12 okt 18:30Sosial

“Azercell” və “NLT Telekom”-dan tanınmış jurnalistə qarşı — BİABIRÇILIQ

“Azercell” və “NLT Telekom”-dan tanınmış jurnalistə qarşı — BİABIRÇILIQAzərbaycanda mobil telefon və aksessuarlarının satışı ilə tanınan “NLT Telekom” dükanlar şəbəkəsinin müştəriləri aldatması faktı üzə çıxıb.

Bu dəfə “NLT Telekom” Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri, tanınmış idman jurnalisti Pərviz Musayevi aldadaraq, ona işlənmiş telefonu “yeni” adı ilə satıb.

Məsələ ilə bağlı Pərviz Musayev də sosial şəbəkə vasitəsilə ictimaiyyətə müraciət edərək, “NLT Telekom” tərəfindən aldadıldığını və böyük məbləğdə ziyana düşdüyünü bildirib:

“Dostlar, bu məsələnin mətbuat vasitəsilə ictimailəşdirilməsində köməklik göstərməyinizi xahiş edirəm! Bu ilin yanvar ayında “NLT Telekom” dükanlar şəbəkəsinin Fəvvarələr Meydanı, 6 ünvanında yerləşən 2 saylı satış mağazasından şəxsi istifadəm üçün 1299 AZN-ə 64 GB tutuma malik “iPhone 6S” smartfonu almışam. İki gün öncə, oktyabrın 10-da telefonun şəbəkəsində yaranmış problemlərlə əlaqədar Azercell Müştəri Xidmətlərinə müraciət etdim və onlar problemin sırf telefondan qaynaqlandığını bildirdilər. Bu zaman telefonu aldığım “NLT Telekom 2” dükanına yollandım. Telefonun İMEİ kodu yoxladıqdan sonra dükanın meneceri olan Elçin adlı şəxsdən aldığım cavab məni şoka saldı: “Sizin telefon kredit borcuna görə bloklanıb”.

Ona telefonu nağd pulla məhz bu dükandan aldığımı dedikdə isə məsələni bu cür izah etdi - mənim onlardan aldığım smartfon Azercell şirkətinin “kampaniya” telefonu olub. (https://www.azercell.com/az/news/show/612/) Yəni hər hansı bir fiziki şəxs Azercell-dən kredit xətti ilə yeni telefon alıb, sonra isə həmin telefonu qutusunu açmadan satıb və “zəncirvari” proseslə bu telefon “NLT Telekom”a gəlib çıxıb və oradan da mənə satılıb. Öz növbəsində Azercell şirkəti də həmin telefonun aylıq kreditinin ödənməməsi səbəbindən smartfonu “bloklayıb”. Azercell Müştəri Xidmətlərinə bu məsələ ilə bağlı müraciətimə cavab olaraq bildirildi ki, telefon yalnız kredit borcunun bağlanacağı təqdirdə “blok”dan çıxarıla bilər”.
Jurnalist bundan öncə də özü və ailə üzvləri üçün bütün telefonları məhz “NLT Telekom”dan aldığını söyləyib:

“Heç vaxt bu cür problemlərlə qarşılaşmamışam. Yeri gəlmişkən, son telefonu alanda tələb etsəm də, mənə zəmanət kartı təqdim olunmayıb. “NTL Telekom 2”nin təmsilçisi Elçin bəyə telefonu məhz onlardan aldığımı əsas gətirməklə yaranmış problemə görə də onların məsuliyyət daşıdığını bildirdim. O isə məni smartfonun Azercell-in “kampaniya telefonu” olduğunu bilmədiyini, onu Rza adlı distribütordan aldığını və bloklanmanın da məhz Azercell tərəfindən həyata keçirildiyinə inandırmağa çalışdı. Vəziyyətdən çıxış yolu kimi mənə sərf etməyən 3 variant təklif olundu – ya telefonun “plata”sı dükanın hesabına dəyişdirilsin, ya bunun yerinə mənə eyni modeldən olan işlənmiş başqa telefon verilsin, ya da 1299 AZN-ə aldığım telefonu ona 550 AZN-ə satıb üstünə əlavə pul qoymaqla məhz onlardan başqa telefon alım.

Təbii ki, onun bu təkliflərindən imtina edərək mənə dəyən maddi zərərin əsas səbəbkarı kimi məhz “NLT Telekom”un məsuliyyət daşıdığını bildirdim və məsələnin hüququ çərçivədə həll olunması üçün aidiyyatı orqanlara müraciət edəcəyimi dedim. Qarşı tərəfin isə müxtəlif qeyri-qanuni yollarla onların dükanına gəlib çıxan və müştərilərə satılan problemli telefonlara görə bir daha heç bir məsuliyyət daşımadıqlarını bildirdiyi üçün Daxili İşlər Nazirliyinə və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə rəsmi şəkildə müraciət ünvanlamaq qərarına gəldim. Ümid edirəm ki, baş vermiş hadisə ilə bağlı ən qısa zamanda lazımi ölçü götürüləcək”.

Xatırladaq ki, son vaxtlar “NLT Telekom”-un fəaliyyəti ilə bağlı vətəndaşlardan daxil olan şikayətlərin sayı artıb.
loading...
Reklam
XƏBƏR LENTİ
Dünən, 22:26