19 mar 03:25Sosial

Tanınmış Qərbi azərbaycanlılar Əli İnsanovun yanında olacaqlarmı: sual və cavablar...

Tanınmış Qərbi azərbaycanlılar Əli İnsanovun yanında olacaqlarmı: sual və cavablar...Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə azadlığa buraxılan sabiq səhiyyə naziri Əli İnsanovun jurnalistlərə açıqlaması zamanı səsləndirdiyi bəzi fikirlər birmənalı qarşılanmayıb.

Eks-nazirin siyasətdən getmək fikrində olmadığını söyləməsi, üstəlik, müxalifətlə əməkdaşlıq perspektivləri barədə danışarkən “bilmək olmaz hələ, kim kimin ətrafında birləşəcək”,-deyə ortaya iddia qoyması daha çox müzakirə olunmaqdadır. Qeyd edək ki, Ə.İnsanov həbs edilərkən onunla bağlı baş verənlərdən ən çox əziyyət çəkən elə sabiq nazirin təmsil olunduğu Qərbi Azərbaycan bölgəsinin insanları oldu. Belə ki, sadə insanlardan, səhiyyə sistemində çalışanlardan, iş adamlarından tutmuş, məmurlara qədər əksər insanlar bu və ya digər şəkildə Ə.İnsanovun həbsindən ziyan çəkdilər. Bu arada, eks-nazirin partiya yaradacağı, Qərbi azərbaycanlıların lideri olması ilə bağlı iddialar da tirajlanmaqdadır. Maraqlıdır, Qərbi Azərbaycandan olan tanınmış simalar Ə.İnsanovun sözlərini necə qarşılayıblar? Azərbaycandan kənara getmək fikrində olmadığını deyərək mübarizə aparmağa qərarlı eks-nazirin yanında olmağı düşünürlərmi?

“Mənim kimsənin yanında ola biləcəyimdən söhbət gedə bilməz. Əsas odur ki, Əli İnsanov kimin yanında olacaq. Hələ görüşmək imkanım olmayıb. Görüşüb bəzi məsələləri müzakirə edəndən sonra bəlkə nəsə demək mümkün ola bilər”.

Xural.com saytının baş redaktoru Əvəz Zeynallı bunu Musavat.com-a açıqlamasında bildirdi. Baş redaktor əlavə etdi ki, Əli İnsanovun iddiaları onun üçün yeni deyil: “Biz illərdir onun sərt və barışmaz olduğunu bilirik. İndi də dəyişən bir şey yoxdur. Elə həmin İnsanovdur. Qərbi Azərbaycanlı mövzusuna gəlincə, Əli İnsanovu elə təqdim etməkdən və bəzilərinin ona Qərbi Azərbaycanlı kimi müraciət etməsinə, hətta onu Qərbi Azərbaycanlıların lideri kimi təqdim etmələrinə qarşıyam. Əli İnsanov mübarizə aparacaqsa, böyük bir millətin davasını və mübarizəsini aparmalıdır. Başqa cürü olmaz!” Maraqlıdır, Ə.Zeynallı Ə.İnsanovu rəhbərlik etdiyi “Qaynar Qazan” layihəsində söhbətə çəkəcəkmi?

Ə.Zeynallı bildirdi ki, vaxtilə onun eks-nazirlə təmasları olub: “Bizim hörmətli Əli İnsanovla həbsdə bəzi təmaslarımız olub. Ancaq mənim onunla ikinci dəfə həbs qərarı veriləndə, Qaradağ Rayon Məhkəməsində görüşmək və bəzi məsələləri müzakirə etmək imkanım oldu. Onda Əli İnsanovdan azad olunduqda “Qaynar Qazan”a müsahibə verməsini xahiş etdim. Söz verdi ki, nə zamansa azad olunarsa, ilk olaraq “Qaynar Qazan”a danışacaq. İndiki məqamda Əli İnsanovun rahat danışacağı format elə “Qaynar Qazan”dır. Mən artıq ona mətbuat vasitəsilə təklifimi də etmişəm. Güman edirəm ki, bu yaxın günlərdə bizim Əli İnsanovla gözəl bir müsahibəmiz alınacaq”.

