14 iyl 13:10Sosial

Quran nə üçün Məhəmməd Peyğəmbərin dövründə kitab halına salınmayıb?

Quran nə üçün Məhəmməd Peyğəmbərin dövründə kitab halına salınmayıb?Günümüzdə bəziləri iddia edir ki, "Quran" dəyişdirilib, təhrif edilib.

"Quran"ın Məhəmməd peyğəmbərin dövründə kitab halına salınmadığına görə, bir çoxları iddia edir ki, sonradan kitaba əlavələr və ixtisarlar edilib. Hətta "Quran"ın ilk versiyasının yandırıldığı da deyilir.

Bununla bağlı ilahiyyatçı alim Elşad Miri fikirlərini Ölkə.Az-la bölüşüb:

""Quran" peyğəmbərin sağlığında vəhy katibləri tərəfindən yazılıb. Peyğəmbər özü ayələr gəldiyi zaman vəhy katiblərini çağırıb, onlara bunu yazdırardı. Bəziləri iddia edir ki, "Quran" ilk dəfə sümüyün üzərinə yazılıb. Bunlar doğru deyil, uydurmadır. Həmin dövrdə peyğəmbər və ətrafı Şam, indiki Efiyopiya ilə əlaqədə idilər, biznesləri var idi, karvanlarla oraya gedib-gəlirdilər. Ticarətdə yazılma olmasa problem yaranır, ona görə də, kağız o zamanlar onlarda mövcud idi. Həmin dövrdə həm dəri üzərində, həm də papirus üzərində ayələr vəhy olunan zaman yazılıb.

Peyğəmbərin evində "Quran" ayələri qalırdı. Peyğəmbərin yanına gələnlər onun üzlərini köçürürdülər. Bəziləri özləri üçün qeydlər edirdilər, vəhy katibləri bəzi əlavələr edirdilər və haşiyədən kənara çıxırdılar. Peyğəmbərin vəfatından sonra bu ayələrin kitab halına salınması gündəmə gəldi. Peyğəmbərin vəfatından 1 il keçməmiş, ayrı-ayrı parçalar halında olan "Quran"ı kitab halına salmaq qərarına gəldilər. Ona görə ki, ayrı-ayrı parçalarda olan "Quranı" bəziləri ləhcə ilə, bəziləri yanlış yazırdılar. Bunun qarşısını almaq üçün kitab halına salmaq qərarına gəldilər. Əbu Bəkrin vaxtında Ömərin təklifi ilə "Quran" kitab halına salınmağa başlandı.

"Quranı" ilk dəfə kitab halına salan Zeyd ibn Sabit olur. Zeyd ibn Sabit daha sonra "Qurani-Kərimin" nüsxələrini çıxarır. İlk nüsxədə "Quran"da olan bəzi qeydlər insanlarda çaşqınlıq yaratmasın deyə minlərlə səhabənin təklifi, razılaşdırılması ilə əldəki "Quran" bu qalsın deyə yandırılma olub. Digər tərəfdən "Quran" kitabına hansısa dəyişikliyin olması ona görə mümkün deyildi ki, "Quran" insanlar tərəfindən əzbərlənirdi, namazlarda qılınırdı, onunla hökmlər verilirdi, ona uyğun olaraq da, insanlar yaşayışlarını təmin edirdilər. Ona görə də, belə bir kitabın təhrif edilməsi, dəyişdirilməsi mümkün deyil.

Bizim günümüzdə işlətdiyimiz "Quran"da nöqtələmə və hərəkələmə məsələləri çox sonralar ortaya çıxıb. İnsanlar İslamı qəbul edib, "Quran"ı səhv oxumasınlar deyə nöqtələmə və hərəkələmə anlayışları yaranıb. "Quran"ın həmin dövrdə olan nüsxələri günümüzdə bir çox yerdə, Türkiyədə, Misirdə, Rusiyada, İngiltərədə, Özbəkistanda mövcuddur".
loading...
XƏBƏR LENTİ