Kriminal dünyanın YENİ KRALI - Azərbaycanlılar niyə MƏĞLUB OLDULAR? - DETALLARRusiya kriminal dünyası yeni kralını seçdi.

Publika.az Layf.ru saytına istinadən xəbər verir ki, Rusiya oğru dünyasının yeni kralı “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun (hazırda həbsdədir - red.) ən yaxın silahdaşı, “baş mühasib”, 42 yaşlı gürcü “qanuni oğru” Kaxaber Parpaliyadır (“Kaxa”).

O, seçkiqabağı kampaniyada rəqibləri Yuri Piçuqin (“Piçuq”) və Vasiliy Xristoforovun (“Vasya Xristos”) dəstəyini alıb. Rusiya kriminal dünyasında gərgin seçkiqabağı kampaniya hələ 2017-ci ilin yanvarından - Kalaşovun uzun müddət həbsdə qalması məlum olandan gedirdi. Baş oğru ofisinin top-meneceri postuna iki qruplaşma iddia edirdi - slavyan və Qafqaz. Birincilərə Vasiliy Xristoforov, Yuri Piçuqin, Vladimir Tyurin (Tyurik), Oleq Şişkanov (“Şişkan”) və Aleksey Petrov (“Petrik”) daxil idi.

Zaxari Kalaşov

Komidə fevral ayında mütəşəkkil cinayətkar qruplaşmanın yaradılması haqqında cinayət işi çərçivəsində “Piçuq” saxlanıldı. Beləliklə, o, seçkiqabağı kampaniyadan kənarlaşmış oldu.

Qafqaz qruplaşması da bir neçə yerə bölünmüşdü. Onlar heç vaxt vahid namizəd haqqında razılaşa bilmədilər. Baş oğru taxtına mümkün iddiaçılar arasında hazırda Yunanıstanda olan Laşa Şuşanaşvili (“Laşa Rustavski”), həmçinin onun amansız düşməni Merab Canqveladzenin (“Merab Suxumski”) adı çəkilirdi. Sonuncu hazırda İtaliyadadır. Mümkün variantlar arasında həmçinin “Kaxa”nın və Rusiya kriminal dünyasının öldürülmüş patriarxı Aslan Usoyanın (“Ded Xasan”) bacısı oğlu, avtoritet Dmitri Çanturiyanın (“Miron”) adı hallanırdı.

Yuri Piçuqin

“Laşa Rustavski” və “Merab Suxumski” oğru dünyasında böyük nüfuz və təsirə malikdirlər. Ancaq kriminal dünyasının narahat təsərrüfatını idarə etmək üçün Rusiyada olmaq lazımdır.

“Birinci hələ 2005-ci ildə Rusiya vətəndaşlığından məhrum edilib. İkinci isə, bu yaxınlarda ölkəyə girişə ömürlük qadağa haqqında Rusiyanın Miqrasiya Xidmətindən xəbərdarlıq alıb”, - Layf.ru-ya tədqiqatçılardan biri danışıb.
Nəticədə uzunmüddətli danışıqlardan sonra “Piçuq” və “Vasya Xristos”un dəstəyi ilə “baş mühasib” Kaxaber Parpaliya Rusiya oğru dünyasının kralı oldu. “Kaxa” 1975-ci ildə doğulub və 1999-cu ildə ona Moskvada oğru “tac”ı qoyulub.

Kaxaber Parpaliya

O, ötən vaxt ərzində müxtəlif oğru toplantılarında dəfələrlə saxlanılıb, ancaq həmişə istintaqdan qaçmağa müvəffəq olub. “Kaxa” Kalaşovun yaxın ətrafında olan insan hesab edilir, çünki ümumrusiya kriminal cəmiyyətin xəzinədarıdır. Hətta onların evləri Moskva vilayətinin prestijli Odintsov rayonunda bir-birinə yaxın yerləşir. Layf.ru-nun mənbələrinin sözlərinə görə, Kaxaber “Şakro Molodoy”un tutulmasından sonra faktiki olaraq onun vəzifələrini icra edirdi: regionlardan ödəmələri qəbul edir, kriminal cəmiyyətə nəzarət edir, oğru dünyasında bəzi məsələlərin həllinə müstəqil qərar verirdi. Sonuncu dəfə 2017-ci ilin iyununda Kaxa Moskvada saxlanılmışdı. O, paytaxt restoranlarından birində Novosibirskdən gələn Pavel Brusensevımla kimin Rusiya kriminal dünyasında kral rütbəsinə iddia etdiyini aydınlaşdırırdı.

