23 iyn 09:44Sosial

“Mən o generalın sifətinə tüpürən kişinin oğluyam, ona görə sizə baxıb utanıram”

“Kişi deyilən şəxs digər kişinin haradasa nəsə elədiyi səhvi və yaxud da dediyi sirri aşikaranə surətdə açmaz”

“Mən o generalın sifətinə tüpürən kişinin oğluyam, ona görə sizə baxıb utanıram”Mən müxalifətçi deyiləm, heç bir zaman da olmamışam. Əgər belə bir fikrim olsa idi, çoxdan bir-biri ilə dil tapa bilməyən qruplardan birinə qoşulardım. İqtidar nümayəndəsi də deyiləm. Əgər iqtidar nümayəndəsi olsa idim... il yarımdır sonuncu diplomatik xidmətimdən geri dönmüşəm, çoxdan bir işlə təmin olunardım. Demək, bu öz-özündə bir faktdır ki, mən heç birindən deyiləm.

****

Hərdən bir internet səhifələrinə baxıram və adamların bir-birinə “sənin filan faktını bilirəm", “sənin filan işindən xəbərim var", ”filan şeylərini ortaya qoyaram" sözlərini görəndə, oxuyanda dəhşətə gəlirəm. Demək, məntiqdən belə çıxır ki, sizin hər biriniz vətəndə olduğunuz vaxt bir-birilərinizə can deyib can eşitdiyiniz zaman hər biriniz digəriniz haqqında dar gün üçün kompromat toplayırdınız? İndi isə, gözünüz aydın, həmin ”dar gün" gəlib çatıb. Bacardığınız qədər bir-birinizin zibillərini açın. Bir-birinizi biabır edin və görün, hansınız daha tez yıxılacaqsınız. Mən SSRİ və indiki dövrü üst-üstə gəlməklə, 25 il xarici ölkələrdə yaşamışam. İran İslam İnqilabının canlı şahidiyəm, Əfqanıstan müharibəsinin iştirakçısı olmuşam və çox məsələlərdən haliyəm, xəbərdaram. Vaxtilə kimlərin nə iş gördüyündən, hansı məzhəbə qulluq etmələrindən xəbərdaram. SSRİ-nin çökəçök vaxtı çox məsələləri açıb deyə bilərdim, amma yıxılana balta çalmaq bizim soyadımıza zidd olub və olacaq.

Kişi deyilən şəxs digər kişinin haradasa nəsə elədiyi səhvi və yaxud da dediyi sirri aşikaranə surətdə açmaz. Qurban Məmmədov deyir ki, Ramiz Yunus, səni debata çağırıb filan faktlarını açaram. Vidadi İskəndərli Qurban Məmmədova deyir ki, səni debata çağırıb filan sirlərini açaram. Digər başqa birisi isə digərini hədələyir ki, sənin filan faktlarını açıb tökərəm. Kişinin yanında baş kəsərlər, amma kişi ağzını açmaz.

Yuxarıda dediyim kimi, sovet dövrü hərbi tərcüməçi işləyib, bir çox məsələlərdən, daha doğrusu, Sovet İttifaqının bütün fırıldaqlarından xəbərdar olmuşam. Amma... Sovet İttifaqı çökəndən sonra isə 17 il müxtəlif ölkələrdə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri vəzifələrində işləmişəm. 22 ildir ki, bu rütbəni daşıyıram. 4 ölkədə səfir olmuşam. Bunun da ikisini beynəlxalq təşkilatlarda işləmişəm. Birincisi Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərinin Avropa bölməsində, ikincisi isə Belorusda səfir işlədiyim zaman Azərbaycan Respublikasının MDB-də səlahiyyətli nümayəndəsi olmuşam. Bu isə artıq öz-özlüyündə nələri bildiyimdən xəbər verir. Əgər mən ağzımı açsam, sizin bildikləriniz mənimkilərin yanında heç nə olar. Yəni kimlər haqqında nələri bilirəmsə, hamısını açıb-tökməliyəm? Mən o generalın sifətinə tüpürən kişinin oğluyam, ona görə sizə baxıb utanıram. Xəcalət çəkirəm.

Həə. Nə qədər məqamdır qırın bir-birinizi. Düşmən olun bir-birinizə. Hamını, bütün digər millətləri güldürün özünüzə. Hamı ilə dost olun, bircə öz millətinin nümayəndələrindən başqa (“Qırıldıqca yorulduq və yorulduqca qırıldıq”).

Mən çoxdan bu barədə yazmaq istəyirdim.

Ramiz Yunus, internet çıxışlarının birində deyirsən ki, Bəxtiyar Vahabzadə yaxşı şairdir, amma yazdıqları dəysin başına, ona görə ki, hansısa iclasda Heydər Əliyevi dəstəkləyib. Mən məsələni xırdalamıram, sənin səviyyənə enmək də istəmirəm. Amma sənin dediklərinə bir söz deyirəm. Sənin də dediklərin erməni qəbiristanlığında yatan yaxınlarının xaçına dəysin. Cəmi sənin erməni qohum-qardaşlarının həm ölüsünə, həm də dirisinə dəysin. Elə özünlə birlikdə.

Mən xarici ölkələrdə işlədiyim zaman görürdüm ki, bir parça çörək üçün evindən-eşiyindən didərgin düşmüş bu müsibətli bədbəxt cavanlarımız nələr çəkirlər. Lakin buna baxmayaraq bizim diaspor nümayəndələrimizin birinin dediyi söz o birinin boğazından keçmir. Öz səadətlərini uzaq Rusiyanın, Sibirin şaxtalı çöllərində axtaran bu müsibətli bədbəxt cavanlarımızın arasında birlik, mehribançılıq yoxdur. Əksinə, bir-birilərinə nifrət, kin var. Bir-birimizi qırmaq, bir-birimizə nifrət etmək bizim qanımızdadır. Erməni diasporu Ermənistan səfirliyi üçün bina tikir, diplomatlar üçün maşınlar alırdı, bizim diaspor isə səfirliklərdən umurdu. Mən illərlə çalışıb onları bir araya yığa bilmədim. Vətəndən üzü bəri elə bir-birimizi qıra-qıra gəlirik.

Qurban Məmmədov, deyirsən ki, mən vəkiləm, özü də sanballı vəkillərdənəm. Sənin bu başqalarına etdiyin ittihamlardan sonra, sənə kim inanar, özünə vəkil tutar, sirr verər?

Ay mənim bədbəxt millətim, axı nəyi bölə bilmirsiz?

P.S. Mən kimin haqlı, kimin haqsız olduğunu bilmirəm, kimin də kimə işlədiyini deyə bilmərəm. Sadəcə olaraq, bir şeyi deyə bilərəm ki, digərləri kimi bu dünyanı gəzə-gəzə gəlmirəm, görə-görə gəlirəm. Və hamı haqqında hər şeyi bilirəm. Heç kimi özünüzə güldürməyin.

İsfəndiyar Vahabzadə
loading...
XƏBƏR LENTİ
14-07-2018, 11:46
14-07-2018, 11:32