21 yan 18:30Sosial

Hüquq müdafiəçiləri Mehman Hüseynova görə Prezidentə müraciət etdilər

Hüquq müdafiəçiləri Mehman Hüseynova görə Prezidentə müraciət etdilərAzərbaycanda bir qrup hüquq müdafiəçisi həbsdə olan bloger Mehman Hüseynovla bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Avrasiya.net-in xəbərinə görə, müraciətdə deyilir: "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum bloger Mehman Hüseynovla bağlı 16 dekabr 2018-ci il tarixində baş vermiş insident ətrafında süni şəkildə ajiotaj yaradılmasına cəhdlər davam etməkdədir. KİV və sosial şəbəkələrdə yalan məlumatlar yayılır, yanlış ictimai rəyin formalaşmasına cəhd edilir.

Mehman Hüseynov Bakı İstintaq Təcridxanasına köçürüldükdən sonra onun vəziyyəti ilə tanış olmaq məqsədilə biz – ölkənin bir qrup insan hüquqları müdafiəçiləri Mehman Hüsenova baş çəkdik, onun saxlanma şəraiti ilə tanış olduq, özü ilə söhbət etdik və müəyyən etdik ki, Mehman Hüseynovun saxlanma şəraiti, onunla rəftarla bağlı heç bir şikayət yoxdur və o, aclıq aksiyası keçirmir. Onunla görüş zamanı Mehman Hüseynovun yeganə xahişi cəzası başa çatdıqdan sonra azadlığa çıxması ilə bağlı olub.

Bu görüşdən sonra bizim açıqlamalarımız, müşahidələrimiz və qənaətlərimizi ictimaiyyətlə bölüşməyiniz xeyli dərəcədə yalan məlumatların, şayiələrin qarşısını aldı, yerli və beynəlxalq ictimaiyyətin obyektiv informasiya almasına imkan verdi.

Möhtərəm cənab Prezident!

Sizin hər zaman yüksək humanizm prinsiplərinə sadiqliyiniz və bu istiqamətdə davamlı addımlar atmağınızın şahidi olmuşuq. Bütün bunlar bizə ümid verir ki, məhkum Mehman Hüseynovu barəsində də bu iradənizi nümayiş etdirəcəksiniz. Mehman Hüseynovun gənc olmasını, bir müddət əvvəl anasının vəfat etməsini, atasının ahıl yaşda olmasını nəzərə alaraq biz və bizə qoşulan insan hüquqları müdafiəçiləri həmin şəxslə bağlı məsələyə obyektiv baxılması və onun barəsində humanizm və mərhəmət nümayiş etdirməyinizi Sizdən xahiş edirik.

Hörmətlə

Səadət Bənənyarlı
Sahib Məmmədov
Rauf Zeyni
Əliməmməd Nuriyev

Hazırkı müraciətimizə həmçinin ölkənin tanınmış insan hüquqları müdafiəçiləri Novella Cəfərova, Çingiz Qənizadə, Səidə Qocamanlı da qoşulub".
loading...
XƏBƏR LENTİ