"Toyundan 3 gün qabaq nişanlısına xəyanət etdiyi üçün oğlan qaçmışdı"Avrasiya.net teleaparıcı Vüsalə Kərimovanın "Qafqazinfo”ya müsahibəsini təqdim edir:

- "Maşın” realiti şousunun ən yaddaqalan iştirakçılarından biri olduz. Tez-tez avtomobil ətrafında qalmaqal yaşadız, mübahisələr etdiz. Nədənsə şoudakı qalmaqal real həyata keçdi. Yarışmada qarşıdurma yaşadığınız Günel Ələkbərova "Maşın”dan gedəndən sonra sizinlə bağlı ittihamlar səsləndirdi. Sizin Günelin ittihamlarına münasibətiniz necədir?

- Mübahisə zamanı otaqda bir söz işlətdim. Bu söz sən demə ismətli, abırlı, həyalı və qız uşağı kimi gəlin gedən Günel xanımın xətrinə çox pis dəydi. Mən sizi əmin edirəm ki, Günelin bu yaşa kimi eşitdiyi ən tərbiyəli söz mənim dediyim idi. O qədər əxlaqsız sözlər eşidib ki, mənim dediyim onun üçün elə-belə şey idi. Özü-özündən çıxdı. Elə başa düşdü ki, camaat onu tanımır. Belə yerdə deyirlər: "Tülkü kola girir, quyruğundan xəbəri yoxdur”. Sən məni oğlumla yaşıd hansısa bir kişiylə tutmusan? Oğlumun 17 yaşı var. Əgər söhbət Yaşardan gedirsə (Red: müğənni Yaşar Cəlilov) onun 17 yox, 28 yaşı var. Demək söhbət başqa adamdan gedir. O başqa adamı görmək istəyirəm. Günel xanımın gördüyü adamı görmək istəyirəm. Oğlum Türkiyədən mənə mesaj yazdı ki, ana bu, nədir, ağzına gələni danışırlar.

Bir o sözə görə Güneli həyata baxışına peşman edərəm. Deyib ki, oteldə birini masaj etmişəm. Kimi masaj etmişəm? Günel, sən öz əxlaqınla mənim əxlaqımı bir tutursan? Sən mənim əxlaqıma çata biləcək adam deyilsən. Səndə əxlaqın "ə” hərfi yoxdur. "Pişik” Güneldən nə gözləyə bilərsən? O, qoltuğuna nikah şəhadətnaməsini vurub şellənir, arxasında olanlardan xəbəri yoxdur. Təklif edirəm ki, boyunu çevirib geriyə baxsın. Görsün ki, arxasında nələr töküb gəlib? Toyundan 10 gün əvvəl Fərrux adındakı nişanlısı onu qoyub qaçmışdı. Bir il sonra müsahibə vermişdi ki, Günel mənə xəyanət etdi. Toyundan 3 gün qabaq nişanlısına xəyanət etdiyi üçün oğlan qaçmışdı. Hələ Bakıda ev kirayə götürüb kimlərlə qaldığı illərə qayıtsın. O insanlar arasında qızlar, ya oğlanlar qaldığına bir qayıtsın.

Lazım olarsa mən qayıdım. Həyat yoldaşı dediyi insan çıxıb mənimlə danışmaq istəyirsə, danışsın. Amma kimlə bağlı mənlə danışacaq? Onu haqqında nə deyirəmsə, əcəb edirəm. Bəs onun arvadı ağzının qatığını dağıdanda ər harda idi? Niyə o ər Günelin qulağını burub yanında otuzdurub demədi ki, ay qız, sən onu filankəslə görmüsən? Həmin ər qabağıma çıxıb deyəcək ki, arvadımı kiminləsə görmüsən? Ona "dux” istəyirəm. Onların qarşısına hüquqlarını müdafiə edən kimsə çıxmayıb. Onun kimi yekə ağızlı insanların ağzını büzsün, bir də belə qələt eləməsin.

- "Maşın”da kimlərin əsl üzünü gördüz?

