12 avq 08:05Sosial

Zənginliklərə qalib gələn insan - ELÇİN MİRZƏBƏYLİ

Zənginliklərə qalib gələn insan - ELÇİN MİRZƏBƏYLİBu gün fəxr etdiyimiz, qələminə, sözünə, şəxsiyyətinə hörmət etdiyimiz, dəyər verdiyimiz Elçin Mirzəbəylinin yubileyi – 50 illiyidir. Bu dəyəri, hörməti, etimadı, inamı özü qazanıb – insanlığı, sadəliyi, təfəkkürü ilə. Elçin Mirzəbəyli dünyanın rənglərinə aldanmayan bir şəxsiyyətidir. Elçin Mirzəbəyli dünya malında gözü olmayan, zənginliklərə qalib gələn insandır...

2010-cu ildən “Xalq Cəbhəsi” qəzetinin qapılarını üzümə açdı. 7 ildir hər gün onunla ünsiyyətdə oluram. Yaxşı yadımdadır, bir neçə ay işsiz qalmışdım, heç kimin qapısını döymədim, geri qaytarıla biləcəyimdən ehtiyatlanırdım. Elçin Mirzəbəylinin qapısını döydüm. Bilirdim ki, o, mənim düşdüyüm vəziyyəti başa düşəcək... Yanılmadım, səhəri qəzetin redaksiyasına getdim, görüşdüm, elə həmin gün otaqların birində yuxarı başda oturacağım masanı göstərdi. O gündən bu günədək bu insanın qayğısını görməkdəyəm. Ən çətin vəziyyətlərdə dayağım olub. E.Mirzəbəyli təkcə qəzetdə işləyənlərə deyil, hamıya kömək əlini uzadıb. Onun kabinetinin qapısı heç vaxt bağlı olmur, daim açıqdır, ürəyi kimi... Qapısını döyənlərin heç biri naümid geri qayıtmayıb.

Elçin bəy yaxşı, etibarlı dostdur, dost yolunda özünü fəda verəndir. Azərbaycan mediasında ikinci bir baş redaktor çətin tapıla ki, Mirzəbəyli kimi sadədir. O gün olmasın ki, Mirzəbəyli jurnalistlərin otağına gəlib onlarla söhbətləşməsin, dərdləşməsin, onların vəziyyəti, qayğıları ilə maraqlanmasın. Sosial problemlərin həllində belə bu insan jurnalistlərə dayaq olur...

Elçin Mirzəbəyli vətəninə, torpağına çox bağlı olan insandır. Onun ürəyində bütöv bir Azərbaycan, türk dünyası var. ..

Hər gün Mirzəbəylinin fəaliyyəti gözümün önündədir. Heyran qalmışam, təəccüblənirəm. Deyəsdilər, inanmazdım. İşə hamıdan tez gəlir, hamıdan gec gedir. Partiyanın yükü, qəzetin işi, yaradıcılığı, TV-lərə, mediaya açıqlamalar, çəkilişlər, veriliş hazırlamaq, tədbirlərdə iştirak, xaricə səfərlər... Necə deyərlər bütün günü qaça-qaçda, gərgin iş rejimində.

E.Mirzəbəylinin sirli-sehrli, ancaq maraqlı və mənalı bir dünyası var. Onun özü bir dünyadır. Biz onun işçiləri kimi bu dünyanın sakinləriyik. Onun dünyasından çox şeyi görüb, götürməkdəyik.

E.Mirzəbəyli bizim hər birimizin üman və güman yerimizdir. O bizim fəxarət ünvanımızdır. Fəxr edə bilərik ki, onun kimi bir şəxsiyyətin rəhbərlik etdiyi qurumda çalışırıq. Fəxr edirik ki, bizim rəhbərimizin Azərbaycanın siyasi arenasında öz nüfuzu, hörməti sözünün çəkisi, qiyməti var, Azərbaycan mediasının generallarındandır...

50 yaş nədir ki.... İllər ötəcək, yaş yaş üstə gələcək, həyat fəsillər kimi dəyişəcək. Amma bizim Elçin Mirzəbəyli heç vaxt dəyişməyəcək. Çünki zamanın belə şəxsiyyətləri sındırmağa, əyməyə gücü çatmaz. Elçin Mirzəbəyli elə özü kimi BÖYÜK qalacaq.

Ona daha bir 50 yaş arzulayırıq. Allah onu qorusun, bütün bəlalardan hifz etsin, nəzəri daim üstündə olsun. Amin!

Cavid Şahverdiyev
loading...
Reklam
XƏBƏR LENTİ
15-08-2017, 10:51