
Ukraynanın Milli Qəhrəmanı Stepan Bandera haqqında düşüncələrim...
Stepan Banderanın həyatı ilə tanış olduqca, o, mənə Ukrayna milli azadlıq hərəkatının dünəni, bu günü və sabahı timsalında görünür. Mənin nəzərlərimdə Bandera azadlıq qapılarını açıb Ukraynaya onun təmiz havasını bəxş edən böyük mücahiddir. Məhz Bandera böyük bir millətin azadlıq arzularını doğuran, onu özündə ifadə edən bir addır. Bu ad Ukrayna xalqının düşüncəsində azadlıq simvolu kimi yaşamaqdadır.
Banderanın azadlıq arzuları hələ uşaqlıq çağlarından-ailədən formalaşmağa başlayıb. Məhz ailə mühiti Stepanın düşüncələrindəki azadlıq ağacının bar verməsinə yol açıb.
Mən Lvov təəssüratlarımı qələmə aldıqca, onları Azərbaycan oxucuları ilə bölüşdükcə, qulaqlarımda səslənən pıçıltılar məni yeni-yeni mövzulardan bəhs etməyə ruhlandırırdı. Onlar səsləndikcə, mən həmin səslərin ruhuna doğru irəliləyir, onları öyrənir, öyrəndikcə, qarşımda açılan mənzərənin əzəmətinə heyran qalırdım. Stepan Bandera haqqında yazım da məhz həmin səslərdən yarandı. Mən onu öyrəndikcə, əslində Ukrayna mübarizliyinin, qəhrəmanlığının, əqidə dönməzliyinin şahidi olurdum. Bu, onları-Ukraynalıları mənə daha da doğmalaşdırırdı. Bir həqiqət də mənə aydın olurdu: Dahi şəxsiyyətlər millətin ruhundan doğulur. Onların simasında, ruhunda bir milləti görmək, hiss etmək mümkün olur. Bəli, mən Ukrayna ruhunu Stepan Banderada, onun mübarizəsində hiss edirəm.
Stepan Banderanın həyatı, keçdiyi mübarizə yolu, bu şəxsiyyətin sarsılmaz əqidəsi yalnız Ukrayna üçün deyil, bütün dünya xalqları üçün bir nümunədir. O, xalq ruhunun, min illik mübarizə əzminin təcəssümüdür. Mənim təsəvvürümdə Stepan Banderanın mübarizəsinin ən əhəmiyyətli tərəfi Ukrayna gəncliyinin mübariz ruhunun formalaşmasına, onun inam hissinin yaranmasına göstərdiyi müstəsna təsiridir. Məhz bu amil onu sovetlər dönəminin qorxunc kabusuna çevirmiş, onun təfəkkürlərdəki izinin silinməsinə çalışılmışdır. Amma xalq yaddaşı heç vaxt itmir. Onu silməyə çalışmaq da əbəsdir. Bu, gur axan çay kimidir. Qarşısını bir yerdən kəssən də, digər tərəfdən özünə yol tapacaqdır. Xalqın yaddaşı öz tarixini heç vaxt unutmur, onu tarixin ənginliklərindən olsa belə tapıb bu gününə qovuşdurur. 2010-cu ilin 22 yanvarını xatırlayaq. Fikrimcə həmin gün Ukrayna üçün tarixi yaddaşın bərpası günü hesab oluna bilər. Məhz həmin gün Ukrayna prezidenti Viktor Yuşenko müstəqil Ukrayna dövlətinin yaradılması uğrunda apardığı qəhrəmanlıq mübarizəsinə görə Stepan Banderanı ölümündən sonra Ukrayna Qəhrəmanı və “Dövlət” ordeni ilə təltif etdi. Viktor Yuşenkonun bu tarixi addımını televiziya ekranlarından izlədim və dövlət başçısının həmin mərasimdə səsləndirdiyi və Stepan Banderaya ünvanlanmış bir fikir düşünürəm ki, mənim də yaddaşımdan heç vaxt silinməyəcək: “Bunu milyonlarla ukraynalı uzun illər idi ki, gözləyirdi.” Maraqlı və simvolik görünən cəhətlərdən biri də ondan ibarət idi ki, böyük ideoloq və nəzəriyyəçi, milli-mənəvi dəyər, Xalq qəhrəmanının dövlət təltifi Stepan Banderanın eyni adı və soyadı daşıyan