""Avo"nun qolunun birini qanırıb dizimin altına qoydum, başını da, qolunu da kəsdim"Vətənçün ölməkdən daha çox, öldürməyə hazır olmalıyıq!” - bu sözləri öz yaşam şüarına çevirmiş bir insanla həmsöhbətik...

İbad Hüseynov Qarabağ müharibəsinin iştirakçısıdı. O, cəbhədə göstərdiyi qəhrəmanlığa görə “Azərbaycan bayrağı” ordeninə də layiq görülüb. Qarabağ uğrundakı döyüşlərdə İbad Hüseynov kəşfiyyat-diversiya dəstəsinin komandiri olub. Qəhrəmanın döyüş yoluna qədərki xidməti Sovet ordusunda olub.

- İbad bəy, Sovet ordusunda idiniz, necə oldu ki, Qarabağa – döyüşməyə gəldiniz?

- Qarabağdakı münaqişə barədə əsgərlikdə eşitdim. Onda Rusiyanın Amur vilayətində hərbi xidmətdəydim. Eşitdik burda olanları. Yanımda olan vətənimin igid oğlanları ilə birgə komandirə müraciət etdik ki, bizi buraxsın, gələk Azərbaycanımıza. Amma icazə vermədilər. Başladıq ac qalmağa. Hardasa, beş-altı gün ac qaldıq. Axırda bizi buraxdılar. Mənimlə birgə orda Emin adlı bir oğlan da vardı. Naxçıvanlı idi. İkimizi də tanımadığımız bir şəhərə gətirib atdılar. Dörd ay orda qaldıq. Cibimizdə qəpik də yox idi. Naəlac düşündük ki, şəhər bazarına gedək. Bazarda naxçıvanlılarla rastlaşdıq. Göyərti satırdılar. Onlara yaxınlaşıb dedik: “Bizi buraxıblar. Üstümüzdə pul yoxdu vətənə getməyə. Bizə kömək edin gedək.”
Bizimçün 70 manat pul yığdılar. O pulla biz ancaq köhnə hərbi hissəmizə gələ bilərdik. Gəldik hərbi hissəyə. Orda məni hamı idmançı kimi tanıyırdı. Gecə ilə çatmışdıq. Orda yemək yedik. Dedik, bizə pul lazımdı evimizə dönməyə. Pul yığdılar. Bilet aldıq, gəldik Moskvaya. Ordan da Bakıya. Bakıdan da gəlib düşdüm Ağdama. Yollar bağlı idi.

- Bəs, kəndinizə necə getdiz?

- Bizim kəndimizə heç bir maşın getmirdi. 1990-cı ilin sentyabrı idi. Təsadüfən, bizim kəndə yük maşını gedirdi. Yük maşınının üstündə kəndimizə gəldim. Kəndimizdə hamı pərən-pərən düşmüşdü. Qardaşım kənd sovetinin sədri idi.

- Döyüşə necə başladız, o zaman ümumi vəziyyət necə idi?

- Ermənilər Şuşadan gələn avtobusu saxlayıb sərnişinləri qırmışdılar. Şüşələr dağılmışdı. Kəndə hazır döyüşçü kimi qayıtmışdım. Kəndimizdə könüllülər dəstəsi yaranmışdı. Könüllülərin kəşfiyyat qrupunun rəhbəri oldum. Gizir idim. Silahımız adi tüfəng idi. Bir dəfə bir ermənini öldürdüm, “5-45” markalı avtomat götürdüm. Bundan sonra, dəfələrlə erməni tərəfə keçdik. Onları öldürürdük, silah-sursatlarını ələ keçirirdik. Kəndimiz ətrafında gedən döyüş əməliyyatları mənim rəhbərliyimlə olub. Döyüşlər vaxtı elə bil ki, nəsə məni qoruyurdu.