Ancaq, Kaxanın güclü müxalifəti də var idi. Söhbət Azərbaycan oğru qruplaşmasından gedir. Bu qruplaşmaya 2016-cı ildə Rövşən Canıyevin Türkiyədə öldürülməsindən sonra Nadir Səlifov (“Lotu Quli”) başçılıq edir. O da həmçinin taxta iddia edirdi. Layf.ru yazır ki, ancaq Lotu Qulinin indi başqa qayğıları var: Azərbaycan oğru qruplaşmasında təsir sahələrinin yenidən bölünməsi başlanıb.
Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini geri götürübYUNESKO-nun baş direktoru vəzifəsinə seçkilərin ikinci turu nəticəsiz bitib.

AzNews.az xəbər verir ki, heç bir namizəd səs çoxluğu qazana bilməyib.

Məlumata görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürüb.

Qeyd edək ki, YUNESKO-nun baş direktoru vəzifəsinə 6 ölkənin nümayəndəsi namizəddir.

Səsvermənin növbəti turu sabah keçiriləcək.
Avropa ŞOKDA: Daha bir ölkə parçalanırİspaniyada Kataloniya muxtar vilayətindən sonra Avropada separatizm dalğası sürətlə yayılmaqdadır.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, Şotlandiya Milli Partiyasının (SNP) sədr müavini Angus Robertson Şotlandiyanın Böyük Britaniyadan ayrılması üçün yeni bir referendumun keçiriləcəyini bildirib.

Partiya bu il ərzində keçirilən seçkilərdə Birləşmiş Krallığın parlamentində Şotlandiya üçün ayrılan 56 yerdən 31-ini qazanmağı bacarmışdı.

Xatırladaq ki, Şotlandiya 2014-cü ildə müstəqillik referendumu keçirib. Lakin əhalinin əksəriyyəti krallığın tərkibində qalmağa səs verib. Ancaq “Breksit”dən sonra Şotlandiyada müstəqillik tələbləri yenidən səslənməyə başlanıb.

Qeyd edək ki, Kataloniyada oktyabrın 1-də keçirilən referendumda əhalinin əksəriyyəti müstəqilliyə səs verib. Bundan ruhlanan Almaniyanın Bavariya Partiyası müstəqillik tələbi ilə çıxış edib. Adıçəkilən bölgə Almaniyadan ayrılaraq müstəqillik statusu qazanmaq istəyir.
Azərbaycanın uğurları beynəlxalq səviyyədə təqdir edilir“Artıq 2017-ci ilin böyük bir hissəsi arxada qalıb. Bu il dünya miqyasında həm siyasi, həm də iqtisadi baxımdan böhran müşahidə olunsa da, ölkəmiz öz inkişaf tempini qoruyub saxlayıb. Oktyabrın 9-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən dövlətimizin başçısının qeyd etdiyi kimi, ötən dövrdə ölkəmiz uğurla və hərtərəfli inkişaf edib. Bütün sahələrdə dinamik inkişaf təmin edilib.” Bu sözləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

