09 noy 17:27siyaset

300 mindən çox üzvü olan "Azərbaycan XXI əsr" beşikdə boğulmasaydı...

300 mindən çox üzvü olan "Azərbaycan XXI əsr" beşikdə boğulmasaydı...Vətən fədailərinin ‘’Azərbaycan XXI əsr’’ Xalq Vətənpərvərlər İttifaqı Partıyasını yaratmasından 20 il ötür

Azərbaycanın ictimai-siyasi həyatında son illər baş verən olaylar dəfələrlə sübut edib ki, ölkənin bir çox problemlərinin kökündə vətənpərvərlik duyğularının əksikliyi dayanır. Bu həm iqtisadi, həm siyasi, həm də sosial həyatımızın gerçəkliyidir. Cəmiyyətin demək olar bütün təbəqələrində vətənpərvərlik duyğusunun azlığındandır ki, Azərbaycan Sovetlər Birliyinin planlı iqtisadiyyatından qanunların deyil, pulun və gücün hakim olduğu vəhşi kapitalizmə keçir, hakimiyyətlə onun həm ölkə içərisindəki, həm də kənardakı rəqibləri arasında mübarizə sağlam siyasi müstəvidə deyil, təhqir və hədə dolu biabırçı müstəvidə baş verir. Ən acınacaqlısı isə, vətənpərvərlik duyğusunun təbliğatı ilə bağlı üzrərinə ciddi vəzifələr düşən media qurumlarının faydasız, cəmiyyətin təməllərini laxladan gərəksiz intriqaları tirajlayaraq bu eybəcər görüntülərə özüməməxsus şəkildə ayna tutaraq "saralmasıdır".

Faktiki savaş durumunda olan, hər gün cəbhə xəttində atəşkəs rejiminin pozulduğu ölkənin telekanallarında intellektual səviyyəsi yerlə sürünən şou-biznes nümayəndələrinin parladığı kommersiya xarakterli aşağı əyarlı verilişlər "ən reytinqli proqramlar" adı ilə millətə sırınır. Dövlət, vətən, millət anlayışlarını təbliğ edən, xüsusən yetişən nəsili bu ruha kökləyən proqramlar efirlərdə ildə bir neçə dəfə görünür. Azərbaycanın ərazi bütövlüyü və hər birimizin rahat həyatı üçün canlarını, sağlamlıqlarını qurban verən Qarabağ savaşı qəhrəmanlarına isə telekanallarımızda ümumiyyətlə yer yoxdur...

Əslində bu insanların fikirləri, döyüş yolları, şəxsi şücaətləri hər bir Azərbaycan vətəndaşına örnəkdir. Biz vətənpərvərlik təbliğatı dedikdə həm də şəhid və qazilərimizin cəmiyyətdə üstün mövqe sahibi olmasını, onların timsalında vətəndaşlara milli qürur, mübarizlik, igidlik hisslərinin aşılanmasını nəzərdə tuturuq. Bu vəzifənin əsas icraçıları sırasında yer almalı olan telekanallar isə çox təəssüf ki, bir qazinin döyüşdə göstərdiyi qəhrəmanlıq haqqında proqramı bayağı şou əhlinin avtomobilləri, geyimləri haqqında proqramlara qurban verir, cəmiyyətə gerçək igidlik sahiblərini yox, qısamüddətli parıltı əldə edən şou əhlini qəhrəman kimi təqdim edir. Bu gün Azərbaycana ilk dəfə gələn bir əcnəbi teleməkanı seyr edərkən bu ölkənin savaş durumunda olmasına qətiyyən inanmaz. Çünki, ən yaxşı halda Qarabağ mövzusu insanların duyğularına xitab etməyən bayağı tost səviyəsinə endirilib.

Azərbaycan cəmiyyəti o qədər güclü parçalanıb ki, onu yalnız vətənpərvərlik hissinə dayanan milli məfkurə birləşdirə bilər. Digər hər hansı ideya vətəndaşların düşüncələrini ələ almaq istidarında deyil. Hakimiyyət də, müxalifət də durumun fərqindədir - Azərbaycana müsbət dəyişikliklər lazımdır. Elə dəyişikliklər ki, cəmiyyətdə vətənpərvərlik ruhu, milli şüur yüksəlsin, iqtisadiyyatın bütün sahələri milli dirçəlişə, ayrı-ayrı şəxslərə deyil, ümumi rifaha xidmət etsin, elm, təhsil, mədəniyyət bu yüksəlişdən pay götürsün. Yalnız bu zaman bu gün içimizi acıdan, təəssüf hissi ilə vurğuladığımız məqamları aradan qaldırmaq mümkün ola bilər.

