşıyırdı. Layihə çərçivəsində əvvəlcə ayrı-ayrı universitetlərin tələbələri məlumatlandırılıb. Bir neçə universitetin gənclərindən ibarət 20-dən artıq komanda müəyyənləşdirilərək intellektual yarışa cəlb edilib.

Noyabrın 25-də Bakıda keçirilmiş yarışlardan əvvəl "İpək Yolu Qloballaşmaya Dəstək” İB-nin sədri Aqil Əsədov gənclər qarşısında çıxış edərək bu intellektual oyunun məqsəd və məramlarından danışıb. O, 2016-cı ilin aprelində ordumuzun əsgər və zabitlərinin qəhramanlıqları, onların düşmən üzərində sarsıdıcı qələbəsindən söhbət açıb. İctimai Birliyin sədri gəncləri bu tarixi qələbənin qazanılmasında canını qurban vermiş igidlərimizi daim xatırlamağa, onların döyüş yolunu örnək seçməyə və təbliğ etməyə çağırıb.
İntellektual yarışın qalibləri Cocuq Mərcanlı kəndində - FOTOLAR
Tədbirdə çıxış edən gənclər də öz növbəsində şəhidlərimizin qəhramanlıqlarından geniş söhbət açıblar.

Daha sonra intellektual yarışa statrt verilib. Yarışın sonunda qalib komandalar mükafatlandırılıb. İştirakçılara sertifikatlar verilib. Növbəti mərhələdə layihədə nəzərdə tutulduğu kimi, qalib komandaların üzvləri və yarışmada aktiv iştirak edən gənclərin Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndinə səfəri təşkil edilib.

Həmin səfərin təşkili ilə ümumilikdə ümumilikdə 30-a yaxın gəncin "Aprel döyüşləri"ndən sonra əsaslı şəkildə yenidən qurulmuş Cocuq Mərcanlı kəndi ilə yaxından tanış olmaq imkanı qazanıb. Layihə iştirakçıları əvvəlcə aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Daha sonra iştirakçılar Cocuq Mərcanlı kəndində yeni tikilmiş məktəbə baş çəkərək müəllim və şagirdlərlə, kənd ictimaiyyəti ilə görüşüblər. Görüşdə ordumuzun qəhramanlıqlarından kəndin erməni nəzarətindən azad edilməsindən geniş söhbət açılıb. Sakinlər "Aprel döyüşlərindən sonra prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Cocuq Mərcanlı kəndinin yenidən bərpa edildiyini, bütün sosial infrastrukturların yaradıldığını, burada iş yerləri açıldığını və bu prosesin sürətlə davam etdiyini minnətdarlıqla bildiriblər.

Daha sonra gənclər Cocuq Mərcanlı kəndində görülən işlərlə yaxından tanış olublar.
İntellektual yarışın qalibləri Cocuq Mərcanlı kəndində - FOTOLAR
"Ermənistandan Qazax və Naxçıvanın işğal altında olan kəndləri də tələb olunmalıdır"Məhəmməd Əsədullazadə
politoloq


Azərbaycanda separatizm yoxdur, Ermənistan tərəfindən işğal faktoru var. Ermənistan Silahlı qüvvələri tərəfindən Azərbaycanın 20% ərazisi işğal edilib. Və işğal olunmuş ərazinin kiçik bir hissəsində qondarma rejim yaradıb.

Qeyd edim ki, işğal olunmuş ərazilərə Qazaxın iki kəndi və Naxçıvanın Kərki kəndidə daxil etmək lazımdır. Ermənistanla aparılan danışıqlarda təkcə Qarabağ ərazsisi danışıqlarda deyil, Qazax və Naxçıvanın işğal altında olan kəndləri də tələb olunmalıdır.

Bu gün Ermənistan beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün Dağlıq Qarabağ ərazisində yaşayan erməniləri "Dağlıq Qarabağ xalqı" kimi təqdim etməklə, məhz öz müqəddəratını təyin etmək prinsipini irəli sürülən həll variantlarına salmağa nail olur. Bununla bağlı diplomatik fəaliyyəti gücləndirməli və ermənilərin əsassız "Dağlıq Qarabağ xalqı" və "müqəddərat" terminləri ortadan götürülməlidir. Nə qədər ki, bu ifadələr işlənir, ikili standartlar tətbiq olunacaq.
Ceyhun Ələkbərov Efiopiyanın Azərbaycandakı konsulu təyin edilib Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Efiopiya Federal Demokratik Respublikasının Azərbaycana təyin olunmuş fəxri konsulu Ələkbərov Ceyhun Vəkil oğlunu qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş əsnasında Ceyhun Ələkbərov fəxri konsul təyinatı ilə əlaqədar patent sənədini səfir Pərvin Mirzəzadəyə təqdim edib. Ceyhun Ələkbərov fəxri konsul kimi fəaliyyəti müddətində Efiopiya ilə Azərbaycan arasında dostluğun, mədəni və iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Səfir Pərvin Mirzəzadə xarici işlər naziri Elmar Məmmədyarovun bu ilin 8-10 noyabr tarixlərində Efiopiyada rəsmi səfərdə olduğunu və bu ölkənin rəsmi dairələri ilə məhsuldar görüşlər keçirdiyini xatırladaraq iki ölkə arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.

Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə fəxri Konsul Ceyhun Ələkbərova gələcək fəaliyyətində uğurlar arzu edib.
Ceyhun Ələkbərov Efiopiyanın Azərbaycandakı konsulu təyin edilib
Erməni oliqarxın oğlu oğurlandıUkraynanın paytaxtı Kiyevdə erməni oliqarx Sergey Manukyanın oğlu oğurlanıb.

Axar.az xəbər verir ki, erməni mediası onun 10 gün öncə oğurlandığını yazıb. Oliqarxın 26 yaşlı oğlunu oğurlayanlar hələ də onlarla əlaqə qurmayıblar.

Qeyd edək ki, Manukyan Ermənistanda “Şinanyuti” ləqəbi ilə məşhurdur. O, İrəvanda bir sıra tikinti materialları mağazlarına sahibdir.

“Qudvin” bukmeyker kontorları da Manukyana məxsusdur.
Azərbaycan əsgərinin meyiti Ermənistan tərəfindən götürülübHərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən Azərbaycan əsgəri Cəlilbəyli Bəhruz Pərviz oğlunun meyiti Ermənistan tərəfindən götürülüb.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

Onun sözlərinə görə, hazırda onun meyitinin Azərbaycan tərəfinə qaytarılması ilə bağlı aidiyyəti qurumlarla danışıqlar aparılır.

E.Səmədov əlavə edib ki, yaxın günlərdə məsələ ilə bağlı ictimaiyyətə açıqlama veriləcək.

