02 may 09:33siyaset

“Laçın dəhlizi” əvəzinə - “Mehri dəhlizi”

“Laçın dəhlizi” əvəzinə - “Mehri dəhlizi”Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların bərpa olunacağı təqdirdə Azərbaycanın Ermənistanla ərazi mübadiləsinə getməsi də mümkün sayılır. Bəzi təhlilçilər hesab edir ki, İrəvan Dağlıq Qarabağdakı ermənilərlə birbaşa əlaqə yaradılması üçün dəhliz tələb etdiyi halda, Azərbaycan da blokada şəraitində yaşayan Naxçıvanla quru yolunun açılmasını, bu səbəbdən Mehridən keçməklə ona dəhlizin verilməsini tələb etməlidir.

Bu, Ermənistan üçün intihara bərabər razılaşma olardı. Çünki erməni rəhbərliyi də etiraf edib ki, Mehridən İrana açılan pəncərə onlar üçün nəfəslik rolunu oynayır və əgər birinci Qarabağ savaşında bu nəfəslik olmasaydı, Ermənistan boğulardı. Bəs, bu məsələ müzakirə predmeti ola bilərmi?

Milli Məclisin sədr müavini Bahar Muradova bunu mümkün saydı: “Bu məsələ vaxtilə qalxmışdı. Hesab edirəm ki, bu arqumentin də ciddi bir əsası var. Əgər biz doğrudan da məhdud sayda ermənilərin yaşadığı Dağlıq Qarabağla Ermənistan arasında ”Laçın dəhlizi" deyilən bir dəhlizin olmasına danışıqlar prosesində etiraz etməmişiksə, bunun gələcəkdə mümkünlüyünü qəbul ediriksə, nədən Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında Mehridən belə bir dəhliz olmasın?

Ancaq B.Muradova xüsusi vurğuladı ki, “Laçın dəhlizi”nin Ermənistana yol kimi nəzərdə tutulması Aazərbaycanın o ərazisindən imtinası anlamına gəlməməlidir: “Bu, qarşılıqlı istifadə üçündür və yenə də Azərbaycan ərazisidir. Yəni yalınız Ermənistanın istifadəsində ola biləcək ərazi ola bilməz. Belə çıxmasın ki, bu dəhliz olacaq və hər iki tərəfdən erməni əsgərləri dayanacaq, bizi oraya yaxın buraxmayacaq. Belə şey mümkün deyil. Əgər biz münaqişənin həllindən sonra normal qonşuluq münasibətləri, diplomatik münasiobətlər, gediş-gəlişi nəzərdə tuturuqsa, bu yol elə o əlqələri təmin etməyə daha yaxşı xidmət edə bilər”.

İlin sonunda kimi 5 rayonun azad olunacağı barədə Rusiya ekspertlərinin verdiyi proqnozlara rəğmən, cəbhədə fərqli situasiya müşahidə olunur. Bu situasiya nə vəd edir? Xanım vitse-spiker konkret fikir bildirməyin çətin olduğu qənaətindədir: “Bu müddət ərzində o qədər proqnozlar vermişik ki. Mən hansısa qəti proqnoz verməyin əleyhinəyəm. Amma bu kimi fikirlərin səslənməsini məqbul sayıram - hətta onlarda bizim maraqlarımıza zidd olan məqamlar olsa belə. Hər kəs münaqişənin həlli üçün öz istəklərini, düşüncələrini, məqbul bildiklərini həqiqət kimi qələmə verməyə çalışır. Amma bu, həm də məsələnin gündəmdə olmasını təmin edən cəhətdir”.

Aprel toqquşmaları bir daha sübut etdi ki, münaqişədə yalnız iki tərəf var və Dağlıq Qarabağ yalnız oyuncaq rolunu oynayır. Azərbaycan parlamenti əlahiddə Qarabağ müzakirələri keçirib xalqın və dövlətin ümumi mövqeyi ilə bağlı qərar qəbul etməyi planlaşdırırmı?

B.Muradova: “Parlamentdə hər zaman bu məsələyə münasibət bildirilib. Azərbaycan parlamenti qapalı şəkilsdə yalnız Azərbaycan prezidentinin də razılıq verdiyi, həll üçün məqbul variant hesab etdiyi həll variantını müzakirə etməyə yığışmalıdır. Bizə misal gətirirlər ki, Ermənistan qapalı iclas keçirdir. Ermənistan haqsız tərəfdir, işğalçıdır, qonşu dövlətin ərazisini hər gün güc tətbiq etməklə qeyri-qanuni olaraq işğal altında saxlayır. O bilir ki, əvvəl-axır bu torpaqlardan çıxmalıdır. Üstəlik, bilir ki, daha böyük güzəşt onlar tərəfdən olmalıdır və onlar mövqelərini dəyişməyə məcburdur”.

Musavat.com
loading...
XƏBƏR LENTİ