14 mar 19:32Sosial

Adı “qara siyahı”ya düşən KİV-lərin rəhbəri mütləq cəzalandırılmalıdır!”

Adı “qara siyahı”ya düşən KİV-lərin rəhbəri mütləq cəzalandırılmalıdır!”Bu il Mətbuat Şurasının “KİV haqqında” qanuna dəyişiklik edilməsi ilə əlaqədar yeni təklifləri var və həmin təkliflər rəsmi qurumlara təqdim edilib. Şuranın sədr müavini, Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Modern.az-a açıqlamasında bildirib ki, qurumun məqsədi KİV haqqında qanunvericiliyə yeni düzəliş edilməsi, sənədə KİV orqanının təsisçisi ilə bağlı müddəa daxil olunmasıdır:

“İndiyə qədər belə idi ki, qanun pozuntusuna yol veriləndə KİV orqanının özü cərimələnirdi. Biz isə təklif edirik ki, cəzalar həm də qəzet və ya saytın rəhbərinə yönəlsin. Çünki qanun pozuntusuna yol verən mətbuat orqanı hüquq-mühafizə orqanlarının da müdaxiləsi ilə sıradan çıxır. Nüfuzdan düşdükdən sonra bir çox mətbuat orqanları fəaliyyətini dayandırır. Həmin şəxslər isə fəaliyyətindən əl çəkmir və bir müddət keçdikdə fərqli adlarda yeni KİV qurumu təsis edirlər. Hətta dəfələlərə yeni KİV orqanı təsis edərək, “reket”çilik edənlər var. Düşünürük ki, qanunsuzluğa yol verən KİV orqanlarının rəhbərlərinə ən azından müəyyən müddətlik yeni KİV orqanı təsis etməyə məhdudiyyət qoyulmalıdır”.

“Azadinform” İnformasiya Agentliyinin baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Niyaz Niftiyev də Modern.az-a Şuranın təklifini dəstəklədiyini bildirib.

MŞ-nın Şikayətlər Komissiyasında ay ərzində eyni adlı sayt və ya qəzetdən daxil olan bir neçə şikayətə baxmalı olduqlarını diqqətə çatdıran baş redaktorun sözlərinə görə, “xəbərdarlıq”, “ciddi xəbərdarlıq” kimi ictimai qınaqlar bəzən müsbət effekt vermir, KİV-ləri “qara siyahıya” salanda isə baş redaktorlar narazı qalır:

“Jurnalistlərin Peşə Davranış Qaydalarını mütəmadi pozan nəşrlərə qarşı heç bir ölçü götürməyəndə isə mediadan şikayətçi tərəf narazı qalır, məhkəmələrə baş vurur. Bu isə KİV orqanları üçün əlavə problemlər yaradır. Şikayətlərin böyük əksəriyyətinin bir çox hallarda eyni adlı sayt və qəzetlərdən daxil olduğunu nəzərər alsaq, “KİV haqqında” Qanuna təklif olunan yeni müddəaları müsbət dəyərləndirmək olar. Təklif olunan yeni dəyişiklik KİV orqanının icraçısı – yəni bş redaktoru ilə yanaşı, təsisçisinin də məsuliyyətini artıracaq. İndki halda məsuliyyəti yalnız baş redaktor daşıyır və elə KİV orqanları da var ki, il ərzində 2-3 baş redaktor dəyişir.

Düzdür, deyək ki, Mətbuat Şurasının ictimai qınaqları şəxslərə deyil, KİV-lərə ünvanlanır, amma bütün hallarda məsuliyyət məsələsini təsisçiyə istiqamətləndirməklə vəziyyəti qismən də olsa dəyişmək olar. Təsisçinin KİV orqanının sahbi statusunda olduğunu nəzərə alsaq, bəzi məsələlərdə daha diqqətli olacağı qənaətindəyəm”.
loading...
XƏBƏR LENTİ