29 dek 17:44Sosial

Dövlətin mediaya dəstəyi davam edəcək

Dövlətin mediaya dəstəyi davam edəcəkKİV-lərə Əlavə Dəyər Vergisi tətbiqinin ləğv edilməsinin yenidən şahidi olacağıq.

Bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun APA-ya müsahibəsində deyib.

Deputatın sözlərinə görə, 2016-cı il öncədən proqnozlaşdırıldığı kimi heç də asan olmadı:

“Böhran media bazarına da təsirsiz ötüşmədi, hərçənd pozitiv məqamları da az deyil. Azərbaycan 20 ilə yaxın idi ki, belə vəziyyətlə üzləşməmişdi, jurnalistikamız da həmçinin. Amma ümumən, mediamız böhran şəraitində ayaqda qala bildi. Belə bir immunitetin olması vacibdir. Demək ki, vəziyyətə adekvat reaksiya formalaşıb. Bu, sevindirici haldır.

Medianın iqtisadi cəhətdən özünü təsdiqləyə bilməməsi hələ də problem kimi qalmaqdadır. Düzdür, dövlətimiz bu sahədəki çətinliklərin aradan qaldırılmasını öz üzərinə götürüb. Həyata keçirilən tədbirlər göz önündədir. Amma medianın özü də təşəbbüslərlə çıxış etməlidir.

Mediamızın, xüsusən də çap mediasının və internet saytların reklam məsələsi də aktuallığını saxlamaqdadır. Burada həmin kütləvi informasiya vasitələri ilə sahibkarların marağının uzlaşdırılmasına ehtiyac var. Mövcud istiqamətdə də sistemli iş aparılmalıdır”.

Ə.Amaşovun sözlərinə görə, qarşıdan gələn ildə dövlətin mediaya dəstəyi davam edəcək:

“İlk gözləntim cənab Prezidentin sərəncamı əsasında inşa edilmiş binanın jurnalistlərin ixtiyarına verilməsidir. Bu, təkcə mənim deyil, bütövlükdə həmkarlarımızın hər birinin arzusudur. Uzun müddət kirayə həyatı keçirmiş biri kimi evsizliyin nə olduğunu gözəl bilirəm. Tanrı haqqı çatan hər kəsi arzusuna qovuşdursun. Düşünürəm ki, Azərbaycan dövlətinin jurnalistikamızla bağlı bu sayaq diqqət və qayğı nümunəsi davamlı olacaq.

Milli Məclisdəki çıxışlarımda da internet medianın dövlət tərəfindən maliyyələşməsinin vacibliyini bildirmişəm. Gözləntim budur ki, nəhayət 2017-ci ildə biz bu prosesə başlayaq. Çünki internet medianın potensialı böyükdür. Bu potensialdan “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın istiqamətlərinə uyğun faydalanmaq son dərəcə zəruridir. Digər tərəfdən, dövlət yardımının bu sahədə çalışan həmkarlarımızın sosial vəziyyətini, KİV-lərin maddi-texniki durumunu yaxşılaşdıracağı qənaətindəyəm. Zənnimcə, KİV-lərə Əlavə Dəyər Vergisi tətbiqinin ləğv edilməsinin yenidən şahidi olacağıq.

Daha bir mühüm gözləntim informasiya təhlükəsizliyi konsepsiyası ilə bağlıdır. Əlbəttə, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası var. Sənəd kifayət qədər təkmildir. Orada informasiya təhlükəsizliyi ilə bağlı məqamlar da yer alıb. Ancaq məsələyə daha fundamental yanaşmağa ehtiyac var. Çünki informasiya təhlükəsizliyi yalnız milli təhlükəsizliyin bir elementi kimi qəbul edilməməlidir. Bu, özü ayrılıqda bir sahədir. Arzu edərdim ki, 2017-ci ildə informasiya təhlükəsizliyi konsepsiyası qəbul edilsin”.
loading...
XƏBƏR LENTİ