24 fev 16:55Sosial

"Azərsu” su xətti olmayanlara 500 manatdan çox borc yazıb - FOTO, VİDEO

"Azərsu” su xətti olmayanlara 500 manatdan çox borc yazıb - FOTO, VİDEOSuraxanı rayon, Zığ qəsəbəsi, Xanlar küçəsinin sakinləri "Azərsu" ASC-dən şikayətçidirlər. Sakinlərin şikayət etmələrinin səbəbi onlara yazılan su borclarıdır. Belə ki, illərdir, suyu pulla alan sakinlərə "Azərsu" ASC tərəfindən su borcu yazılıb.

Sakinlərin sözlərinə görə, yaşadıqları ünvanda illərdir ki, su xətti olmayıb. Uzun çəkən şikayətlərdən sonra onların evlərinə su xətti çəkilib. Lakin sakinlər yenə də problemlə qarşılaşıblar.

Evlərinə su gəlsə də, sudan istifadə edə bilmirlər. Səbəb isə Xanlar küçəsində yaşayan sakinlərə müxtəlif məbləğlərdə su borcunun yazılmasıdır.

Şahin Rzayev adlı qəsəbə sakini deyir ki, sayğaca kilid qoyulduğu üçün susuz qalıb: "Bu küçədə uzun illərdir ki, ümumiyyətlə, su olmayıb. Hələ su çəkməyə indi-indi başlayıblar. Bu günə qədər biz suyu maşınlarla almışıq və ya oradan-buradan su daşımışıq. Ötən ilin noyabr ayında sayğac qoyublar. Getdim kartı götürməyə, məlum oldu ki, 531 manat borcum var. Bu borc necə yarana bilər? Mənə su verməyiblər, vermədikləri suya görə borc yarana bilərmi?

"Azərsu" ASC-dən deyirlər ki, mən 1998-ci ildə "Azərsu" ilə müqavilə bağlamışam. Həmin ildən 2011-ci ilə kimi 1000 manatdan çox borcum silinib. Həmin borcu da prezidentin qərarı əsasında siliblər. Amma mənim bundan xəbərim yoxdur. Mən "Azərsu" ASC ilə heç bir müqavilə bağlamamışam. İllərdir ki, su verilmirdi, indi su verirlər, yenə susuz qalmışıq".

Xanlar küçəsi ev 9 ünvanın sakini Ağarıza Gülmirzəyev deyir ki, onlara haqsız yerə 731 manat borc yazılıb: "Bizim su xəttimiz heç olmayıb. İndi xətt çəkdilər, sayğac qoydular, məlum oldu ki, 731 manat borcumuz var. Deyirlər ki, guya köhnədən nəsə su xətti olub. O xətdən istifadəyə görə olan borcdur. Amma belə şey yoxdur. Yalan danışırlar. Biz şirin suyu maşınlarla almışıq. Bir də ki, təbii yolla yerin altından çıxan şor su var. Ondan da heyvanlar üçün istifadə etmişik. Yəni, "Azərsu" ASC bizə su verməyib. Bizə su vermədikləri üçün də bizdən pul tələb edə bilməzlər. Özləri araşdırsınlar, baxsınlar.

Eyni problemlə qarşılaşan Əli Dadaşovun sözlərinə görə, 10 ildir ki, bu ünvanda yaşayır və heç vaxt su verilməyib: "Bu zamana qədər bizə su verməyiblər. 10 ildir ki, bu evi almışam və burada ailəmlə yaşayıram. Hər ay maşınla su alıb, işlətmişik. Bir də yerin altından qaynayan sudan işlətdiyimiz üçün başımızda tük də qalmayıb. Çarəsizlikdən istifadə etmişik. İndi su veriblər, amma üstündə borc da veriblər".

Məsələ ilə bağlı musavat.com-a açıqlama verən “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bunları deyib: "Bu məsələ ilə bağlı rayon sukanal idarəsinə tapşırıq verilib, məsələ araşdırılacaq. Həqiqətən də kiminsə suyu olmayıbsa və ona borc yazılıbsa, bununla bağlı sənədlər hazırlanıb, "Azərsu" ASC-də fəaliyyət göstərən komissiyaya təqdim olunacaq. Komissiya baxıb, müvafiq qərar verəcək və borc ləğv ediləcək".
loading...
Reklam
XƏBƏR LENTİ