14 fev 10:14siyaset

Nikol təsdiq etdi: Qarabağ Azərbaycanındır

Nikol təsdiq etdi: Qarabağ AzərbaycanındırPaşinyanın bir-birinə zidd açıqlamalarında müxtəlif “arqument”lər gətirməklə dolaşıqlıq yaratmaq cəhdləri heç bir uğur qazanmayacaq.

Bu sözləri Axar.az-a Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağın azərbaycanlı icmasının danışıqlarda hər zaman iştirak etməsi ilə bağlı çıxışına münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O, Paşinyanın bu açıqlamasını çox böyük həyasızlıq adlandırıb:

“Paşinyan sadəcə Dağlıq Qarabağın azərbaycanlı icmasının danışıqlarda iştirak etdiyi ilə bağlı təəssürat yaratmağa çalışır. Yeganə arqument kimi onu göstərirlər ki, icmanın nümayəndələri Azərbaycanda seçkilərdə vətəndaş kimi iştirak edir. Əslində, Paşinyan başa düşmür ki, bununla bir daha Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə bağlı həqiqəti dolayısı yolla təsdiq edir. Bəli, icma üzvləri Azərbaycan vətəndaşlarıdır və yurd-yuvalarından didərgin salınmalarına, erməni işğalçıları tərəfindən etnik təmizləməyə məruz qalmalarına baxmayaraq, vətəndaşlıq hüquqlarını itirməyiblər. Təbii ki, bu şəxslər çox çətin şəraitdə yaşamalarına baxmayaraq, seçkilərdə iştirak etməlidirlər. Dağlıq Qarabağın erməni icmasının isə bu seçkilərdə iştirak etməməsi sadəcə olaraq, paşinyanların, sərkisyanların, köçəryanların avantürist və qonşu ölkəyə qarşı təcavüzkar planlarından qaynaqlanır. Yəni Dağlıq Qarabağda yaşayan ermənilər də bu seçkilərdə iştirak edə bilərdilər. Güman edirəm ki, Ermənistanın təzyiq göstərən rejimi olmasaydı, heç olmasa, Dağlıq Qarabağ erməni icmasının bir qismi ölkəmizdə keçirilən seçkilərdə iştirak etmək istəyərdi”.

Politoloq bildirib ki, Paşinyan Azərbaycana “söz atmaq” yerinə Azərbaycan vətəndaşı olan separatçı liderlərin Ermənistan rəhbərliyinə necə buraxılmasına aydınlıq gətirsəydi, daha yaxşı olardı:

“Köçəryan ilk dövrlərdə Azərbaycan Respublikasının vətəndaşı olmasına baxmayaraq, Ermənistan prezidenti necə seçilib? Ermənilər ilk növbədə bu suala cavab verməlidirlər. Ona və onun komandasında olan və Azərbaycan ərazilərinin işğalında iştirak edən yüzlərlə Dağlıq Qarabağ əsilli terrorçu erməniyə Ermənistan vətəndaşlığının verilməsinə kimlər şərait yaradıb? Elə Serj Sərkisyanın özü haqqında da bu sözləri demək olar. Paşinyanın yeni başlamış siyasətçi dili ilə bu məsələlərə yozum gətirmək istəməsi, dolayısı yolla Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması faktını bir daha təsdiqləyir. Çünki bu gün öz yurd-yuvasından didərgin salınmış azərbaycanlılarla yanaşı, Ermənistan siyasətində iştirak edən, nə “dqr”, nə də Ermənistan vətəndaşlığı olması təsdiqlənən kütlə var. Bu gün Respublikaçılar, Çiçəklənən Ermənistan, Daşnaksütyun partiyalarının sıralarında əslində Azərbaycan vətəndaşı olan yüzlərlə Dağlıq Qarabağ ermənisi var. Yəni onların mövcud reallığı qəbul etməyərək, ona başqa don geyindirmək istəmələri heç bir hüquqi əsasa malik deyil. Ermənistanın 3-cü dövlətin yaxından köməkliyi ilə Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun işğalını həyata keçirməsi və orada etnik təmizləmə siyasəti aparması, bunun BMT-nin 4 qətnaməsi ilə təsdiqlənməsi açıq-aşkar ortaya qoyur ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”.
loading...
XƏBƏR LENTİ
20-05-2019, 19:21
SORĞU