17 noy 15:43Sosial

Erməniyə təslim olmamaq üçün özünü partladan 7 əsgər…

Erməniyə təslim olmamaq üçün özünü partladan 7 əsgər…Düşmən əlinə keçməmək üçün özlərini partladan 7 qəhrəman kəşfiyyatçı şəhidimizin, həmçinin ölümündən sonra orden və medalla təltif olunan qəhrəman şəhidlərimizin bölgələrdə xatirəsi əbədiləşdirilməlidir.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında çıxışı zamanı millət vəkili Qənirə Paşayeva təklif edib. Millət vəkili bunun şəhid ailələrinin xahişi olduğunu vurğulayıb:

“Ümummilli liderimiz Heydər Əliyev bu qəhrəman şəhidlərimizi yüksək qiymətləndirərək “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib. “Azərbaycan Bayrağı” ordeni statusuna görə ən ali ordenlərdən biridir. 1997-ci ildə qəbul olunmuş “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanunda küçə, meydan, təşkilat, müəssisə, hərbi və mülki gəmilərə Vətən uğrunda döyüşlərə görə azı 2 ordenlə təltif olunanların adların verilməsi vurğulanır. Bu ailələrin xahiş və təkliflərini səsləndirərək vurğulamaq istəyirəm ki, qanunun bu maddəsinə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və ali hərbi mükafata layiq görülənləri də əlavə edək. Bu gün bölgələrimizdə çoxlu sayda küçə və meydanlar var ki, onlara qəhrəman şəhidlərimizin adlarının verilməsi sadəcə onların ailələri deyil, bütün cəmiyyətimiz üçün də vacibdir. Cənab Prezidentin daim şəhid və qəhrəmanlarımıza yüksək münasibətini xüsusi vurğulayaraq bu təklifin yaxın zamanlarda qanunda öz əksini tapacağına inanıram”.

Millət vəkili həmin kəşfiyyat dəstəsindən yalnız bir nəfərin yaralı olaraq xilas olduğunu diqqətə çatdıraraq ona daha yüksək səviyyədə qayğının göstərilməsinin vacibliyini də vurğulayıb.

Q.Paşayeva eyni zamanda, Milli Qəhrəmanlara büstlərin qoyulması ilə bağlı qanunvericilikdə yaranmış boşluqların qısa zamanda aradan qaldırılması da təklif edib:

“Ali Baş Komandanımız İlham Əliyev hər zaman Milli Qəhrəman və şəhid ailələrinə xüsusi diqqətlə yanaşır. Bir sıra bölgələrimizdə Milli Qəhrəmanlarımıza mərkəzi yerlərdə büstləri qoyulub ki, bu da qəhrəman şəhidlərmiz qarşısında vəfa borcumuz olmaqla yanaşı, gənc nəsillərin vətənpərvərlik ruhunda böyüməsi üçüm çox önəmlidir. Amma qanunvericilikdə ortaya çıxan bir ziddiyyət bəzi bölgələrdə mərkəzi yerlərə Milli Qəhrəmanlarımızın büstlərinin yerləşdirilməsi üçün ciddi sual yaradıb və bunun aradan qaldırılması lazımdır. Belə ki 1997-ci ildə qəbul olunmuş “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanunda qeyd olunur ki, büstlər 2 dəfə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülənlərə qoyulur. Amma 1992-ci ildə qəbul edilmiş “Azərbaycanın Milli Qəhrəmanı” adı haqqında Əsasnamənin təsdiq edilməsi barədə qanunda qeyd edilir ki, Azərbaycanın Milli Qəhrəmanı adı eyni şəxsə 1 dəfə verilir. Yəni bu qanuna əsasən, 2 dəfə Azərbaycanın Milli Qəhrəmanı adı almaq mümkünsüzdür. “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanunda deyilir ki, büst 2 dəfə Milli Qəhrəman adına layiq görülənlərə qoyulur. Bu, çox ciddi ziddiyyətdir və bir sıra bölgələrdə Milli Qəhrəmanlara mərkəzi yerlərdə büstün qoyulması məsələsinə təsirini göstərir. Ona görə də təklif edirəm ki, bu qanunda 2 dəfə adını götürək. Bu zaman 2 qanun arasında ziddiyyət də aradan götürüləcək və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş hər bir qəhrəmanımıza büstün qoyulması məsələsi birmənalı şəkildə öz həllini tapmış olacaq”.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 12:15
Dünən, 10:41