YAP Siyasi Şurasının üzvü qeyd edib ki, sağlam təməllər üzərində qurulmuş inkişaf strategiyasına uyğun olaraq Azərbaycan bu ilin 9 ayında kifayət qədər müsbət göstəricilər əldə edib: “Xüsusi olaraq vurğulamaq lazımdır ki, qeyri-neft iqtisadiyyatı 2,5 faiz artıb. Bununla yanaşı, qeyri-neft sektorunun sənaye hissəsi uğurla inkişaf edir. Qeyri-neft sənayesi 3,1 faiz artıb. Kənd təsərrüfatındakı artım isə 2,8 faizə bərabər olub. Xarici ticarət dövriyyəsi 7 faiz artıb. İlin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. Bütün bunlar onu deməyə əsas verir ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar öz bəhrəsini verir. Kənd təsərrüfatının, sənaye sahələrinin, turizmin, ümumilikdə qeyri-neft sektorunun inkişafı real statistik rəqəmlərdə özünü göstərir. ”

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, indiki mürəkkəb şəraitdə hər bir ölkə üçün önəmli olan ən əsas məsələ müstəqilliyi, suverenliyi qoruyub saxlamaq və daha da möhkəmləndirməkdir: “Biz əbəs yerə tez-tez bu məsələni vurğulamırıq. Çünki bu gün böyük dövlətlərin maraqlarına “tuş gələn” bir sıra kiçik dövlətlər de-yure müstəqil olsalar da, de-fakto müstəqil deyillər. Ancaq dünya miqyasında öz yeri və rolu olan Azərbaycan sözün əsl mənasında müstəqil siyasət yürüdür, öz dövlətçilik və milli maraqlarını daim müdafiə edir. Möhtərəm Prezidentimizin Nazirlər Kabinetinin iclasında qeyd etdiyi kimi, Azərbaycan özünü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilib, müstəqil siyasət aparan ölkə kimi tanınır. Bu amilin əsasında güclü siyasi iradə, xalq-iqtidar birliyi və s. məsələlər dayanır. Həmçinin iqtisadi müstəqilliyi də vurğulamaq gərəkdir.”

V.Rəhimzadənin sözlərinə görə, son illər aparılan mühüm islahatlar nəticəsində ölkə əhalisinin məşğulluğu yüksək səviyyədə təmin edilib, yeni iş yerləri açılıb: “Son 9 ayın sosial-iqtisadi göstəricilərinə görə, 226 min yeni iş yeri yaradılıb ki, onlardan 171 mini daimidir. Bu, onu göstərir ki, ölkəmizdə işsizlik aşağı səviyyədədir. Yeni iş yerlərinin yaradılması prosesi mütəmadi olaraq həyata keçirilir və bu proses uğurlu sosial-iqtisadi siyasətimizin mühüm tərkib hissəsi kimi xarakterizə edilir.”

YAP Siyasi Şurasının üzvü bildirib ki, bu il neft-qaz sənayesində də bir sıra əlamətdar hadisələrlə yadda qalacaq: “Bu sahədə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun gələcəkdə işlənilməsi ilə bağlı imzalanan yeni kontraktı xüsusilə vurğulamaq lazımdır. Qeyd edək ki, kontraktın müddəti 2050-ci ilə qədər uzadılıb. Nəticədə ölkəmizin iştirak payı 11 faizdən 25 faizə yüksəlib. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcək. Bununla yanaşı, SOCAR yeni kontraktın podratçısı kimi iştirak edəcək, ölkəmizə xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. Bununla yanaşı, bütün dünyanın diqqət mərkəzində olan “Cənub Qaz Dəhlizi” layihəsinin icrası istiqamətində işlər uğurla aparılır. “Şahdəniz-2” layihəsinin icrası 96 faiz səviyyəsindədir. TANAP-ın 82 faizi, TAP-ın isə 53 faizi icra olunub. Hesab edirəm ki, bütün bunlar neft-qaz sənayesinin, ümumilikdə Azərbaycanın sürətli inkişafına təkan verən mühüm amillərdir.”

