“Hərbi prokurorun müavini məndən 5 milyon istədi” - Vitse-admiral məhkəmədəBakı Apelyasiya Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin şikayəti və prokurorun protesti əsasında məhkəmə iclası olub.

Hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə Şahin Sultanov çıxış edib. O, hökmün qanunsuzluqla yazıldığını deyib: “Mən peşəkar hərbçiyəm. 40 il qüsursuz xidmət etmişəm. Vəzifəyə təyin ediləndə kommunikasiya, rabitə yararsız vəziyyətdə idi. Təmir işlərinə başladım və qısa müddətdə yenidənqurma işləri gördüm. Müdafiə Nazirliyi tərəfindən 86 gəminin təmirinə ildə 50 min manat ayrılırdı. O da köçürülmə yolu ilə. Faizləri çıxılırdı, bəzi məsələlər xaricdən gələn yardım hesabına həll edilirdi. Gəmilərin təmir-bərpa işləri Müdafiə Nazirliyinin Gəmi-Bərpa Zavodu tərəfindən həyata keçirilirdi. Gəmilərin illik təmir planı Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Nazirliyi tərəfindən hazırlanırdı. Lakin təmirə Müdafiə Nazirliyi tərəfindən pul ayrılmırdı. Biz də təmiri məcbur olub, başqa yollarla həyata keçirirdik. Yalnız fəhlələrə pul ayrılırdı. O da 3-4 ay gecikmə ilə”.

Şahin Sultanov bildirib ki, hansısa anbarda, kimsə nəsə edibsə, onu ora qatmaq şərəfsiz ittihamdır: “Surət Hüseynovun qaldırdığı qiyamın yatırılmasında iştirak etmişəm. Prezident tərəfindən bir sıra adlar, hərbi rütbələr, medallarla təltif olunmuşam. Demək olar ki, hər il medal, orden almışam”.

Ş.Sultanov bildirib ki, barəsində əmr çıxan günün səhəri Hərbi Prokurorluqdan HDQ-yə yoxlama gəlib: “Yoxlamaya da hərbi prokurorun müavini Rasim Kazımov rəhbərlik edirdi. O, mənə ”5 milyon verməlisən”, – dedi. O qədər pulumun olmadığını bildirdim. Camaatdan yığmamı istədi. Sonra da 5 milyondan 2 milyon yarıma düşdü. Heç nə verən deyiləm dedim”.

Ş.Sultanov deyib ki, vəzifədən kənarlaşdırılandan sonra heç bir gəmi alınmayıb. Əksinə, bir neçəsi metallom kimi doğranıb: “Heç bir iş görülməyib. Layihələr dayandırılıb. Hərbi Prokurorluğun yoxlaması da tam qanunsuz keçirilib. Cinayət işini Rasim Kazımov başladıb. Guya 5 milyonluq əmlak yoxdur. İşi aparan müstəntiq Vüqar Məmmədli özü dələduzluğa görə məsuliyyətə cəlb olunub. Ona yeddi il şərti cəza verilib. İstintaq idarəsinin rəisi Mehdi Hüseynzadə ona nə deyirdi, onu da edirdi. Mənimlə birlikdə ittiham olunan Kazım Əsgərovdan 20 min pul almışdı ki, onu azadlığa buraxacaq. Buna görə onu həbs etdilər. Mənə qarşı ifadə verməyənləri də həbs etdilər. Qalanlarını azadlığa buraxdılar. Hərbi Məhkəmə Hərbi Prokurorluğun sifarişini yerinə yetirdi”.

Müşavirədən sonra qərar elan edilib. Qərara görə, şikayət və prokurorun protesti təmin edilməyib. Hökm qüvvəsində qalıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şahin Sultanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 3 il sınaq müddəti olmaqla, şərti hesab olunub. (Musavat.com)
Qubada ayını öldürüb dərisini soydular – Heyvan ovçuları ələ keçdi  - FOTOEkologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarının Quba rayonunda keçirdiyi reyd zamanı meşəlik ərazidə Cimi çayının sol tərəfində 3 nəfər atlının yüklü halda hərəkət etdiyini görərək onlarla danışmaq istəyiblər, lakin həmin şəxslər xurcunları və kisələri ataraq ərazidən uzaqlaşıblar.