Ə.İnsanov dedi ki, onun azadlığı ABŞ-ın, Avropanın təşəbbüsü ilə oldu. İlham Əliyevi məcbur etdilər ki, onu azadlığa buraxsınlar. Bəs, Ə.Zeynallı bu barədə nə düşünür?

Baş redaktor: “Beynəlxalq təşkilatların siyasi məhbusların azadlığa qovuşmasında müstəsna təsirləri var. Əli İnsanov ilk 11 illik həbsini başa vurduqdan sonra ona ikinci dəfə qondarma cinayət işi açdılar və daha 7 il müddətinə həbs etdilər. Bu, ölüm hökmü demək idi. Hamıda və şəxsən məndə də o qənaət var idi ki, Əli İnsanovu oradan sağ buraxmaq niyyətləri yoxdur. Mümkündür ki, Əli İnsanov bu psixoloji təsirlə söyləyib o sözləri. Ancaq bu sözləri dərhalmı, yoxsa bir müddət sonramı söyləməli idi, o haqda bir fikrim yoxdur”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev həbsdən çıxarkən Ə.İnsanovu qarşılayan şəxslərin içərisində olub. Bu mənada onun münasibəti çox maraqlı idi. Ancaq bizə bildirdi ki, burada qəribə heç nə yoxdur: “Əli İnsanov ikinci dəfə həbs olunanda biz ortaya mövqe qoyduq. O zaman mən hesab etdim ki, - elə indi də bu düşüncədəyəm – bu, şərlənmə idi, adam qəsdən həbs olunmuşdu. Siyasətlə məşğul olan bir adam ki, buna qarşı da etiraz etməyi, onu müdafiə etməyi özümə borc bildim. Burada qeyri-adi heç bir şey yoxdur. Eyni zamanda, digər siyasi məhbuslar var ki, bunlar da şərlənib həbs ediləndə, qanunsuz tutulanda bunlara qarşı ortaya mövqe qoymuşuq. O zaman israrla bildirirdilər ki, Əli İnsanovu heç kəs müdafiə etmir, hətta yerlilərindən də onu müdafiə edən kimsə tapılmadı. Belə təhrikedici, aşağılayıcı mövqelər ortaya qoyurdular. Hakimiyyət dövriyyəyə belə fikirlər buraxmışdı. Onda mən çıxdım və dedim ki, Əli İnsanovu açıq müdafiə edirəm. Hesab edirəm ki, düz də elədim. Heç kəsi nahaqdan həbsdə saxlamaq olmaz, xüsusilə də ziyalını, alim adamın cibinə narkotika atıb həbsdə saxlamaq olmaz, bu, həm də Azərbaycan dövlətçiliyinə qarşı olan addımdır”.

E.Musayev bildirdi ki, həbsdən azad olunanda qısa brifinq keçirən Əli İnsanovun dediklərində də qeyri-adi heç nə yoxdur: “Həmçinin onun işlətdiyi ifadəni sağ-sola çəkməyin də yeri yoxdur. Dedi ki, Allah bilir, mənmi qoşulacağam, onlarmı qoşulacaq? Bu cür xırda məsələ ilə bağlı fərqli nə isə qənaətə gəlməyə ehtiyac yoxdur”.

E.Musayev Ə.İnsanovun səsləndirdiyi digər fikirlərə diqqət yetirilməməsindən təəssüfünü də ifadə etdi: “Heç kəs demədi ki, kimsə, hansı siyasi qüvvə haqqın yanında olacaqsa, mən ona dəstək verəcəyəm. Onun dediklərində qeyri-adi heç nə yoxdur. Adam 14 il günahsız, qanunsuz həbsdə saxlanılıb. Deyirlər çox sərt danışdı. Bəs hansı tonda danışmalı idi? Bu, təbiidir və biz normal yanaşmalıyıq”.

Bəs, BAP sədri necə, Ə.İnsanova qoşulmaq niyyətindədirmi?

