18 apr 16:30Sosial

Müəllimin peşə fəaliyyətində etik davranış prinsipləri

Müəllimin peşə fəaliyyətində etik davranış prinsipləriBəşər sivilizasiyasının bir tam halında mövcudluğunu və inkişafını təmin edən amillərdən biri də təhsildir. Təhsil hər bir xalqın, hər bir ölkənin formalaşmasına əsaslı təsir göstərir. Bu gün Azərbaycan Bolonya prosesinə qoşularaq və digər ölkələrin qabaqcıl təcrübəsindən bəhrələnərək təhsil sistemində formalaşmış ənənələri, bu sistemin hərəkətverici amilləri olan milli-mənəvi dəyərlərin qorunub saxlanmasını önə çəkir. Bu dəyərləri özünün peşə fəaliyyətində cəmləşdirən və şəxsiyyəti ilə cəmiyyətə nümunə ola bilən şəxs isə müəllimdir. Cəmiyyəti təşkil edən şəxslərin hamısı – dövlət xadimləri, ziyalılar, iş adamları kənddə yaxud şəhərdə yaşamalarından asılı olmayaraq, məktəblərdə müəllimin sayəsində formalaşmışdır. Təsadüfi deyil ki, hər bir millətin gələcəyi layiqli vətəndaşlardan, bu vətəndaşların yetişdirilməsi isə müəllimdən asılıdır.

Tarixin bütün dövrlərində təhsilin səviyyəsi və müəllim hazırlığı, müəllim peşəsinə verilən tələblər mütəfəkkirləri düşündürmüş, istər Şərq, istərsə də Qərb pedaqogikasında müəllim nüfuzu, mədəniyyəti, insanlarla ünsiyyətdə humanizmi, xeyirxahlığı, əxlaqi-etik davranış normaları ilə seçilmişdir.

Antik dövrün filosoflarından Demokrit təlimdə uşağı inandırmaq vasitələrinin məcbur etmək vasitələrindən üstün olduğunu, Platon müəllimin uşaqların daim nəzarətdə saxlanmalarını, sözə baxmayanların cəzalandırılmasını müəllimin fəaliyyətində əsas götürürdü. Xilafət dövründə müəllimlik peşəsi o qədər də nüfuzlu peşələrdən hesab edilməsə də, müəllimlərin seçiminə diqqət yetirilir, yüksək əxlaqi keyfiyyətlərə, fərdi qabiliyyətlərə malik olmayanlara uşaqların təlim-tərbiyəsi həvalə edilmirdi.
X əsr ensiklopedist alim, filosof və pedaqoqu, Aristoteldən sonra “ikinci müəllim” adını qazanan Əl-Fərabinin fəlsəfi-pedaqoji irsində də müəllim şəxsiyyəti, onun əxlaqi-mənəvi keyfiyyətləri əsas yer tutur. Müəllimin peşə etikası qaydalarını tərtib edən Fərabi yazırdı: “Müəllimin davranış normalarının mahiyyəti ondan ibarətdir ki, o nə həddindən artıq ciddilik nümayiş etdirməli, nə də son dərəcə mülayim və ya hər şeyə göz yuman olmamalıdır, çünki sərtlik şagirdi müəllimin əleyhinə qaldırır, etikasızlıq müəllimə hörmətsizliyə, tədris etdiyi fənnə və onun elminə laqeyd münasibətə gətirib çıxarır”.

Fransız maaarifçilərindən Russonun etik konsepsiyasında müəllimin insani çatışmazlıqlardan uzaq olduğu və əxlaqi cəhətdən cəmiyyətdən yüksəkdə dayandığı qeyd edilir. Pestalotsiyə görə isə müəllim öz fəaliyyətində əmək tərbiyəsi və əxlaqi tərbiyə ideyalarını birləşdirməlidir.

XII əsr Azərbaycan intibahının görkəmli nümayəndəsi Nizami Gəncəvinin müəllimin peşəsində qiymətləndirdiyi birinci cəhət yüksək elmə, hərtərəfli biliyə sahib olmasıdırsa, ikinci mühüm keyfiyyət təmizliyi, əxlaqı, mənəvi paklığıdır. Nizami kimi, intibah dövrü fransız mədəniyyətinin tanınmış nümayəndəsi Mişel de Monten də müəllimin şəxsi nümunəsinə, biliyindən çox əxlaqi keyfiyyətlərinə üstünlük verirdi.

XIII əsr mütəfəkkiri M.H.Naxçıvani də müəllimləri tərəqqini yaradan insanlar içərisində üstün sayır. Xalqa yol göstərən “nurani ata” kimi təsvir olunan müəllimin Hinduşah Naxçıvaniyə görə, əxlaqı ilə ixtisası birləşdikdə, təkmil olduqda dövlət də, vilayət də saf olar. Üzərinə düşən vəzifəni əql və idrakla yerinə yetirməyi tələb edən alim müəllimi şöhrətli görmək istəyir və bunu ondan tələb edir.