Hələ ki nə hakimiyyət, nə də müxalifət aralarındakı düşmənçilik həddinə enən münasibətlərə yenidən baxaraq, potensiallarını Azərbaycanın problemlərinin açarı olan vətənpərvərlik məfkurəsini milli ideyaya çevirmək işinə yönəldə bilmirlər. 20 il öncə vətənpərvərliyi öz Proqramının məramı və məqsədi elan etmiş ‘’Azərbaycan XXI əsr’’ Xalq Vətənpərvərlər İttifaqı Partiyası (‘’Azərbaycan XXI əsr’’ XVİP ) beşikdə boğulmasaydı, bəlkə də bu gün cəmiyyətimizin mənzərəsi fərqli ola bilərdi.

O zamana qısa ekskurs edəndə aydın görünür ki, vətənpərvərləri birləşdirən

‘’Azərbaycan XXI əsr’’ XVİP-in yaradılması cəmiyyətin demək olar, bütün təbəqələrindən dəstək almış, rəğbətlə qarşılanmışdı. 1998-ci il noyabrın 13-də Bakıda, ‘’Hyatt Naxçıvan’’ hotelində baş tutan təsis qurultayında səslənən fikirlər də, siyasi düşərgələrin, müstəqil ekspertlərin, bütünlükdə medianın münasibəti belə deməyə əsas verir. Yeni siyasi partiya ölkənin ictimai həyatında yeni siyasi cərəyan kimi qəbul edilmiş, geniş kütlələrin marağına səbəb olmuşdu. Çoxları ‘’Azərbaycan XXI əsr’’ XVİP - i ölkədəki siyasi proseslərin gedişatını dəyişdirə biləcək güclü vətənpərvərlik hərəkatı kimi qiymətləndirirdi.

Qısa zamanda siyasət meydanında aktivlik yarada bilən partiya ölkənin həm siyasi, həm iqtisadi, həm də sosial həyatı ilə bağlı konkret təkliflər irəli sürərək, həmfikirlərini ümummilli məsələlərin ətrafında toplamağı bacardı. Təsis qurultayında iş adamı, xeyriyyəçi, ‘’İnter-Sever’’ Şirkətlər Qrupunun prezidenti, ‘’Dünya Azərbaycanlıları İttifaqı’’ nın, ‘’Ümumdünya Azərbaycan Mədəniyyət Fondu’’nun indiki prezidenti Fizuli Məmmədov partiyanın sədri seçildi və qısa zamanda öz siyasi fəaliyyəti ilə ölkənin siyasi həyatında layiq olduğu yeri qazana bildi. Partiyanın 5 illik fəaliyyəti dövründə Fizuli Məmmədov iş dünyasından siyasətə gələn isimlər arasında lider bacarığını uğurla nümayiş etdirə bilən siyasətçi statusu əldə etdi.

Zaman keçdikcə, partiyanın sıraları genişlənir, vətənpərvərlik ideyasını həyat kredosu, milli məfkurəsi sayan insanlar ‘’Azərbaycan XXI əsr’’ XVİP-in çətiri altında Azərbaycanda azad, firavan cəmiyyət qurulması savaşına qoşulurdular. Partiya yalnız ölkədə deyil, xaricdə yaşayan soydaşlarımız arasında da populyarlaşmağa başlamışdı. Buna səbəb sədr Fizuli Məmmədovun, eləcə də partiya rəhbərliyində təmsil olunan digər siyasətçilərin Azərbaycan diasporları ilə sıx işbirliyi qurulmasını partiyanın prioritetləri sırasında daxil etmələri idi. Sonradan bu yanaşma Azərbaycan hakimiyyətinin xaricdə yaşayan həmvətənlərlə münasibətlərində başlıca siyasətə çevrildi.

Partiyanın xalqdan böyük dəstək qazanmasını rəqəmlər də təsdiq edir. Artıq 2000 ci ildə ‘’Azərbaycan XXI əsr’’ XVİP-in üzvlərinin sayı yalnız Azərbaycanda 300 mindən çox idi. Bundan başqa, Rusiyada, digər MDB ölkələrində partiya Azərbaycan diasporlarının geniş dəstəyini qazana bilmişdi. Azərbaycandan kənarda, keçmiş postsovet məkanında yaşayan və işləyən təxminən 700 min həmvətənimiz ‘’Azərbaycan XXI əsr’’ XVİP -in sıralarına qoşulmağa hazır olduqlarını bəyan etmişdilər. Azərbaycanın demək olar, bütün rayonlarında, həmvətənlərimizin kompakt yaşadığı bir sıra ölkələrdə partiyanın şöbələri açılmışdı.

Azərbaycan parlamenti ilə işbirliyi quran partiya vətənpərvərlik ideyasına rəğbət duyan millət vəkilləri vasitəsilə bir sıra məsələlərin Milli Məclis tribunasından səsləndirilməsinə nail olmuşdu.