nəvəsinə təqdim olundu. Viktor Yuşenkonun bu addımını ukraynalılar ayaq üstündə alqışlayır, bayram edirdi. Bu məqamda qeyd etməyi vacib bilirəm ki, nəvə Stepan Bandera Toronto Universitetində təhsil alıb. İxtisasca jurnalist və hüquqşünasdır. O, Kanadanın Manitoba ştatının Vinnipeq şəhərində 1970-ci ildə anadan olub. Necə ki, Poltava Ukraynanın ürəyidir, Vinnipeq də Kanadanın ürəyi hesab olunur (nəvə Stepan Bandera). Stepan Banderanın oğlu Andrey atasının qatili Staşinskinin məhkəməsindən sonra bu şəhərə, daha sonra isə Torontoya köçüblər. Stepan Banderanın üç övladı – Natalya 1941, Andrey 1947, Lesya 1949-cu ildə dünyaya gəlib. Andrey Bandera maraqlı insan kimi xarakterizə olunur. O, ictimai xadim, jurnalist kimi tanınıb, Torontoda ingilis dilində «Гомин Украины» («Гомін України») adlı qəzet dərc edib. Andrey Bandera öz adı və nüfuzundan istifadə etməklə, həyatı boyunca Kanadada yaşayan Ukraynalıların birləşməsinə, onların vətənpərvərlik hisslərinin oyanmasına çalışıb.
Yazımın əvvəlində Stepan Banderanın mübariz ruhlu şəxsiyyət kimi formalaşmasında rol oynayan ailə mühitini vurğuladım. Bu, təsadüfü deyildi. Ailə mühiti yalnız Stepanın deyil, ümumilikdə Banderaların hər birinin həyatının gələcəyini müəyyən edən mühüm bir xətt kimi keçir. Stepan Bandera 1909-cu il yanvar ayının 1-ində İvan-Frankovsk vilayəti Kolski rayonu Starıy Uqrinov kəndində anadan olub. O vaxtlar bu kənd Avstriya-Macarıstan imperiyasının Qalisiya bölgəsinə daxil idi. Stepanın atası Andrey Mixayloviç Bandera katolik keşişi və Ukrayna milliyyətçisi kimi tanınırdı. Andrey Mixayloviç mütaliəçi idi. Onun evi xüsusilə milliyyətçiliyi özündə daşıyan kitablarla zəngin idi. Stepan bu kitabların, eləcə də, atasının milliyyətçi dostlarının söhbətləri ilə tərbiyə olunurdu. Onları – Ukrayna Milliyyətçi Təşkilatının liderləri – Pavel Qlodzinskini, Yaroslav Vaselovskini, Mixayıl Qavrilkonu dinləmək Stepan Banderanın vətənsevər ruhda böyüməsinin təməlində dayanırdı. Onun milliyyətçi ruhu həm də ürəyində hiss etdiyi Ukrayna dərdlərinin ağrılarından formalaşırdı. Balaca Stepan hələ uşaq yaşlarından müharibənin vurduğu yaralarla üz-üzə qalmışdı. Mənbələrdə yazılır ki, 1914-cü ildə başlayan Dünya müharibəsi onun məktəbə getməsini əngəlləyir, müharibənin atəş xətti onun doğma kəndindən keçir.
Onun uşaqlıq illəri doğulduğu kənddə, ata-babasının yaşadığı kilsəyə məxsus evdə keçib. Dünya müharibəsi Stepan Banderanın ilk təhsilinin yubanmasına səbəb olsa da, onun dünyagörüşünün formalaşması üçün mükəmməl əsas olub. O, uşaq təsəvvürü ilə müharibəni müşahidə edir və onun acılarını yaddaşına həkk edirdi. Stepanın 9 yaşı olanda-1918-ci ildə atası Qərbi Ukrayna Xalq Respublikasnın parlamentində Ukrayna Milli Sovetinin elçisi seçilir və elçi olaraq Kaluşini dövlət həyatının formalaşdırılmasında fəal etməyə başlayır. Stepan atasının ictimai xadim olaraq fəaliyyətni müşahidə edir və atasının Ukrayna üçün nə qədər önəmli işlər gördüyündən qürur duyurdu. Bu hiss, şübhə yoxdur ki, Stepanı milli mücadiləyə hazırlayırdı.