Nazirlikdən bildirilib ki, xurcun və kisələrin atıldığı əraziyə keçirilən baxış zamanı kisələrin içində adı Azərbaycanın “Qırmızı Kitabı”na düşmüş qonur ayının boğazından kəsilmiş başı üstündə olan dərisi, hissələrə bölünmüş əti, ov alətləri və bir qədər aralıda ov tulası aşkarlanıb. Ovlanmış ayının dərisi, əti və ov alətləri maddi sübut kimi götürülüb. Faktla bağlı akt tərtib olunub. İlkin araşdırmalara görə qanun pozucularının Quba rayonu Qonaqkənd sakinləri Fariz Rəhmanov, Aydın Nəsirov və Cimi kənd sakini Pirməhəmməd Nemətov olduğu müəyyənləşib.

Toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. (APA)
"Gülfəz müəllim azadlığa buraxılmayınca kənddə vəziyyət sakitləşməyəcək"Xaçmazda şagirdə qarşı əxlaqsız hərəkət etməkdə təqsirləndirilən Arzu qəsəbə tam orta məktəbinin direktoru Gülfəz Alxasovun əmisi oğlu Müşfiq Alxasov "Ölkə.Az"ın suallarını cavablandırıb.

Qeyd edək ki, 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan Alxasov barəsində Xaçmaz rayon prokurorluğunun təqdimatı əsasında vəzifəsindən kənarlaşdırılmasına dair qərar qəbul edilməklə 3 aylıq həbs qəti imkan tədbiri seçilib. Hazırda faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb.

- Müşfiq müəllim, mətbuatda yayılan xəbərlərə görə əminiz oğlu Gülfəz Alxasovun rəhbərlik etdiyi məktəbin direktorluğu uğrunda neçə illərdi mübarizə gedirmiş. Doğrudanmı belədir? Ümumiyyətlə, bu kimi söz-söhbətlərin arxasında bilmədiyimiz hansısa səbəblər varmı?

- Əvvəllər məktəb bizim kənddə olub. Müəllimlərin də əksəriyyəti həmkəndlilərimizdir. Sonradan Arzu qəsəbəsində yeni məktəb tikdiyinə görə kadrlarımız orada işləməli oldu.

- Sizin kəndin adı nədir?

- Suxtaqalaqışlaq kəndidir. Arzu kəndinin uşaqları da bizim kənddə oxuyurdular. Uşaq azlığına görə iki kənd üçün bir məktəb tikilib. Həmin kəndin camaatı da deyir ki, bizim öz kadrlarımız var. Gülfəz müəllim 38 ilin kadrıdır. Onun barəsində deyilənlər ağlasığmazdır. Ən böyük günah isə həmin uşağın adının belə çirkin məsələlərdə hallandırmaqdır. Nə o uşağın, nə Gülfəz müəllimin günahı yoxdur.

- Sizcə vəzifəyə görə altıncı sinif şagirdini ləkələmək olarmı? Bəlkə doğrudan da...


- Biz ona məəttəl qalmışıq da. Gülfəz müəllim uşaq deyil, 62 yaşı var.

- Arzu kəndindən o məktəbdə kim direktor olmağa iddialı idi?

- Onu yalan deyərəm. Ancaq bu məsələ Gülfəz müəllimə qurulmuş tələdir.

- Əminiz oğluyla bu barədə söhbətiniz olmuşdu?

- Hazırda saxlanılıb. Həbs edilməmişdən əvvəl and içirdi ki, elə şey olmayıb və qeyri-mümkündür. Şərləyiblər də.

- Suxtaqalaqışlaq kəndinin camaatı bu barədə nə deyir? Gülfəz müəllimin günahsız olduğuna inanırlarmı?

- Kənd ayağa qalxıb və sakitləşən də deyil. Belə şey olmaz, bunun adı-sanı var. Onu həmin vəzifəyə dövlət təyin edib. Kimsə istədiyi üçün onu vurub qırağa atmaq olmaz. Gülfəz müəllim azadlığa buraxılmayınca kənddə vəziyyət sakitləşməyəcək. Doxsan yaşlı qadınlara qədər gəliblər. Aksiya keçirəcəyik.

