30 apr 17:45siyaset

Gürcü aqressiyası və onu yaradan səbəblər

Gürcü aqressiyası və onu yaradan səbəblərGürcüstan tərəfindən azərbaycana qarşı atılan son addım təsadüfi deyil və təxribat xarakterlidir

Təbii ki, son hadisələrin pərdəarxası məqamları da ola bilər. Amma bizim müzakirə edəcəyimiz mövzu bu deyil. Çünki bu sadəcə, detallardan biridir. Biz müxtəlif dönəmlərdə, zaman-zaman Gürcüstan tərəfindən Azərbaycana qarşı qısqanc addımların şahidi olmuşuq. Bu onu göstərir ki, Gürcüstan dövlət və millət olaraq Azərbaycana qarşı həmişə qısqanclıqla yanaşıb. Bunun bir-birinə bağlı olan 2 təməl səbəbi var. Birincisi Gürcüstan - öz tarixi torpaqlarında yaşayan və ciddi gücə çevrilmə perspektivinə sahib olan Azərbaycan türklərini özünə təhlükə görür.

İkincisi isə təbii resurslara malik olan Azərbaycanın qlobal güclərin maraq dairəsində olması və əməkdaşlıq perspektivləri nəticəsəsində bölgədə daha nüfuzlu dövlətə çevrilərək Gürcüstan üzərində dominant siyasət yürüdəcəyindən əndişələnir.

Biz bu faktorları nəzərə alaraq Gürcüstan siyasətimizi müəyyənləşdirməliyik.

Gürcüstan dövlət olaraq Azərbaycanla hesablaşmaq zorundadır.

Azərbaycan bütün parametrlərə görə Gürcüstandan qat-qat üstündür. Azərbaycanın Gürcüstandan fərqli olaraq zəngin təbii sərvətlərə malikdir. Ölkəmizdə ciddi güc mərkəzlərinin maraqları var və Azərbaycan Geosiyasi proseslərdə iştirakçı dövlətdir.

Gürcüstanın ən pis vaxtlarında onun yanında olan Azərbaycan bir çox hallarda adekvat qarşılıq görmür. Gürcüstan Azərbaycanı qıcıqlandıracaq addımlar atmaqda davam edir. Buna erməni terrorçuya qoyulan abidəni, adları dəyişdirilən toponimlərimizi, tarixi Azərbaycan torpaqlarına sancılan xaçları və digər faktları misal göstərə bilərik.

Gürcüstan Qarabağ problemi ilə Azərtbaycanı şantaj edir. “Ermənistanla daha sıx əməkdaşlıq edərəm” kimi bu problemdən yararlanmaq cəhdləri edir ki, bunu sezməmək mümkün deyil. Amma onsuz da Gürcüstanın Ermənistanla əlaqələri mövcuddur... Ona görə də Gürcüstanın bu təhdidlərinin heç bir tutarlılığı yoxdur.
Eyni zamanda Gürcüstanda yaşayan soydaşlarımıza qarşı bilərəkdən qərəzli siyasət yürüdür. Onları sosial problemlərin içərisinə sürükləməklə öz yurd-yuvalarını tərk etməsinə çalışır, assimilyasiya siyasəti yürüdür. Buna görə də azərbaycanlılar çox ciddi problemlərlə qarşı qarşıya qalırlar. Azərbaycan türklərinin gürcü cəmiyyətinə inteqrasiyasını əngəlləyir, onların təşkilatlanmasına və Gürcüstanın siyasi səhnəsində yer almasına mane olur. Çünki bunu özünün milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. Bəllidir ki, azərbaycanlılar gürcü cəmiyyətinə inteqrasiya edərsə, təşkilatlanarsa, siyasi cəhətdən irəliləyərsə, o zaman seçkidə daha təsirli qüvvəyə çevriləcəklər. Belə olduğu təqdirdə Gürcüstan dövləti onlarla hesablaşmaq zorunda qalacağını düşünür və Azərbaycanın bundan yararlanacağndan çəkinir.
Halbuki bu heç də belə deyil, Azərbaycan heç bir zaman buna cəhd etməyib. Birincisi dəfələrlə təkrarlanan gürcü nankorluqlarına baxmayaraq Azərbaycan daim Gürcüstana dəstək verib. Gürcüstan iqtisadiyyatında azərbaycanlılar kifayət qədər pay sahibidirlər. Gürcüstan Azərbaycanın dəstəyi ilə beynəlxalq iqtisadi layihələrə qoşulub. Rusiya Gürcüstan xalqını soyuqdan dondurduğu vaxtlarda Azərbaycan heç nədən çəkinmədən humanist addım ataraq Gürcüstan dövlətini və xalqını xilas edib.
Təbii ki, Azərbaycan dövlət olaraq Gürcüstanla əlaqələri inkişaf etdirmək niyyətindədir. Amma bütün bu yaxşılıqlara rəğmən Gürcüstan mütəmadi olaraq həddini aşacaqsa ona yerini də göstərməlidir. Gürcüstanın bir tərəfində Rusiya kimi düşməni, digər tərəflərində Ermənistan kimi yararsız, Azərbaycan və Türkiyə kimi yararlanacağı və sığınacağı ölkələr var.

Eyni zamanda Gürcüstanda yaşayan soydaşlarımızın inteqrasiya problemləri öz həllini tapmalıdır, onlar təşkilatlanaraq Gürcüstan siyasi səhnəsində öz sözünü deməlidirlər. Bu prosesə diaspor pəncərəsindən yanaşmaq isə kökündən yanlışdır və gürcü aqressiyasını körükləmək deməkdir. Avropa ölkələri ilə müqayisədə bölgə dövlətləri ilə münasibətlərin spesifik tərəfləri var. Məsələn Avropanın istənilən bir dövləində Azərbaycanın diaspor təşkilatlarını açıq formada təşkilatlandırmaq cəhdləri edərsə bu heç bir problem yaratmaz. Amma yuxarıda sadaladığım faktorları nəzərə alaraq Gürcüstanla bağlı bu addımı ata bilmərik. Yəni rəsmi olaraq Gürcüstan azərbaycanlılarını təşkilatlandırmaq cəhdləri xarici siyasətimizə adekvat deyil. Əksinə Gürcüstanla münasibətlərimizin ən azı inkişafına mane olacaq mahiyyət daşıyır. Amma eyni zamanda Gürcüstan azərbaycanlılarını təşkilatlanması son dərəcə vacibdir və bunda maraqlı olmalıyıq. Bu dövlət olaraq bizim maraqlarımıza uyğun olduğu kimi, eyni zamanda Gürcüstanda yaşayan soydaşlarımızın təbii haqqıdır.

P.S.Gürcüstanda Azərbaycan diasporu yoxdur. Aborigen azərbaycanlılar var və onların təşklatlanması yalnız yerli təşkilatlar vasitəsilə həyata keçirilməlidir...

Əli Zülfüqaroğlu
loading...
XƏBƏR LENTİ
20-05-2019, 19:21
SORĞU