Kürdlər Urmiyada qız məktəbinə hücum etdi – VİDEOUrmiyanın İslamabad məhəlləsində qız məktəbi yerli əhalinin hücumuna məruz qalıb.

Axar.az xəbər verir ki, buna 12 yaşlı bir qızın məktəbin gözətçisi tərəfindən əxlaqsız hərəkətlərə məruz qalması ilə bağlı yayılan məlumat səbəb olub. Öncə bir neçə şagirdin valideyni, sonra isə ətrafdakı insanlar məktəbin qarşısına toplaşıb, məktəbin şüşələrini qıraraq təhsil ocağına maddi ziyan vurublar.

Təhlükəsizlik qüvvələri hadisə yerinə gələrək əhalini məktəbdən uzaqlaşdırıblar.

Qərbi Azərbaycan valisinin təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Əlirza Radfər insidentlə bağlı bildirib ki, bəzi sosial şəbəkələrdə yayılan xəbər doğru deyil: “Məktəbli qıza qarşı heç bir əxlaqsız hərəkət olmayıb. İlkin müşahidələrə görə, gözətçi kobud davranışa yol verib, lakin hər hansı əxlaqsız hərəkət etməyib”.

Qeyd edək ki, Urmiyanın İslamabad məhəlləsinin sakinlərinin əksəriyyətini İran-İraq müharibəsi dövründə İraqdan qaçqın kimi gələn kürd əhalisi təşkil edir. Müharibədən sonra İran vətəndaşlığını qəbul edib və Urmiyada məskunlaşıblar. Hadisənin baş verməsində və böyüməsində “barizanipərəst” kürd millətçilərinin əməyi oluğu deyilir.
Avtoritetlər vaqonun pəncərəsindən qaçıblar - TəfərrüatDünən Lənkərandan Bakıya gələn qatardakı xüsusi təyinatlı vaqondan 2 kriminal aləm üzvünün qaçması ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Lent.az xəbər verir ki, kriminal aləmə yaxınlığı ilə tanınan Əli Ağami və “Qoca” ləqəbli avtoritet Etibar Məmmədovun daha öncə 7-8 dəfə xüsusi təyinatlı vaqonla Lənkərana aparılıb gətirildiyi məlum olub.

Bildirilir ki, məhz həmin qatarla mütəmadi səfər etmələri məhbuslara plan qurmaq üçün fürsət yaradıb. Onlar bu məqsədlə altıbucaqlı formada olan xüsusi açar əldə ediblər. Məhbuslar Lənkərandan gələn qatar Biləcəri stansiyasına yaxınlaşarkən, sübh tezdən həmin açarla vaqonun pəncərəsini açıblar və qatar dayanan kimi pəncərənin dəmir barmaqlıqlı çərçivəsini çıxardaraq oradan düşüb qaçıblar. Yalnız qatar 28 May stansiyasına çatanda hər iki məhbusun aradan çıxdığı məlum olub.

Qeyd edək ki, məhbusların qaçması ilə bağlı cinayət işi açılıb. Onların tutulması üçün iş aparılır.
5 yaşlı uşağın üzərinə qaynar su töküldü - ÖldüŞamaxı rayonunda 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şamaxı rayonunun Qaravəlli kəndində qeydə alınıb.

Belə ki, Qaravəlli kənd sakini, 2012-ci il təvəllüdlü Şəfa Zamin qızı Şirinovanın üzərinə ehtiyatsızlıqdan qaynar su tökülüb.

Azyaşlı ailəsi tərəfindən dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Ş.Şirinova evdə oynayarkən sobanın üzərində qaynamaqda olan su qabına toxunub. Nəticədə qaynar su önun üzərinə tökülüb.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının həkimi Solmaz Tağıyeva "Report"un yerli bürosuna bildirib ki, xəstə gətirilərkən aqanal vəziyyətdə olub: "Azyaşlı döş qəfəsinin ön səthinin hər iki yuxarı ətrafı və sağ budun 3-4-cü dərəcəli termiki yanığı diaqnozu ilə cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb".

Faktla bağlı araşdırma aparılır.
“MuğanBank” çökürƏksər banklarda olduğu kimi, “MuğanBank” ASC-də də vaxtı keçmiş kreditlər artıb.

Bu haqda məlumatı “Marja” yayıb. Sayt Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 30 sentyabr 2017-ci il tarixinə qeyri-standart kreditlərin cəmi məbləği 53 milyon 823 min manat təşkil edib. Bu, “MuğanBank” ASC-nin müştərilərə verdiyi 334 milyon manat kreditlərin 16.1%-nə bərabərdir.