Bütün hadisələrdə ani qərar vermişəm. Kəşfiyyata gedəndə öncədən döyüşmək nəzərdə tutulmurdu. Amma anidən elə məqam yaranıb ki, demişəm, bu post dağıdılmalıdır. Qərargah partladılmalıdır. Ani qərarlarım uğurla nəticələnib.

- Ən çox erməni terrorçusu Melkonyanın başını kəsməyinizlə məşhursuz, amma sizin döyüş çox uzun olub...

- O, mənim axırıncı böyük əməliyyatım olub. Eşitmişdim "Avo" haqqında. Bilirdim ki, Xocalıdakı qətliamı, Qaradağlıdakı qırğını törədənlərə başçılıq edib. Onun əlindən dəmir çeynəyirdim. Uşaqlara tapşırdım ki, “harda Avonu görsəniz, atəş açmayın, mənə xəbər edin”.

1993-cü ilin iyun ayı idi. Kəşfiyyat qrupum üçün qərargahımızı Ağdamda, İydəlik adlanan yerdə qurmuşdum. Səhər-səhər uşaqlara təlim keçirdim. Rabitəçim Lənkərandan Fərzi adlı bir oğlan idi. Gəldi, məlumat verdi ki, bəs, ermənilər Ağcabədinin Qiyaməddinli kəndində hücuma keçiblər. Üstündən beş dəqiqə keçmədi ki, komandir Barat Quliyev mənə zəng vurdu. Təcili hərbi hissəyə çağırdı. Qərargaha getdim ki, Ağdamın MTN rəisi də ordadı, müavini də. Başqa komandirlər də vardı. Hamısı mənə baxırdılar. Mənim günüm kəşfiyyatda, ermənilərin arxasında keçirdi. Tanklarını, postlarını partladırdım. Barat Quliyev mənə dedi ki, ümid sənədir. Bir hadisə törətməlisən ki, hücum müvəqqəti dayansın. Biz özümüzü toparlayaq.
Oturdum maşına, gəldim kəşfiyyatçılarımın yanına. Məni gözləyirdilər ki, nə xəbər gətirmişəm. Dedim ki, uşaqlar, bu gedişimiz sonuncu gediş ola bilər. Yəni, o biri ucunda ölüm var. Kim istəyir, könüllü qabağa gəlsin.

Otuz altı kəşfiyyatçıdan cəmi on ikisi irəli çıxdı. Onlara yatıb, dincəlməyi əmr elədim. Günorta vaxtı idi. Uşaqları yatmağa göndərdim, özüm oturub plan cızmağa başladım. Parçadan düzəlmiş şəxsi xəritəm var idi. Hardan gedək, hardan getməyək, düşünürdüm. Axşamçağı, saat yeddidə uşaqları oyatdım. Hərəsinə bir vərəq verdim. Dedim, gediş planı cızın. Əlbəttə ki, onların plan cızmağı mənə lazım deyildi. Sadəcə, istəyirdim onlar ürəklənsin ki, komandir bizə etibar edir. Dedim, vərəqlərə hərə öz planını cızsın ki, hansı yolla gedəcəyik. Özüm bəribaşdan gedəcəyimiz planı hazırlamışdım. Hərəsi bir şey cızdı. Heç baxmadım da. Bir saat sonra yola düşdük.
"Avo"nu bir aydan çox idi ki, izləyirdim. Hardan gəlir, hara gedir, hansı maşınla gəlir, artıq bilirdim. Fikrimdə onunla rastlaşmağı nəzərimdə tutmamışdım həmin gün kəşfiyyata gedəndə. Çayı keçib öz kəndimizə, Muğanlıya getdik. Orda da dörd nəfəri ayırdım - Elçin, Qamət, Fikrət, bir də bir oğlan vardı, Seyid deyirdik, ona. Dörd nəfərlə erməni mövqelərinin içinə doğru getdim. İyunun 12-də günorta Seyid qaça-qaça gəldi ki, bəs, çoxdandı izlədiyimiz "UAZ" Xocavənd səmtdən kəndə tərəf gəlir. “Avo”nun qərargahı elə bizim kəndin yaxınlığında, dağın arasındaydı.

