06 apr 20:52Sosial

Abşeron prokurorunun müavini Nail Əliyevdən Baş Prokurora şikayət

Abşeron prokurorunun müavini Nail Əliyevdən Baş Prokurora şikayətAzərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova

Hörmətli Zakir müəllim,

Özgə əmlakını mənimsəməkdə məşhurlaşmış Ələkbər və Fəxrəddin Hüseynov qardaşları Xırdalan şəhərində inşa etdikləri yaşayış binasında yeni bir dələduzluğa əl atmışlar. Bu dəfə onlar vətəndaş Ayturan Əliyevin ailəsinə aid 3 otaqlı mənzili dələduzluq yolu ilə başqa şəxsə satmışlar. Abşeron rayon Polis İdarəsinin müstəntiqi Yaşar İsgəndərov tərəfindən aparılan (“AFŞARAN” və “AFŞARAN-A” MMC-lərin təsisçiləri Ələkbər və Fəxrəddin Hüseynovların əməli barədə) araşdırmada izahatı alınmış şikayətçilər olaraq bildiririk ki, Abşeron Rayon Prokuroru vəzifəsini icra edən Nail Əliyev baş vermiş qanunsuzluqları açıq-aşkar ört basdır etməkdədir. Araşdırma nəticəsində toplanmış materiallar cinayət işi başlanması üçün Abşeron Rayon Prokurorluğuna təqdim edildi. Prokuror vəzifəsini müvəqqəti icra etməsindən fürsət kimi yararlanan Nail Əliyev işdə (dələduzluq və sənədlərin saxtalaşdırılması) cinayət tərkibinin olmasına baxmayaraq dələduz qardaşlarla iş birliyinə girərək açıq-aşkar onları cinayət məsuliyyətindən yayındırmağa çalışır. Bununla da bilərəkdən 5 ay uzadılan bu işi xüsusi nəzarəti altında saxlayaraq dələduz qardaşları himayə etməklə cinayət işi başlanmasının qarşısını alır. Fəxrəddin Huseynov mənzilin faktiki sahibi Ayturan Əliyevin razılığı olmadan sənədləri saxtalaşdıraraq onun mənzilini başqa adama satmışdır. Bir neçə aydan sonra isə onun adından saxta razılıq ərizəsi müqaviləyə əlavə edilmişdir. Bu barədə dəfələrlə Nail Əliyevlə görüşərək, Ələkbər və Fəxrəddin Hüseynov qardaşlarının təkzibolunmaz cinayət əməli törətdiklərini sübutlarla onun nəzərinə çatdırsaq da o, dələduzluq və sənəd saxtalaşdırması cinayətlərini törətmiş qardaşları israrla müdafiə etmişdir. Nail Əliyevin bu işə dair qanunlarla heç cür uzlaşmayan anlaşılmaz münasibəti bizi Abşeron Rayon Prokuroru çox hörmətli Rahib Seyidova muraciət etmək məcburiyyətində qoydu. Məzuniyyətdən döndükdən sonra hörmətli Rahib müəllim müavini Nail Əliyevi, müstəntiq Yaşar İsgəndərovu və məni (Müzəffər Məmmədlini) dəvət edərək hər birimizi dinlədi və sonda (Nail Əliyevin yanlış məruzəsinə baxmayaraq) əks tərəfə şikayətçi ilə razılaşmaq üçün müəyyən vaxt verilməsi, razilaşma olmazsa cinayət işi başlanması barədə göstəriş verdi. Bir aydan çox vaxt keçdikdən və heç bir nəticə olmadıqdan sonra isə Rahib müəllim 2-ci dəfə Nail Əliyevə bu işlə bağlı ciddi tədbirlər görülməsi üçün təkrar tapşırıq verdi. Bütün bunlara heç bir əhəmiyyət verməyən Nail Əliyev təkidlə dələduz qardaşları himayə etməyə davam etmişdir.

Hörmətli Zakir muəllim,

Cənab Prezidentimiz İlham Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 90 illik yubileyinə ünvanladığı təbrik məktubunda qeyd edir ki, “Əsas məqsədimiz - prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır”. Cənab prezidentimizin bu çağırışından sonra bioqrafiyaları dələduzluqlarla dolu olan bu qardaşların prokuror müavini Nail Əliyev tərəfindən nəyin müqabilində belə müdafiə olunmalarını başa düşmək mümkün deyil. Bəlkə qayınatası olan keçmiş MTN-in baş İstintaq İdarəsinin sabiq rəisi, Eldar Mahmudovun yaxın silahdaşı Mövlan Şıxəliyevdən öyrənib belə iş metodlarını...? Fəxrəddin Hüseynov Balaxan oğlu özgə malını mənimsədiyi üçün CM-nin179 maddəsi ilə 10 il məhkumluq həyatı yaşayaraq yaxın vaxtlarda azadlığa buraxılmış və yeni dələduz əməllər törətməkdədir. Digəri qardaşı Elxan Hüseynov Balaxan oğlu (keçmiş“MUR-AY” MMC-nin təsiscisi) Respublika səviyyəsində anoloqu olmayan elə bir dələduzluq cinayəti törətmişdir ki, insan bu haqda düşünəndə belə heyrətə gəlir. O və komandası 317 mənzil və qeyri yaşayış sahəsini 1000-dən çox vətəndaşa satmışlar. Cənab Prezident İlham Əliyev bu işi nəzarətə götürərək 1000-dən çox vətəndaşa (Elxan Hüseynov və 6 nəfər işçisi tərəfindən) vurulmuş ziyanın bərpa olunması üçün göstəriş vermiş və nəticədə problem öz həllinı tapmış dələduzlara başçılıq edən Elxan Hüseynov isə 15 il azadlıqdan məhrum edimişdir. Ələkbər Hüseynov Balaxan oğlu da törətdiyi mənzil dələduzluğu əməlinə görə 2014-ci ildə AR CM-nin 178 3.2 maddəsi ilə barəsində 140206054 saylı 07 iyul 2014-cü il tarixli cinayət işi başlanmışdır. Qaçıb gizləndiyi üçün məcburi gətirilmə qərarı ilə Yasamal Rayon Polis idarəsi tərəfindən tutularaq 2 sutka həbsdə saxlanmış və Kürdəxanı təcridxanasına göndərilmə ərəfəsində mənimsədiyi əmlakları qismən pul, qalan borcunu əmlakla ödədiyi üçün azad olunmuşdur. Qardaşların bioqrafiyalarındakı təkcə bu əməlləri bəs edir ki, onların cinayətkarca qanunları nə qədər heçə saydıqları, insanların mal- mülklərini haqsız və qanunsuz olaraq necə mənimsədikləri barədə fikir formalaşsın.

Hörmətli Zakir muəllim,

Sizin bu işi nəzarətə götürəcəyinizə və haqq-ədalətin öz yerini tutacağına inanırıq. İnanırıq ki, aidiyyatı orqanlar bütün bunları və sənədlərlə sübut olunmuş cinayət tərkibli faktları görməzdən gələn Abşeron Rayon Prokurorunun müavini Nail Əliyevin qanunlarla daban-dabana zidd hərəkətinə son verəcəklər.

Hörmətlə,

Gülnarə Fərəcova, Ayturan Əliyev, Müzəffər Məmmədli.

Redaksiyadan: Məktub şikayətçilər tərəfindən imzaları ilə təsdiqlənib. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

strateq.az
loading...
XƏBƏR LENTİ
19-10-2018, 16:36