- "Maşın”la bağlı yanlış fikirlər var. Məsələn, bu gün işə çıxmışam. Məni görən hamı deyir ki, "halal olsun, özün idin”. Həqiqətən də oynamırdım, özüm kimi yarışırdım. Həyatda necəyəmsə, orda da elə idim. İnsanlar elə bilir ki, şouda kiminsə üzü açılır. Bu yarışma sadəcə bir oyun idi. Bu oyunda kim oynamağı bacarırsa, elə də davam edir. Orada üz açılmır, sadəcə olaraq insan belə idi, siz də onu tanıdız. İnsanlar həyatda necəydilərsə, orda da elə idilər. Şəxsən mən belə idim. Mən olduğum kimiyəm, maska bağlamağı sevmirəm. Məni qəbul edən belə qəbul etsin, etməyənin də öz işidir. Mən bir qədər başqa düşünürəm. Həyatda bir dəfə səhv etmişəm, "Kimlər nə düşünər?” demişəm. Nişanlı vaxtlarımda var idi.

Toyumuza iki ay qalmış üzüyü qaytarmışdım. Həmin vaxt valideynlərimi düşündüm. Məni geri qaytaran digər səbəb isə kimlərinsə nə düşünməyi idi. Məsələn, fikirləşərlər ki, bu qız tələbədir. Mənim sevib-seçdiyim oğlan öz rayonumuzdan olsaydı geri qayıtmazdım. Mən Qaxdan, o Naxçıvandan idi. Tələbə vaxtı institutun yataqxanası var idi. 1-2-ci mərtəbədə qızlar, digərlərində oğlanlar qalardı. Nişanlım da orada qalırdı. Düşünürdüm ki, camaat nə deyər, biz eyni yataqxanada yaşayırdıq. Bu fikirlər məni geri qayıtmağa vadar etdi. Nə oldu? Kaş özümə rahat olan bir həyatı seçsəydim. Səhvi onda etdim. İndi isə səhv edə bilmərəm.

- Sosial şəbəkələrdə haqsız tərəf kimi sizi göstərirlər. Sizi tənqid edənlərin sayı daha çoxdur.

- Klaviatura arxasında şir, pələng olmağa ehtiyac yoxdur. Nə böyük şeydir? Hamının telefonu var, girib axtarış verirsən. Görürsən ki, bu adam hansı yuvanın quşudur, nə işlə məşğul olur. Baxın, ondan sonra dəyərləndirin. İnsanların keçmişini xatırlatmaq lazımdır. İnsanlar bir qədər qabağa gedən kimi elə bilirlər ki, keçmişlərində ləkə buraxmayıblar. Hamının həyatda səhvi var, səhvsiz insan yoxdur. Amma bu, o demək deyil ki, kimsə ağzına gələni danışmalıdır, mən isə susub oturmalıyam. O adam keçmişini görmək istəmirsə, mən güzgü kimi onun qabağında duraram. Birinci özünə baxsın. Ümumiyyətlə o, ağızna Vüsalə adını alıb danışmağa layiq biridir? Kimsə deyə bilməz ki, mən Vüsalə ilə oturub-durmuşam, pul xərcləmişəm, maşın, ev almışam. Heç kim bunu deyə bilməz. 17 yaşına kimi oğul böyütmüşəm. Oğlumun da heç bir şeyə ehtiyacı olmayıb. Ağızlarına gələni sosial şəbəkələrdə yazırlar.

Mənim xüsusilə qadınlara yazığım gəlir. Qadın nə qədər keyfiyyətsiz ola bilər ki, başqalarında nəsə tapsın. Mənim haqqımda həyasız, tərbiyəsiz yazan insanlar həyatda necədir? Sadəcə onların lövhəsində gəzişmək kifayətdir. Ay insan, mənim sənə nə pisliyim dəyib? Neyləmişəm? Mənim haqqımda təhqir yazırsansa, yığıdığım günahları boynuna götürüsən. Bu cəmiyyətdən heç nə gözləmirəm. Əxlaqsız insanlara ailə qadını, evdar xanım, ana deyərək göyə qaldıran insanlar gördüm. Mübahisə etdiyim insanlar haqqında keyfiyyətli sözlər, mənim haqqımda isə əksinə fikirlər yazırdılar. Özüm özümdən şübhələnirdim. İnsanı asıb kəsmək necə asan ola bilər?