- Harda?

- Məktəbin yanında.

- Sizin kənddən həmin məktəbdə oxuyan uşaqlar dərsə gedirlər?

- Mən də daxil olmaqla, əksər valideynlər uşaqlarını dərsə buraxmırlar. Direktora belə edirlərsə, sabah bizim uşaqların adına da söz çıxardarlar. Yenə də deyirəm ki, Gülfəz müəllim dünənki uşaq deyil.

- İki kənd arasında əvvəldən ədavət olub?


- Güclü ədavətimiz olmayıb, orada da qardaşlarımız var. Arzu kəndinin səksən faizi də Gülfəz müəllimi istəyənlərdi. Həmin insanlar dünən kəndin mərkəzində yığışıb deyiblər ki, bu, müəllimə atılacaq şər deyil.

- Uşağın valideynləriylə qohumluğunuz varmı?


- Xeyr, qohum deyilik.

- Ailəni tanıyırsınız?

- Atasını, babasını tanıyıram, bizim kənddə bağları var. Başqa əlaqəmiz yoxdur.

- Uşağın anası göz yaşları tökür...

- Gəlin belə danışaq da. Orada şərlənən təkcə Gülfəz müəllim deyil. İndi də İlkin adlı bədən tərbiyəsi müəllimi haqda xoşagəlməz şayiələr çıxarıblar.

- Söhbət nədən gedir?

- Bizim kənddən o kəndə dərs keçməyə gedən müəllimləri kütləvi şəkildə şərləməyə çalışırlar. Guya İlkin müəllim ayaqyolunun pəncərəsindən qızlara baxırmış. Bu böhtanlar müəllim adıyla bir araya sığmır. Hətta iddia edirlər ki, İlkin müəllim idman dərslərində qızlara qarşı xoşagəlməz hərəkətlər edir. Bu da böhtandı.

- Bu da təzə söhbətdi?

- Bəli. Gülfəz müəllim haqda çıxan şayiələrdən sonranın məsələsidir. Halbuki camaat İlkin müəllimin başına and içir. Hamısı ürəkbulandırıcı sözlərdi.

- İlkin müəllim də məktəbə getmir?

- Əlbəttə, gedir. Alnıaçıq adamdır, niyə getməsin ki? O da 13 ilin müəllimidir.
Bakı məktəbində şagirdlər arasında kütləvi dava — Xəsarət alanlar var Bakı şəhəri, Qaraçuxur qəsəbəsindəki 214 saylı orta məktəbdə şagirdlər arasında kütləvi dava olub.

"Ölkə.Az"ın əldə etdiyi məlumata görə, 7-ci sinif şagirdləri arasında baş verən davada iki şagird - Neyman Mehman oğlu Fərzəliyev və Ələkbər Məhəmmədov xəsarət alıblar. N.Fərzəliyevi sinif yoldaşlarının köməyi nəticəsində ayıltmaq mümkün olsa da, Ə.Məhəmmədov üçün təcili tibbi yardım çağırılıb. Ancaq təcili tibbi yardımın müdaxiləsi Ə.Məhəmmədovun özünə gəlməsinə kifayət etmədiyindən, o, xəstəxanaya çatdırılıb. Hadisə baş verən zaman məktəbin direktoru Esmira Ağayeva isə iş yerində olmayıb.

Əməkdaşımız məsələylə bağlı Esmira Ağayeva ilə əlaqə saxlayıb. Maraqlıdır ki, direktor telefonla açıqlama verə bilməyəcəyini söyləyib və telefonu qapadıb.
"Vətəndaşların bələdiyyələrə inamını artırmaq lazımdır"Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 918 saylı 26 sentyabr 2000-ci il tarixli sərəncamı ilə Biləcəri bələdiyyəsinin mülkiyyətinə bələdiyyənin inzibati ərazisi daxilində 750,56 ha torpaq sahəsi ayrılmışdır. Qəsəbədə daimi yaşayan sakinlərin sayı 39000(48500) nəfərdir. Bundan əlavə qəsəbə ərazisində 35 minə yaxın qeydiyyatsız vətəndaş və 16823 nəfər məcburi köçkün məskunlaşmışdır.