***

Cəlilbəyli Bəhruz Pərviz oğlunun meyiti Ermənistan tərəfindən Azərbaycana qaytarılıb.
"Mən yazılarımı zorla oxucuya sırıyan adamlardan deyiləm"Publika.az-ın “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, şair Elçin Mirzəbəyli ilə müsahibəsini təqdim edirik.
– Elçin bəy, siz Lənkəranda doğulmusunuz?
– Bəli...
– Uşaqlığınız oralarda keçib?
– Bəli, 16-17 yaşıma kimi Lənkəranda olmuşam...
– Onda şeir yazırdınız?
– Əlbəttə...
– Maraqlıdır, tərcümeyi-halınızda birinci şair hesab olunursunuz, yoxsa siyasətçi?
– Mənim siyasi kimliyimlə ədəbi kimliyimin bir-birilə heç bir əlaqəsi yoxdur. Hərəsinin öz yeri var. Şairlik Allahın verdiyi bir istedaddır. Yəni mənim peşəm deyil. Yəni mən şair işləmirəm. Və həyatımı da şeir yazmaqla təmin etmirəm.
– Şeirdə iddianız yoxdur?
– Düzü, şeirdə elə bir iddam da yoxdur. Sadəcə, çox erkən yaşlarımdan yazıram. Çox da erkən yaşlarımdan çap olunuram, oxuyanlar da var, oxumayanlar da...
– Dediniz ki, şeirdə iddiam yoxdur. Amma çoxlu kitablarınız çap olunub. Bu qədər kitab iddia deyilmi?
– Mən şairliyə nə iddia etməliyəm ki? Bir şey ki, Allah tərəfindən verilib və yaranışdan səndə var. Və sən bu istedaddan istifadə edərək öz düşüncəni, fikirlərini, yaşantılarını dilə gətirirsən. İnsanlar isə bunu oxuyur. Və yaxud, oxumur. Mən yazılarımı zorla oxucuya sırıyan adamlardan deyiləm. Sadəcə, bayaq da dedim ki, şairlik mənim peşəm, həyatımı təmin eləyən bir istiqamət, sahə deyil. Əgər mən ədəbiyyatla öz gəlirimi təmin etsəydim, buna peşə kimi yanaşsaydım, şübhəsiz ki, bu məsələlərdə iddialı şəkildə çıxış edərdim. Amma mən şeirdən heç bir gəlir əldə etmirəm. Gəlir əldə etmədiyim, maddi baxımdan qazanmadığım bir sahəni isə özümə peşə hesab eləyə bilmərəm. Təbii ki, şeirdən mənəvi cəhətdən böyük gəlir əldə eləyirəm. Bu da yaşamaq üçün mənə stimul verir.
– Siz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Sankt-Peterburq Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirmisiniz. Axı heç siyasət, jurnalistika da sizin peşəniz deyil.
– Əslində, ixtisasla peşəni səhv salmaq lazım deyil. Bəli, siyasət mənim rəsmi olaraq ixtisasım deyil. Amma bir insan bir sahə ilə beş ildən artıq peşəkarcasına məşğul olursa, bu, onun peşəsi olduğunu sübuta yetirir. Mən artıq 20 ildir ki, siyasətlə məşğulam. Bundan daha uzun vaxtdır ki, jurnalistikadayam. Azərbaycanda kifayət qədər tanınmış baş redaktorlar, media başqanları var ki, peşələri jurnalistika deyil. Və yaxud, Azərbaycan siyasətində o qədər adamlar var ki, onlar politologiyanı oxumayıblar. Diqqət yetirsək, dünya liderlərinin də müxtəlif ixtisaslarının olduğunu görərik. Məsələn, Reyqan ixtisasca siyasətçi deyildi, aktyor idi. Zamanında bir xeyli filmə də çəkilib. İndi deyə bilərikmi Reyqan prezident deyildi, aktyor idi? Bu baxımdan siyasətə ixtisas müstəvisindən yanaşmağı doğru hesab etmirəm.
Azərbaycanda uzun müddət birpartiyalı sistem olub. Və ona görə də politologiya bir elm kimi inkişaf etməyib. Hər şey yalnız idealogiya üzərində qurulmuşdu. Bizdə politologiya bir elm kimi müstəqillik qazanandan sonra formalaşmağa başladı. Bəs ömrünün 1989-cu ildən bərisini siyasətə həsr edən adama demək olarmı ki, bu, sənin sahən deyil?! Hesab edirəm ki, bu, ədalətsizlik olardı.
– Maraqlıdır, ixtisasın olmadan da siyasətçi olmaq mümkündürsə, bəs onda politologiya fakültə olaraq nəyə lazımdır? Bu fikir jurnalistikaya da aiddir. Onsuz da kimin bəxti harda gətirir, orda da işləyir...
– Bunlar əslində, şans məsələsidir. Təbii, cəmiyyətdəki fərdlərin xüsusi istedadının bu sahələr üzrə olması və sonradan özünü inkişaf etdirməsi məsələləri də var. Amma o demək deyil ki, bu insanlar nəzəri biliklərə yiyələnməli deyillər. Və yaxud da, politologiya, jurnalistika ixtisası üzrə təhsil almalı deyillər. Amma bizim dövrün gənclərini, xüsusən də, keçid dövrünə düşən insanları bu günün gəncləri ilə müqayisə etmək doğru deyil. Axı bizim formalaşdığımız, yetişdiyimiz rejimlə sizinki eyni ola biləz. Yəni tarixi şəraitin diktə etdiyi şərtlər var və bunları nəzərə almaq lazımdır. Bizi tarixi şərait politoloq kimi yetişdirib. Biz birbaşa praktikadan, təcrübədən çıxan siyasətçilər və politoloqlarıq, məktəb partası axrasında yetişdirilən parnik, akvarium siyasətçiləri deyilik.
– Elçin bəy, şeir ilahi diqtədir. Siyasətdə isə lazım gələndə yalan da danışmalı olursan. Bəs bu iki sahə sizin içinizdə necə yola gedir? Biri həqiqətlə qidalanır, o birisi yalanla...
– Siyasətçi bütün hallarda səmimi olmalıdır, hətta yalan danışanda da.
– Səmimi yalan necə olur ki?
– Ümumiyyətlə, siyasət adamlarına bu cür yanaşmağı doğru hesab etmirəm. Məsələn, nəzəri siyasətlə məşğul olan insanlar hər hansı bir hadisəni proqnozlaşdırırlar və təhlil etdikləri zaman doğru bildiklərini deyirlər. Və cəmiyyət üçün ziyanlı olan tərəflərini dilə gətirmirlər. Çünki bunlar yalnız cəmiyyəti idarə edən şəxslər üçün lazımdır. Elə məsələlər var ki, onlar ictimai rəyə açıqlanmalı deyil, qapalı saxlanılmalıdır. Yaxud, istənilən bir prosesin təhlili zamanı Azərbaycanın mövqeyini, ölkənin maraqlarını, ictimai maraqları, dövlət maraqlarını nəzərə alıb danışırsan. Və bu zaman yanaşman kimlər üçünsə doğru olmaya bilər. Buna görə dedim ki, siyasətçi yalan danışanda da səmimi olmalıdır. Yəni yalan danışmaq xətrinə yalan danışmalı deyil. Yəni məqsədi ondan ibarət olmalı deyil ki, yalan danışsın.
– Fikir vermisinizmi, kim maddi imkanlarını təmin eləyibsə, hardansa çörəyi gəlirsə, oturmağa bir iş otağı varsa, o saat Azərbaycanın, dövlətin milli mövqeyindən danışır. Əlində imkan olayanlar isə insan, insanlığın maraqlarından çıxış edir...
– Əslində, dövlət maraqları heç vaxt insan maraqlarını üstələməli deyil. Dövlət də elə insan və insanın sosial rifahını, təhlükəsizliyini təmin etmək üçündür. Kiminsə korporativ maraqlarına toxunanda bunu dövlət maraqlarına toxunurmuş kimi qələmə verirsə, bu, kökündən yanlış bir mövqedir. Cəmiyyət - sıravi vətəndaş da, sosial statusa malik insanlar da bir şeyi anlamalıdır ki, onların təhlükəsizliyi bilavasitə dövlətdən asılıdır. Azərbaycan vətəndaşı ona görə sabit və əminamanlıq şəraitində yaşayır ki, onun müstəqil dövləti var.
Təbii, insanların sosial problemləri ola bilər. Hətta kənardan qayğısız və problemsiz görünən insanların da problemləri var. Amma problemlər həmişə olub və olacaq. Biz Sovet rejimində yaşamırıq ki, konkret standartlar müəyyənləşdirilsin və hər kəsə müəyyən məbləğ ayrılsın ki, onlar o çərçivə daxilində həyat tərzlərini minumum şərtlərlə təmin edə bilsinlər. Kapitalizmin öz qanunları və şərtləri var. Düzdür, şərtlər çox vəhşi şərtlərdir. Və bu, bəzən də qanunsuz və amansız görünə bilər. Çünki insan özü maddiyyatçıdır. Birinci öz maraqları gəlir, hər kəs digərindən daha yaxşı yaşamaq istəyir. Və bu da təbii qəbul olunmalıdır. Amma bu şeylər ədalətli qanunlar tərəfindən tənzimlənirsə, şübhəsiz ki, cəmiyyət inkişaf edir.
– Maraqlıdır, siyasi dünyagörüş baxımından siz müxalifətçisiniz?
– Azərbaycan cəmiyyətində təşəkkül tapmış, Milli Azadlıq Hərəkatından sonra formalaşmış bir qrup adamın siyasi münasibətlər çərçivəsindən yanaşanda, mən müxalifətçi deyiləm. Hakimiyyətin doğru addımlarını doğru qiymətləndirirəm, yanlış hesab etdiyim davranışları da sivil bir şəkildə və təhlil edərək dilə gətirməyi bacarıram. Sadəcə, qışqırmıram, bərkdən çığırmıram, yumruğumu yuxarı qaldırmıram...
– Elçin bəy, Elçibəylə münasibətləri olan adamların demək olar ki, çoxu onun haqqında hörmətlə danışırlar. Bəyə sevgilərini hər addımda ifadə edirlər. Belə idisə, bəs onun partiyasını niyə parçaladılar? Hərəsi Elçibəyin şəklinin altında bir stol qoyub oturub ki, bura mənim partiyamdır.
– Elçibəylə mənim şəxsi münasibətlərim olmayıb. Sadəcə, bir media adamı kimi görüşlərimiz olub. Və mən ona yalnız müsahib kimi yanaşmışam. İkincisi, mən ayrı-ayrı şəxslərin Elçibəyə olan münasibətindən də xüsusi olaraq danışa bilmərəm. Partiyanın parçalanmasını zəruri eləyən şərtlər isə tamamilə fərqli idi. Bu, birbaşa Elçibəyin şəxsiyyəti, tarixdə oyandığı rol və liderlik kefiyyətləri ilə bağlı məsələ deyildi. Bildiyiniz kimi partiya Elçibəy xəstələnəndən sonra parçalanmaya məruz qaldı, dünyasını dəyişəndən sonra isə faktiki olaraq parçalandı. Ona görə ki, səhvlərə yol verildi və bəzi şəxslər korporativ maraqlarından daha qabarıq şəkildə çıxış eləməyə başladı.
– Məsələn, kimlər?
– Elçibəyin partiyasının parçalanmasında Əli Kərimlinin müstəsna xidmətləri oldu. Onun çox məhdud dünyagörüşü, siyasi proseslərə özünün proqramtik adlandırdığı, lakin əslində, korporativ maraqlar çərçivəsindən yanaşması nəticədə təşkilatdaxili ziddiyyətləri dərinləşdirdi. Beləliklə, birmənalı şəkildə deyə bilərəm ki, Elçibəyin partiyasının parçalanmasında Əli Kərimlinin korporativ iddiaları rol oynadı.
– Xalq Cəbhəsi partiyası o qədərdir ki, adam hərdən qarışıq salır. Bilmirsən kim hansının sədridir...
– Şübhəsiz ki, müəyyən dövrdə bu qarışıqlıq var idi. Amma sonradan bu fərqlər aradan götürüldü və bu gün hər kəs bilir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası hansı ideyanın daşıyıcısıdır və cəmiyyətdə hansı mövqedən çıxış edir. Azərbaycanın ən ucqar kəndində və ümumiyyətlə, bir çox yerlərdə insanlar partiyamızın və liderimiz, millət vəkili Qüdrət Həsənquliyevin mövqeyi haqqında kifayət qədər məlumatlıdırlar.
– Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyanın adındakı “Bütöv Azərbaycan” nəyi nəzərdə tutulur? Güneyli, Quzeyli Azərbaycanı?
– Bütöv Azərbaycan anlayışı bir neçə aspektdə dəyərləndirilir. Birinci dəyərləndirilmədə bugünki Azərbaycan Respublikasının, ikinci dəyərləndirmədə isə Güneyli, Quzeyli Azərbaycanın bütövlüyündən söhbət gedir. Bir şeyi də qeyd edim ki, bəzən bütövlük anlayışı fərqli qəbul olunur. Biz əslində, mədəni bütövlük, dil bütövlüyü, milli ruhun bütövlüyünün qorunub-saxlanılmasından danışırıq.
– Bəs ərazi bütövlüyündən niyə danışmırsınız?
– Axı bir partiya ərazilərin birləşdirilməsi mövqeyindən çıxış edə bilməz. Güney Azərbaycanda 35 milyondan çox soydaşımız yaşayır. Onlar ilk növbədə öz yaşadıqları dövlətin çərçivələri daxilində öz hüquqlarını müdafiə etməlidirlər, bu istiqamətdə addım atmalıdırlar. Azərbaycan Respublikasının vətəndaşı kimi və ya partiya funksioneri olaraq, mənim 35 milyon insana ağıl öyrətmək niyyətim yoxdur. Bütöv Azərbaycan bir məfkurədir, ideyadır və mən bu ideyanın daşıyıcısıyam, amma tarixi reallıqlar, beynəlxalq hüququn sərhədlərini də nəzərə alırıq.
Bomba xəbərdarlığı: Moskvadakı banklar boşaldıldı“Alfabank”ın Moskvadakı bütün filiallarında olan işçilər evakuasiya olunub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “İnterfaks” agentliyi yayıb. Agentlik işçilərin bomba təhdidi ilə əlaqədar evakuasiya olunduğunu bildirib.