“İki sahil” qəzetinin baş redaktoru onu da əlavə edib ki, ölkəmizin uğurlu inkişafı beynəlxalq səviyyədə də izlənilir və yüksək qiymətləndirilir: “Bu günlərdə Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə qalxması davamlı islahatların məntiqi nəticəsidir. Bu o deməkdir ki, Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən 35 ən rəqabətqabiliyyətli ölkə sırasındadır. Dövlətimizin başçısı cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasında vurğuladığı kimi, bu, böyük uğurdur, tarixi nailiyyətdir.”
“Lotu Quli”nin qulağını kəsdirdiyi azərbaycanlı avtoritet kimdir? - VİDEOKeçən il İstanbulda azərbaycanlı kriminal avtoritet Rafiq Eyvazovun döyülməsi və qulağının kəsilməsi ilə bağlı görüntülər yayılmışdı.

Lent.az-ın məlumatına görə, görüntülərdən məlum olurdu ki, Rafiq Eyvazov “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovun adamları tərəfindən döyülüb. Bundan sonra Rafiq Eyvazov Nadir Səlifovla şəxsi düşmənçiliyə başlayıb.

Həmin hadisənin təfərrüatına gəldikdə, hadisənin pul üstündə baş verdiyi ehtimal edilir.

Mətbuatda qeyd edilib ki, Eyvazov daha öncə Bakının 8 saylı islah təcridxanasında cəza çəkərkən Səlifovun qruplaşmasında olub, münaqişədən sonra qruplaşmadan çıxmaq istədiyini bildirib.

Tezliklə Səlifovun adamları Eyvazovu İstanbul aeroportunda qarşılayıblar və onu restorana aparıblar. Eyvazov tək olmayıb, onunla birlikdə türk dostu da olub. Restoranın çıxışında cinayətkarlar Eyvazovu silahla hədələyərək tanışı ilə bərabər adam olmayan yerə aparıblar.

Orada hər ikisini vəhşicəsinə döyüblər, Eyvazovun isə qulağını kəsiblər. Baş verən hadisədən sonra Masallinski bir neçə gün xəstəxanada qalıb.

Bundan sonra Rafiq Masallinski digər azərbaycanlı kriminallarla birləşib qisas almaq niyyətində düşüb. Rafiq məhz İstanbulda ona edilən davada iştirak edən 2 avtoritetin öldürülməsi nail olub.

Rafiq Masallinski kimdir?

Rafiq Yavər oğlu Eyvazov 1982-ci il yanvar ayının 21-də Masallı rayonu Qarabağ küçəsində anadan olub. Onun milliyyətcə talış olduğu qeyd edilib.

O, gənc yaşlarından müxtəlif cinayətlərə görə dəfələrlə saxlanılıb. Lakin bunlar barəsində elə də geniş məlumat yoxdur. Daha sonra Rafiq Eyvazov Rusiyada və Azərbaycanda kriminal aləmin üzvləri ilə münasibət qurmağa başlayıb. Rafiq Masallinski 2013-cü il fevral ayında keçirilən “sxodka” zamanı “qanuni oğru” adına yiyələnib.

Rafiq Eyvazov həmin sxodkada Əlibaba Həmidov (Qoca Bakinski), Arif Mehdiyev (Arif Sumqayıtski), Vaqif Süleymanov (Vaqif Diplomat), Yunus Nəzərov (Yunus Yasamalinski), Rəşad İsmayılov (Rəşad Gəncinski), Baxış Əliyev (Baxa) və başqa bir neçə gürcü lotu tərəfindən “tac”landırıb.

2013-cü ilin martın 27-də Rafiq Eyvazov “Bandontel” tərəfindən Bakıda həbs edilib. Onun üzərindən “Makarov” tipli tapança və 5 güllə aşkarlanıb. O, ifadəsində düşmənləri olduğu üçün silah gəzdirdiyini deyib.

Rafiq Eyvazov cəzasını Qobustanda yerləşən ciddi rejimli həbsxanada çəkib. O, bu dövrdə həmin həbsxanada “opşak”a baxan Ramin Əliyev (Dobri Ramin və yaxud Kriti Ramin)lə dostluq edib. Bunu əks etdirən fotolar var.