Demokratik inkişaf yolunu seçmiş müstəqil Azərbaycanda yerli özünüidarəetmə orqanları son illər sürətlə inkişaf edir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş yerli özünüidarəetmə sistemi bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Vətəndaşların fəallığını artırmaqla bələdiyyələrin fəaliyyətinin demokratik prinsiplərə yönəldilməsi həyata keçirilən siyasətin əsas məqsədinə çevrilmişdir.

Yerli demokratiya həftəsi bələdiyyələrin inkişafında, vətəndaşlar arasında onların nüfuzunun möhkəmlənməsində mühüm rol oynayır. Həftə ərzində bələdiyyələr tərəfindən yerli əhali ilə təmaslar daha da intensivləşməli, təşkil ediləcək görüşlərdə vətəndaşların fəal iştirakı təmin olunmalı, yerli özünüidarəetmə orqanlarının fəaliyyətində demokratik prinsiplərin möhkəmləndirilməsinə xüsusi önəm verilməlidir. Bələdiyyələr həftə ərzində görülmüş işlərlə öz vəzifələrini bitmiş hesab etməməli, qazanılmış təcrübədən daim faydalanmağa çalışmalıdırlar.

Bildiymiz kimi bu ilin oktyabr ayının 30-dan noyabr ayının 5-dək Binəqədi rayon bələdiyyələri, o cümlədən Biləcəri bələdiyyəsi ərazisində “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində qəsəbənin ayrı-ayrı yerlərində - məhəllə 5057/68 11 saylı binanın qarşısında, X.Məlikaslanov küçəsi, döngə 4-də, , Biləcəri Mədəniyyət və İstirahət parkında, T.Yaqubov küçəsi 22-də, N.Həşimi küçəsi 31-33-də, A.Zeynallı küçəsi 37A-da “Vətəndaşların Yerli özünüidarəetmədə iştirakını təmin etmək”, “Bələdiyyə-vətəndaş, Vətəndaş-bələdiyyə əlaqələrini möhkəmləndirək”, “Bir bələdiyyə-azı bir layihə”, “Bələdiyyələr vətəndaş cəmiyyətinin dayağıdır”, “Bələdiyyə-vətəndaş yaxınlığı zamanın tələbidir”, “Yerli özünüidarəetmədə vətəndaşların rolu” mövzularında görüşlər keçirilməsi nəzərdə tutulmuşdur.

Diqqətinizə çatdırmaq istəyirəm ki, Yerli Demokratiya həftəsi 2 mərhələni - əvvəlcə hazırlıq tədbirlərini, ikinci mərhələdə isə görüləcək işlər və yekun mərhələsini əhatə etməlidir. “Açıq qapı” günlərinin, vətəndaşlarla görüşlərin, açıq müzakirələrin təşkili, irəli sürülən təkliflərin qeydiyyatının aparılması, qaldırılan problemlərin həlli üçün müvafiq tədbirlərin görülməsi, “qaynar telefon” xətlərinin yaradılması, “bələdiyyə poçtu”nun qurulması, fəaliyyətin nəticələrini əks etdirən lövhənin hazırlanması, bələdiyyələrin fəaliyyəti haqqında məlumatların aşkar şəkildə əhaliyə çatdırılması və digər məsələlər öz əksini tapmalıdır.

Biz də Biləcəri bələdiyyəsi olaraq bunları diqqətdə saxlayıb, həftə ərzində bələdiyyədə “Açıq qapı” günü elan edərək bələdiyyə üzvləri və bələdiyyənin şöbə müdirləri tərəfindən vətəndaşlar qəbul edilib onların müraciətlərinə baxılmasını təmin edir, bələdiyyənin inzibati binasında və əhalinin toplaşdığı sıx yerlərdə “bələdiyyə poçt qutusu”nun qoyulmasını təşkil edirik. Vətəndaşlarla operativ əlaqələrin saxlanılması məqsədilə bələdiyyədə (012)401-37-64, (077) 228-37-64 telefon nömrəli “Qaynar xətt”lərin fəaliyyətini diqqətdə saxlayırıq. Qəsəbədə əhalinin gediş-gəlişli və sıx toplandığı ictimai yerlərdə “Açıq qapı” günü ilə bağlı elanlar yapışdırır sakinlərin “Açıq qapı” günündə iştirak etməsinə şərait yaradırıq.