Kənardan baxanda, deməzdin ki, orda qərargah var. "UAZ" əvvəlcə ermənilərin səngərinə tərəf getdi. Səngərlə aramızdakı məsafə 15 km olardı. Bir az da gözlədik pusquda. Gördük, "UAZ" geri qayıdır. Maşın gəldi-gəldi, çaydan keçəndə ilişdi.

Gördük bir cüssəli erməni düşdü maşından. “Avo”nu üzdən belə yaxından görməmişdik deyə tanımırdıq. O, arxasınca gələn iki əsgərə çığırıb nəsə əmr elədi, əsgərlər maşının yanına qayıtdı. Həmin cüssəli hərbçi üzü biz tərəfə gəlirdi. Arada 500 metr məsafə vardı. Binoklla dəqiq sifətinə baxırdım. Məndə səssiz silah vardı. Uşaqlara dedim ki, mən onunla qarşılaşacağam. Uşaqlar dedi ki, arxadan səssiz silahla vur. Mən də gənc, idmançı, döyüşdə... Özümə inam vardı. Kəndin içiylə dönəcəyə qədər qaçdıq. Uşaqları döngədə gizlədib, tək yola çıxdım. Üzü “Avo”ya tərəf getməyə başladım. Silahı qoluma taxmışdım. “Avo” da əlində çantası, xəritəsi, komandir geyimində aşağıdan gəlirdi.

Məktəbin həyətində qəfil qarşılaşdıq. Dayandıq ikimiz də. Rusca çığırdı ki: “Silahı tulla!” Mən də ona çığırdım rusca ki, “At silahını!” Elə bildi, öz ermənilərindənəm. Başladı ermənicə nəsə danışmağa. Sonra mən azərbaycanlı olduğumu dedim. Başladı ermənicə bağıra-bağıra düz üstümə yeriməyə. Karıxdım. Aramız 20-25 m idi. Bir də gördüm silahı mənə tuşlayıb. Barmağını qoydu tətiyə, amma mən cəld tərpənib atəş açdım.

Balaca kol quşunu gözündən vururdum, yaxşı nişançı idim. “5-45” markalı avtomatla “Avo”nun qarnından vurdum. İkinci gülləni atanda arxaya əyilib, səndirlədi. Avtomat da 5 m qırağa düşdü. Cəld özünü düzəldib qalxdı, cumdu avtomata. Götürdü silahı. Yuxarı qalxmaq istəyəndə çatdım yanına. Təpiklə sifətindən vurdum. Arxası üstə düşdü. Üstünə atılıb, xirtdəyindən tutdum. Bıçağı çıxartdım, başladı yalvarmağa. Türkcə təmiz danışırdı. Mənə təklif elədi ki, ölkədən xaricə çıx, sənə kömək edərəm. Qolunun birini qanırıb dizimin altına qoydum. Başını da, qolunu da kəsdim. Sonra dedilər ki, qolunu niyə kəsdin. Dedim: “Komandir, mən onun düşünən başını kəsdim, bir də bizim uşaqları vuran əlini”.

Cəsədini götürdüm, atdım böyürtkənliyə. Ayağında İsraildə hazırlanmış hərbi çəkmə vardı. Onu çıxartdım. Son vaxtlara kimi onu geyinirdim. Xəritəsini, sənədlərini, qələmini götürdüm. Qələm məndə durur hələ. Ermənicə arvadının adı yazılıb. Sənədləri və qələmlərindən başqa hamısını verdim hərbi hissəyə. Ağaclardan yarpaq yolub, yoldakı qanın üstünü örtdüm ki, görünməsin. Qayıtdım öz uşaqlarımın yanına. Məndə bir dənə qırıq fotoaparat vardı. Uşaqlar sevindilər, şəkillər çəkdilər. Ürəyimə dammışdı ki, nə isə baş verəcək.