- Elə ittihamlar Yaşar Cəlilovun üzərində dayandı. Çünki Günelin "Oğlu yaşında kişiylə sevgilidir” deməyi ilə əməkdaşlıq etdiyiniz ifaçı başa düşüldü. Bu ittihamlar nə dərəcədə doğrudur?

- Yazırlar ki, Yaşar hardadırsa, Vüsalə də ordadır. Ay balam, mən Yaşardan pul qazanıram. İnsan qazancının 30 faizini işlərini gördüyüm üçün mənə verir. Mən niyə onun geyiminə, işinə qarışmamalıyam? Bəs niyə maaş verir? Gözünə, könlümə vurulduğu üçün? Onunla 7 ildir ki, çalışıram. Bizdə doğmalaşma var. Onun bir şeyi olanda mən, başqa bir şey olanda o, mənim yanıma qaçır. Deyirlər ki, "Vüsalə Yaşarın yanında bitmişdi”. Atanın, ya ərinin yanında bitmişəm? Sizə nə var axı? Yaşara xoş, mənə xoş… Siz niyə naxoşsuz? Bunun hamısı paxıllıqdan irəli gəlir. Bəlkə Yaşar hardasa oturub məndən bezdiyini deyib, xəbərim yoxdur? Axı biz rahadıqsa, siz niyə narahat olursuz? Belə şeylər mənə çatmır.

- Artıq oğlunuz Ayxanın 17 yaşı tamam olub. Bu söz-söhbətlərə o necə reaksiya verir?

- Oğlum heç vaxt yazılan rəylərə, xəbərlərə reaksiya verməyib. Biz ümumiyyətlə belə şeylərə fikir vermirik. Ana-oğuldan başqa, qardaş-bacı və dostuq. Bizim bir-birimizdən gizlətdiyimiz heç nə yoxdur. Ayxan bilir, kimin oğludur. Onun anası tanınmış insandır. O, nəyin real, nəyin isə qeyri-real olduğunu yaxşı seçən biridir. Günelin açıqlamasından sonra oğlum mənə mesaj yazdı: "Ana, bu nədir? Bütün saytlar ağzına gələni yazır”. Mən də ona cavab verdim ki, oğlum, belə şeylərə fikir vermə. Ağız torba deyil ki, büzüb yığasan. O da söylədi ki, dostlarım var. Oğlumu başa düşürəm, amma Ayxanın dostları da bilir ki, mən kiməm.
Oğlum televiziyanın içində böyüyüb. 1996-cı ildən etibarən televiziyada çalışmışam, o isə 2000-ci ildə dünyaya gəlib. O sıradan biri olmadığını gözəl bilir. Uşağım tələbədir, 1-ci kursa gedir. Qoyun dərslərini rahat oxusun, nə istəyirsiz? Yenə deyirəm, kiminsə ailəsini dağıtsam, ərlərində, qardaşında gözüm olsa, nəysə. Mənim heç kimlə işim yoxdur. Əksinə, camaatın mənimlə işi var.

- Vüsalə Kərimova sevgidə yaş məsələsini özündə kompleks hesab edir?

- Belə biri deyiləm. Məsələn, mənim 25 oktyabrda 40 yaşım olacaq. Heç kim mənə yaşımı vermir. Özümü də bu yaşda görmürəm. Hərdən 40 rəqəmi insana birtəhər görünür. Mən özümü, ruhumu o yaşda görmürəm, bunu da kompleks etmirəm. Elə yaşda olan oğlanlar var ki, çox böyük düşünürlər. Elələri də var ki, uşaq kimidirlər. Oğlumun 17 yaşı olmağına baxmayaraq dostlarının hamısı yaşca böyükdür. Mən ona aşılamamışam, mühiti belə gətirib. Gələcəkdə oğlum yaşca böyük biriylə ailə quracaqsa, yola gedəcəksə mən nə karəyəm?
Onun özü bilər, seçiminə qarışmaram. Kişilərdə sevdiyi qadın kiçik yaşda olursa, daha çox problemlər yaranır. Çünki balaca qızlar əyləncəni, gəzintini çox sevirlər. Oğlanlar isə daha ağıryana olurlar. Onların xarakterləri uyuşmur. Oğlanın qarşısında yaşı oturuşmuş xanım olanda xarakterlər uyğunlaşır. Ona görə də, yenə deyirəm oğlumun bu mövzuda seçiminə belə qarışmayacağam. Sadəcə onun əxlaqı mənə maraqlı ola bilər. Bu mövzuda ona xəbərdarlıq edə bilərəm.