Məlumat üçün bildirirəm ki, cari il ərzində qəsəbə sakinləri ilə 12 səyyari görüş keçirilmiş, o cümlədən problemi daha çox məhəllələr olan Yeni yaşayış massivi Ordubadi və M.Abdin küçələri, X.Məlikaslanov küçəsi, DYP-nin ətrafında səyyari görüşlər keçirilmiş bələdiyyənin fəaliyyəti barədə sakinlərə geniş hesabatlar verilmişdir.

Keçirilmiş görüşlərdə 385 nəfər sakin iştirak etmiş, həlli vacib olan 421 məsələ barədə təkliflər verilmiş, məsələlərin həlli istiqamətində tədbirlərin görülməsi müəyyənləşdirilmişdir.

Bunu da qeyd etmək istəyirəm ki, ötən aylarda yağan davamlı və güclü yağışlar zamanı sakinlərin təsərrüfatlarına ciddi maddi ziyan dəyməsinin qarşısı alınmış həmin günlərdə kollektivimizlə birlikdə sakinlərimizin yanında olmuşuq. Bu da onlarda bələdiyyəyə olan inamın artmasının bariz nümunəsidir.

Təəssüf hissi ilə bildirmək istəyirəm ki, bir çox hallarda vətəndaşlar yerli özünüidarəetmə orqanlarının fəaliyyətindən tam məlumatlı deyillər, ona görə də həftənin təşkilində məqsəd məhz bələdiyyə sədrlərinin birbaşa xalqla təmasa cəlb edilməsi, yerli özünüidarəetmə orqanı üzvlərinin daim vətəndaşların arasında olması, görülmüş işlər barədə əhalinin məlumatlandırılmasıdır. Həftə ərzində tövsiyə edilən tədbirlərin lazımi səviyyədə təşkili vətəndaşların bələdiyyələrə inamını, onların işində fəallığını artırır. Buna görə də vətəndaşların keçiriləcək tədbirlərə kütləvi şəkildə cəlb edilməsini təmin etməliyik.

Digər tərəfdən səyyari görüşlərin keçirilməsində məqsədimiz sakinlərin məişət və sosial problemləri ilə yaxından tanış olmaq, araşdırmaq və məsələlərin həlli istiqamətdə müvafiq tədbirlərin görülməsindən ibarətdir. Mövcud problemlərlə bağlı vətəndaşlar tərəfindən qaldırılmış məsələlərin həlli ilə bağlı bələdiyyə tərəfindən bələdiyyənin səlahiyyətləri daxilində müvafiq tədbirlər görülür, digər məsələlərin həlli istiqamətində isə aidiyyatı qurumlar qarşısında məsələlər qaldırılır. Səyyar görüşlərdə irəli sürülmüş tövsiyələrin də icra edilməsini hər zaman diqqətdə saxlamalıyıq.

Vətəndaşların müraciət etmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində təsbit olunmuş, bu sahəni tənzimləyən “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunu təkmilləşdirilərək yeni redaksiyada qəbul olunmuşdur və biz də bələdiyyəyə edilən vətəndaş müraciətlərinə baxılması işimizi bu qaydalara riayət etməklə aparmağa çalışırıq.

Səyyar görüşlərlə yanaşı bələdiyyənin inzibati binasında sakinlərin müraciəti onlara baxılması barədə də qısa məlumatı diqqətinizə çatdırmaq istəyərdim. Belə ki, 2017-ci üçün Biləcəri bələdiyyəsinə vətəndaşlardan həm icma həm də fərdi şəkildə ümumilikdə 278 müraciət daxil olmuşdur.

Hesabat dövrü ərzində bələdiyyəyə daxil olmuş vətəndaş müraciətlərindən 272-si ərizə (daxil olmuş müraciətlərin 97,8%-i) və 6-si (daxil olmuş müraciətlərin 2,1%-i) şikayət olmuşdur.