1919-cu ilin mayında Polşanın hücumları nəticəsində Bandera ailəsi Yaqolnitsa qəsəbəsinə köçməyə məcbur olur. Onlar burada sentyabr ayına kimi yaşayırlar. 1919-cu ilin sentyabrı və oktyabrında Stepan Striy şəhırindəki Ukrayna gimnaziyasına qəbul olur. O, burada 1927-ci ilədək təhsil alır. 1922-ci ildə bu gimnaziyada təhsil alarkən millətçi təşkilata daxil olur. Bu illər Ukrayna tarixinin təzadlı dövrünü yaşayırdı. Bandera məhz millətinin taleyini dəyişəcək bir sima olaraq yetişirdi. 1927-ci ildə o, gimnaziyanı əla qiymətlərlə bitirir.
Stepan Banderanın Ukrayna xalqının milli azadlığı uğrunda mübarizəsi tələbəlik illərindən başlayıb. Stepan Banderanın tədqiq edərkən, həbsxana həyatını xarakterizə edən məlumatlara rast gəlmək mümkündür. Bu faktlar əksəriyyətə bəlli olduğu üçün onlara detallarına qədər varmağa ehtiyac duymuram. Amma gəldiyim bir qənaəti vurğulamağı vacib hesab edirəm ki, o, bütün ruhu, qanı ilə inqilabçı idi. Onun inqilabı ruhunu “Sventi Kşij”, “Bronki”, “Brest”, “Zakzenhauzen” həbsxana və konslaqerlərinin ölüm kameraları sarsıda bilməyib. Əksinə, “gedərgəlməzlər” onun xaraktercə daha da möhkəmlənməsinə yol açıb. Həbsxanada olarkən Stepan Bandera Ukraynanın milli ideoloqu Dmitri Dontsovun məqalələri, azadlıq mübarizəsinin ideoloji əsasları ilə tanış olur. Sonralar bu ideoloji əsaslar Banderanın milli azadlıq haqqında düşüncələrinin təməlində dayanan amillərdən olacaqdı.
Onun azadlıqsevər ruhu doğulduğu, mənsub olduğu torpaqlardan, ailəsindən rişət alıb vətəni üçün yaşayrdı. O, müharibəyə nifrət edirdi. Banderanın həyat məqsədi millətinin öz torpaqlarında azad yaşaması idi. O deyirdi ki, bizim qələbələrimiz bizim ideyalarımızın qələbəsidir. Bu, onun həyat amalı idi. Bu amalın arxasınca gedərək, öz müstəqil dövlətin olmadan, azadlıq əldə etmədən, azadlıq uğrunda mübarizə aparmadan Ukraynada azadlığın, firəvanlığın və demokratiyanın heç kölgəsi belə olmayacaq qənaətinə gəlirdi. Stepan Banderanın bu arzuları, sadiq qaldığı ideya əslində bəşəriyyətə sülh, əminamanlıq arzularından doğan ideya idi. Bu ideya və arzular bəşəri irticaya qarşı yönəlmişdi. Hansı ki, həmin dövrdə faşizm və sovet imperiyası dünyanı dolaşır, gah soyuq, gah da isti müharibələr bəşəriyyəti bürüyürdü. Bandera bütün bunlara qarşı idi. O, insanın azad ruhunun azad cəmiyyətdə həyat sürməsini arzulayırdı. Yazırdı ki, kommunizm Ukrayna xalqının mənəvi ruhuna tamamilə ziddir. O, düşmənlə aparılan mübarizənin nəticə etibarilə insan azadlğına yol açacağını və bəşəriyyətin azad insanların birliyindən faydalanacağına inanırdı. Ümumiyyətlə, Banderanın ən mühüm xüsusiyyəti öz mübarizəsinə və Ukraynanın azad gələcəyinə inamı idi. O, xalqına tövsiyyə edirdi ki, Rusiyadan bolşevivzm olmasa belə, hansısa formada işğalçılıq siyasəti hər zaman gözləniləndir. Rusiya hər zaman Ukraynanı köləlikdə saxlamağa çalışacaq. Bunu yadda saxlamaq və lazımı tədbirləri məqamında görmək zəruridir. Tarix Banderanın uzaqgörənliyini təsdiq edəcəkdi.
