21 fev 12:53siyaset

Ermənistanın qorxusu

Ermənistanın qorxusuErməni siyasətçilər Rusiyanın 200 milyon dollarlıq kredit çərçivəsində Ermənistana verəcəyi silahların içində “İsgəndər” raketlərinin olmamasının əsas səbəblərini Moskva-Bakı münasibətlərində axtarmağa çalışırlar.

"Ermənistanın Avrasiya İttifaqına girməsindən öncə uzun sürən dəhşət serialı təşkil elədilər.”
ANS PRESS-in məlumatına görə, bu gün Ermənistan mətbuatına müsahibə verən “Beynəlxalq məsələlər və təhlükəsizlik üzrə erməni institutu”nun rəhbəri Styopa Safaryan bunu Rusiyanın Ermənistana qarşı həmişə tətbiq etdiyi qorxutmaq və əldə saxlamaq siyasəti ilə izah edib. 2012-ci ildə Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olması ərəfəsini xatırlayan erməni siyasətçi deyib: “Qəflətən 2009-10-cu illərdə imzalanmış Rusiya-Azərbaycan hərbi-texniki əməkdaşlıq sazişinin həyata keçirilməsi barədə açıqlama verildi. Bu, Ermənistanı Rusiyanın orbitinə qaytarmaq üçün edildi. Yəni Ermənistanın Avrasiya İttifaqına girməsindən öncə uzun sürən dəhşət serialı təşkil elədilər”.

Ümumiyyətlə isə İrəvan şərhçlərinin fikrincə, “İsgəndər” raketlərini siyahıya salmayan Rusiya Azərbaycanla silah-alış verişini artırmaq niyyətindədir və bunun üçün Ermənistandan bir vasitə kimi istifadə edir. Ermənilər növbəti addım kimi Rusiyanın Azərbaycana yeni silahlar sata biləcəyini və bunun regionda hərbi balansı təhlükəli şəkildə pozacağını iddia edirlər. Onların iddiasına görə, bu disbalans Rusiyanın özü üçün də təhlükəlidir. Yəni erməni şərhçilər Moskvadan əvvəl verdiyi sözə əməl etməyi və İrəvana “İsgəndər” raketləri verməyi tələb edirlər.

Ermənilərin bu silaha maraq göstərməsinin səbəbi aydındır. 500 kilometrə qədər uça bilən “İsgəndər” raketləri həm kiçik ölçülü, həm də meydança şəkilli hədəfləri vurmağa qadirdir. Bu raketlərlə taktiki nüvə silahı da daşımaq olar. Yəni ermənilər bu raketləri almaqla Azərbaycan ordusu ilə müqayisədə yaşadıqları zəifliyi ört-basdır etməyə çalışırlar.

“Rusiyanın Ermənistana “İsgəndər” raketləri verməyə texniki imkanı yoxdur. Moskvanın İranın qarşısında bu raketlərlə bağlı böyük öhdəliyi var."
Azərbaycan Müdafiə Nazirliyinin keçmiş işçisi, polkovnik-leytenant Üzeyir Cəfərov ANS PRESS-ə müsahibəsində erməni şərhçilərin bu arzusunun həyata keçməyəcəyini bildirir: “Rusiyanın Ermənistana “İsgəndər” raketləri verməyə texniki imkanı yoxdur. Moskvanın İranın qarşısında bu raketlərlə bağlı böyük öhdəliyi var. Bir neçə gün öncə Moskvaya səfər edən İran xarici işlər naziri Əhməd Vahidi Rusiyadan 9 milyard dollarlıq silah alınması barədə danışırdı”.

Üzeyir Cəfərovun sözlərinə görə, ermənilər Rusiyadan daha çox silah almaq üçün Moskvanı daima Azərbaycan-Türkiyə qorxusu ilə vahiməyə salmaq istəyirlər, buna görə həmişə bu ölkələr arasına ədavət toxumu səpməyə çalışırlar: "Amma Rusiyanın ağıllı hərbçiləri, fikir adamları bu qarayaxmalara cavab verməyi qərara alıblar. Buna görə də gələn ay Moskvada məsələ ilə bağlı konfrans keçiriləcək və rus-türk münasibətlərindəki problemlər müzakirə olunacaq. Konfransda mənim də çıxışım gözlənilir".

Tədbir Azərbaycanın yer aldığı slavyan-türk müstəvisində gərginliyi xeyli azalda bilər. Hər halda, Türkiyə Azərbaycanın strateji müttəfiqi, Rusiya strateji tərəfdaşıdır. Hər iki ölkə ilə Azərbaycanı birləşdirən bağlar var və o bağlar rəsmi Bakıya tarazlanmış, balanslı siyasət yürütməyə imkan verir. Təbii ki, Azərbaycan bu bağların heç birinin qopmasını və geosiyasi fəzada bir vaxt yaşadığı təlatüm dövrünün təkrarlanmasını istəməz.
loading...
XƏBƏR LENTİ
Dünən, 15:42
Dünən, 09:47