Ümumilikdə cari il ərzində bələdiyyəyə daxil olmuş vətəndaş müraciətləri tərəfimizdən araşdırılaraq 75,1%-i və ya 209-u müsbət həll edilmiş, 17,9%-nə və ya 50-nə müvafiq izahat verilmiş, 4,3% və ya 12-i isə aidiyyatı üzrə müvafiq qurumlara göndərilmişdir.

Biləcəri bələdiyyəsində vətəndaşların qəbuluna da xüsusi diqqət yetirilir, belə ki, 2017-ci il ərzində bələdiyyənin məsul şəxsləri tərəfindən ümumilikdə 1223 nəfər vətəndaş qəbul edilmişdir ki, onlardan 267 nəfəri bələdiyyə sədri tərəfindən qəbul edilmişdir.

Hikmət Quliyev

Binəqədi rayon Biləcəri bələdiyyəsinin sədri
İŞİD Nyu-York terrorunu öz üzərinə götürdü Oktyabrın 31-də 29 yaşlı Özbəkistan vətəndaşı Seyfullah Saipovun Nyu-Yorkda törətdiyi terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb. Nyu-Yorkda 8 nəfərin ölümü ilə nəticələnən terror aktının İŞİD tərəfindən törədildiyinə dair daha bir fakt cinayətkarın avtomobilində aşkarlanan məktubla təsdiqlənib.

Belə ki, S.Saipovun maşınında hücumu İŞİD-in tapşırığı ilə törətfiyinə dair məktub, mobil telefonundan isə İŞİD terror qruplaşmasının təbliğatını əks etdirən 90 videoçarx, 3800 fotoşəkil aşkarlanıb.

Daha əvvəl, Donald Trampın cinayətkara ölüm hökmü tələb etməsi hələ də qüvvədə qalır. S.Saipov barəsində ömürlük həbs və ya ölüm hökmü çıxarıla bilər.
Qurban Qurbanov millinin baş məşqçisi oldu Qurban Qurbanov futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub.

Bu barədə qərar AFFA İcraiyyə Komitəsinin iclasında verilib. 45 yaşlı mütəxəssis "Qarabağ"ın baş məşqçisi postunda da işini davam etdirəcək.

O, milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.

Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən "Qarabağ"a rəhbərlik edir. O, yığmanın sükanı arxasında xorvatiyalı Robert Prosineçkini əvəzləyib.
Həbsdən qaçan avtoritetin sirr kimi ölümü: sensasion iddialarOktyabrın 23-də Astaradan Bakıya gələn qatardan qaçmış kriminal avtoritet, “Qoca” ləqəbi ilə tanınan Etibar Məmmədov noyabrın 2-nə keçən gecə xüsusi əməliyyat nəticəsində öldürülüb. Güzdəkdə keçirilən əməliyyatda Qoca ilə bərabər onu Hacıqabulda evindən gizlətmiş İlqar Əzimov da zərərsizləşdirilib. Rəsmi məlumatda onların xəstəxanaya aparılarkən yolda öldükləri bildirilir.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdiriliblər. Xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Anar Əsgərovdur. Digər yaralı isə 1993-cü il təvəllüdlü Şahmar Bəyəlizadədir. Ş.Bəyəlizadənin yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir.

Əməliyyat zamanı Anar Əsgərov sol qolun bazu nahiyəsindən güllə yarası alıb və qolu sınıb. Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə gətirilib. Şahmar Bəyəlizadənin yarası ağır olmadığından hüquq-mühafizə orqanlarına təhvil verilib. Əməliyyat olunan Anar Əsgərov isə xüsusi nəzarət altında saxlanılır ki, onun Ədliyyə Nazirliyinin dustaqlar üçün nəzərdə tutulmuş müəssisələrdən birinə köçürüləcəyi gözlənilir.

Poyluda izini itirən məhbus meşədən necə çıxıb?

Qoca xüsusi əməliyyat nəticəsində Bakı yaxınlığında öldürülsə də, onunla bağlı bəzi suallar qalmaqdadır. Məlumdur ki, Qoca qatardan qaçdıqdan sonra Ağstafaya gedib. O, Ağstafa ərazisindən keçərək qeyri-qanuni yolla Gürcüstana qaçmaq istəyib. Bu məqsədlə Qoca Ağstafa rayonunun Poylu qəsəbəsinə gəlib.