Xüsusilə vurğulamaq lazımdı ki, partiyanın yaradılması ideyasının özəyində Azərbaycandan kənardakı milli qüvvələrin Azərbaycanda azad və ədalətli cəmiyyət qurulması prosesinə cəlb edilməsi dayanırdı. Bu məqsədlə partiya fəalları diaspor qurumların ilə aktiv iş aparır, konkret məsələlərdə onların potensialından istifadə yolları haqqında geniş tərkibli müzakirələr keçirirdi.

Qısa zamanda ölkədə və ölkədən kənarda geniş dəstək qazana bilən partiyanın aqibəti çox təəssüf, ürəkaçan olmadı. Ədliyyə Nazirliyi 2000-ci il parlament seçkisinə qatılaraq aktiv siyasi mübarizəsini daha da genişləndirməyi planlaşdıran ‘’Azərbaycan XXI əsr’’ XVİP-in qeydiyyatını uzun müddət yubatdı və sonucda partiya seçki prosesindən kənarda qaldı. Qeydiyyat prosesinin ləngiməsi və bununla aktiv siyasi mübarizə imkanlarının süni şəkildə zəiflədilməsi 2003-cü ildə 300 min nəfərə yaxın üzvü olan partiyanın siyasi səhnədən getməsinə səbəb oldu.
300 mindən çox üzvü olan "Azərbaycan XXI əsr" beşikdə boğulmasaydı...
Üzərindən 20 il keçəndən sonra belə, partiyanın qeydiyyata alınmaması haqlı təəccüb doğurur. Yerli özəkləri, qanunun tələb etdiyindən on dəfələrlə çox üzvləri, güclü beynəlxalq əlaqələri olan mərkəzçi partiyanın qeydiyyatından niyə imtina edilməliydi? Axı, onun məram və məqsədində hakim partiyanın mövqeyinə əks heç bir müddəa yox idi. Belə olmasaydı, bu gün partiyanın bir zamanlar özü üçün əsas hədəf seçdiyi diaspor qurumları ilə Azərbaycanın yüksəlişi naminə işbirliyi dövlət siyasətinə çevrilərdimi? Kim idi Azərbaycanın həqiqi vətənpərvərlərini bir çətin altında toplayıb, şəxsi biznesindən əldə etdiyi gəlirləri millətin kapitalına çevirmək istəyən Fizuli Məmmədovun qarşısını kəsməyə çalışan güc?

Aradan keçən illər bu sualların heç birinə aydınlıq gətirməyib.

Azərbaycanın siyasi səhnəsinin analizi onu göstərir ki, ölkədə yalnız hakimiyyət uğrunda mübarizə aparmayan, amalı milli ideya üzərindən Azərbaycanı dirçəltmək olan, vətənpərvərləri birləşdirən siyasi partiya boşluğu var. Məhz belə bir mərkəzçi partiya uzun illərdir ətaləti bitməyən siyasi səhnəni yenidən şəkilləndirə, eyni zamanda dövlət siyasətinin prioritetlərindən birinə çevrilmiş diasporla iş mühitində canlanma yarada bilər.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yaranan siyasi partiyalardan bir çoxu məhz lider partiyaları olub. Siyasi analitiklər zaman və məkana görə bu məsələni ən müxtəlif cür yorumlayır. Liderə bağlı siyasi partiyaların çoxunda avtoritar meyllər partiya proqamını üstələyir, ideyaya bağlı partiyalar isə liderin kimliyindən asılı olmayaraq konkret məqsəd uğrunda siyasi mübarizə aparır. Ancaq istisnalar da var. ‘’Azərbaycan XXI əsr’’ XVİP-də olduğu kimi. Bu partiyanın məram və məqsədi qapanmasından 15 il keçməsinə baxmayaraq lideri Fizuli Məmmədovun ictimai xadim kimi fəaliyyətinin əsasını təşkil edib. Onun həm ölkədə, həm də ölkədən kənarda gördüyü işlərin statistikası onu deməyə əsas verir ki, vətənpərvərlik hissinin yüksəldilməsini, milli birliyin, vətəndaş sülhünün yaranmasını Fizuli Məmmədov əsas məfkurə kimi qoruyub və inkişaf etdirib.

Onun Qarabağ qazilərinə, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailə üzvlərinə diqqəti bir iş adamının dəstəyi prizmasını aşaraq ölkədə vətənpərvərlik mühitinin sağlamlaşmasına xidmət edən siyasət səviyyərinə yüksəlib. İnanırıq ki, vətənpərvərlik ideyasının yenidən institusional şəkildə Azərbaycan siyasətinə gəlməsi cəmiyyətimizin sağlamlaşmasına xidmət edər, ölkənin daha sağlam təməllər üzərində inkişafına böyük töhfələr verər.

Osman Qaradağlı,
Bakı-Moskva-Bakı
loading...
XƏBƏR LENTİ