E.Musayev: “Gündəmdə kimin kimə qoşulmaq məsələsi yoxdur. Əli İnsanovla normal, yaxşı münasibətlərimiz var. Açığı, Əli müəllimin konkret hansı fəaliyyətlə məşğul olacağı, hansı yöndə siyasət yürüdəcəyi bəlli deyil. Bu iddialar ortalığa qoyulandan sonra xeyli fərqli münasibətlər üzə bilər. Əli İnsanova ölkənin böyük bir kəsiminin çox xoş münasibəti var. Xüsusilə onun 14 il həbsdə özünü çox dəyanətlə, ləyaqətlə aparması, Əli İnsanova qarşı olan bəzi neqativ münasibətləri də dəyişib. Ona görə də gözləmək lazımdır. Əli müəllim sıradan bir adam deyil, akademikdir. Hansı mövqeni ortaya qoyacaq, neyləyəcək, bunu təbii ki, zaman göstərəcək. Ondan sonra konkret nə isə fikir söyləmək olar”.

“Özünün də cilovlaya bilmədiyi emosiya ilə fikir bildirən Əli İnsanov - baxmayaraq ki, ölkə prezidentinin lütfkarlığı, mərhəməti və imzası ilə azadlığa çıxıb – təşəkkürü Amerikaya, Avropaya istiqamətləndirdi. Guya onların təzyiqi ilə prezident belə bir addım atıb, onu əfv edib. Bu, kökündən yanlışdır. Hətta dünyanın aparıcı dövlətlərinin liderləri də yaxşı bilirlər və qəbul edirlər ki, ölkə Prezidenti İlham Əliyevə təzyiq formasında hər hansı bir fikri çatdırmaq, onun təzyiqlə yerinə yetirməsini tələb etmək, fikrini dəyişmək mümkün deyil”.

Bunu isə əslən Qərbi Azərbaycandan olan deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Modern.az-a açıqlamasında deyib. F.Ağamalı bildirib ki, prezidentimiz qətiyyətli, iradəli, öz müstəqil fikri olan və bu müstəqil fikrində kifayət qədər ədalətli mövqe nümayiş etdirən dövlət xadimidir, bunu bütün dünya bilir: “Əli İnsanov da İlham Əliyevi yaxşı tanıyır və mən xatırlayıram ki, vaxtilə o, Prezidentlə görüşəndə tamamilə başqa görkəm alırdı, az qala onun qarşısında baş əyirdi. Əli İnsanov öz əməllərinə görə həbsə düşdü, mən də arzulamazdım ki, o, həbsxanaya düşsün. Ancaq özü əməlləri ilə 2005-ci ildə “hakimiyyəti zorla keçirmək layihəsi” içərisində yer alıbsa, buna görə ona heç kim “sağ ol” deməli deyildi. Cəzasını aldı, indi çıxıb. Azərbaycan müstəqil dövlətdir, demokratik ölkədir, burada hər bir vətəndaşın seçim hüququ var. Kimsə siyasi partiya yaratmaq istəyirsə, yarada bilər, kimsə hansısa siyasi partiyaya getmək istəyirsə, gedə bilər. Əli İnsanov da Azərbaycanın vətəndaşıdır, o, seçimində müstəqildir, istədiyi peşə ilə məşğul ola bilər. Azərbaycanın Konstitusiyası da bunun üçün şərait yaradır. Hamı bilməlidir ki, Azərbaycanda hər şey qanunlarla idarə olunur, heç kim hədə-qorxu ilə, hirs-hikkə ilə Azərbaycan iqtidarına, Azərbaycan xalqına öz iradəsini tabe etdirə bilməz. Bu baxımdan Əli İnsanov da istisnalıq təşkil etmir”.