Stepan Banderanın uzunmüddətli mübarizəsinin təməlində Ukraynanın azadlığına nail olunması dayanıb. O, nə Almaniya, nə də sovetlərə tabe olacaq Ukraynanı qəbul etmirdi. O, qərbdə Almaniya, şərqdə Rusiya ilə mübarizə aparırdı. Almanların Banderaya Ukrayna üçün azadlıq təklifləri ona utopiya görünürdü. O, çox yaxşı bilirdi ki, imperializmin azad, müstəqil subyektləri olmur. Hər bir xalq azad yaşamalıdır. Bu azadlığı o özü almalıdır. Bunu ona kimsə verəcəksə, bunun adı azadlıq olmayacaq. Bu əqidəsi onu həbsxanalara, konslagerlərə aparıb çıxarsa da, o, azadlığa çıxan kimi yenidən öz amallarının, arzularının ardınca gedirdi. Bu yol onu, ailəsini, doğmalarını məhvə aparsa belə, Stepan Bandera gedirdi.
İkinci dünya müharibəsindən sonra Stepan Banderanın təkcə özü yox, ailəsi də təqiblərə məruz qalıb. Onlar təkcə 1948-ci ilə 6 dəfə yaşayış yerlərini dəyişiblər. Berlin, İnsburq, Zefeld, Münhen, Qildesqauy, Starnberq şəhərlərində yaşamağa məcbur olublar. Nəhayət qızının təhsili ilə əlaqədar 1954-cü ildə birdəfəlik Münhen şəhərinə köçüblər.
Stepan Banderanın qızı Natalya xatirələrində yazır: “13 yaşım olanda mən Ukrayna qəzetlərini oxumağa başladım. Stepan Bandera haqqında çoxlu məqalələrlə rastlaşdım. Zaman keçdikcə, müxtəlif müşahidələrə əsaslanaraq, həm də atamın ətrafında çoxlu sayda adam olduğu faktını nəzərə alaraq, məndə müəyyən gümanlar yaranmışdı. Bir dəfə tanışlardan biri təsadüfən ağzından bir söz qaçıranda, artıq əmin oldum ki, Bandera mənim atamdır.”
Münhen Stepan Banderanın yaşadığı son ünvan olur. O, Münhendə Ştefan Popel adı ilə yaşayır. Deyilənlərə görə Ştefan əslən Lvovdan olan şahmatçı olmuşdu. Amma pasportun Banderaya necə gəlib çatması haqqında məlumat yoxdur. 1959-cu ilin 15 oktyabrında Stepan Bandera yaşadığı Kraytmayr küçəsindəki binanın girişində tapançadan açılan zəhərli güllə ilə qətlə yetrilir. Təhqiqatlardan bəlli olur ki, DTK agenti Boqdan Staşinskiy tərəfindən törədilən qətlin sifarişçisi Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi Nikita Xruşşovdur. Stepan Bandera elə bir zamanda qətlə yetirilmişdi ki, o zaman sovet informasiya maşını SSRİ-də onun haqqında kifayət qədər düşmən obrazı yarada bilmişdi. Əgər belə demək mümkünsə, Bandera həmin illərdə SSRİ üçün o qədər də təhlükəli sima kimi görünmürdü. Amma imperialist rejim Bandera adından, onun ürəklərdə yaşayan sevgisindən, ona olan xalq məhəbbətindən narahat idi. Çox keçmir ki, Karlsrue alman məhkəməsi qətlin günahkarnın Moskva olduğunu elan edir. 46 il sonra – 2005-ci ilin 6 dekabrında “Komsomolskaya pravda” qəzetinə müsahibə verən SSRİ-nin keçmiş DTK sədri Vladimir Kryuçkov Banderanın qətlinin DTK olduğunu etiraf etmişdi. Stepan Bandera 20 oktyabr 1959-cu ildə Münhendə Valdfridqof qəbristanlığında dəfn edilib.
Stepan Banderanın həyatı ilə tanış olandan, onun, eləcə də ailəsinin acı taleyinin ağrısını ürəyimdə hiss etmişəm. Qəhrəmanın kiçik qardaşı 1942, yaxud 1943-cü illərdə faşistlərə qarşı döyüşdə həlak olub. Həmin illər Stepan Bandera faşistlərə qarşı mübarizə aparan dəstələrdən birinə rəhbərlik edirdi. Banderanın Aleksandr və Vasili adlı qardaşlarını isə 1942-ci ildə Ayşviş konslagerində qətlə yetiriblər. Banderanın atası Andrey sovet höküməti tərəfindən qətlə yetrilib. Oksana və Marta-Mariya adlı bacılarını isə 1941-ci ildə sovet höküməti Sibirə sürgün edib. SSRİ rəhbərliyi onlara doğma Ukraynaya qayıtmalarına icazə vermədi. Marta-Mariya 1982-ci ildə dünyasını dəyişdi. Oksana isə 1989-cu ildə-50 ildən sonra Vətənə qayıda bildi. O, 24 dekabr 2008-ci ildə dünyasını dəyişib.
