22 may 10:25Sosial

"Nər oğlunu itirən atalar da yetimdi..." — Şəhid atasına yazılan şeir ürək dağladı...

"Nər oğlunu itirən atalar da yetimdi..." — Şəhid atasına yazılan şeir ürək dağladı...May ayının 19-u Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub. Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulub və Qıraq Kəsəmən kənd tam orta məktəbi bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb.

Ailənin yeganə oğlan övladı olan A.Tatarovun 4 bacısı var.

Şair Tural Xani övladını itirən şəhid atasına şeir həsr edib. Şeiri oxucularla bölüşürük...

Ruhu naxoş olmasın, ruhu duymasın deyə -
Fəryadımı, ahımı içimdə susdurmuşam.
Axı, oğul çiynində getməlidir atalar,
Daş başıma ay ellər, mən oğul basdırmışam...

Yandım oğul, dərdinə, mən boğuldum tüstünə,
Oğul dərdi qaməti, boy-buxunu əyəndi.
Götürün bədənimi sərin onun üstünə,
Mən bilirəm oğlumu, gecələr üşüyəndi.

Bu elə bir dərddir ki, sanki soyulur dərim,
İndi kimi oxşuyum, meylimi kimə salım.
Ay mənə arxa oğul, ay mənim güvənc yerim,
Kimə sığınım indi, iyini kimdən alım...

Hanı bacın ay oğul, o toyunu gözləyən,
Qoy əl açıb oynasın, ürəyimi dağlasın.
Hanı o qonşu qızı hey yolunu gözləyən,
Gəlsin bir ağı desin, məzarına ağlasın.

Tay-tuşunun naləsi, ahı ucalır göyə,
Utanır bu dərdimə yanan, üzümə baxmır,
Verdiyi əmanətə sahib çıxmadım deyə,
Sən öləndən ay oğul, anan üzümə baxmır...

Yazıq deyirlər mənə, bu məndəki biçimə,
Başıma uçururlar sən olmayan dünyanı.
Ağlayıram göz yaşım niyə axmır içimə
Çat-çat olub, çartlıyıb bu köksümün sol yanı.

Bu dünyada insana ölümlə itim qalır,
Bu dünyanın sonu da elə ölüm, itimdi.
Kim deyir ki dünyada uşaqlar yetim qalır?!
Nər oğlunu itirən atalar da yetimdi!

Tural Xani
loading...
XƏBƏR LENTİ