30 may 17:40Sosial

Əli Kərimliyə köçürülən pulların sirri...

Əli Kərimliyə köçürülən pulların sirri...Dağıdıcı müxalifətin, xüsusən də Azərbaycan Xalq Cəbhəsi Partiyasının gizli oyunlarının üstü açılmaqda davam edir. Belə ki, bu günlərdə Respublika Prokurorluğu ilə Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumat AXCP-nin maliyyələşməsi ilə bağlı qaranlıq məqama bir daha aydınlıq gətirdi. Məlum oldu ki, xaricdə qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaiti Azərbaycan dövlətinə, dövlətçiliyinə və milli maraqlara zidd olaraq keçirilən tədbirlərin maliyyələşdirilməsi üçün AXCP sədri Əli Kərimliyə ötürülüb.

Ümumilikdə, destruktiv müxalifətin xarici dairələrdən pul almaqla xalqının, dövlətinin maraqlarına qarşı çıxdığı, ölkədə qarışıqlıq yaratmaq üçün həmin “ağa”larından əmrlər aldığı ilə bağlı yayılan xəbərlər daim öz təsdiqini tapıb. Son məsələ də bir daha təsdiq edir ki, bu partiya sədrin şəxsi maraqlarına xidmət göstərir və ona yaxın xüsusi şəxslər tərəfindən kooperativlər kimi istifadə olunur. Xarici havadarlarından pul alıb ölkədə qarşıdurma yaratmaq cəhdi, xalqın dəstəyindən məhrum olduğunu gizlətmək üçün yalançı aksiyalar keçirmək artıq radikal müxalifətin peşə kodeksinə çevrilib.

Vaxtilə AXCP sıralarından istefa verən sədrin müşaviri Şakir Abbasov bu məlumatların doğruluğunu təsdiqləyərək demişdi ki, başda Əli Kərimli olmaqla, AXCP kənardan idarə olunur, daxildən idarə olunmur:

“Təşkilatda bir qrup maaş alan var, adlarını müxalifətçi qoyublar. Düşüblər maaş almayan müxalifətçilərin üstünə ki, biz deyən olmalıdır. Hərəsi öz şəxsi mənafeləri uğrunda mübarizə aparırlar. Biri xaricə adam keçirməklə, biri pul qoparmaqla məşğuldur”.

Bəli, Əli Kərimli AXCP vasitəsilə siyasi “maklerliklə” məşğuldur. Müxalifət “başqanı” “siyasi məhbus”, “hökumət əleyhinə mitinq” oyunları ilə, necə deyərlər, “xurcununu” doldurur. Əlbəttə, özü üçün istədiyi şəraiti qurub. Amma təəssüf ki, Əli Kərimli adına olan pul köçürmələrinin qeyri-leqal və kriminal xarakterli olduğunu unudur. Çünki AXCP-nin xaricdən maliyyələşməsi qeyri-qanunidir və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ziddir.

Ortaya çıxan son araşdırmalara görə, partiaya köçürülən həmin vəsaitlərlə bağlı qanunla müəyyən olunmuş qaydada heç bir əməliyyat aparılmayıb, hər hansı sənəd və ya mühasibat hesablaması yoxdur. Həmçinin, pulların AXCP sədrinə Rusiyadan ötürülməsi 2013-cü il prezident seçkiləri ərəfəsindəki hadisələr ətrafında müəmmanı da aradan qaldırır. Həmin dövrdə ortaya çıxan “Milli Şura” layihəsi də məhz Moskvadan idarə edilirdi. O zaman Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun təşkilatçılığı ilə “Milyarderlər İttifaqı” tərəfindən layihəyə ötürülən pul axınına nəzarət etmək üçün AXCP-çilər “Milli Şura” sədrliyinə Rüstəm İbrahimbəyovun gətirilməsi üçün ciddi cəhd göstərdilər. Bu, alınmadıqda isə, onunla yaxın dostluq əlaqələrinə malik Cəmil Həsənlinin seçilməsinə nail oldular.

Müəyyən olunub ki, həmin vəsaitlər Əli Kərimli tərəfindən partiya funksionerlərindən gizlədilib və mənimsənilib. Vəsaitin əksər hissəsi Ə.Kərimlinin şəxsi ehtiyaclarına sərf olunub. Deməli, Əli Kərimlinin ailə üzvlərinin Londonda rus oliqarxlarına xas həyat tərzi keçirməsi də bu gizli maliyyə selinin sayəsində mümkün olub.

Təsadüfi deyil ki, artıq AXCP və “Milli Şura”da təmsil olunan şəxslər arasında gələn pulların taleyi ilə bağlı kəskin suallar səslənməyə başlanıb. Tanınmış müxalif bloqerlər belə sıravi üzvlərin məhrumiyyətləri hesabına başa gələn etiraz aksiyalarının da qanunsuz maliyyəni silmək məqsədilə keçirildiyini qeyd edirlər. AXCP isə həmişə özünü qərbmeylli kimi təqdim etsə də, maliyyə mənbələri onun yarımməxfi və şübhəli şəkildə Rusiyanın müəyyən dairələrinə bağlılığını göstərir.

Bununla belə, Əli Kərimlinin Rusiyada hansısa qüvvəyə loyal, sadiq qalacağını da düşünmək sadəlövhlükdür. Çünki bu adam eyni zamanda, həm Qərb fondları, həm də Rusiya və İranın müəyyən çevrələri ilə işləyərək maliyyə əldə etmək, alınmış vəsaitləri müxtəlif aksiyalarda silməklə məşğuldur. Ermənistanda “rəqs inqilabı” vaxtı Azərbaycan dövlətindən hərbi əməliyyatlar vasitəsilə “inqilaba mane olmamaq” tələbi Əli Kərimlinin həm də Soros fondu ilə sıx işlədiyini göstərir.

Amma bu da reallıqdır ki, sosial bazadan məhrum olan bu partiya daha heç kimi aldadaraq sıralarına cəlb edə bilmir, əvəzində isə olan-qalan üzvləri də zaman-zaman onu tərk edir. Odur ki, xalqın inamını çoxdan itirmiş bu partiya və onun “başqanının” yeni siyasi oyunları heç bir nəticə verməyəcək.

Elgün Mənsimov
loading...
XƏBƏR LENTİ
19-10-2018, 16:36