- Bəz özünüz necə? İkinci baharınızı yaşamaq istəmirsiz?

- İkinci bahar nə vaxt qabağıma çıxdı ki, mən də geri çevirdim? Həmişə ikinci bahar yaşamaqdan qorxmuşam. Sıradan evdar xanım, başqa sahədə çalışan biri olsaydım seçim etmək daha rahat ola bilərdi. Üzdə olan insan üçün çətindir. Mənə yaxınlaşan insanın məqsədini bilmək olmur. Ona inanmaq, etibarını qazanmaq zaman ala bilər. Bu gün danışıb, sabah onunla ailə qura bilmərəm. Uşaq deyiləm, 40 yaşım var. Bu yaşımda səhv edə bilmərəm. Tək yaşamağa alışmışam, belə rahatdır. Bundan sonrakı illərdə çətin ola bilər. Bəlkə də eqom var, eqoistəm. Amma rahat yaşamağı sevirəm. Mənim qapıdan içəri bir, kənarda isə başqa həyatım var. Qapıdan içəridəki həyatımı daha çox sevirəm.

- Son olaraq sula vermək istəyirəm ki, verilişiniz mövsümdən hələ qayıtmayıb. Sizi yeni verilişdə görəcəyik, ya necə? ATV-dəki dəyişiklik sizin işinizə təsir edibmi?

- Dəyişikliyin mənə heç bir təsiri olmadı, sıravi bir işçiyəm. Sadəcə olaraq dəyişiklik zamanı "Maşın” başladı, orada iştirak etdim. Yeni rəhbərliklə mövsümlə bağlı heç bir müzakirəm olmamışdı. Ondan öncə rəhbərliklə görüşüm oldu, dedilər ki, şoudan sonra danışarıq. Ola bilər ki, "Yüz ölç, bir biç” davam edəcək və yaxud başqa bir layihə ilə tamaşaçı qarşısına çıxacağam.
"Müəllim 4-cü sinif şagirdi olan övladımı qulağından qan açılana qədər döyüb"Nizami rayonundakı Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbdə tükürpədici hadisə yaşanıb. Məktəbin müəllimi Nəzakət Qurbanovanın 4-cü sinif şagirdi Kamran Soltanovun qulağına ağır xəsarət yetirdiyi bildirilir. Nəticədə uşağın qulaq divarı zədələnib.

Cebhe.info-ya açıqlamasında Kamranın anası Vəfa Soltanova iddia edib ki, artıq 4 ildir övladı həmin məktəbdə işgəncələrə məruz qalır. Amma bu illər ərzində məktəbin adı çıxmasın deyə şikayətçi olmayıblar:

"4 ildir ki, dözürəm. Amma artıq dözə bilmirəm. Ürəyim parçalanır. İki il əvvəl oğlumun sinif rəhbəri Məryəm müəllim idi. O da şagirdləri döyürdü. Sonra eşitdim ki, uşaqları döydüyünə görə valideynlər tərəfindən məktəbdən kənarlaşdırılıb. Ondan sonra uşağın sinif rəhbəri Nəzakət Qurbanova oldu. Həmin vaxtdan da indiyədək bu müəllim övladıma işgəncələr verir. Səbəb də odur ki, oğlumu Nəzakət müəllimin əlavə hazırlığına yollamıram. O, hər bir uşaqdan yarım saata görə aylıq 50 manat hazırlıq pulu alır. Mən müəllimə dedim ki, həyat yoldaşım rəhmətə gedib, aylıq 161 manat müavinət alıram. Gücüm çatmır ki, 50 manatı verim. Öz problemlərim var. Ondan sonra bizimlə prinsipə düşdü. Yoldaşım iki il əvvəl dünyasını dəyişib. Kamran tək övladımdır. Yeganə övladımı əzab-əziyyətlə böyüdürəm. Keçən il də uşağın cinsiyyət orqanını vurub yaralamışdılar. Ekspertizaya və polisə şikayət edəcəyimi deyəndə Nəzakət müəllim qarşımda diz çökdü, yalvardı ki, məni işdən çıxaracaqlar, getmə...Yenə keçdim”.