- Bəs, ordan necə qayıda bildiz? Axı Melkonyanı öldürəndən sonra sizi axtaracaqdılar...

- Axşam düşürdü yavaş-yavaş, saat 6-7 olardı. Elə bil zəlzələ oldu. Ermənilər hamısı kəndə doluşdu. Sən demə, bizi dağdan görüblər. Uşaqlara demişdim ki, kəndin içində sərbəst gəzin, ermənilər elə bilsin, onlardansınız. Hamımız rus hərbi geyimində idik. Ermənilər “Avo”- deyib qışqıranda anladım ki, öldüyünü bilirlər. Kəndə atəş aça-aça doldu ermənilər. Hamımız qorxuya düşdük. Nə irəli, nə geri qaça bilirdik. Elə bil Allah məni yönəltdi ki, öz səngərimizə tərəf qaçmayaq. O tərəfə qaçsaydıq, indi çoxdan ölmüşdük. Ermənilərin səngərinə tərəf qaçdıq. Uşaqları üzüm bağında gizlətdim. Erməni postunun 50 metrliyindəydik. Artıq hava qaralmışdı. Ermənilər qaranlıqda bizi axtarırdı. Gecə saat 3-4 olardı, axtarmağı dayandırdılar. Uşaqları oyatdım ki, durun, indi biz çıxaq aradan. Uşaqları yolla aşağı düşürtməyə başladım. Ratsiyanı açdım. Çığır-bağır vardı. Komandirlə əlaqə saxladım ki, artıq içəridəyik. Ratsiyanı tez söndürdüm ki, dalğa ilə tutarlar birdən. Bir də ratsiyanı açanda komandirə dedim ki, Ağdamın Mərzili kəndi yaxınlığından çıxırıq, tapşırın, bizimkilərdi, vurmasınlar. Gəldik hərbi hissəyə. Bizi qarşıladılar. Ermənilər susmuşdu. Biz tərəfə bir güllə də atılmırdı. Mən “Avo”nun başını kəsib, əlimdə gətirmişəm. Başı əlimdə görənlərin hamısı da sağdı. Komandir başı atdı əsgərlərin ayağının altına. Təpiklədilər. İyunun 12-i “Avo”nun başını kəsmişəm. 19-da basdırıblar onu.

- Öldürdüyünüz ermənilərin sayı təxminən neçə nəfərdir?

- Qarabağ müharibəsi başlayandan sonunadək döyüşmüşəm. Bütün döyüşlərim də qələbə olub. Öldürdüyüm erməniləri saymamışam. Çox vaxt öldürdüklərimi, hətta diri erməni də gətirmişəm hərbi hissəyə. Öldürdüyüm ermənilərin silahlarını gətirib öz hərbi hissəmizə vermişəm. Kiçik bir dəstə mənim gətirdiyim silahlarla silahlanmışdı.

- İbad bəy, sizcə düşmənin başını kəsmək doğrudurmu?

- Biz heç vaxt dinc adama güllə atmadıq. Bir qoca erməni tutmuşduq əli silahlı. Onun silahını aldım, dedim, buraxın getsin. Getdi, ermənilər özləri öldürdülər onu. Elə bildilər ki, satqındı, silahını özü bizə verib. Bir dəfə də sahədə erməni qadınlarıla rastlaşdıq. Başladılar qışqırmağa. Dedim: “Qışqırmayın. Susun, gedirik, sizə heç nə eləmərik”. Bir dəfə də çayın qırağında iki qadına rast gəldik. Biri qucağı uşaqlı idi. Toxunmadıq.

- Ermənilər bizim uşaqları, qadınları amasızcasına öldürür. Biz isə onların qocasına, qadınına, uşağına toxunmamışıq...

