17 iyl 12:53Sosial

“Cəmiyyət arasında təbliğati və maarifləndirici tədbirlər daha da gücləndirilməlidir”

 “Cəmiyyət arasında təbliğati və maarifləndirici tədbirlər daha da gücləndirilməlidir”Məlum Gəncə hadisələri Azərbaycan dövlətçiliyinə qarşı təxribat etmək istəyənlərin planlarını ifşa etdi. Daha doğrusu, açıq-aydın göründü ki, bu cinayətlərin arxasında xarici və daxili qüvvələr dayanır. Prezident İlham Əliyevin yanında respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda dövlət başçısı da xüsusilə qeyd etdi ki, bizim siyasətimizə, iradəmizə şər qüvvələr heç cür təsir edə bilmir: “Onların son addımları göstərir ki, terrordan başqa, əllərində bir şey qalmayıb. Bu da keçməyəcək, necə ki, əvvəlki illərdə keçməyib. Azərbaycan dövləti bu dəfə də öz gücünü göstərib və göstərəcəkdir. Bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar, məhkəmə qarşısında, ədalət qarşısında, xalq qarşısında cavab verəcəklər. Bunu təmin etmək üçün bizim kifayət qədər gücümüz, imkanlarımız var”.

Dövlət İdarəçilik Akademiyasının doktorantı, politoloq Salman Umudov da bildirdi ki, zaman-zaman xaricdəki qara qüvvələr Azərbaycanda təxribatlar yaratmağa cəhd ediblər: “Təəssüf ki, bəzi hallarda daxildəki bir qrup nadürüst qüvvələr də onlara dəstək göstərib. Bəzən də din adı altında elə bu qüvvələrdən istifadə olunub. Biz Gəncədə baş verən hadisələrdə də bunu müşahidə etdik. Amma, həmişəki kimi, onlar yenə də istəklərinə çata bilmədilər. Cənab Prezidentin son müşavirədə qeyd etdiyi kimi cəhdlər əbəsdir. Biz bir daha əmin olduq ki, Azərbaycanın dövlət təhlükəsizliyi etibarlı əllərdədir. Hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə cinayətkarların bir hissəsi artıq zərərsizləşdirilib”. Salman Umudov dedi ki, xalq bu təxribatçı qüvvələrin çağırışlarına məhəl qoymadı: “Media və sosial şəbəkələrdə nə qədər aldadıcı çağırışlar edilsə də, cəmiyyət buna inanmadı. Xalq öz dövlətinə və onun rəhbərinə inanaraq qətiyyət nümayiş etdirdi. Azərbaycanın dövlət və dövlətçiliyinin təməlində də elə bu inam, qətiyyət dayanır. Bu, xarici və daxili mənfur qüvvələrə sarsıdıcı zərbə oldu”.

Onun sözlərinə görə bütün hallarda baş verən proseslər analiz edilməli, gözlənilən hər hansı sosial təhlükənin qarşısının alınması üçün profilaktik tədbirlər görülməlidir: “Xüsusən, sayt və sosial şəbəkələrdən yayılan yalan informasiyalara inanılmamalıdır. Bu kimi təxribatçı məlumatları yayanlar cəzalandırılmalıdırlar. Cəmiyyət arasında təbliğati və maarifləndirici tədbirlər daha da gücləndirilməlidir”.
loading...
XƏBƏR LENTİ