Valideyn bildirib ki, bununla bağlı məktəbin direktoru İlqar Talıbova da müraciət edib: "Mənə dedi ki, bir gün sən mənim başımı ağrıdacaqsan, ömrünün axırına kimi isə mən sənin başını ağrıdaram. Dedi ki, məktəbin adı çıxmasın. Amma indi dözə bilmirəm. Uşağın başına o qədər vurub ki, artıq gözləri də çəpləşib. Üç gün əvvəl də qulağına necə vurubsa, divarı zədələnib, qan açılıb. Əlimdə uşağın döyülməsi ilə bağlı sübutum var. Müəllimin dırnaq izləri uşağımın boynunda, boğazında, sinəsində, qolunda qalıb. Hətta barmağında dəmir xətkeş izləri var. Qaydalarımız, qanunlarımız var ki, valideyn öz övladına əl qaldıranda məsuliyyətə cəlb olunur. Nəinki müəllim ola...”

Valideynin sözlərinə görə, müəllim tək onun övladına deyil, digər şagirdlərə də fiziki zorakılıq göstərir: "Qulaq çəkmək, başa sillə vurmaq, dəmir xətkeşdən istifadə etmək onun adətidir. Bu insan müəllim adına layiq xanım deyil. İşgəncə ilə bağlı Nizami rayon Polis İdarəsinin 25-ci bölməsinə şikayət etmişəm. Bu məsələnin arxasınca gedəcəyəm. Şikayətimə baxılmasını istəyirəm. Mən həyatımı tək övladım üçün yaşayıram. Ya o müəllimə işindən azad olunmalıdır, ya da məktəbin həyətində özümə xəsarət yetirəcəyəm”.

Məsələ ilə bağlı məktəblə əlaqə saxlamaq istəsək də, nəticəsiz qalıb. Cebhe.info əməkdaşı məsələ ilə bağlı məktəb rəhbəliyilə əlaqə yaratmağa cəhd göstərsə də, bu mümkün olmayıb. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Sabiq deputatın məşhur restoranı satışa çıxarılırMərkəzi Bank (MB) sabiq deputat və biznesmen Fərhad Qəribovun sahibi olduğu “Şəki” restoranının hərraca çıxarılaraq satılması üçün məhkəməyə müraciət edib.

Qafqazinfo xəbər verir ki, Səbail rayon Məhkəməsinə ünvanlanan iddia ərizəsinə hakim Nurəddin Bağırovun sədrliyi ilə baxılıb.

Mərkəzi Bank iddia ərizəsində F.Qəribovun oğlu Zöhrab Qəribovu cavabdeh şəxs kimi qoyub və qeyd edilib ki, Z.Qəribova məxsus olan “Debüt Kommersiya Bankı” ASC-yə 2007-2008-ci illərdə 3 dəfə verilən 7 milyon manat məbləğində kreditdən ümumilikdə 3 milyon 215 min 65 manat əsas və 581 min 992 manat faiz borcu qalıb.

Z.Qəribov kredit üçün Nərimanov rayonu, Əhməd Rəcəbli 38a ünvanında yerləşən “Şəki” restoranı və ona bitişik yarımtikilini girov qoyub. AMB də ərizəsində kredit borcunun ödənilməsi üçün ipoteka yüklü edilən həmin obyektə yönəldilməsini, restoranın açıq hərracla satışa çıxarılaraq satılmasını və əldə edilən vəsait hesabına borcun ödənilməsini istəyib.

2010-cu il dekabrın 15-də 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qərarı ilə “Debüt Kommersiya Bankı” ASC müflis elan olunub, ləğvedicisi isə bankın vəsaitinin olmaması səbəbindən borcu ödəyə bilməyib.