- Bilirsənmi, erməni niyə bizim torpaqlarımızı ala bildi? Onlar qırdılar, kəsdilər, hamısını da bizə göstərdilər ki, gözümüz qorxsun. Məncə, kiminsə günahsız yerə başını kəsmək düz deyil. Döyüş başqa şeydi. Döyüşdə sən öldürməsən, səni öldürərlər. Sən kəsməsən, səni kəsərlər. Kəşfiyyata gedən vaxt ermənilər bizi tutsaydı, diri-diri yeyərdilər. Mən “Avo”nun başını gətirəndə də uşaqlardan mənə deyən oldu ki, başı ataq. Deyirdilər ki, ermənilər bizi tutsa, yeyəcəklər. Dedim, yox, baş sübut kimi getməlidir. Düşmənin başı kəsilməlidir. "Avo"nun qərargahının koordinatlarını verdim bizimkilərə. O qərargahı mən dağıtdım. Bizim toplar dağıtdı oranı. Kənardan baxsa, kimsə bilməzdi orda qərargah var. Görünməz yerdəydi. Yəni, döyüşdə asmalısan da, kəsməlisən də... Qana-qan olmalıdı.

- İndi münaqişənin sülh yolu ilə həllinin mümkün ola biləcəyi də çox danışılır. Siz necə fikirləşirsiniz bu barədə?

- Tutaq ki, nə vaxtsa sülh oldu, bəs qisas? Tökülən qanların qisasını kim alacaq? Məncə, torpaqlar müharibə ilə geri alınmalıdır. Ermənilərin dərsi verilməlidir. Həmişə ermənilərə güzəştə getmişik, bu da bizi məhv edib. Düşmənin cavabı verilməlidir. Qisasa qisas! 25 ilə çatır ki, Ana Torpaq əsarətdədir, erməni deyir, bunu bizə bağışla. Mən buna razı olmaram. Biz onlara zərbə vurmalıyıq. Erməni bizdən qorxur. Onlar dəqiq bilsə ki, biz ayağa qalxmışıq, torpağı qoyub qaçarlar. Gücümüz olsa da, millət kimi ayağa durmağa hazır deyilik. Mən həmişə deyirəm ki, top-topxanadan ötədi canlı qüvvənin döyüşü. Hamı bilməlidir ki, vətənçün atılan addımlar əbədiliyə gedir. Vətənçün öldürməyə hazır olmalıyıq. Mən görmüşəm ki, təlimsiz döyüşə çıxmaq məğlubiyyət gətirir. Döyüşdə düşmənə zərbə vurmasan, o nə döyüşdür?! Bəs niyə deyilir: “Oğul düşmən çəpəridir”. Burda anlam bu olmalı ki, oğul vətənin düşmən çəpəridir. Oğul əsl vətənpərvər kimi yetişdirilməlidir. Lazım olan anda vətəni qorumağa hazır olmalıdır. Vətənçün ölməkdən daha çox, öldürməyə hazır olmalıyıq!

- İbad bəy, sizin gənc əsgərlərə məsləhətiniz nə olardı?

- Müharibədə hamı bir-birinə qardaş idi. Zəifi də, güclüsü də... “Ay ondan mən güclüyəm, ya nə”- söhbəti yox idi. Müharibədə güc yerimir, ürək yeriyir. Müharibədə hamı bir-birinin təəssübünü çəkir. Təbii, gücün qarşısında çox şey acizdir. Hazırda müharibə şəraitində olan ölkənin vətəndaşıyıq. Mülki həyatda da bir-birimizə qardaş olmalıyıq. Müharibə olarsa, bir-birimizə arxa olmağa hazır olmalıyıq. Bu gün bizə lazım olan ən vacib şey birlikdi. Tək-tək bizi qırmaq asan olar. Bizə mehribançılıq lazımdır. Çünki Qarabağı almağımız hələ qarşıdadır. Qarabağa girib, sağ qayıtmaq oğulda hünər istəyir. Əgər bir-birimizə arxa durmasaq, biz bunu bacarmarıq. İstərdim ki, əsgərlikdə də gənclər qardaşlığı, kürək-kürəyə söykənməyi bacarsınlar. Əsgərlərə xüsusilə vətənpərvərlik hislərini aşılamaq lazımdır. Vətənpərvərlik hissi atom silahından da qüvvətlidir.
Metbuat.az
Bakıda bağça müdiri 75 nəfəri işə düzəltmək adı ilə aldadıb - VİDEOBirini müəllimə, digərini isə dayə kimi işə düzəltmək adı ilə aldadıblar.