“Dobri Ramin” isə uzun müddət Qobustanda cəza çəkən məhbuslar arasında “böyük qardaş” kimi tanınıb. Onun da məhz cənub bölgəsindən olması Rafiq Eyvazovla münasibətlərinin isti olmasına gətirib çıxarıb. (“Dobri Ramin” də dünyasını dəyişib).

Həmin dövrlərdə Eyvazovun “Lotu Quli” ilə münasibətləri pisləşməyə başlayıb.

Məhz Nadir Səlifov tərəfindən onun oğru adı əlindən alınıb. Lakin bu, uzun çəkməyib, Eyvazovun oğru adı bərpa edilib.

Həbsdən çıxandan sonra Rafiq Eyvazov Rusiyada və Türkiyədə yaşayır. Lakin tez-tez Azərbaycana gəldiyi də məlumdur. Sonuncu dəfə Rövşən Lənkəranskinin məzarını ziyarət edib.
Azərbaycanlı jurnalistin yazıları Çexiya mediasında"Ədalət” qəzetinin şöbə müdiri, "Yeni Həyat-İqtisadi İnkişaf” İctimai Birliyinin sədri Ədil Ədilzadənin Çexiya mediasında məqaləsi dərc olunub. Bununla bağlı saytımıza açıqlama verən Ə.Ədilzadə qeyd edib ki, "Yeni Həyat - İqtisadi İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycan milli mövqeyinin Çexiya mediasında işıqlandırılmasının təşkili” layihəsini həyata keçirir. Layihə çərçivəsində Çexiyanın www.respublika.cz internet portalında Azərbaycanda siyasi partiyalara yaradılan şərait, siyasi partiyaların fəaliyyəti ilə bağlı dərc olunan yazı geniş oxucu kütləsinin marağına səbəb olub.

Bununla yanaşı Azərbaycan Neft Sənayesinin inkişafında müstəsna rolu olan SOCAR şirkəti haqqında da yazı dərc olunub ki, bu yazıda da SOCAR-ın fəaliyyəti ilə bağlı geniş məlumat verilib.

Ə.Ədilzadə yazıların davamlı olacağını, ümumilikdə layihə çərçivəsində 9 yazının işıq üzü görəcəyini bildirib.

Yazılarla aşağıdakı linklərdən tanış ola bilərsiniz.

http://www.respublika.cz/inostrantsy/rossiya/tendentsii/62289-politicheskie-sistemy-chekhii-i-azerbajdzhana-politicheskij-krizis-ili-put-k-sotrudnichestvu

http://novosti.respublika.cz/ekonomika/7165-azerbajdzhan-yavlyaetsya-strategicheskim-partnerom-chekhii-v-voprose-diversifikatsii-energonositelej
Daha bir bloger Qarabağa qanunsuz səfər etdiLatviyanın Dauqavpils şəhərindən olan videobloger İvar Utinas Dağlıq Qarabağa səfər edib.

Modern.az xəbər verir ki, regiona həsr olunmuş 2 filmin çəkilişlərini aparan bloger işğal altındakı torpaqlara qanunsuz səfər etdiyi üçün “qara siyahı”ya düşəcəyini bildiyini deyib. Buna rəğmən, latviyalı bloger yenidən Qarabağa səfər edəcəyini deyib.
Mehriban Əliyeva Aida İmanquliyevanın məzarını ziyarət etdi - FotoAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 10-da İkinci Fəxri xiyabana gələrək görkəmli şərqşünas alim Aida İmanquliyevanın doğum günü münasibətilə məzarını ziyarət edib, xatirəsini ehtiramla anıb.

Avrasiya.net xəbər verir ki, Mehriban Əliyeva Azərbaycanda şərqşünaslıq elminin inkişafında misilsiz xidmətləri olan alimin məzarı önünə gül dəstələri düzüb.

Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə güllər qoyub.

Daha sonra Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər güllər düzüb.