Stepan Bandera haqqında bu sətirləri qələmə alarkən düşünürdüm ki, insanın ruhi-mənəvi azadlığı onun əməllərində öz əksini tapır. Yalnız azad düşünən, yalnız böyük insanlıq sevgisindən güc və ruh alan, bu gücü və ruhu bəşəriyyətin, öz millətinin xoşbəxtliyinə həsr edən lider insanların sevimlisinə çevrilə, milyonların yaddaşında yaşaya bilər. Banderanın mübarizəsi Ukrayna xalq ruhu ilə ahəngdarlıq təşkil edirdi. O. Ukrayna insanı kimi güclü, əzmkar, dönməz, Ukrayna təbiəti kimi rəngarən, romantik və əsrarəngiz idi. insanların hər zaman sülhə, xeyirxahlığa, mərhəmətə, bir sözlə insanlığa ehtiyacı olub. Seçilmiş insanlar ömürlərini dünyanın pozulmuş nizamını bərpa etməyə həsr ediblər. Sözsüz ki, onlar buna nail ola bilməyiblər. Onlardan sonra gələnlər də bu yolu davam etdiriblər. Nə qədər ki, dünyada ədalətsizlik var, zaman ona qarşı mübarizləri də yetişdirəcəkdir.
Ardı var.
Böyükağa MİKAYILLI Stepan Bandera faktların dili ilə...1927-ci ildə Gimnaziyanı bitirən Stepan Çexoslavakiyanın Poderbrad şəhərindəki Ukrayna İqtisadiyyat Akademiyasında təhsilini davam etdirmək istəyir. Lakin Polşa höküməti Stepana xarici pasport vermir. Stepan doğma kəndinə qayıdır və orda maarifçilik işləri ilə məşğul olmağa başlayır. Stepan həvəskar teatr və mütəşəkkil idman klubu yaradır. Kəndində oxuma klubu yaradaraq gənclərin mariflənmə işinə nəzarət edir. Bu fəaliyyəti Stepanı, gimnaziyadan dostu Stepan Oxrimavoç vasitəsi ilə Ukrayna Hərbi Təşkilatına gətirib çıxarır. 1928-ci ildə UHT-na üzv olan Stepan təşkilatın təbliğat şöbəsində fəaliyyətə başlayır. Həmin il Lvov şəhərinə gələn Stepan Lvov Politexnik İnstitutunun aqronomiya fakultəsinə daxil olur. 1929-cu ildə yaranan Ukrayna Milliyyətçi Təşkilatının ilk üzvlərindən biri olur. Stepanın təşkilatda ilk vəzifəsi Kaluş rayonunda gizli miliyyətçi ədəbiyyatın yayılması, Lvov tələbələri arasında təbliğat aparılmasından ibarət olur. 1928-1930-cu illər arasında “Millətin fəxri” adlı yeraltı aylıq satirik jurnalda muxbir vəzifəsində işləyir. Stepan öz məqalələrini “Matvey Qordon” təxəllüsü ilə yazırdı. 1931-ci ildən xariclə əlaqəni gücləndirən gənc Stepan xaricdə Ukrayna milliyətçiliyinə aid nəşrləri ölkəyə gizli yolla gətirməyə başlayır. 1932-ci ildə Dansiqdə kəşfiyyat kursu keçərək geri qayıdan Stepan UMT-nin Qərbi Ukrayna üzrə hərbi komendantı vəzifəsinə gətirilir. 1930-1933 –cü illər arası Bandera 5 dəfə həbs olunur, lakin haqqında heç bir sübut tapılmadığına görə hər dəfə 2-3 gün həbsdə tutulduqdan sonra azadlığa buraxılır. 22 dekabr 1932-ci ildə UMT-nin iki üzvü Bilasa və Danilişinanın edam ediləcəyi saatda Stepan Bandera və Roman Şuxeviç bir etiraz kompaniyası hazırlayır. Belə ki, edamların həyata keçirləcəyi saatda edamlara etiraz olaraq Lvovda olan Ukrayna kilsələri zəng çalmağa başlayır.
Bandera 1932-1933-cü illərdə Ukraynada yaranan kütləvi aclığa qarşı dəstək aksiyaları təşkil edib. Eyni zamanda UMT Qərbi Ukraynada onlara qarşı hərəkətə keçən, Şərqi Ukrayna Kommunist partiyasına qarşı mübarizəyə başlayıb. UMT-in 3 iyun 1933-cü ildə Lvov şəhərində keçirilən konfransında Sovet konsuluna qarşı hücum qərarı alınıb. Əməliyyata Stepan Bandera şəxsən başçılıq edirdi. Lakin konsulun yerində olmaması əməliyyatın uğursuz alınmasına səbəb oldu. Əməliyyatı həyata keçirən Nikolay Lemiki Polşa hakimiyyəti ömürlük həbsə məhkum etdi. 1933-cü ildə baş tutan konfransda UHT-nin yenidən yaradılması Qərbi Ukrayna UMT-nin sturukturlarının təkmilləşdirilməsi qərara alındı. Struktur dəyişiklikləri və silahlı aksiyalar daha çox Banderanın rəhbərliyi altındakı bölməyə təsir etdi. Bandera sərhəd bölgələrində müxtəlif partiyaların gizli fəaliyyətinə diqqətin artırılması, kurslar vasitəsilə kütləvi idealist hərəkatın yaranması, polyaklarla silahlı mübarizə üçün kütlələrin cəlb edilməsinin vacib olduğunu vurğulayırdı. Bu məqsədlə kadr hazırlanması üçün Qərbi Ukraynada təşkilat işlərinin yenidən qurulması, tələbə, sabiq hərbiçilər, fəhlə və kəndlilər arasında təbliğatın gücləndirilməsi üçün çalışırdı. 1934-cü ildə UMT-nın fəaliyyəti geniş vüsət aldı, Polşa hakimiyyətinə qarşı silahlı müqavimət göstərilməsi qərara alındısada bu qərar həyata keçirilmədi.
15 iyun 1934-cü ildə Polşa Daxili İşlər naziri Bronislav Peratskoqa qarşı UMT tərəfindən sui-qəsd həyata keçirildi. Nazir hadisə yerindən qaçmağı bacarır, lakin daha sonra xaricə qaçan gənc Qriqori Matseyko tərəfindən öldürülür. Hadisədən sonra Polşa-Çexiya sərhəddini keçməyə çalışarkən Stepan Bandera Polşa polisi tərəfindən həbs edilir. Bandera məkməyə qədər 1 il ərzində tək adamlıq kameraya salınır, əlləri zəncirlənir və yalnız yemək zamanı əlləri açılırdı.
18 noyabr 1935-ci ildə Ukrayna milliyyətçilərinin ilk məhkəməsində Bandera “Ukrayna vətəndaşları Polşa qanunverciliyinə tabe deyil” deyərək Polyak dilində ifadə verməkdən imtina etdi. 13 yanvar 1936-cı ildə məhkəmə son qərarını verdi, Nikolay Lebedev, Yaroslav Karpintsem və Stepan Bandera üçün edam hökmü verildi. Edam hökmü oxunan zaman Bandera “Ukrayna daim yaşayacaq” deyə qışqırır. Daha sonra edam hökmü ömürlük həbslə dəyişdirilir.
1 iyul 1936-cı ildə Bandera Varşavada həbsxanaya gətirilir. Lakin həbsxana şərtləri həddindən artıq ağır idi. 1937-ci ildə məhkum yaxınlarının gətirdikləri bağlamalara görə məhdudiyyət qoyulmasına qarşı Bandera və UMT-ın digər üzvləri 16 gün aclıq aksiyası keçirdilər və nəticədə güzəştlər əldə etdilər. Həmin il Banderanın həbsxanadan qaçırılması üçün edilən uğursuz cəhddən sonra Bandera karsere keçirilir. UMT-ın digər üzvləri isə Polşadakı digər həbsxanalara göndərilir. Bir müddət sonra Bandera Brest qalasındakı həbsxanaya yerləşdirilir və yalnız Almaniyanın Polşaya hücumundan sonra azadlığa çıxa bilir.