Qəribovların dövlətdən aldığı 7 milyon manat bankın xəzinəsində tapılmayıb. 2016-cı ilin III rübü üzrə təzələnmiş siyahıya əsasən Mərkəzi Bankın “Debüt” KB ASC-yə qarşı qeydə alınmış kreditor tələbi 4 milyon 921 min 922 manat və 51 min 779 manat ABŞ dolları təşkil edib.

Mərkəzi Bankın bu iddiasından sonra Zöhrab Qəribov da məhkəməyə müraciət edərək qarşılıqlı iddia ərizəsi verib və kredit müqavilələrində adıçəkilən obyektin 2008-ci ilin oktyabrın 8-nə kimi ipotekada qalmasının nəzərdə tutulduğunu qeyd edib. İddia edib ki buna görə də həmin əmlak “Debüt Kommersiya Bankı” ASC tərəfindən ödənilməyən kredit borcunun təminatı kimi çıxış edə bilməz.

Z.Qəribov bildirib ki, 2011-ci ildə ona bildiriş təqdim edilərkən, borcunu ödəməzsə, 30 gün ərzində məhkəməyə müraciət ediləcəyi qeyd edilib. O, AMB-nin 5 il sonra məhkəməyə müraciət etməsini iddia müddətinin ötürülməsi kimi qiymətləndirib.

AMB isə bu iddiaya cavab olaraq qeyd edib ki, Mülki Məcəllənin 380-ci maddəsinə görə borclu şəxs borcunu etiraf edərsə, iddia müddətinin axımı kəsilir. Z.Qəribov da 2011-ci ilin aprelin 19-da borcun “Şəki” restoranının yerləşdiyi obyektin üzərinə yönəldilməsi barədə razılaşma imzalayıb. Həmin vaxt 3 kredit müqaviləsi üzrə 6 milyon 649 min 907 manat borcu qaldığını etiraf edib. 2016-ci ilin noyabrın 22-də isə 2007-ci il 24 dekabrında götürdüyü kredit borcuna görə 45 min manat ödəniş edib.

Bu illər ərzində Mərkəzi Bank bir neçə dəfə “Şəki” restoranının açıq hərracla satılması üçün hərəkətə keçsə də, Qəribovlar satışın müəyyən müddət təxirə salınmasını xahiş edərək borcu ödəyəcəklərini vəd ediblər. Buna görə də məhkəmə iddiası gecikdirilib.

Hər iki iddia ərizəsi üzrə iş baxışa təyin edilib. Cavabdeh Z.Qəribov məhkəmə baxışının vaxtı və yeri haqqında xəbərdar olmasına baxmayaraq, məhkəmədə iştirak etməyib və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməyib. Bu səbəbdən işə onun iştirakı olmadan baxılıb.

Məhkəmənin 2016-cı il 22 dekabr tarixli iclasında Z.Qəribovun nümayəndəsi iştirak edərək vəsatət verib və ipoteka müqavilələrindəki imzanın Z.Qəribova aid olmadığını bildirib. Bununla bağlı məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilib.

Ekspert rəyində bu iddianın doğru olduğu təsdiqlənsə də, Qəribovun başqa bir “tryuk”u ortaya çıxıb. İpoteka müqaviləsinin imzalandığı 6 saylı notariusdan məhkəməyə təqdim edilən sənədlərdən bəlli olub ki, həmin imzalar Qəribov Xalid Fəxrəddin oğluna məxsudur. Həmçinin, sənədlərin içində bu müqaviləyə qol çəkməsi üçün Zöhrab Qəribovun X.Qəribova etibarnamə verdiyi də aşkarlanıb. Bununla da, məsuliyyət yenə də Z.Qəribovun üzərində qalıb.

Bütün bunlar araşdırıldıqdan sonra məhkəmə qərarını verib. Mərkəzi Bankın iddiası təmin edilib. Qərarda qeyd edilib ki, “Debüt Bank”ın MB-yə olan kredit borunun ödənilməsi “Şəki” restoranının yerləşdiyi 640 kvadratmetrlik obyekt və ona bitişik 11 kvadratmetrlik yarımtikiliyə yönəldilsin. Hər iki obyekt açıq hərracla satışa çıxarılmalı və əldə edilən məbləğlə borc ödənilməli, qalan pul isə Z.Qəribova qaytarılmaldır.