Qeyd edək ki, müasir ərəb ədəbiyyatının ən ciddi tədqiqatçılarından biri olan Aida İmanquliyevanın adı tarixə ilk müsəlman qadın şərqşünas və ərəbşünas alim, ərəb mühacir ədəbiyyatının tədqiqatçısı, Azərbaycan ərəb ədəbiyyatşünaslığı məktəbinin yaradıcısı kimi düşüb. Uzun illər Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru işləmiş Aida xanım öz istedadı və əməksevərliyi sayəsində keçmiş Sovet İttifaqında müasir ərəb ədəbiyyatı üzrə dəyərli mütəxəssislərdən biri kimi tanınıb. Aida İmanquliyeva özündən sonra zəngin elmi irs qoyub, fundamental tədqiqatları ilə dünya şərqşünaslığını xeyli zənginləşdirib. Professor Aida İmanquliyeva çox az adama nəsib olan elmi istedadı, təşkilatçılıq qabiliyyəti və pedaqoji fəaliyyəti özündə birləşdirən alimlərdən biri olub.
Erməni snayperi Azərbaycan əsgəri kimi təqdim edildi - Qalmaqallı nəşriyyatda daha bir biabırçılıq/ FOTO10-cu sinif "Gənclərin çağırışaqədərki hazırlığı” dərsliyində erməni snayperinin fotosu Azərbaycan əsgəri adı ilə təqdim edilib.

Avrasiya.net xəbər verir ki, bu haqda jurnalist Rəşad Süleymanov məlumat yayıb:

"”Şərq-Qərb” nəşriyyatı 10-cu sinif "Gənclərin çağırışaqədərki hazırlığı” dərsliyində erməni snayperinin fotosunu Azərbaycan əsgəri adı ilə bizə sırıyır. Bilməyənlərin diqqətinə çatdırım ki, bu foto erməni snayperinin fotosudur. "Azatutyun” çəkib.”

Qeyd edək ki, adıçəkilən nəşriyyatın 10-cu siniflər üçün çap etdiyi tarix dərsliyində Qara dənizdən Xəzər dənizinədək olan ərazi Ermənistan xəritəsi olaraq təqdim edilib.
8 yaşlı uşağı məktəbdən qovdular - Direktor nazirliyi suçlayırŞirvan şəhərində 8 yaşlı 1-ci sinif şagirdi məktəbdən uzaqlaşdırılıb. Buna səbəb isə uşağın 1-ci sinfə 2 il gec sənəd verməsi olub.

Bu barədə BakuPost.az-a şagirdin ailəsi məlumat verib. Qarayeva Aytac Şahin qızının yaxınları bildirib ki, son bir neçə ildə ailədə baş verən bədbəxt hadisələr səbəbindən uşağın məktəbə yazdırılması da gecikib. Lakin bu il Aytacın sənədləri Şirvan şəhəri 4 saylı orta məktəbdə qeydiyyatdan keçirilib və o, sentyabrın 15-də digər uşaqlar kimi 1-ci sinfə yollanıb: "Direktor Gülmirzə Həsənov da Aytacın sinif rəhbəri ilə danışıb, ailəmizdə baş verən bədbəxt hadisə barədə müəlliməyə məlumat verib. Tapşırıb ki, uşağa diqqət göstərilsin. Təxminən 15 gün dərsə gedəndən sonra direktor bizi çağırdı, dedi ki, uşağınızı məktəbdən çıxarılıb. Çıxarma səbəbi kimi də qeyd etdi ki, Təhsil Nazirliyi 6 yaşını keçmiş uşaqların 1-ci sinfə qəbul edilməməsi barədə qərarı var. Nə qədər dil-ağız etdik, yenə də uşağı məktəbdən çıxardı. Alternativ olaraq təklif etdi ki, yanvar ayına kimi uşaq evdə otursun. Dedi ki, yanvarda gələrsiniz, mən aidiyyəti orqanlardan xahiş edərəm, Aytacı bəlkə məktəbə qəbul edərik. Amma biz bundan da əlimizi üzmüşük. Alınan şeyə oxşamır. Biz heç kimdən şikayət etmək istəmirik deyə Təhsil Şöbəsinə, Təhsil Nazirliyinə ərizə yazmamışıq. Amma uşağımızın da təhsilsiz böyüməsini istəmirik”.