2017-ci il ərzində “MuganBank”da “qeyri-standart kreditlər” 5 milyon 936 min manat və ya 11% artıb.

Qeyri-standart kreditlərin 19 milyon 471 min manatı “qeyri-qənaətbəxş”, 10 milyon 615 min manatı “təhlükəli” və 23 milyon 737 min manatı “ümidsiz” hesab olunur.

“MuğanBank” kreditlər üzrə 7 milyon 332 min manat adi, 31 milyon 810 min manat məqsədli ehtiyat yaradıb. Yəni, ehtiyatlar ödəmə vaxtı keçmiş kreditləri örtmür.

Bankın 410,4 milyon manatlıq kredit portfelinin (ehtiyatlar daxil) isə təxminən 80 milyon manatının (20%-nin) ödəmə vaxtı keçib.

“MuğanBank”da ödəmə vaxtı keçmiş kreditlər əsasən ticarət və fiziki şəxslərə verilmiş kreditlər üzrədir.

Bankın gəliri azalıb

Problemli kreditlərin artması ilə bərabər “MuğanBank”da digər pis hal, müştərilərə verilən kreditlərin azalmasıdır. Bu, bankın gəlirlərinin azalmasına səbəb olub. Belə ki, bank 2016-cı ilin 9 ayında kredilərdən 46 milyon 238 min manat faiz gəliri əldə edərkən, 2017-ci ilin 9 ayında bu məbləğ 33 milyon 265 min manat təşkil edib (28% azalıb).

"MuğanBank"ın komission və qeyri faiz gəlirləri isə 9 milyon 495 min manatdan 5 milyon 691 min manata geriləyib (40% azalıb).

Bank zərər içindədir

“MuğanBank” ASC 2017-ci ilin 9 ayını 4 milyon 627 min manat zərər ilə başa vurub.

Cari ilin yanvar-sentyabr dövründə Bankın cəmi gəlirləri 39 milyon 779 min manat, o cümlədən kreditlər üzrə faiz gəlirləri 33 milyon 265 min manat, qiymətli kağızlar üzrə faiz gəlirləri 17,6 min manat, qeyri-faiz gəlirləri 5 milyon 691 min manat, xarici valyuta əməliyyatlari üzrə 804,6 min manat təşkil edib.

Bankın faiz və qeyri faiz xərcləri, işçi heyətinin saxlanılması, ümumi administrativ və sair əməliyyat xərcləri 27 milyon 942 manat təşkil edib. Bundan başqa, “MuğanBank” cəmi gəlirlərinin 16 milyon 466 min manatını kreditlər üzrə ehtiyyatların yaradılması üçün ayırıb. Bu, bankda problemli kreditlərin artdığına işarədir.

“MuğanBank”ın xərcləri gəlirlərini üstələdiyindən 9 ayı 4 milyon 627 min manat zərər ilə bağlayıb.

"MuğanBank" ASC 2016-cı ili 14 milyon manat zərər ilə başa vurmuşdu.
Elmin hələ də cavabını bilmədiyi sual: Dünya niyə mövcuddur?"The Independent" yazır ki, heç bir alimin cavabını bilmədiyi bir sual var: Necə olub ki, dünya indiyədək dağılmayıb?

Alimlər deyirlər ki, elmi cəhətdən danışılarsa, kainat indiyədək mövcud olmamalı idi.

Məqalədə deyilir ki, dünyanın bütün elitar alimləri məhz belə bir məsələ üzərində baş sındırırlar. Onların qənaətinə görə, bütün aləm yarandığı an məhv olmalı idi.

"Siz bu məqaləni oxuyursunuz və deməli dünya dağılmayıb", "The Independent" yazır.

Kainatın başlanğıcında standart elmi modelə görə, eyni miqdarda maddə və antimaddə olub.

Lakin təbiətin qanunlarına əsasən, onlar bir-birini dərhal məhv etməli və yerində heç nə qoymamalı idi. Amma bizim ətrafımızda bu gün də bütöv bir aləm var.

Alimlər bu "antielmi vəziyyətin", yəni dünyanın niyə indiyədək mövcud olmasının səbəbini tapmaq üçün maddə və antimaddə arasında ən mümkün fərqlərə nəzər salıblar.

Onlar müxtəlif vasitələr - kütlənin ölçülməsinə, eletrik cərəyanına, bir sözlə hər şeyə əl atıblar, lakin maddə və antimaddə arasında zərrə qədər də fərq tapmayıblar.