Z.Qəribovun qarşılıqlı iddiası isə rədd edilib. Həmçinin, AMB-nin iddia qaldırılmaq üçün ödədiyi 10 manat və ekspertiza keçirilməsi üçün dövlət büdcəsindən ayrılan 100 manatı da Z.Qəribovun ödəməsinə qərar verilib.
”Məqsədim beynəlxalq yarışlarda bayrağımızı zirvələrə qaldırmaqdır”Bakı şəhəri Gənclər və İdman İdarəsinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə 21-22 oktyabr 2017-ci il tarixində Sərhədçi İdman Kompleksində kikboksinq üzrə Bakı çempionatı keçirildi.

Yarışda Bakı çempionu titulunu qazanan Vüqar Ramazanov gələcək planları haqqında danışıb:

“Bu gün Azərbaycan Kikboksinq Federasiyasının sıralarından olmaqdan qürur duyuram. AKF prezidenti,millət vəkili Adil Əliyev bizə çox dəstək olur. Hər gün məşqlərimi davam etdirirəm. Məşqçim dünya çempionu Zaur Yusifov məqşlərimə çox ciddi fikir verir və birbaşa yarışlara hazırlanmağımda iştirak edir. Məqsədim beynəlxalq yarışlarda bayrağımı zirvələrə qaldırmaqdır”.

Qeyd: Vüqar Ramazanov 2003-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Çərçiboğan kəndində anadan olub. 2016-2017-ci illərdə yeniyetmələr üzrə kikboksinq respublika çempionatında Azərbaycan çempionu titulunu qazanıb. Vüqar Ramazanov Bakı çempionatında 5 döyüş keçirib, 4 nakautla başa çatıb. İdmançı ümumilikdə bu günə qədər 30-dən çox döyüş keçirib.
Gürcüstanda saxlanılan azərbaycanlı avtoritetin görüntüləri - VİDEOTiflisdə Azərbaycanlı kriminal avtoritet saxlanılıb.

Avrasiya.net APA TV-yə istinadən xəbər verir ki, "Krıtıy Malış" ləqəbli Gəncə sakini gürcü polisinin xüsusi əməliyyatı nəticəsində yaxalanıb.

Onunla birlikdə Gürcüstan vətəndaşının da saxlanıldığı bildirilir.

Azərbaycanlı kriminal avtoritet ölümlə hədələyərək zorla pul tələb etmə və digər cinayətlərdə ittiham olunur.

Hər iki şəxs şikayət əsasından həbs olunub.

Gəncə sakini hədələdiyi şəxsə özünü "oğru ailəsinin oğlu" kimi təqdim edib. Onun Azərbaycandan "qanuni oğrular"ın göstərişi ilə getdiyi və bəzi adamlardan pul alaraq geri qayıtması barədə tapşırıq aldığı iddia olunur.
Məmur oğlu atasını məhkəməyə verdi – Milyonluq mülklərdən payını istəyirAzərbaycanda ilginc olay baş verib. Məmur oğlu atasını mülkə görə, məhkəməyə verib.

Unikal.org-a daxil olan məlumata görə, "Meliorasiya və Su Təsərürfatı" ASC-nin strukturuna daxil olan Subartezian Quyularına Servis Xidməti İdarəsinin rəisi Mirzalı Behbudovun oğlu Elşən Behbudov vərəsəlik hüququna əsasən atasına qarşı məhkəmə iddiası qaldırıb.

O, atasına məxsus "Varovski”dəki altı villa, bir neçə maşın təmiri servisləri, Bakı şəhərində yerləşən "Mətin”,”Səma” ,”Mələk” və Ağdam rayonunda olan "Araz” şadlıq saraylarından özünə düşən əmlak payını istəyir.

Məsələ ilə bağlı Elşən Behbudovun hüquqların müdafiə edən vəkili Müşfiq Mehdiyev unikal.org saytına informasiyanı təsdiqləyib və bildirib ki, hazırda proses Ağdam rayon məhkəməsi tərəfindən aparılır.
Cənubi Azərbaycanda məmur 12 yaşlı qızı zorladı - məktəb yandırıldıİranın Qərbi Azərbaycan ostanının əsasən azərbaycanlıların yaşadığı Urmiya şəhərində vəziyyət gərginləşib. Şəhərin hiddətlənmiş sakinləri qızlar məktəbinin həyətinə toplaşaraq, məktəb binasına od vurublar.