Aytac Qarayevanın dərsə gec getməsinin səbəbi isə atası Şahin Qarayevin bir neçə il əvvəl qəza törətməsi olub: "Başımız o qəzaya qarışdı. Daha sonra Şahin elə o qəzaya görə tutuldu. Ona görə də Aytacın sənədlərini düzəltməyə vaxtımız olmadı. Sapsağlam uşaqdır. Sağlamlıq kağızımız da var. O vaxtlarda bütün ailə darmadağın olmuşdu. İndi başımız açılıb, uşağımızı məktəbə yazdırmışıq. O da ki belə... Təhsil naziri Mikayıl Cabbarovdan xahiş edirik ki, övladımızın bu işinə diqqət yetirsin”.

Şirvan şəhər Təhsil Şöbəsinin rəhbəri Rövşən Allahverdiyev BakuPost.az-a açıqlamasında məsələnin araşdırılacağını bildirib: "Sözügedən məsələ ilə bağlı Təhsil Şöbəsinə müraciət edilməyib. Ailə bizə müraciət etsin, məsələni araşdıraq. Qanunla 1-ci sinfə qəbul 2 il gecikə bilər. Əgər uşaq 2 ildən çox gecikibsə, o zaman Təhsil Nazirliyində müvafiq olaraq komissiyanın iclası keçirilir və məsələylə bağlı qərar qəbul edilir.

Aytac Qarayeva 2 ildən çox gecikməyibsə, heç bir problemsiz onun məktəbə getmə, təhsil alma hüququ təmin ediləcək.

Araşdırmadan sonra da məktəbin direktorunun günahı varsa, müvafiq ölçü götürüləcək”.

Təhsil eksperti Əjdər Ağayev BakuPost.az-a açıqlamasında bildirib ki, Təhsil Nazirliyinin elə bir qanunu yoxdur: "İcbari təhsil qanunu var. Bu qanunla hər bir Azərbaycan vətəndaşı təhsilə cəlb olunmaldır. Əgər uşağın hər hansı qüsuru yoxdursa, o zaman normal məktəbə getmək haqqı var. Təhsil Nazirliyində belə bir qanun yoxdur ki, uşağın yaşı 6-nı keçibsə, onu məktəbə qəbul etmək olmaz. Hökumət özü hamının təhsilə, tədrisə cəlb olunmalı olduğunu deyir. Hər yerdə maarifləndirmə işləri aparılır. Hər bir uşaq məktəb təhsilinə cəlb olunmalıdır və təhsil almalıdır. Ən azından orta təhsili almalıdır. Düzdür, 1-ci sinfə qəbul 6 yaşdandır. Lakin hər nə səbəbdən olur olsun, hansısa məktəb təhsilə 2 il gec başlamaq istəyən uşağı qəbul etmirsə, o zaman səhv edir. Belə bir göstəriş yoxdur. O məktəb onu qəbul etməli, oxutmalıdır. Elektron qəbul məsələsi var, ola bilər ki, valideyn buna əməl etməyib. Amma hətta belədirsə, o zaman direktor Təhsil Şöbəsiylə əlaqə saxlamalıdır, məsləhət almalıdır, o uşağı mütləq şəkildə təhsilə cəlb etməlidir”.

Təhsil eksperti qeyd edib ki, direktor uşağın təhsildən yayındırılmasına görə günahkardır: "O uşağı məktəbdən uzaqlaşdırmaq istəyirlərsə, görünür hansısa maraqları var və bu addımı atırlar. Valideyn gedib tələb etməlidir ki, mənim uşağımı məktəbə qəbul edin. Görün nə qədər vaxtdır ki, o direktor uşağı təhsildən yayındırıb. Elə buna görə o direktor cəzalandırılmalıdır. Direktor günahkardır”.