Gecə saatlarında Qəsəbədə Kür çayının üzərində yerləşən körpüdən keçən zaman polis əməkdaşları onun gizləndiyi maşını saxlayıb. Həbs edilən taksi sürücüsü Məhəmməd Hacıyev deyib ki, Qoca bir neçə istiqamətdə Azərbaycan sərhədindən keçməyə cəhd edib.

Onun sözlərinə görə, məhbus polis postuna çatanda avtomobilin baqajında gizlənib: “Sonuncu dəfə Gürcüstana keçmək istəyəndə bizi saxladılar. Bu vaxt o, baqajdan düşərək qaçdı”.

Bildirilirdi ki, Qoca maşından düşərək meşəlik əraziyə qaçaraq izini itirib. Sərhədi keçə bilməyən kriminal avtoritetin bundan sonra başına nə gəldiyi bilinmir, amma onun hansı yollarla meşədən çıxa bildiyi və paytaxt istiqamətinə necə (və niyə sualına sonra qayıdacağıq) qayıtdığı da sual doğurur.

Ya qatar, ya avtomobil yolu...

Ağstafadan Bakı şəhərinə olan məsafə 450 km-dir. Ağstafadan son gizləndiyi Hacıqabula gəlmək üçün isə iki yol var: dəmiryolu, avtomobil yolu. Bir ehtimala görə, onu Ağstafadan Hacıqabula məhz sözügedən yük maşınında gətiriblər. Hacıqabuladək olan təxminən 350 km yolu necə gəlməsi və postları necə keçməsi hüquq-mühafizə orqanlarının işidir. Mümkündür ki, Qoca qatarla da gəlsin, çünki ora gizlənmək üçün (elə qaçmaq üçün də) əlverişlidir.

Amma rəsmi məlumatda deyilir ki, əməliyyatda öldürülən İlqar Əzimov Qocanı Hacıqabulda evində gizlədibmiş. Qocanın evdə neçə gün və ya neçə saat gizlənməsi barədə rəsmi məlumat yoxdur. Rəsmi məlumatda bildirilir ki, onun Hacıqabul rayonunda tanışı İlqar Əzimova məxsus evdə gizlənməsi barədə əməliyyat məlumatı olub.

Amma o sual da açıq qalır ki, əməliyyat niyə onların olduğu evdə yox, Bakı yaxınlığında gerçəkləşib. Rəsmi məlumatdan sitat: “Etibar Məmmədov və İlqar Əzimovun noyabr ayının 1-i saat 23 radələrində sonuncuya məxsus avtomobildə paytaxt sakinləri Anar Əsgərov və Şahmar Bəyəlizadə ilə birlikdə Bakı-Ələt yolunda hərəkətdə olmaları müəyyən edilib və onların saxlanılması üçün xüsusi əməliyyat keçirilib. Lakin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının nəqliyyat vasitəsini polis postunda saxlamaq barədə qanuni tələbinə tabe olmayan adları çəkilən şəxslər avtomobili onların üzərinə sürmüş və odlu silahdan atəş açmaqla həmin ərazidən uzaqlaşmağa cəhd göstəriblər. Əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbirləri ilə Etibar Məmmədov və İlqar Əzimov yaralanmış və onlar tibbi yardım göstərilməsi üçün müalicə müəssisəsinə aparılarkən yolda ölüblər”.

Göründüyü kimi, sərhəddən keçə bilməyən Qoca nədənsə, Hacıqabuldan başqa istiqamətə deyil, daha riskli olan Bakı ətrafına qayıtmaq istəyirmiş. Ehtimal etmək olar ki, Qoca və yanındakılar izləndiklərini bilməyiblər, ya da gec duyuq düşüblər. Ümumiyyətlə, “Qoca”nın silahlanaraq Bakıya niyə qayıtmaq istəməsi də maraqlı mövzudur. Qoca Bakıya kiminləsə yarımçıq qalmış haqq-hesab çəkməyə də gələ bilərdi. Daha bir iddiası budur ki, Qoca sağ ələ keçməmək üçün özünü vurub. Rəsmi məlumatda bildirilir ki, avtomobilə baxış zamanı iki ədəd “Makarov” markalı tapança, xeyli sayda patron və giliz, bir ədəd əl qumbarası, bir ədəd bıçaq, uzun müddət çöl şəraitində yaşamaq üçün zəruri olan konservləşdirilmiş ərzaq məhsulları, tibbi preparatlar, ləvazimatlar, geyim əşyaları və s. aşkar edilib götürülüb.

