16 may 17:49Sosial

Özünüifşa: Əli Kərimli hakimiyyətə necə işləyib? - FAKT

Özünüifşa: Əli Kərimli hakimiyyətə necə işləyib? - FAKTABŞ Helsinki Komissiyasının mayın 9-da keçirdiyi birifinqdə Əli Kərimlinin ünvanına səsləndirilən ötəri tənqid bu diktator hikkəli “demokrat”ı o qədər narahat edib ki, bütün gizli və aşkar, real və saxta söyüş terminatorlarını hərəkətə gətirib. Və bu prosesə o qədər aludə olub ki, bilavasitə idarə etdiyi internet saytında necə ifşa olunduğunun fərqinə belə varmayıb.

Mətləbə keçirəm:

Hazırda ABŞ-da yaşayan, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarında Əli Kərimli ilə vahid mərkəzdən və vahid dirijor çubuğu ilə idarə olunan Qorxmaz Əsgərov “Azadlıq” qəzetinin internet səhifəsində yayımlanan “Ayının əmisi oğlu” yazısında toxunduğu bəzi məqamlarla həm özünü, həm də mənsub olduğu düşərgəni ifşa edib. Əli Kərimliyə isə əsl “ayı xidməti” göstərib.

Qorxmaz Əsgərov yazır: “...Köhnə müxalifət” – “yeni müxalifət” söhbətini də Azərbaycana ilk dəfə Amerika səfirliyi, USAİD və onun maliyyələşdirdikləri təşkilatlar gətirib. Azərbaycanda demokratik təsisatlarla işləyən təşkilatlara həm USAİD, həm də Amerika səfirliyi dirənirdi ki, köhnə müxalifəti boş verin, təzə qüvvələrlə işləyin. Kim idi bu yeni qüvvələr? Məsələn, 2003-də mən Amerika Milli Demokratiya İnstitutunun Bakı ofisində işləyəndə Amerika səfirliyi dirənmişdi ki, Müsavatı-zadı boş verin, Eldar Namazovla işləyin, Fuad Əliyevin Liberal Demokratik Partiyası ilə işləyin. Bunlar bunu 2003-də edirdilər. Həmin il AMİP də onların fikrincə “yeni müxalifət idi”, çünki Amerika hökumətindəkilər İlham Əliyevi hakimiyyətdə görmək istəyirdilər”.

Qorxmaz Əsgərovun “Ayının əmisi oğlu” yazısından gətirdiyim bu iqtibasda Əli Kərimli və düşərgədaşlarının bu günədək “daş atıb başlarını tutaraq” inkar etdikləri bir neçə mühüm ifşaedici məqam yer alıb. Milli Demokratiya İnstitunun sabiq əməkdaşı və Əli Kərimlinin partiyasının sabiq şöbə müdiri Qorxmaz Ələsgərov etiraf edir ki, ABŞ səfirliyi və təşkilatları Azərbaycandakı siyasi proseslərə müdaxilə ediblər və hətta ayrı-ayrı siyasi qrupları, onların liderlərini istiqamətləndiriliblər. Burada söhbət ABŞ-ın Azərbaycan hökumətini, yaxud hansısa siyasi qrupları müdafiə etməsindən yox, səfirliyin, yaxud Azərbaycanda fəailiyyət göstərən Amerika təşkilatlarının daxili siyasi proseslərə bu və ya digər şəkildə müdaxiləsinin etiraf olunmasından gedir. Yazıda ifşaedici başqa bir məqam isə 2003-cü il seçkilərində Müsavat Partiyasının deyil, AMİP-in dəstəklənməsi məqsədilə verilən təlimatla bağlıdır. Əgər Qorxmaz Əsgərov və düşərgədaşları unutmayıblarsa, 2003-cü ildə Əli Kərimli seçkilərdə iştirakla bağlı İsa Qəmbərlə danışıqlar aparırdı və son nəticədə AMİP-in namizədini – Etibar Məmmədovu müdafiə etdi. Bu isə o deməkdir ki, Əli Kərimli 2003-cü ildə həm Milli Demokratiya İnstitutu vasitəsilə verilən təlimatları yerinə yetirərək AMİP-in namizədini dəstəkləyib, həm də Qorxmaz Əsgərovun etiraf etdiyi kimi, “İlham Əliyevi hakimiyyətdə görmək istəyən Amerika hökumətindəkilər”in təqdir etdiyi prosesdə yer almaqla, faktiki olaraq Azərbaycanın indiki prezidentinə xidmət göstərib.

Qeyd edim ki, bütün bu məqamlar haqqında Azərbaycan mediasında dəfələrlə dolayısıyla və birbaşa danışılıb. Əli Kərimli isə bu faktları hakimiyyətin ona qarşı apardığı kampaniya kimi qələmə verərək ittihamlardan yayınmağa çalışıb. İndi isə bütün bunlar Əli Kərimlinin öz saytında yayımlanan yazıda, həm də proseslərin fəal iştirakçısı olmuş bir şəxs tərəfindən etiraf olunur. Maraqlıdır, görəsən bu adam indi nə deyəcək?

Daha öncə də qeyd etdiyim kimi, problem ABŞ, yaxud hər hansı bir dövlətin səfirliyinin, fond və təşkilatının kimi və necə müdafiə etməsində deyil, daxili siyasi proseslərə qarışmasında, bu məqsədlə ayrı-ayrı siyasi partiyaların fəaliyyətini stimullaşdırmasındadır. Xarici ölkənin daxili siyasi proseslərə müdaxilə ssenarilərində yer alan adamlar isə, bu ssenarilərin kimə, nəyə və necə xidmət etməsindən asılı olmayaraq, “nüfuz müvəkkilləri”, yaxud “təsir agentləri” adlandırılırlar. Bu qədər...

P.S. Həyata keçirdikləri missiyanı özləri etiraf etdilər. Bu missiyanın adını isə iki variantda mən təqdim etdim: “Nüfuz müvəkkilləri” və yaxud “təsir agentləri”. Seçim isə yenə də onlarındır...

Elçin Mirzəbəyli
loading...
XƏBƏR LENTİ