O, Həbsdən çıxdıqdan sonra Şərqi Ukraynda Sovet işğalına qarşı UMT-ın Şərqi Ukrayndada təşkilatlanması üçün işə başladı. 3 iyun 1940-cı ildə Stepan Bandera Krakovda Yaroslav Oparovski ilə evləndi.
1940-cı ildə UMT-da Stepan Bandera və polkovnik Andrey Melnik arasındakı qarşıdurma parçalanmaya gətirib çıxardı. Lakin 1 il sonra Bandera UMT-in rəhbəri seçildi. Bandera ilk olaraq bütün Ukraynada Sovet İmperiyasına qarşı Ukrayna milliyətçilərini silahlı mübarizə üçün hazırlamağa başladı. Bunun üçün gizli olaraq Kiyev və Lvovda iki mərkəz qurdu.
II Dünya mühairbəsinin başlaması ilə Bandera tabeçiliyində birliklərlə almanlarla birlikdə Sovet imepriyasına qarşı mübarizə aparmaq üçün işlərə başladı. İlk olaraq Almaniyada Ukrayna Milli Komitəsi yaradıldı. Lakin Banderanın fikrində tam müstəqil Ukrayna var idi və o Almanların nəzarəti altında yox, almanlarla müttəfiq olaraq Sovetlərlə mübarizə aparmaq istəyirdi. 30 iyun 1941-ci ildə almanların Lvov şəhərini ələ keçirməsi ilə həmin gün UMH rəsmisi Yaroslav Steçko “Ukrayna dövlətinin dirçəliş aktını” oxuyaraq Ukrayna torpaqlarında yeni Ukrayna dövlətinin qurulduğunu bəyan etdi. Növbəti gün Ukraynadakı kilsə xadimləridə bu işə cəlb edildi. UMH nəzdində yerli idarəetmə strukturları yaradıldı. UMH-nın Sovetlərə qarşı almanlarla əməkdaşlıq etmək istəyinə baxmayaraq, almanlar yeni yaranan Ukrayna dövlətini tanımaq istəmədilər. UMH-ın üzvləri almanlar tərəfindən həbs edildi. 5 iyulda almanlar Banderanı Ukraynanın suveren hüquqları haqda danışıqlar aparma üçün dəvət görüşə dəvət etdilər. Görüşə gələn Bandera almanlar tərəfindən həbs edildi. Almanlar Banderadan Ukraynanın müstəqillik aktından imtina etməsini tələb etdi, lakin Bandera bunu qəbul etmədi. Stepan Bandera konslagerə göndərildi.
Konslagerdə həyatını davam etdirən Bandera 1942-ci ildə almanlar tərəfindən yaradılan Ukrayna İstiqlal Ordsunun yaradılmasının xaricində qaldı. Lakin UİO-nun bir çox üzvü öz hərəkatlarını Banderanın adı ilə bağlayırdı. Bandera bütün Ukrayna milliyyətçiləri üçün böyük lider kimi qəbul edilirdi. 1943-cü ildə UİO artıq ən güclü anti-sovet güclərindən birinə çevrilmişdi. Xüsusən əks-kəşfiyyatda əvəzolunmaz xidmətlər göstərilirdi. Lakin Ukraynada vəziyyəti gərginləşdirən başqa amillərdə vardı. Polşa milliyətçiləri milli dövlətlərinin süqutuna səbəb olan almanlara qarşı SSRİ ilə birlikdə mübarizə aparırdı. Ukraynalılar isə SSRİ-yə qarşı almanlarla birlikdə mübarizədə idilər.
1944-cü ildə Almaniya üçün cəbhədə vəziyyət onların əleyhinə dəyişməyə başlamışdı. Bu səbəbdən yeni ittifaqlar yaratmaq üçün 25 sentyabrda həbs etdikləri Ukrayna milliyətçilərini Stepan Bandera başda olmaqla azad etdilər. Almanlar Ukraynanın müstəqilliyini tanımağa hazır olduqlarını bildirsələrdə, bu dəfə onların təklifini Bandera qəbul etmir. 1945-ci ildə UMT növbəti konfransında Stepan Bandera təkrar qurumun sədri seçildi. Müharibənin sona çatması ilə Banderanın başçılıq etdiyi qurum Sovet Ukraynasında gizli fəaliyyətini davam etdirirdi.