Virtualaz.org “Rudaw” telekanalına istinadən xəbər verir ki, deyilənə görə, bu məktəbdə oxuyan 12 yaşlı kürd məktəbli qız Təhsil Nazirliyindən gəlmiş məmur tərəfindən zorlanıb.

Bu şayiələr sosial şəbəkələrdə sürətlə yayılıb və bir neçə saatdan sonra qəzəbli kütlə məktəbi mühasirəyə alaraq binaya od vurub.

Qərbi Azərbaycan ostanının siyasi işlər üzrə nazir müavini etiraz edənləri sakitləşdirməyə çalışarkən etiraf edib ki, məmur qanunu pozub və bu məsələ araşdırılacaq.
Qəsəbə sakinlərinin marşrut dərdi - MüraciətSahil qəsəbəsinin bir qrup sakini Avrasiya.net vasitəsilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin Baş direktoru Vüsal Ağaməmməd oğlu Kərimliyə müraciət edib.

Müraciəti olduğu kimi təqdim edirik:

- Bir neçə gün öncə bildirdiyimiz kimi “197” nömrəli marşrutun hərəkətinin bərpası məqsədilə aidiyyatı quruma mədəni-kütləvi müraciətin faydalı olacağını qeyd etmişdik. Ola bilər ki, nəticəsi olmayacaq, amma yoxlamaqda nəsə itirmiş olmarıq. İndi isə aşağıda qeyd etdiyimiz qısa məktub formasını ya olduğu kimi, ya da müəyyən dəyişikliklər etməklə lazımi kontaktlara göndərməyinizi xahiş edirik. Etdikdən sonra zəhmət olmasa komentdə bildirin, ümumi müraciət edənlərin sayını bilək.

"Hörmətli Vüsal bəy,

Sahil qəsəbəsi təxminən 40-60 minlik əhalisi olan ərazicə kiçik, amma əhali sayı etibarilə çox böyük və sıx qəsəbədir. Nəticə etibarilə qəsəbə özlüyündə geniş işçi və tələbə sayına sahibdir. Artıq uzun müddətdir marşrut xətti dəyişdirilən “197” saylı avtobusun olmaması sakinlər, xüsusilə tələbə və şəhərə çalışan əhali üçün ciddi problemlər törədir. Xüsusilə qış ayları müddətində səhər işə və dərsə gecikmələr, axşam isə soyuqda “20-ci sahə” deyilən ərazidə yol maşınlarından asılılıq qəsəbə-şəhər-qəsəbə arasındakı marşrut xəttini həddən artıq çətinləşdirib. Eləcə də, edilən son dəyişiklik itirilən zamanla yanaşı, ciddi şəkildə maddi cəhətdən qəsəbə sakinləri üçün problem yaradır. Xahiş edirik bunları nəzərə alaraq marşrut xəttini əvvəlki qaydada “Sahil-20-ci sahə- Sahil”, və ya "Sahil-Bayıl-Sahil” olmaqla bərpa edəsiniz.

Hörmətlə, qəsəbə sakinləri,

Azərbaycanlı qanuni oğru Tiflisdə tutuldu Tiflisdə azərbaycanlı qanuni oğru yaxalanıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan Daxili İşlər İşlər Nazirliyi yayıb. Nazirlik qanuni oğru ilə bərabər, bir Gürcüstan vətəndaşının da saxlanıldığını bildirib.

Həbs edilən qanuni oğrunun Gəncədən olduğu bildirilsə də, onun adı açıqlanmayıb. Onların həbsinə səbəb Gürcüstan vətəndaşından zorla 2000 dollar tələb etmələri olub.

Qeyd edək ki, bundan öncə Gürcüstan mətbuatı gəncəli qanuni oğrunun Tiflisdə yaxalanması barədə informasiya yaysa da, nazirlik bunu təsdiqləməmişdi.