Qərbi azərbaycanlıların Əli İnsanovu özlərinə lider seçməsi ilə bağlı iddialardan danışan Fəzail Ağamalı deyib ki, o, sadəcə olaraq keçmiş səhiyyə naziri kimi və Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri kimi yaddaşlarda qalıb: “Bundan o tərəfə onun adının, soyadının qarşısına nəsə əlavə etməyə ehtiyac yoxdur. Əli İnsanov Qərbi azərbaycanlıları ətrafına yığacaq potensialda deyil, ola da bilməz. Əgər o xəyallarla yaşayırsa, o xəyalların həyata keçirilməsi üçün heç bir əsas yoxdur. Ola bilsin ki, o, özünün yaxın qohumlarını, məhdud sayda tanışlarını toplayıb bir partiya yaradar. Yaratsın görək, bu partiya hansı gücə malikdir. Ancaq birmənalı şəkildə heç kimə mandat verilməyib ki, Qərbi azərbaycanlıların adından danışsın. Bu mandat yalnız ölkə başçısına aiddir. Qərbi azərbaycanlıların əksəriyyəti bu gün cənab Prezidentin yanındadır, onu hər zaman dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Buna heç kimin şübhəsi olmasın”.

Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri və partiya sədrinin keçmiş müavini, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev də Əli İnsanovun açıqlamalarına münsibət bildirib.

O, qeyd edib ki, Əli İnsanovun sözügedən fikirlərinin hamısı səhvdir: “Əli İnsanovun son müsahibəsi zamanı söylədiyi müəyyən fikirlərin hamısı səhvdir. Ona demək istəyirəm ki, ağrıdan doğan emosiya ilə müsbət nəticə əldə etmək mümkün deyil. Mən heç kimə ağıl öyrətmək fikrində deyiləm. Əgər ağıl öyrənmək istəsəydi, 15 il bundan əvvəl məni dinləyərdi, daha qeyri-adamları yox! Ona görə də mən hesab edirəm ki, onun dediyi fikirlərin hamısı səhvdir”. (Demokrat.az)

Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli sabiq səhiyyə naziri Əli İnsanovla birgə fəaliyyət göstərə bilmək haqda mülahizələrə fikir bildirib. Ə.Ələkbərlinin sözlərinə görə, bu oyunların kimə və nəyə xidmət etdiyi, hansı siyasi qrup və klanların maraqlarına hesablandığı da məlumdur: “Görünür, yenə də bəlli qüvvələr yaxın zamanda üç-beş adamın üstünə atılacaq çirkabı böyük bir kəsimin üzərinə yıxaraq, öz aləmlərində nəhəng bir toplumu zərərsizləşdirib həm siyasi proseslərin məcrasını istədikləri istiqamətə yönəltmək, həm də öz “yollarını təmizləmək” niyyətindədirlər. Bütün Qərbi Azərbaycanı təmsil etmək iddiasında olan bir təşkilat – Qərbi Azərbaycan İcması olaraq bəyan edirik ki, həmin məkrli qüvvələrin budəfəki planları baş tutmayacaq. Heç kəs də öz siyasi ambisiyasını həyata keçirmək üçün böyük bir bölgənin insanlarından istifadə etmək fikrinə düşməsin. Əvvəl bəyan etdiyimiz kimi, bir təşkilat olaraq biz Azərbaycanın daxili siyasi proseslərinə qarışmayacağıq, bizim əsas məqsədimiz Qərbi Azərbaycan torpaqları uğrunda mübarizədir. Bu müqəddəs yolda səmimi olaraq yanımızda olan hər kəs bizə dost, qarşımızda dayanan hər kəs isə dəf edilməsi bizim üçün o qədər də çətin olmayan maneədir”.

Ə.Ələkbərli Modern.az-a açıqlamasında onu da deyib ki, Qərbi azərbaycanlıların problemlərinin həlli məsələsində onlarla çiyin-çiyinə addımlamaq arzusunu bildirən istənilən siyasi qurum, partiya, ictimai təşkilat və şəxslə birgə çalışmaları istisna deyil.

“Hər hansı bir məsələ üçün kiməsə müraciət etməli olsaq, ancaq dövlətimizə və xalqımıza müraciət edə bilərik. Ona görə də bütün tərəflərə, xüsusilə sifariş yerinə yetirən bəlli media nümayəndələrinə səslənirəm: qurtarın Qərbi Azərbaycan masası üzərindəki oyunlarınızı! Bizi İrəvan, Göyçə, Zəngəzur, bütövlükdə Qərbi Azərbaycan uğrunda mübarizə hədəfimizdən yayındırmağa çalışmaqla düşmən dəyirmanına su və dən tökməyin!”- Ə,Ələkbərli bildirib.
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev