08 noy 17:16Sosial

Gənclərimiz dövlət bayrağına yüksək ehtiram bəsləyirlər

Gənclərimiz dövlət bayrağına yüksək ehtiram bəsləyirlərBayraq, himn və gerb bütün ölkələrin rəsmi dövlət atributudur. Azərbaycan Respublikasının üçrəngli bayrağı müstəqilliyimizi və suverenliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərməli, bunu özünün müqəddəs borcu kimi qəbul etməlidir. Bayraq hər bir xalq üçün müqəddəs hesab edildiyinə görə həmişə ehtiramla yanaşılıb.

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Hökumət Kabineti Gəncə şəhərində yerləşirdi. Çünki, Bakı şəhəri bolşevik qüvvələri tərəfindən işğal olunmuşdu. Məhz buna görə də Azərbaycanın ilk müstəqil bayrağı qırımızı ay və səkkizguşəli ulduzdan ibarət olaraq 1918-ci ildə Gəncədə qəbul edildi. Lakin hələ o vaxt bildirilmişdi ki, bu bayraq müvəqqətidir. Bir müddət sonra isə, 9 noyabr 1918-ci ildə müqəddəs üçrəngli bayrağımız qəbul olundu. Ancaq, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun sürmədi və bayrağımız zirvələrdə dalğalanmadı.

Uzun illərdən sonra isə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi və üçrəngli bayrağımız yenidən dalğalandı. Bununla da Azərbaycan xalqı yenidən öz bayrağı ilə fəxr etmək, onunla qürur duymaq imkanını əldə etdi. Belə ki, 17 noyabr 1990 – cı il tarixində Ümummilli lider Heydər Əliyevin təklifi ilə üçrəngli bayrağımız Naxçıvan Ali Məclisinin qərarı ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq qəbul olundu. Bu qərardan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin binasının önündə Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəs üçrəngli bayrağı dalğalanmağa başladı. Bununla yanaşı, Azərbaycan Respublikasının Ali Sovetinə təklif edildi ki, üçrəngli bayrağımız Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin. Beləliklə üçrəngli bayraq bütövlükdə Azərbaycanın dövlət bayrağı kimi qəbul olundu.

Bildiyimiz kimi, bayrağımızda olan rənglər türkçülüyü, müasirliyi və islamçılığı özündə əks etdirir. Bu isə Azərbaycan dövlətinin, xalqının öz inanclarına, dəyərlərinə sadiqliyindən xəbər verir. Bayrağa göstərilən diqqət və qayğının nəticəsidir ki, Prezident İlham Əliyevin 17 noyabr 2007-ci il tarixli sərəncamına əsasən Dövlət Bayrağı Meydanı yaradıldı . Ölkə başçısı 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncam imzaladı. Məhz bu sərəncama uyğun olaraq noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı günü kimi təntənə ilə qeyd olunur. Dünya ictimaiyyəti də millətimizin öz bayrağına nə qədər hörmət etdiyini, sevdiyini görür. Bildirmək istərdim ki, Dövlət Bayrağı Meydanı hər ölkədə yoxdur.
Bayrağımız bizim qürur mənbəyimizdir, and yerimizdir. Xalqımızın qəhrəmanlıq tarixindən bu günə qədər gələn bayraq sevgimiz keçmişimizdə olduğu kimi bu gün də hər bir vətəndaşımızın üzərinə ciddi mənəvi məsuliyyət qoyur. Məhz bu məsuliyyəti dərk edən Azərbaycan gəncləri milli maraqları üstün tutur, daim dövlətimizin keşiyində dayanaraq onu qoruyur və hər zaman üçrəngli bayrağımızı zirvələrdə dalğalanmasına cəhd göstərir.

“Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İB olaraq hər zaman gənclərimizə dövlət atributlarını sevmək, milli maraqların daim keşiyində dayanmaq, vətəndaşlığın əxlaqi yükünü daim çiyinlərində hiss etmək, dövlətçilik idealarını üstün tutmağı tövsiyyə edirik. Sevindirici haldır ki, gənclərimiz dövlət bayrağına yüksək ehtiram bəsləyirlər. Bu da vətənpərvərliyin bariz nümunəsidir. Bayrağımız, himnimiz, gerbimiz istər vətəndə, istərsə də xaricdə yüksək səviyyədə təbliğ olunur. Gənclərimiz təkcə bayrağı tanıtmaqla deyil, həm də vətəni, bayrağı insanlara sevdirməyi bacarırlar. Bu mənada gənclərimizin tərbiyəsini yüksək qiymətləndirirəm.

Bu gün qürurla deyə bilirəm ki, dövlətimizin bayrağı dünyanın aparıcı təşkilatlarının önündə dalğalanır. Son illər Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun artması ilə bayrağımızın yüksəliklərdə dalğalanması məni çox sevindirir. Bizim hər birimizin borcudur ki, bu bayrağın əbədi dalğalanması üçün əlimizdən gələni edək Vətənimizin müstəqilliyini əbədi olaraq qoruyaq.

Bayraq Günümüz Mübarək!
Elvin Babayev
Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İB-nin sədr müavini
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