XIII əsr pedaqoji fikir tarixinin tanınmış nümayəndəsi Nəsirəddin Tusi öz pedaqoji yaradıcılığında təhsil, tədris, təlim-tərbiyə prosesi və bu prosesin aparıcı qüvvəsi olan müəllim haqqında “Əxlaqi-Nasiri”, “Adabül-mütəəllimin”, “Nəsihətlər” əsərində orijinal fikirlər söyləmişdir. Tusi müəllimi təlim prosesinin peyğəmbəri hesab edir, yeri düşdükcə ona “alim”, “ədib”, “müəddib”, “mütəkəllim”, “müdərris” kimi adlarla müaciət edir. Pedaqoji terminlərin islahatçısı kimi tanınan Tusinin lüğətində “müəllim hər sahədən məlumatı olan adam”, “heç bir varidata, dirhəmlərə uymayıb, dəbdəbə və tərəqqisini vətənə, xalqa xidmət göstərən mütəəllim yetirməyə gərək insan” kimi tərənnüm edilir.

Müəllim peşəsini bütün sənətlərin zirvəsi sayan pedaqoq alim müəllimin xarici görünüşü ilə yanaşı, daxili keyfyyətlərinə də fikir verir, “ülvitələb, zinətfəza və ülüvvüdərəcat müəllimi” “əxlaq cəhətincə qüsursuz, şirinləhcə, vüqarlı, mürüvvətli, heybətli (simalı, görkəmli – N.A.) və nəzafətli” simada təsəvvür edirdi.
Müəllimin pedaqoji fəaliyyətində riayət etməli olduğu davranış prinsiplərinə və etik normalara o, ciddi yanaşır, şəxsi nümunəni əsas sayırdı. Tusiyə görə, övladını tərbiyəli və savadlı görmək istəyən valideyn gözəl sifətlərə malik müəllimin yanında, onun məktəbində dərs almalıdır, ondan tərbiyə qəbul etməlidir. Tusi yazırdı: “Uşağın müəllimi ağıllı, idraklı, yüksək insani hislər ustadı olmalıdır. O, uşaqların həvəs, meyil və əhval-ruhiyyəsinə bələd olmaqla bərabər, özü şirin dilli, vüqarlı, təmizkar və qabil olmalıdır. O, ...ümumiyyətlə hər bir təriqət əhli ilə oturub durmaq və danışmaq qaydalarından, hər kəsin xüsusiyyət və əhvalına görə onunla müdarə etməkdən bixəbər olmaqla pis, bəd əməllərdən iraq olmamalıdır”. Tusinin fikrincə, müəllim neçə-neçə nəsillərin tərbiyəçisi, yol göstərəni olduğundan kənardan baxanlar ona qibtə etməli, bənzəməyə cəhd etməlidir. Müəllim yalnız biliyi ilə deyil, əxlaqı, davranışı, nüfuzu və s. ilə də nümunə olmalı, sərtlik və bədrəftarlıqdan uzaq olmalıdır.

Böyüyən nəslin təlim-tərbiyəsində müəllimin əvəzsiz rolu bütün mütəfəkkirləri düşündürmüş, müəllim əməyi yüksək dəyərləndirilməklə yanaşı, onun əxlaq və davranışı, peşə mədəniyyəti diqqətdən kənarda qalmamışdır. İran pedaqoji fikrinin inkişafında misilsiz xidmətləri olan şair Məhəmmədhüseyn Şəhriyar müəllimin zəhmətkeş, elmli olmasını əsas saymaqla, davranışına və əxlaqına da fikir verir, yalan danışmamasını, rüşvət almamasını, ölənə qədər mənliyini itirməməsini arzulayırdı. O yazırdı: “Müəllim şagirdlərinin gözündə vüqarlı, təmkinli, möhtəşəm, səbrli olmalı, nüfuzedici baxışı, yerişi-duruşu, şəxsi nümunəsi, uşaqlara qayğı və sevgisi ilə seçilməli, lazım gələndə güzəştə getməyi bacarmalıdır”.

XX əsr Azərbaycan pedaqoji fikir tarixinin tanınmış nümayəndələri Ə.Seyidov, Ə.Həşimov, Ə.Ağayev, N.Kazımov, H.Əhmədov, Y.Talıbov və b. müəllimin fəaliyyətində əxlaqi prinsiplərin formalaşmasını onun pedaqoji etikası ilə bağlı izah etmişlər.