"Bizim bütün müşahidələrimiz nəticəsində bəlli olub ki, maddə və antimaddə arasında tam bir simmetriya var. Elə buna görə də kainat mövcud olmamalı idi" - Avropa Nüvə Araşdırmaları Təşkilatı - CERN-də aparılmış ən son tədqiqatın müəllifi Christian Smorra deyib.

"Burada mütləq bir assimmetriya olmalıdır, lakin biz sadəcə olaraq fərqin nədə olduğunu başa düşmürük. Biz bu simmetriyanın sınma mənbəyini tapa bilmirik" - alim deyib.

Maddə və antimaddə arasında bir mümkün fərq də onların maqnitizmində ola bilərdi. Lakin yeni tədqiqat onların da tam simmetrik və bənzər olduğunu göstərib.

Beləliklə "dünya niyə mövcuddur" sualı bir az da qəlizləşib.

Doktor Smorra-nın alimlər qrupu bizi əhatələyən protonların antiprotonlardan fərqini aşkar etmək məqsədilə onları ölçüblər.

Alimlər antimaddənin maqnitizmini ən təfərrüatlı şəkildə araşdırıblar və təəccübləri daha da artıb: Onlar da tam simmetrik imiş.

CERN-də aparılmış tədqiqat zamanı alimlər antiprotonları xüsusi "Penning tələlələri" ilə tuturdular, çünki antimaddəni fiziki və ya maddi konteynerin içində saxlamaq mümkün deyildi.

"The Independent" yazır ki, indi alimlər antiprotonları hətta daha təfərrüatlı şəkildə öyrənməyə çalışırlar.

Amma başqa bir qrup alim bu qənaətdədir ki, antimaddə baş-ayaq qravitasiya və ya cazibəyə malikdir.

Bu halda antimaddə üzüaşağı yox, üzüyuxarı yıxılmalı idi.

BBC
Mehriban Əliyeva xalq artistinə ev bağışladı Xalq artisti Könül Xasıyevaya ev hədiyyə edilib. “Qafqazinfo”-nun verdiyi məlumata görə, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən xalq artistinə ev hədiyyə olunub.

Könül Xasıyeva xəbəri təsdiq edərək çox sevindiyini qeyd edib: “Birinci xanım Mehriban Əliyevaya çox təşəkkür edirəm. Çox sevincliyəm, danışa bilmirəm…”.
Məhbusların qaçmasına görə istintaqa cəlb edilən rəis generalın qohumudurBakıda məhbusların qaçması faktı ilə bağlı istintaqa cəlb edilən şəxslərdən biri - qarovul rəisi Ceyhun Səmədov Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur.

Bu barədə “Report”a hüquq-mühafizə orqanlarından bildirilib.

Xatırladaq ki, istintaqa cəlb edilən digər şəxslər qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanovdur.

Hər üç şəxsin hazırda Nərimanov Rayon Polis İdarəsində saxlanıldığı bildirilir.

Bundan başqa, hadisə zamanı qatarda olan Penitensiar Xidmətin bir neçə əməkdaşı isə hazırda dindirilir.

Qeyd edək ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.

Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.Kriminal aləmdə tanınan Ə.Ağaminin hazırda həbsdə olan “Lotu Quli”yə yaxın şəxslərdən olduğu bildirilir. “Qoca” ləqəbli E.Məmmədov isə daha çox Etibar Hacıqabulski kimi tanınır.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bərzani TƏSLİM OLUR - "Hər şeyə hazıram" İraq Kürd Muxtariyyətinin baş naziri Nəçirvan Bərzani Ərbil ilə Bağdad şəhərləri arasındakı problemlərin həlli üçün yeni bir səhifə açmağa hazır olduqlarını bildirib.

Publika.az xəbər verir ki, baş nazir sadəcə davam edən hərbi əməliyyatların bu addımın önündə əngəl olduğunu deyib.

Məsud Bərzani isə iştirak etdiyi bir toplantıda jurnalistlərin suallarını cavablandırıb və Bağdad ilə problemləri konsitutsiya çərçivəsində həll etmək istədiklərini qeyd edib. O, bu mövzu üçün Bağdada bir heyət göndərməyə hazır olduqlarını söyləyib:
“Heyətin göndərilmə tarixini hələ ki müəyyən etməmişik. Bağdadın cavabını gözləyirik. Regional hökumət Bağdadla problemlərin konsitutsiya çərçivəsində həll edilməsinin tərəfdarıdır.

Təəssüf ki, hərbi əməliyyatların davam etməsi bölgələrin təhlükəsizlik və sabitliyinə ciddi şəkildə mənfi təsir göstərir. Eyni zamanda, iki tərəf arasında dialoqların başlanmasını əngəlləyir”.