27 may 14:59siyaset

ALDP sədri: "28 may Azərbaycan xalqının həyatına əlamətdar hadisə kimi daxil olub"

ALDP sədri: "28 may Azərbaycan xalqının həyatına əlamətdar hadisə kimi daxil olub"28 may Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib.
Bu tarix xalqımızın qan yaddaşında ən möhtəşəm və parlaq səhifədir. Məhz həmin gün – 98 il öncə 1918-ci il mayın 28-də Məhəmmədəmin Rəsulzadənin liderliyi ilə müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika – Xalq Cümhuriyyəti elan edilib!

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. ADR Türk və İslam dünyasında ilk Parlamentli Respublika ve ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyuk naaliyyətlər və qalibiyyətlər əldə edib.

1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olub. Bu görkəmli dövlət xadimləri-nin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub.

Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.

İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın – kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və bir cümlədə desək bugün özlərini modern hesab edən ölkələrin bir çoxunun hələ də təmin edə bimədiyi demokratik şəraiti 98 il bundan əvvəl Müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.

Sizi Azərbaycan xalqının tarixində unudulmaz günlərdən biri olan 28 May Respublika günü münasibətilə təbrik edirəm. Arzu edirəm ki, Azərbaycanımız daha güclü, bütöv və iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdən biri olsun.

Fuad Əliyev

Azərbaycan Liberal Demokrat Partiyasının sədri
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 13:46