26 apr 11:41Sosial

QHT sədrinin cinayət işi məhkəməyə göndərildi

QHT sədrinin cinayət işi məhkəməyə göndərildiDələduzluq, rüşvət vermə, rüşvət verməyə təhrik etmə və digər cinayətlərdə ittiham olunan “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadənin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Publika.az xəbər verir ki, cinayət işi araşdırılması üçün hakim Zeynal Ağayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası aprelin 30-na təyin edilib.

İttihama görə, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə edərək özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib.

O, həmçinin vətəndaşları rüşvət verməyə təhrik edib.

Kəmalə Ağazadə 1998-ci ilin oktyabrından “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri vəzifəsində işləyib.

O, Səhiyyə Nazirliyi ilə “Əhalinin riskli qrupları və vətəndaş cəmiyyətinin iştirakı ilə milli imkanlarının genişləndirilməsi, profilaktika və mülicənin gücləndirilməsi vasitəsi ilə Azərbaycanda HİV/AİDS epitemiyasına qarşı cavab tədbirlərinin mükəmmələşdirilməsi” layihəsinin tətbiqi üçün əməldaşlıq edib.

Bu məqsədlə 2015-ci ilin avqustun 17-də Həcər Kəngərli, Mahir Bayramov və Mahirə Sadıqova ilə 5 ay müddətinə layihə çərçivəsində göstərilən işlərin yerinə yetirilməsi üçün fərdi qaydada müqavilə bağlayıb.

Həmin müqavilənin müddəti bitdikdən sonra Kəmalə Ağazadə onlara bildirib ki, Səhiyyə Nazirliyində işləyən aidiyyətı vəzifəli şəxsə rüşvət verməklə, əməkdaşlıq müqaviləsinin müddətinin uzadılmasına nail olacaq və onlarla yenidən xidmət müqaviləsi bağlayacaq.

Kəmalə Ağazadə 2015-ci ilin sentyabr və oktyabr ayında “Azərbaycan Uşaqları” İctimai Birliyinin faktiki fəaliyyət göstərdiyi binasında hissə-hissə olmaqla Həcər Kəngərlidən 3600, Mahir Bayramovdan 2100 və Mahirə Sadıqovadan isə 2100 manat alıb.

O, ümumilikdə 7800 manat məbləğində pul alaraq, özünün şəxsi ehtiyaclarına xərcləyib.

Kəmalə Ağazadəyə qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.2-ci (ələ alma, sövdələşmə, təhrik etmə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan edilib.

İstintaq orqanı tərəfindən Kəmalə Ağazadənin barəsində polis nəzarəti altında qətimkan tədbiri seçilib. O, həbs edilməyib.
loading...
XƏBƏR LENTİ
Dünən, 15:42
Dünən, 09:47