Görkəmli pedaqoqlar müəllimin təlim-tərbiyə prosesində səmərəli fəaliyyəti üçün tələb olunan insani keyfiyyətlərə pedaqoji ədəbiyyatda bir sıra xüsusiyyətlər daxil etmişlər. Bu keyfiyyətlərə humanistlik, xeyirxahlıq, dözümlülük, düzlük, ədalətlilik, əliaçıqlıq, obyektivlik, insanlara hörmət, nikbinlik, ünsiyyətə tələbat, şagirdlərin həyatına maraq göstərmək, özünə tənqidi münasibət, emosionallıq və s. daxil edilir. Sadalanan keyfiyyətlərin hər biri yaradıcı və nümunə olan müəllimin malik ola biləcəyi şəxsi insani keyfiyyətlərdir.

Müəllim öz fəaliyyətində ədalətlilik, diqqətlilik, müşahidəçilik, inam, səbrlilik kimi keyfiyyətlərlə yanaşı, öz vəzifə funksiyasının icrasında demokratik prinsiplərə əməl etməli, cəmiyyət və dövlətin marağı naminə işini səmərəli və keyfiyyətlə qurmalı, müəllim adına və nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməli, qərəzsiz olmalı, sosial mənşəyinə, ictimai mənsubiyyətinə görə öyrəncilər arasında fərq qoymamalı, müqəddəs peşəsini layiqincə yerinə yetirməlidir.

Müəllimin peşə etikasında əsas prinsiplərdən biri də pedaqoji ünsiyyətdir. Pedaqoji ünsiyyət müəllimin peşə fəaliyyətində həyata keçirdiyi ünsiyyətdir. Müəllim bilik, bacarıq və vərdişlərdən əlavə elə ünsiyyətə malik olmalıdır ki, şagirdə təsir göstərə bilsin. Bu zaman müəllimin pedaqoji mərifəti özünü göstərir. Müəllim – şagird – valideyn üçbucağında müəllim daha çox dialoqa, qarşılıqlı əməkdaşlığa əsaslanmalı, öyrəncilərlə əxlaqi davranış normalarına əməl etməlidir. Eyni zamanda, bu əxlaqi keyfiyyətlər şagirdlərə dərk etdirilməli, onlarda həmsöhbətlərinə qarşı diqqətlilik, təvazökarlıq, səmimilik hisləri aşılamalıdır.

Müəllimin etik davranış prinsiplərinə öyrəncilərlə münasibəti ilə yanaşı, kollektivdə həmkarları ilə münasibəti də daxildir; o, əməkdaşlığa mane olacaq rəqabətə yol verməməli, həmkarlarının fəaliyyətinə obyektiv yanaşmalı, təhqirə yol verməməlidir.

Bütün bunlar bir daha onu söyləməyə əsas verir ki, hər bir müəllimin pedaqoji ustalığının əsasını onun pedaqoji mərifəti, etik davranış qaydaları təşkil edir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli 606 nömrəli əmri ilə təsdiq olunmuş “Müəllimlərin etik davranış qaydaları” adlı sənəddə təhsilin bütün səviyyələrində müəllimin ümumi davranışını və təhsil prosesi iştirakçıları ilə qarşılıqlı münasibətini tənzimləyən normalar məcmusu əksini tapmışdır. Pedaqoji prosesdə müəllim-şagird münasibətlərində qarşılıqlı anlaşma və keyfiyyətin yüksəldilməsinə xidmət edən bu normalar “sağlam işgüzar durumun bərqərar olmasına, vətəndaşların təhsil müəssisəsinə və müəllimə etimadının artırılmasına, təhsil müəssisələrinin idarə olunmasında valideynlərin və cəmiyyətin daha yaxından iştirakının təmin edilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına, təhsil müəssisəsində korrupsiya hallarının və maraqların toqquşmasının qarşısının alınmasına və müəllim nüfuzunun yüksəldilməsinə nail olmaqdan ibarətdir”.

Müasir cəmiyyətdə müəllim yüksək kriteriyalara cavab verməli, təkcə öz fənninin gözəl bilicisi kimi deyil, estetik zövqə, yüksək mədəniyyətə malik, dünya hadisələrindən baş çıxarmağı bacaran, şəxsiyyəti, ədəb-ərkanı, davranışı ilə nüfuz etməyi bacaran biri olmalıdır. Çünki müəllim – ilk növbədə tərbiyəçidir. Tərbiyə olmayan yerdə elmin əsaslarından danışmaq olmaz.

Bu gün müəllimin peşə fəaliyyətində etik davranış prinsipləri özündə pedaqoji, metodiki, psixoloji, fəlsəfi, etik biliklərin artırılması, əxlaqi davranış normalarının məsuliyyətlə yerinə yetirilməsini ehtiva edir.

NaziləAbdullazadə
Azərbaycan Dövlət Pedaqoji Universiteti


loading...
XƏBƏR LENTİ
SORĞU