14 mar 12:31Sosial

İcra 5 ildir küçədəki rüsvayçılığı görmürmüş - Foto

İcra 5 ildir küçədəki rüsvayçılığı görmürmüş - FotoKöhnə, sıradan çıxmış maşınlara Bakı küçələrində vaxtaşırı olaraq rast gəlinir.

Axar.az xəbər verir ki, yol qıraqlarına atılan bu maşınların yaratdığı eybəcər mənzərə bəzən illərlə kimsəni narahat etmir.

Belə rüsvayçı mənzərədən biri də Xətai rayonu ərazisində, “Həzi Aslanov” metrostansiyasında Gəncə prospektini birləşdirən Xudu Məmmədov küçəsindədir. Tarixin hansısa dönəmində biri yük, digəri sedan olmuş bu iki maşın küçənin hər iki tərəfində, üz-üzə atılıb. Bu atılan maşınların yolu daraltması, gediş-gəlişə mane olması Xətai RPİ-nin DYP şöbəsinin, maşınların zibil yığınına çevrilməsi və küçəyə bərbad durum verməsi isə İH-nin vecinə deyil.

Sakinlərin sözlərinə görə, bu maşınları ən azı 5 ildir ki, orada müşahidə edirlər. Beş il ərzində sözügedən qurumlardan heç biri o avtomobil olmuş zibillərin ordan götürülməsinə çalışmayıb.

Yeri gəlmişkən qeyd edək ki, bu zibilliyə çevrilən maşınların yerləşdiyi ərazinin yolqırağı hissəsi vaxtilə şam ağaclarından ibarət yaşıllıq idi. İndi X.Məmmədov küçəsində yolqırağı piyada yolunun “Həzi Aslanov” metrosuna doğru olan hissəsini restoranlar qeyri-qanuni olaraq zəbt edib, Gəncə prospektinə doğru olan hissəsi isə bu cür atılmış maşınların zibilliyinə çevrilib.

Xatırladaq ki, keçmiş icra başçısı R.Məmmədovun Xətai rayonu üçün pis ənənəyə çevirdiyi bu hallar hələ də aradan qalxmayıb.

***

Xətai Rayon İcra Hakimiyyətindən saytımıza bildirildi ki, 5 ildi ora atılan maşınlardan xəbərsizdirlər və X.Məmmədov küçəsindəki vəziyyəti bilmirlər.

"Bu vaxta qədər o maşınların yığışdırılması ilə bağlı sakinlərdən müraciət də daxil olmayıb. Günü bugün o küçəyə atılan maşınları ordan götürərik. İstəsəniz, müşahidə də apara və özünüz şahidi ola bilərsiniz", - İcra Hakimiyyətindən qeyd edilib.
loading...
XƏBƏR LENTİ