Avrasiya.net Xəzərxəbər-ə istinadən xəbər verir ki, Bakıda Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən ''Safay'' uşaq bağçasının müdiri xeyli sayda qadını işlə təmin etmək adı ilə aldadıb, pullarını mənimsəyib. Zərərçəkmişlərin sözlərinə görə, təxminən 5-6 aydır ki, özünü bağçanın müdri kimi təqdim edən Tərlan Bağırova və müdir müavini Aləmzar Əliyeva pullarını alıb ki, ''Şamaxinka'' adlanan ərazidə yeni açılacaq uşaq bağçasına onları işə qəbul edəcək.

Tərlan Bağırova və Aləmzar Əliyeva müəllimə və dayə kimi pul alıb işə düzəldəcəyi qadınlara iki gündən sonra bağçanın açlışına gəlmək üçün səliqəli geyinmələrini də deyiblər. Təxminən 75 qadın da deyilən vaxt həmin bağçanın qarşısında olub. Amma onlar müəyyən ediblər ki, uşaq bağçası kimi təmir edilən obyektdə şəkillər və reklam lövhələri sökülüb. Bundan sonra aldadıldıqlarını biliblər.

Dələduzluğa məruz qalan vətəndaşların sözlərinə görə, Tərlan Bağırova və Aləmzar Əliyeva bu şəkildə 75 şəxsə külli miqdarda ziyan vurublar. Məsələ ilə bağlı ''Safay'' uşaq bağçasının rəhbəri kimi özünü təqdim edən Tərlan Bağırova ilə əlaqə saxladıq. Adı çəkilən şəxs telefonda bildirdi ki, həmin şəxslərdən pulu o almayıb.

Bağçanın qarşısına toplaşan zərərçəkmişlər ''102'' xidmətinə də məlumat verdilər. Əraziyə gələn polis onların izahatlarının alınması üçün rayon polis idarəsinə dəvət etdi.

Fakt Yasamal rayon polis idarəsində araşdırılır.
İranda zəlzələ 407 can aldı - 6700 yaralıKirmanşah vilayətinin Tibbi Ekspertiza İdarəsinin rəisi Artin Kəmali ölənlərin sayının 328-ə çatdığını bildirib.

Axar.az xəbər verir ki, dünyasını dəyişənlərin şəhərlər üzrə statistikası da açıqlanıb.

Kirmanşahda - 10 nəfər

Sərpolzahabda - 236 nəfər

İslamabadda - 22

Səgas Babacanda - 15

Kərəndqərbdə - 14

Qəsri Şirində - 28

Cavanrudda - 3 nəfər

Bölgədə dağıntılar altında qalanları xilas etmək məqsədi ilə digər vilayətlərdən qüvvələr və texnikalar gətirilib. Ərdəbil, Şərqi və Qərbi Azərbaycan, Zəncan və Həmədan vilayətlərindən də bölgəyə çox sayda xilasedici qüvvə və təchizatlar göndərilib.

Qeyd edək ki, ötən gün İraq-İran sərhədində 7,2 bal gücündə olan zəlzələ böyük dağıntılara və tələfata səbəb olub. Kirmanşah əlayətində 3 günlük matəm elan edilib.
Ənvər paşanın polkovnik rütbəsi verdiyi Dağlı Musa kim olub? - VİDEOAMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) keçirdiyi Vikipediya təliminin iştirakçısı tərəfindən "Azərbaycanca Vikipediya"da 1918-ci ildə Bakının erməni–daşnaklarından azad edilməsində göstərdiyi igidliyə görə Qafqaz İslam Ordusunun komandanı Nuru paşa tərəfindən yüzbaşı (leytenant) rütbəsi verilmiş (Dağlı) Musa Ələsgərovun məqaləsi yaradılıb.
https://az.wikipedia.org/wiki/Musa_%C6%8Fl%C9%99sg%C9%99rov
Dağlı Musanın ən böyük xidmətlərindən biri Böyük Zirə adasında (Nargin)əsir saxlanan türk əsgərlərinə etdiyi köməklik idi. O, başqa qoçular və Bakının imkanlı şəxsləri ilə birgə türk əsirlərini adadan qaçırıb öz vətəninə yola salırdılar.
Sabiq deputat klinikasını satışa çıxartdı –“Vergilər Nazirliyi imkan vermir”Keçmiş millət vəkili Nazim Bəydəmirli əsassız yoxlamalara görə sahibi olduğu “Loğmed” klinikasını satışa çıxartmalı olub.

Bu barədə Yenicag.az-a danışan Nazim Bəydəmirli ona məxsus olan “Loğmed” klinikasını satışa çıxartmasını məcburi addım kimi dəyərləndirib: “Loğmed” klinikası bir müddət əvvəl Vergilər Nazirliyi ilə partnyorluq müqaviləsi imzalayıb. Bu müqaviləyə uyğun olaraq, hətta işlərimizin zəif getdiyi vaxtda da borc alıb, vergiləri ödəmişik. Bu gün Vergilər Nazirliyinin əməkdaşları yenə gəliblər, vergi yoxlanışı aparırlar. Onların bu addımı partnyorların bir-birinə inamsızlığını nümayiş etdirməklə yanaşı, həm də iş adamına psixoloji təsir göstərir.

Düzdür, müəssisənin rəhbəri var, ancaq obyektin sahibi mən olduğuma görə qərar verdim ki, müəssisəni bağlayım. Obyekti tamamilə bağlayıram və satışa çıxarıram”.
"Hazırda 4,6 min məcburi köçkün ailəsi qəzalı vəziyyətdə olan evlərdə yaşayır"“Vaxtı ilə mən Goranboy-Ağdam-Tərtər rayonlarını əhatə edən dairədən deputat olmuşam və oradakı məcburi köçkün olan seçicilərin həyatını çox gözəl bilirəm. Hazırda 4,6 min məcburi köçkün ailəsi qəzalı vəziyyətdə olan evlərdə yaşayır. Yəni, hər zaman onların həyatı təhlükədədir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin komitələrinin 2018-ci il büdcəsinin birgə müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev bildirib.

O qeyd edib ki, Mehriban Əliyeva I vitse-prezident təyin edildikdən sonra bu sahəyə diqqəti artırıb: “Bu istiqamətdə “Paşa Holding”in fəaliyyəti də təqdir olunmalıdır. “Paşa Holding” qaçqınlar üçün evlər tikir. Məndə olan məlumata görə, Mehriban Əliyevanın çağırışına əsasən bəzi sahibkarlar da qaçqınlar üçün evlər alır. Qaçqınların mənzil şəraitinin yaxşılaşdırılması üçün Dövlət Neft Fondundan cəmi 200 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, keçən ilki vəsaitdən də azdır. Burada qeyd olunur ki, 42 milyon manat xarici kreditlər hesabına da bu istiqamətdə vəsait yönəldiləcək. Soruşmaq istəyirəm ki, bu 42 milyon manatı kim və hansı hesabdan götürəcək və mənzil tikintisinə bu vəsait necə yatırılacaq?”.