“Maloletkadan” Qocaya çevrilən ömür...

Kriminal aləmdə Qoca, Etibar Hacıqabullu, Brodyaqa Etibar ayamaları ilə məşhurlaşmış 37 yaşlı E.Məmmədov uşaq yaşlarında cinayət törətdiyi üçün həbsə düşüb.

Yetkinlik yaşına çatmamışların cəza çəkdiyi müəssisədə E.Məmmədov “maloletka”da qaldığı dövrdə həbsxana nəzarətçisini qətlə yetirib. Yaşı az olduğu üçün bu cinayətə görə 10 il azadlıqdan məhrum edilib.

Etibar Hacıqabullu azadlığa çıxdıqdan sonra Bakıda və Azərbaycanın başqa bölgələrində kriminal “razborkalar”a qoşulub. Dəfələrlə xırda cinayətlərə görə saxlanılıb, lakin bir müddət sonra azadlığa çıxa bilib. Qocanın bir neçə gün əvvəl həbsdən azad edilmiş Lotu Quli kimi tanınan “qanuni oğru” Nadir Səlifova yaxın olduğu deyilirdi.

O, 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhərində kriminal “razborka” zamanı Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfər arasında olub. Qətlə yetirilən Elvin Nəciyev isə kriminal aləmdə Krıtıy Elvin adı ilə tanınıb. Hazırda bu işin istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsində aparılır və prokuror Etibar Məmmədovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

E.Məmmədovla birgə qaçan Əli Ağamiyə qarşı isə istintaq orqanı tərəfindən yeni ittiham irəli sürülüb. Ona qarşı daha bir maddə üzrə Cinayət Məcəlləsinin 312 (rüşvət vermə) maddəsi ilə cinayət işi açılıb. Qoca ilə bağlı isə cinayət işinə xitam veriləcək. Onun cəsədinin yalnız bir neçə gündən sonra ailəsinə təhvil veriləcəyi də gələn xəbərlər sırasındadır.

Musavat.com
Xalq artisti ilə vida mərasimi keçirilirAzərbaycanın xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimi keçirilir.

APA-nın məlumatına görə, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təşkil olunan vida mərasimində mərhumun ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edir.

Vida mərasimi saat 12:00-dək davam edəcək.

Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Məşhur diktor 1946-cı ildə Şuşada anadan olub. Ağciyər xərçəngindən əziyyət çəkən xalq artisti bir neçə dəfə Türkiyədə əməliyyat olunub, kimyaterapiya müalicəsi alıb.
Şirkətdə BİABIRÇILIQ: Müdir qadın işçini soyundurdu, hamı gördü - Telefona çəkdilər və... - FOTO/VİDEOPolşada şirkətlərin birində qeyri-adi hadisə yaşanıb.

A24.Az xəbər verir ki, şirkətin müdiri “işçilərin motivasiyanı artırmaq” məqsədilə qadın əməkdaşlardan birini çılpaq soyundurub və şirkətdə gəzdirib.

Baş rolunu Leonardo Di Kaprionun ifa etdiyi “Pul Ovçusu” (The Vulf of Wall Street) filmindəki səhnəni gerçəkləşdirən müdir pul qarşılığında həmin qadını buna razı salıb.

O, biznes mühitindəki əhval-ruhiyənin qaldırılması üçün bu addımı atdığını bildirib.

Mobil telefonlara çəkilən görüntülərdə, qadının üzərində yalnız qara günəş eynəyi və ayaqqabı olduğu görünür.

Qadının bu hadisədən dərhal sonra geyinərək işinə davam etdiyi deyilir. Ancaq bir neçə gün sonra o, istefa verib.