Qeyd edək ki, sentyabrdan indiyə qədər Rusiyanın 170 şəhərindəki 2 min binadan 1,4 milyon insan yalançı zənglər ucbatından evakuasiya olunub.
“Qarabağ Azərbaycanın ayrılmaz və unikal hissəsidir” - Erməni tarixçi“Biz Qarabağ ermənilərini Qarabağ azərbaycanlılarından ayıran amil dil və dindir”.

APA-nın məlumatına görə, bunu Ermənistan-Azərbaycan Sülh Platformasının idarə heyətinin üzvü, tarixçi alim Artur Ağacanov "Azərbaycan multikhlturalizm modeli: etnomədəni müxtəliflik" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, Qarabağ ermənilərinin danışığında istifadə olunan sözlərin 15 faizindən çoxu Azərbaycan, türk sözləridir: “Biz bir-birimizlə birləşdirən isə xarici görünüş, xarakter, psixologiyadır. Bizim xalqlar arasında çox sayda nikah olub. Mənim kimi, bir çox Bakı və Qarabağ ermənisinin də azərbaycanlılarla bağlı xoş xatirələri var. Azərbaycan xalqı hər zaman özünün tolerantlılığı, bütün xalqlara hörmətlə yanaşmasına görə tanınıb. Biz inkişaf və sülh üçün vacib olan qonşuluq münasibətlərinə malik olmuşuq. Bu təcrübədən Azərbaycanın ayrılmaz və unikal hissəsi olan Qarabağda sülh və əmin-amanlığın bərpasına kömək üçün istifadə oluna bilər”.