Deputat yeni idman obyektlərinin tikintisinə 244 milyon manat vəsaitin ayrıldığını xatırladaraq deyib ki, bu, prioritet olmamalıdır: “Prioritet 25 ildən artıq dözülməz vəziyyətdə yaşayan qaçqınlar üçün normal mənzil şəraitinin yaradılması olmalıdır”.
Aynur Talıbova Amerikada qabyuyan işləyir - FOTOZaman-zaman müxtəlif qalmaqallarla gündəmə gələn azərbaycanlı keçmiş telejurnalist Aynur Talıbova özü haqqında maraqlı məlumat paylaşıb. Xeyli vaxtdır ABŞ-da yaşayan A.Talıbova orada qabyuyan işlədiyini və bunu əks etdirən fotoşəklini yayıb.

Modern.az xəbər verir ki, Aynur Talıbova işindən çox məmnun olduğunu deyib.

“Nəyə görə qabyuyan işləmək utancverici olmalıdır?! ABŞ böyük ölkədir. Burada qabı əllə yumaq heç də geridəqalmışlıq sayılmır. Qabyuyan işləmək də bir iş növüdür. Düşünürəm ki, hansısa TV-də mahnı oxumaqdansa, ABŞ-ın Virciniya ştatında qab yumaq məsləhətdir”, – deyə o bildirib.
A.Talıbovanın sözlərinə görə, ona qabyuyan işinin bir saatına görə 11 dollar ödənilir.

“Bir azdan qab yumağın texnikası üzrə kitab da yazmalı olacağam”, – deyə keçmiş telejurnalist zarafatından da qalmayıb.

Aynur Talıbova ABŞ-da yaşasa da, ailəsi üçün mətbəxə tez-tez keçdiyini söyləyib: “Məgər hər gün restoranda oturub, yemək sifariş etmək olar?! Ailəm üçün bütün yeməkləri özüm hazırlayıram. Bu işi də sevə-sevə edirəm”.
Qeyd edək ki, əvəllər “Lider” və “ANS” telekanallarında işləmiş Aynur Talıbova ailə qurduqdan bir müddət sonra ABŞ-a köçüb. O, Simran Baxış adlı azərbaycanlı ilə evlidir. Onların Uğur adlı bir oğulları var.
Bacısının başını kəsən qızın dəlixanadan çıxarılmasına prokuror ETİRAZ ETDİBakıda bacısının başını balta ilə kəsərək qətlə yetirməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Pərvanə Nuriyevanın barəsində olan məhkəmə qərarından prokuror apelyasiya protesti verib.

Publika.az xəbər verir ki, 2014-cü ilin oktyabrında 1993-cü il təvəllüdlü Günel Nuriyeva yaşadığı Xudu Məmmədov küçəsi-18 ünvanında özündən iki yaş kiçik olan bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirilib.

Pərvanə Nuriyeva mübahisə zəminində bacısı Günel Nuriyevaya 22 bıçaq zərbəsi vurub və daha sonra onun başını kəsib.

Pərvanə Nuriyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunub.

2015-ci il noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Pərvanə Nuriyevavya hökm oxunub.
Məhkəmə Pərvanə Nuriyeva barəsində məcburi xarakterli tibbi tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar çıxarılıb. O, müalicə edilməsi üçün Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Bu günlərdə Pərvanə Nuriyevanın yaxınları Sabunçu rayon Məhkəməsinə müraciət edib. Onun yaxınları Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli psixiatriya Stasionarında məcburi müalicəsinin ləğv edilərək, məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsini istəyiblər. Məhkəmə həmin təqdimatı təmin edib.

Bu qərardan narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Sabunçu rayon Məhkəməsinin qərarının ləğv edilməsini, Pərvanə Nuriyevanın barəsində ümumi tipli psixiatriya Stasionarında məcburi müalicəsinin bərpə edilməsini istəyib.

Prokurorun protesti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Əmir Bayramovun icraatına verilib.

İlkin baxış iclası noyabrın 14-nə təyin edilib.

Qeyd edək k ki, Nuriyeva bacılarının atası Etibar Nuriyev məşhur biznesmendir. Onun Şəki şəhərində xeyli obyektlərinin olduğunu qeyd olunur.